Azərbaycan - Vatikan münasibətləri


Münasibətlərin tarixi: Tarixi mənbələr təsdiq edir ki, orta əsr Azərbaycan dövlətləri olan Ağqoyunlu və Səfəvilərin bir sıra Avropa dövlətləri ilə, o cümlədən Vatikanla (papalıq) diplomatik münasibətləri olub. Azərbaycanda ilk katolik kilsəsi 1912-ci ildə tikilib. Sovet dövründə həmin kilsə dinlərə qarşı mübarizə siyasəti nəticəsində 1930-cu ildə dağıdılıb. Hazırda Bakıda katoliklərin müasir kilsəsi fəaliyyət göstərir. Azərbaycanda katolik icması özündə təqribən 200 nəfəri birləşdirir.

İkitərəfli siyasi münasibətlər: Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Diplomatik münasibətlərin yaradılmasına baxmayaraq, ikitərəfli münasibətlərdə aktivlik nəzərə çarpmayıb. İki dövlət arasında münasibətlərin inkişaf etdirilməsində Prezident Heydər Əliyevin Vatikana rəsmi səfərinin böyük rolu olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfər edib. Səfər zamanı Prezident Heydər Əliyev Roma papası II İohann Pavellə görüşüb. Görüş zamanı Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyini vurğulayan Heydər Əliyev bildirib ki, Azərbaycanda insan hüquqları möhkəm qorunur, demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçirilir, siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir. II İohann Pavel də öz növbəsində qeyd edib ki, "Vatikan dövlətinin bütün katoliklərinin başçısı kimi mən də Ermənistan-Azərbaycan münaqişəsinin Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həllinə tərəfdar olduğumu bildirirəm və hamını da bu işə yardım göstərməyə çağırıram. Vurğulayıram ki, yeni müstəqillik qazanmış ölkələrin ərazi bütövlüyünün qorunması çox vacibdir, separatçılığa qarşı birgə mübarizə aparılmalıdır...".

2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, 264-cü Roma papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib. Prezident Heydər Əliyev onun qarşılanma mərasimindəki nitqində Vatikan rəhbərini dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırıb. Azərbaycanın dövlət başçısı II İohann Pavelin müsəlman ölkələrinə səfərlərinin xristian və islam dinləri arasında qarşılıqlı etimadın və hörmətin gücləndirilməsinə xidmət etdiyini bildirib. II İohann Pavel çıxışında Azərbaycanda dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirib. Roma papası Azərbaycanın Şərq və Qərb arasında qapı olmasını bir daha təsdiqləyib.

Vatikanın dövlət başçısı Bakıya səfəri zamanı Azərbaycanın katolik icmasının keçirdiyi mərasimdə iştirak edib. Heydər Əliyev II İohann Paveli qarşılayarkən çıxışında onun diqqətinə Ermənistanın Azərbaycana təcavüzü məsələsini və bu təcavüz qurbanlarının ehtiyaclarını çatdırıb: "Siz insanlar arasında şəfqət və rəhmdillik ideyaları təbliğ edir, ağır fəlakətə düşənlərə səbr və təsəlli diləyirsiniz. Azərbaycanda da belə fəlakət qurbanları var. Onlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz yurd-yuvalarını itirmiş bir milyondan çox azərbaycanlı qaçqınlardır. Bu insanlar Sizin xeyirxah sözünüzə, təsəllinizə ehtiyac duyurlar. Onlar haqqın öz yerini tutmasında Sizdən də kömək umurlar".

Vatikan dövləti ilə əlaqələr sonrakı vaxtlarda da davam edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikanda olub. İlham Əliyevin Vatikanın dövlət katibi kardinal Ancelo Sodano ilə görüşü olub. Görüşdə Azərbaycanla Vatikan arasında əlaqələrdən söhbət açılıb. İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq onun Azərbaycan üçün faciəli nəticələrindən bəhs edib və Ermənistanın qeyri-konstruktiv mövqe tutduğuna görə münaqişəni sülh yolu ilə həll edilməsinin mümkün olmadığını bildirib. Sonra Vatikanın dövlət katibi Prezident İlham Əliyevə üzərində II İohan Pavelin şəkli olan xatirə medalı təqdim edib.

2008-ci il martın 6-da Müqəddəs taxt-tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər edib. Prezident İlham Əliyev martın 7-də kardinalı qəbul edib. Görüşdə ölkəmizdə müxtəlif din və icmalar arasında dözümlülüyün yüksək səviyyədə olduğu bildirilib. Həmçinin, Azərbaycanla Vatikan arasında münasibətlərin perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmin gün Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olub. Prezident İlham Əliyev və kardinal Bertone mərasimdə iştirak ediblər. Müasir üslubda tikilən və 1256 kvadratmetr sahəsi olan kilsə Vatikan Dövləti tərəfindən maliyyələşib. Kilsənin eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu var. İlham Əliyev mərasimdəki çıxışında Bakıda katolik kilsəsinin açılmasını Azərbaycanın gələcək inkişafı, dünya birliyinə inteqrasiyası, Avropa ilə gözəl münasibətlərin davam etdirilməsi baxımından əhəmiyyətli hadisə hesab edib. Prezident öz çıxışında bildirib ki, "...Azərbaycan çoxmillətli ölkədir. Biz bununla fəxr edirik və Azərbaycanda yaşayan bütün milli azlıqlara öz qayğımızı göstəririk və bundan sonra da göstərəcəyik. Azərbaycan o ölkədir ki, burada bütün dinlər sərbəst fəaliyyət göstərir. Eyni zamanda, din dövlətdən ayrıdır, Azərbaycan dünyəvi dövlətdir və bu da bizim üçün çox vacib olan məsələdir. Biz bütün dinlərə böyük hörmətlə yanaşırıq və Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait var...".

31 mart 2010-cu ildə Prezident İlham Əliyev Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerottini qəbul edib. Görüşdə Azərbaycan ilə Vatikan arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

2012-ci il iyunun 11-də Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10 illiyi münasibətilə Bakıda səfərdə olan kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikan nümayəndə heyəti Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində qəbul edilib.

2015-ci il martın 5-6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda səfərdə olub. Martın 5-də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb. Görüşdə iki dövlət arasında humanitar və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən danışılıb, Azərbaycanla Vatikan arasında ikitərəfli münasibətlərin əhəmiyyətindən söz açılıb.

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, bu münasibətlərin yaxşı perspektivlərinin olduğu vurğulanıb, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyev Roma Papasını Bakıya dəvət edib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüblər.

Roma Papası Fransisk 2016-cı il 2 oktyabr tarixində Azərbaycana səfərə gəlib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Dinlərarası, məzhəblər arası toqquşmaların baş verdiyi bir dönəmdə katoliklərin liderinin ölkəmizə səfərinin mühüm əhəmiyyəti var. Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin qarşısında çıxış edən Papa Fransisk çıxışında ölkəmizdə hökm sürən tolerantlığa xüsusi toxunub, müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasındakı sabitliyi, ahəngdarlığı yüksək qiymətləndirib.

2018-ci ilin 23-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Müqəddəs Taxt-Taca səfər edib və Roma Papası Fransisk tərəfindən xüsusi audiensiyada qəbul edilib.

Mədəni əlaqələr: Dünyanın ən kiçik dövlətlərindən biri olmasına baxmayaraq, Vatikan özündə dünyanın misilsiz maddi mədəniyyət abidələrini cəmləşdirir. Bu baxımdan Vatikan kitabxanasını və muzeyini xüsusi qeyd etmək lazımdır. Bu kitabxana və muzey zənginliyi və qədimliyi ilə alimlərin diqqətini həmişə cəlb edib. Qədim yazılı abidəmiz olan "Kitabi Dədə Qorqud" dastanının nüsxələrindən biri də bu kitabxanada saxlanılır. Vatikanla mədəni əlaqələrimizin genişlənməsi hər iki dövlətin tarixinin və mədəni irsinin araşdırılmasında əhəmiyyətli rol oynaya bilər.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutulur. İlkin əməkdaşlıq çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib.

9 aprel 2009-cu ildə Vatikanda "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" adlı sərgi keşirilib, Azərbaycan gömrüyü mədəni irsin keşiyində, və Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik adlı kitabların təqdimatı keçirilib.

2010-cu il aprelin 15-də Vatikanda Müqəddəs Tomas universitetində Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və qızı Fərqanə Qasımova konsert proqramı ilə çıxış ediblər. Səfər çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Vatikanın Mədəniyyət üzrə Pontifiak Şurasının rəhbəri Arxiyepiskop Canfranko Ravazi arasında görüş keçirilib. Nazir Azərbaycanın qədim tarixi, rəngarəng musiqisi, zəngin mədəniyyəti haqqında da ətraflı məlumat verilib.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının Prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti 14-18 iyun 2010-cu ildə Azərbaycanda rəsmi səfərdə olub. Səfər müddətində nümayəndə heyəti Azərbaycan Respublikasının Baş naziri, Mədəniyyət və Turizm naziri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Dövlət Gömrük Komitəsinin sədri və digər rəsmi şəxslərlə görüşlər keçiriblər. Səfər zamanı arxiyepiskop bildirib ki, Vatikan Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərir. O, qeyd edib ki, əməkdaşlığımızın əsas sahələrindən biri Vatikanın kitabxanası və muzeyidir. Yəni Vatikanın kitabxana fondları ilk dəfədir ki, Azərbaycan mütəxəssisləri üçün açıqdır və bundan sonra Azərbaycan alimləri ölkələrinin tarixi və mədəniyyətinə dair Vatikanda saxlanılan materiallarla tanış ola biləcəklər.

29 aprel 2011-ci ildə imzalanmış "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" saziş ikitərəfli əlaqələri daha da möhkəmləndirib".

2012-ci il noyabrın 14-də Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi açılıb. Bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Canfranko Ravazi ölkələrimiz arasında yaranan əlaqələrin mədəniyyət və humanitar sahədə daha çox inkişaf etdiyini bildirək, bu əlaqələri yüksək qiymətləndirib.

Azərbaycan hökuməti humanitar əməkdaşlıq çərçivəsində Vatikana qədim katakombaların bərpasında kömək edib. Bu da iki dövlət arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə bərpasına 2012-ci ildə başlanılan Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra 2016-cı ilin fevralında, bərpa işlərinə 2016-cı ildə başlanılan San Sebastian katakombalarının isə 2018-ci ilin sentyabrında açılışı olub. Bundan başqa, Vatikan Apostol Kitabxanasında bir sıra əlyazmaların, habelə Vatikan Muzeylərində bəzi sənət nümunələrinin bərpası da Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçib.

2018-ci ildə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete bildirib ki, Vatikan arxivlərində Azərbaycana aid çoxlu sayda qədim sənədlər, məktub və materiallar aşkar edilib və “...iki ölkənin hökumətləri səviyyəsində bu maraqlı sənədlərin Bakıda Azərbaycan ictimaiyyətinə geniş şəkildə təqdim olunacağı sərginin keçirilməsi imkanları müzakirə olunur. Hazırda bu məsələ Vatikan və Azərbaycan hökumətləri diqqət mərkəzindədir".

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.