Hörmətli xanımlar və cənablar!
Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yubileyi Azərbaycan xalqının elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin bayramıdır. Bu bayram münasibətilə sizi ürəkdən təbrik edirəm. Mustafa bəy Topçubaşovun davamçılarına, bütün Azərbaycan xalqına və vətəndaşlarına elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafında uğurlar arzulayıram. Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır.
XX əsr sona çatır. Bu əsrdə xalqımız bir çox mərhələlərdən, sınaqlardan, imtahanlardan keçib və nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur. Bütün bu mərhələlərdə Azərbaycan xalqını yaşadan, irəliyə aparan, xalqımıza güc, ruh verən Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, böyük alimləri və dahi insanları olmuşlar.
Mustafa bəy Topçubaşov XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir. O, İrəvan şəhərində, qədim Azərbaycan torpağında dünyaya göz açıb, Kiyev Universitetini bitirib, sonra isə Bakıya gəlib və burada fəaliyyətə başlamışdır. Çox maraqlıdır ki, o, 24 yaşı olanda Azərbaycanın tarixində ilk dəfə olaraq yaranmış Bakı Dövlət Universitetində azərbaycanlı müəllim kimi dərs deməyə başlamışdır.
Məlumdur ki, o vaxt Azərbaycanda ilk universitet yaranarkən milli kadrlarımız çox az idi. Universiteti yaradanlar Rusiyadan və başqa ölkələrdən professorlar, mütəxəssislər dəvət etmişdilər. Ancaq eyni zamanda, təhsil almış və yetişmiş azərbaycanlılar da var idi. Gənc Mustafa bəy də o vaxt fəaliyyətə başlayıbdır. Yəni o, gənclik dövründən daim irəliyə baxmış və böyük təhsil almağa çalışmışdır, xalqına xidmət etməyi öz qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Mustafa bəy Topçubaşov o vaxtdan həyatının son dəqiqələrinə qədər fəaliyyət göstərib, işləyib, çalışıbdır və demək olar ki, XX əsrin əvvəlindən sonuna qədər Azərbaycanın elmi, təhsili, səhiyyəsi, mədəniyyəti onun adı və fəaliyyəti ilə, xalqımıza bəxş etdiyi elmi əsərləri ilə bağlıdır.
Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün ən vacib olan sahə - onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini məhz bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtarmasında, elmimizin, təhsilimizin inkişafında böyük xidmətlər göstəribdir. Onun xidmətləri məlumdur. Azərbaycan xalqının qazandığı böyük nailiyyətlərdə möhkəm yeri də hamıya məlumdur. Biz bu gün buraya toplaşaraq, onun xidmətlərinə yüksək qiymət verərək, xatirəsinin nə qədər əziz olduğunu nümayiş etdiririk.
Biz çox vaxt yazıçıların, şairlərin, mədəniyyət xadimlərinin yubileylərini qeyd edirik. Bu, təbiidir. Çünki əsrlər boyu yaşamış, yaratmış Azərbaycan xalqı öz tarixində böyük yazıçılarla, şairlərlə, mədəniyyət xadimləri ilə məşhur olubdur. Keçmiş əsrlərdə də böyük alimlərimiz yaşayıblar. Bu gün biz məhz böyük alim, müəllim, ictimai-siyasi xadim Mustafa bəy Topçubaşovun 100 illik yubileyinə toplaşmışıq. Bu, onu göstərir ki, elmə, müəllimliyə, səhiyyəyə xalqımızın hörmət və ehtiramı mənəviyyatın bütün sahələrinə olan hörmət və ehtiramdan az deyildir. Biz sentyabr ayında böyük bəstəkar, dahi filosof Üzeyir Hacıbəyovun 110 illik yubileyini qeyd etdik. Bu gün Mustafa bəy Topçubaşovun 100 illik yubileyini qeyd edirik. Bu iki böyük şəxsiyyət, iki böyük sima XX əsrdə demək olar ki, yan-yana gedib, xalqımızı birlikdə irəli aparıb, birlikdə çalışıb və özləri də ucalıblar, xalqı da ucaldıblar. Özləri də məşhurlaşıb - dünyada məşhur olan şəxsiyyətlərə çevrilib, xalqımızı da məşhurlaşdırıblar, dünyaya tanıdıblar. Buna görə onların xidmətləri əvəzsizdir.
Mustafa bəy Topçubaşov elm, təhsil, səhiyyə ilə məşğul olduğu qədər də ictimai sahədə böyük xidmətlər göstərmişdir. Azərbaycan ictimaiyyəti arasında Mustafa Topçubaşov həmişə çoxsahəli ictimai fəaliyyəti ilə məşhur olubdur. O, Azərbaycan parlamentinin uzun illər üzvü olmuş, Ali Sovetə xeyli müddət sədrlik etmiş, keçmişdə Sovetlər İttifaqı Ali Sovetinin deputatı olmuşdur. Təkcə beynəlxalq elmi konfrans və simpoziumlarda çıxışları ilə yox, İkinci dünya müharibəsindən, Böyük Vətən müharibəsindən sonra dünyada sülhün saxlanması və qorunması üçün ümumdünya təşkilatlarında fəaliyyət göstərib, bu təşkilatların üzvü olubdur. Mustafa bəy Topçubaşov Azərbaycan Sülhü Müdafiə Komitəsi yaranandan ömrünün sonuna qədər bu mötəbər sahəyə rəhbərlik edibdir.
Mustafa bəy Topçubaşov Böyük Vətən müharibəsi zamanı, dünyanı faşizm təhlükəsi bürüdüyü bir vaxtda - 1942-ci ildə Kommunist Partiyasına daxil olubdur və ömrünün sonuna qədər bu partiyanın üzvü olubdur. O, bu partiyaya xidmət edərkən xalqına, millətinə, Vətəninə, torpağına xidmət edibdir. Ona görə də Mustafa Topçubaşov həmişə yüksək qiymətləndirilib, həmişə mötəbər məclislərin yuxarı tərəfində oturub, ən yüksək vəzifələr tutmuş adamlar ona həmişə hörmət və ehtiramla yanaşıblar.
Mustafa bəy Topçubaşov bu fəaliyyətlərinə görə böyük mükafatlar alıbdır, ordenlərə, dövlət mükafatlarına layiq görülübdür. 1975-ci ildə onun 80 yaşı tamam olan zaman o vaxtlar Sovet İttifaqının ən yüksək mükafatına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bilirsiniz, tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək lazımdır. Biz yaşadığımız uzun bir dövrü silib-poza bilmərik. Əgər onu silib atsaq, onda gərək Mustafa bəy Topçubaşovu tariximizdən tamamilə çıxaraq. Mustafa bəy Topçubaşovun həyatı, yaradıcılığı, Azərbaycan xalqı qarşısında xidmətləri o dövrdə məhz həmin dövlətin tərkibində, həmin cəmiyyətin içərisində, həmin ictimai-siyasi rejimin tərkibində olmuşdur. Bu, eyni zamanda Azərbaycan xalqına da xidmətdir. Əgər o vaxtlar hamımız bir dövlətin tərkibində idiksə, xalqımızın ayrı-ayrı nümayəndələrinin bu dövlətin mükafatları ilə fərqləndirildiyini görürüksə, deməli, bu bizim Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının mükafatıdır. Mustafa bəy Topçubaşov bütün həyatı və fəaliyyəti ilə Azərbaycan xalqını bugünkü gün üçün hazırlayıbdır.
Bizim xalqın əsrin əvvəlində olan təhsil, elm, mədəniyyət səviyyəsini təsəvvürünüzə gətirin və onu bu günlə müqayisə edin. Nə qədər fərq görünür! Biz nə qədər irəliləmişik, dünya səviyyəsinə nə qədər çatmışıq! Bax, bunların hamısında Topçubaşov kimi insanların, böyük şəxsiyyətlərin rolu unudulmazdır, əvəzsizdir. Beləliklə, Topçubaşov 62 illik fəaliyyətində, yaradıcılığında Azərbaycan xalqının inkişaf etməsi üçün, Azərbaycanın elmi potensialının yaranması üçün, xalqımızın bu günə gəlib çıxması üçün, Azərbaycan xalqının öz müstəqilliyini əldə etmək imkanının yaranması üçün çalışıbdır.
Bu il biz Azərbaycan Elmlər Akademiyasının yaranmasının 50 illik yubileyini qeyd edirik. Bu, Azərbaycan xalqının tarixində böyük bir səhifədir. Çoxəsrlilk tariximizdə böyük elmimiz, alimlərimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıbdır. 50 il ərzində Azərbaycan Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək xalqımızın elm, yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir.
Xalqımız istedadlı xalqdır, ağıllı xalqdır. Xalqımızın istedadlı, ağıllı, elmli, zəkalı olmasını biz Mustafa bəy Topçubaşov kimi adamların şəxsiyyətində görürük, bunu dünya da görür. Mustafa bəy Topçubaşov ömrünün 30 ilini Azərbaycan Elmlər Akademiyasının yaranmasına və inkişafına sərf edibdir. O, böyük bir məktəb - cərrahlıq məktəbi, təbiblər məktəbi, alimlər məktəbi yaradıbdı. Amma respublika Elmlər Akademiyasının 50 illik tarixinin 30 ili ərzində Mustafa bəy Topçubaşov onun rəhbərliyində duran adam, akademiyanın vitse-prezidenti olmuşdur.
Mənim Mustafa bəy Topçubaşovla uzun illər şəxsi tanışlığım, bizim yaxşı münasibətimiz olubdur. Onu yaxından tanımışam. Xüsusən 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığım gündən mən Mustafa bəy Topçubaşovla əməkdaşlıq etmişəm. Bizim çoxlu görüşlərimiz olubdur. Azərbaycan elminin səhiyyəsinin, mədəniyyətinin inkişafına dair onunla çoxlu fikir mübadiləsi aparmışam. O insanda mən həmişə nuranilik, alicənablıq, yüksək ziyalılıq gördüm. Bəzən mənə elə gəlirdi ki, - yəqin, bu bir həqiqətdir, - Mustafa bəy Topçubaşov anadan ziyalı kimi doğulubdur. Çünki o, əsl ziyalı adam idi. Onun ziyalılığı təkcə elmində də yox, xasiyyətində, davranışında, insanlara münasibətində idi - hər bir sahədə onun ziyalılığı, ahcənablığı özünü parlaq surətdə göstərirdi.
O həm də olduqca təvazökar bir adam idi. Mustafa bəy Topçubaşov haqqında şübhəsiz ki, onunla bir yerdə işləyənlər, tələbələri çoxlu xatirələr yazıblar və indən sonra da yazacaqlar. Mənim də çoxlu xatirələrim var. Ancaq vaxtınızı çox almaq istəmirəm. Xatirimdədir, bir dəfə bir nəfər mənim yanıma gəlib dedi ki, Mustafa bəy Topçubaşov akademiyada özünü elə aparır ki, elə bil heç vitse-prezident deyildir. Mən dedim nə olubdur ki? O dedi ki, Mustafa bəy Topçubaşov akademiyanın bufetində oturur, kefir, bir dənə də peraşki götürür və camaat, hamı ilə birlikdə orada yemək yeyir. Mən dedim burada nə var ki? O dedi: akademikdir, professordur, akademiyanın vitse-prezidentidir, hamı ilə bərabər gəlib bufetdə oturur. Mən təəccübləndim.
Demək, insanlar başqa cür də düşünürlər. Ancaq eyni zamanda - mən Mustafa bəy Topçubaşovun təvazökarlığını bilirdim - bu, mənim xatirimdə qaldı. Nə qədər təvazökar adam idi o! Bu, onun alicənablığının, ziyalılığının, təvazökarlığının parlaq təzahürüdür. İnsanlar var ki, bir xırda vəzifə tutan kimi ya evində, ya dövlət işində özlərinə xüsusi xidmət tələb edirlər, özləri üçün cürbəcür şərait yaratmaq istəyirlər, işdən əvvəl və ya sonra ancaq bununla məşğul olurlar. Lakin xalqına bu qədər xidmət etmiş adam, həmin o Elmlər Akademiyasının bünövrəsini qoyanlardan biri bu cür təvazökar həyat keçirirdi.
Bir bu deyil. Ümumiyyətlə, onu tanıyanlar, onunla təmasda olanlar bilirlər ki, Mustafa bəy Topçubaşov nə qədər təvazökar, nə qədər insan adam olubdur. Yüz minlərlə adamın həyatını xilas edibdir, onlara şəfa veribdir. Xəstəliklərdən xilas edibdir, yaşadıbdır, nə qədər insana tərbiyə veribdir, təhsil veribdir və nəhayət, onun ən yüksək keyfiyyəti bundan ibarətdir ki, öz siması ilə, öz şəxsiyyəti ilə, öz həyat yolu və yaradıcılığı ilə bizim üçün - bugünkü və gələcək nəsillərimiz üçün böyük bir nümunə yaradıbdır. Bu, böyük bir sərvətdir.
Mustafa bəy Topçubaşov 1981-ci ildə vəfat etdi. Biz onu böyük təntənə ilə son mənzilə yola saldıq. Xatirimdədir, - bunu da deməyi lazım bilirəm, çünki belə şeylərdən ibrət dərsi götürmək lazımdır - bəziləri gəlib deyirdilər ki, Mustafa bəy Topçubaşov artıq qocalıbdır. Bəlkə o, istefaya getsin, yaxud kafedra müdirliyini başqa adama tapşırsın? Çünki belə adət var ki, kafedra müdirləri müəyyən bir yaşdan sonra kafedrada professor vəzifəsinə keçirlər və kafedraya rəhbərliyi başqa adama verirlər. Onun ətrafında belə sözlər danışan, belə təkliflər verən adamlar var idi. Akademiyanın vitse-prezidenti olduğu vaxt da deyirdilər. Bunların hamısı mənim xatirimdədir. Mən bunları eşidərkən həmişə bir cavab vermişəm: o dediyiniz qanun-qaydalar Mustafa bəy Topçubaşova aid deyil. O elə bir insandır ki, elə bir fədakar adamdır ki, həyatının, yaşının son dəqiqəsinə qədər göstərdiyi fəaliyyət bizim üçün gərəkli və əhəmiyyətlidir. Bəli, Mustafa bəy Topçubaşov həyatının son dəqiqəsinə qədər fəaliyyətdə oldu. Xalqına xidmət etdi və şərəflə də dünyasını dəyişdi.
Mustafa bəy Topçubaşovun həyatı, yaradıcılığı, qoyduğu irs bizim üçün böyük təcrübə mənbəyidir, böyük mənəviyyat mənbəyidir. Bir daha deyirəm ki, biz onunla fəxr edirik. Bu gün onun anadan olmasının 100 illik yubileyini təntənə ilə qeyd edərək biz elmimizə, mədəniyyətimizə yüksək qiymət verməyimizi nümayiş etdiririk. Eyni zamanda Azərbaycan xalqını yüksək səviyyəyə qaldırmış Mustafa bəy Topçubaşovun xatirəsinə hörmət və ehtiramımızı bildiririk. Mən Mustafa bəy Topçubaşovun xatirəsi qarşısında baş əyirəm və deyirəm ki, onun xatirəsi bizim üçün həmişə əziz olacaqdır, onun adı Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaq və daim yaşayacaqdır.