Azərbaycan Prezidenti Heydər Əliyevin Londonda Azərbaycan jurnalistlərinə müsahibəsi - London, 1 dekabr 1995-ci il


Bildiyiniz kimi, son günlər Almaniyanın paytaxtı Bonnda Ermənistanla Azərbaycan arasında Minsk qrupu çərçivəsində danışıqların yeni mərhələsi olmuş və dünən sona çatmışdır. Hər bir mərhələ, hər bir danışıq prosesi bizim üçün əhəmiyyətlidir. Hər dəfə görüşümüz çərçivəsində nümayəndə heyətimiz danışıqlara gələrkən biz öz mövqelərimizi müəyyənləşdiririk və çalışırıq ki, əməli mövqedən çıxış edək, müəyyən bir razılıq əldə oluna bilsin.

Demək olmaz ki, danışıqlar prosesi nəticəsizdir. Bəzən mən eşidirəm, adətən bu danışıqlar bitəndən sonra bizim müxbirlər, yaxud da ki, televiziyada, radioda belə bəyanatlar verirlər ki, danışıqlar bitdi, yenə də bir nəticə olmadı. Bu, əsassızdır, mən bunlarla razı deyiləm. Çünki danışıqların hər bir mərhələsində müəyyən irəliləyiş müşahidə olunur, nəsə əldə edilir, hansısa bir nailiyyətə gəlib çata bilirik. Şübhəsiz ki, bəzən bizim ictimaiyyət, o cümlədən mətbuatda, digər informasiya orqanlarında çalışan jurnalistlər də təbii ki, gözləyirlər və belə güman edirlər ki, əgər danışıqlar başlanıbsa, bu, istənilən nəticəni verəcəkdir.

Bu, bir tərəfdən qeyri-təbiidir. İkinci tərəfdən, Ermənistanla Azərbaycan arasında yeddi il müddətində gedən hərbi münaqişə nəticəsində vəziyyət o qədər mürəkkəbləşib, o qədər çətinləşibdir ki, onu bir danışıqla, iki danışıqla həll etmək mümkün deyildir. Məsələn, bildiyiniz kimi, mən özüm bu barədə nə qədər danışıqlar aparıram. Bütün dövlət başçıları ilə mənim görüşlərimdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları mütləq müzakirə edilir, biz öz mövqelərimizi bildiririk və hər bir ölkəni, hər bir dövlət başçısını bu məsələdə iştiraka, köməyə dəvət edirik və nəyə isə nail ola bilirik.

Bildiyiniz kimi, danışıqlar prosesində Minsk qrupunun nümayəndələri vaxtaşırı regiona gəlirlər. Azərbaycanda da, Ermənistanda da olurlar. Onlar hər dəfə gələrkən mütləq bizim görüşlərimiz olur. Bəzən hətta bir dəfə yox, iki-üç dəfə görüşlər keçirir və məsələləri müzakirə edirik. Eyni zamanda, artıq mövcud olan təcrübəyə görə bizim nümayəndə heyətləri cürbəcür yerlərdə görüşlər keçirirlər. Məlumdur ki, belə görüşlər Finlandiyada da, Moskvada da, Vyanada da olmuşdur. Son dəfə Bonnda danışıqlar gedib və dünən başa çatıbdır. Yenə də deyirəm, biz bu danışıqlara çox məsuliyyətlə yanaşırıq və hər dəfə nümayəndə heyətimizi danışıqlara göndərərkən ona lazımi təlimatlar veririk. Şəxsən mən özüm hər dəfə bizim nümayəndə heyətini qəbul edirəm, təlimatlar veriləndən sonra bunların həyata keçirilməsi haqqında da öz tövsiyələrimi bildirirəm və beləliklə, bu danışıq prosesi gedir.

İl yarımdan çoxdur ki, biz atəşkəs rejimindəyik. Bu müddətdə şübhəsiz, daim çalışmışıq ki, tez nəticə əldə edək. Atəşkəs haqqında saziş əldə olunan kimi biz hesab edirdik ki, qısa bir müddətdə nəyəsə nail ola biləcəyik. Ancaq indi işlərin gedişi onu göstərir ki, qısa müddətdə istənilən nailiyyəti əldə etmək mümkün deyildir. Lakin danışıqlarda Böyük Sülh Sazişi layihəsinin ayrı-ayrı maddələri müzakirə olunur, bəzi maddələri haqqında razılığa gəlinir, razılıq əldə edilir və beləliklə də Böyük Sülh Sazişi, xırda-xırda olsa da, hazırlanır.

Bunları deməklə mən istəyirəm ki, bu işlərə maraq göstərən mətbuat, informasiya orqanları, jurnalistlərimiz məsələlərə məhz bu prizmadan baxsınlar. Buna reallıqdan yanaşmaq lazımdır. Heç də elə düşünmək lazım deyil ki, biz hər şeyi tezliklə əldə edə bilərik.

Bonnda neçə gün davam etmiş danışıqların xüsusi əhəmiyyəti var. Çünki bu danışıqlar ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin dekabrın 7-də Budapeştdə öz işinə başlayacaq görüşü ərəfəsində keçirilmişdir. Bildiyiniz kimi, keçən ilin dekabrında ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeştdə görüşü olmuşdur. Bu, ümumdünya siyasəti nöqteyi-nəzərindən çox mühüm görüş idi. Ancaq Azərbaycan üçün bu görüş daha çox əhəmiyyətli idi. Xatirinizdədir ki, biz o vaxt bu görüşə çox ciddi hazırlaşırdıq və ondan istədiyimiz nəticə əldə etmək niyyətindəyik. ATƏT-in ötən ilin dekabrında keçirilən Zirvə görüşü bizim üçün doğrudan da əhəmiyyətli bir qətnamənin qəbul olunması ilə nəticələndi. Yəni biz orada istədiyimizə nail olduq. İstədiyimiz də o idi ki, ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsinə daha fəal girişsin və ATƏT-in Minsk qrupu bu işlə daha da ciddi, ardıcıl surətdə məşğul olsun.

Xatırlayın, o vaxt, ATƏT-in Zirvə görüşünün hazırlanması ərəfəsində bəzi dövlətlərdən, məsələn, belə xəbərlər gəlirdi ki, ATƏT-də bu məsələnin müzakirəsinə ehtiyac yoxdur. Yaxud, Rusiyanın bəzi dairələri belə hesab edirdi ki, ümumiyyətlə, ATƏT-in sülhü mühafizə qüvvələri yaratmağa belə hüququ yoxdur; o sülhü mühafizə qüvvələri yarada bilməz; demək əgər ATƏT-in Minsk qrupu bir saziş əldə etsə də, onu həyata keçirmək üçün sülhü mühafizə qüvvələri ATƏT-ə daxil olan ölkələrdən yox, hansısa bir-iki-üç ölkədən olmalıdır. ATƏT-in Zirvə görüşü bütün bu məsələləri öz yerinə qoydu. Birincisi, bizim üçün çox vacib idi ki, ATƏT qətnamə qəbul etdi ki, Dağlıq Qarabağ ilə əlaqədar Ermənistanla Azərbaycan arasında gedən münaqişə sülh yolu ilə həll edilməlidir və bu, indən belə də ATƏT çərçivəsində, onun Minsk qrupu çərçivəsində olmalıdır. Minsk qrupuna lazımi göstərişlər verildi və ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılması haqqında qərar qəbul edildi. Bu, çox böyük hadisədir və bunu nəzərdən salmaq, yaddan çıxarmaq lazım deyildir. Orada həm də qərar qəbul olundu ki, Minsk qrupu bundan sonra iki həmsədrin rəhbərliyi altında fəaliyyət göstərsin. Rusiya həmsədrlik hüququ aldı. O biri həmsədrlik, əgər bundan öncə İsveç idisə - Yan Eliasson rəhbərlik edirdi, - indi Finlandiyaya keçdi - cənab Talvitiye rəhbərlik edir.

O vaxtdan bir il keçibdir və bizim üçün vacibdir ki, ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin Budapeşt görüşündə bu bir ildə görülmüş işə yekun vurularaq qəbul edilən sənəd bizdən ötrü əhəmiyyətli sənəd olsun. Ona görə də son günlər Bonnda Minsk qrupu çərçivəsində Ermənistan ilə Azərbaycan arasında aparılan danışıqlar bizim üçün çox əhəmiyyətli idi. Bu danışıqlar bir də ona görə əhəmiyyətli idi ki, orada Minsk qrupu üzvlərinin hamısı iştirak edirdi. Yəni, bəzən bu danışıqlar Ermənistan, Azərbaycan nümayəndə heyətlərinin və Minsk qrupu həmsədrlərinin, yaxud da ki, onların nümayəndələrinin iştirakı ilə keçirdi, amma bu dəfə danışıqlarda həm Minsk qrupunun həmsədrləri, həm də Minsk qrupuna daxil olan ölkələrin bu qrupdakı daimi nümayəndələri iştirak edirdilər. Bu görüşün bir cəhəti də ondan ibarətdir ki, biz nəzərdə tutmuşuq ki, orada mənim səlahiyyətli nümayəndəm, xüsusi nümayəndəm, müşavir Vəfa Quluzadə və Ermənistan prezidentinin xüsusi nümayəndəsi Liparidyan birbaşa, vasitəçi olmadan danışıqlar aparacaqlar və gələcəkdə birbaşa əlaqələrin yaranması və danışıqların aparılması üçün müəyyən razılığa gələcəklər. Ona görə də indiki danışıqlar çox mühümdür.

Bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, həm Rusiya, həm də Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barədə daim təşəbbüslər göstərirlər. Məsələn, oktyabrın əvvəlində Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun xüsusi nümayəndəsi doktor Bjezinski Bakıya gəlmişdi. O, bu danışıqları müvəffəqiyyətlə irəliyə aparmaq üçün bir layihə də gətirmişdi. Biz bu layihəyə baxdıq. Orada bizim üçün, yəni məsələni ədalətlə həll etmək üçün dəyərli müddəalar vardı, ancaq bizim üçün məqbul olmayan müddəalar da vardı. Ona görə biz bu layihə ilə razı olmadıq.

Bilirsiniz ki, bundan sonra mənim Nyu-Yorka səfərim başladı. Bu səfər ərəfəsində Rusiya prezidenti cənab Boris Yeltsin mənə, yəni Azərbaycan prezidentinə, habelə Ermənistan prezidentinə bu barədə xüsusi bir məktub göndərmişdi. Həmin məktubda da hər iki tərəfə - həm Ermənistana, həm də Azərbaycana müraciət olunmuşdu ki, məsələlərin sülh yolu ilə həll edilməsi üçün görülən işlər daha da sürətləndirilsin ki, tezliklə nəticə əldə oluna bilsin.

Mən Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 50 illik yubileyinə həsr olunmuş mərasimlərdə iştirak edərkən əvvəlcədən nəzərdə tutulduğu kimi, ABŞ prezidenti cənab Bill Klinton ilə xüsusi görüşüm oldu və biz ətraflı danışıqlar apardıq. Biz bu danışıqlarda bir çox məsələləri müzakirə etdik, o cümlədən Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə son qoyulması, sülh yaranması üçün Amerika Birləşmiş Ştatlarının təklifləri də oldu. Bu təkliflərlə əlaqədar mənə bir layihə də verdilər. Mən söz verdim ki, biz bu layihəni müzakirə edəcəyik. Sonra həmin layihə Ermənistan tərəfinə də verilmişdir.

Bundan bir az sonra bizim regiona səfir Ceyms Kollinzin rəhbərliyi altında Amerika Birləşmiş Ştatlarının çox böyük tərkibli nümayəndə heyəti gəldi. Onlar Azərbaycana gəlməzdən öncə Ermənistanda olmuşdular. Bu nümayəndə heyəti Ermənistanda olmuşdular. Bu nümayəndə heyəti Ermənistanda və Azərbaycanda olarkən Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü layihə müzakirə edilmişdi. Bizə məlum oldu ki, Ermənistan Respublikasının rəhbərliyi həmin layihəni qəbul etməmişdir. Layihəyə dair bizim də tənqidi fikirlərimiz var idi. Ancaq biz yenə də əməli mövqe tutduq və hesab etdik ki, bu layihənin üzərində işləyib onu lazımi səviyyəyə qaldırmaq olar. Yəni, biz ondan imtina etmədik, onu rədd etmədik, əksinə, onun üzərində bərabər işləməyi təklif etdik. ABŞ nümayəndə heyəti bizim bu fikirlərimizi məmnuniyyətlə qəbul etdi və söz verdi ki, onlar da öz fəaliyyətlərini davam etdirəcəklər.

Nəhayət, Ermənistan ilə Azərbaycan arasında Bonn danışıqları ərəfəsində Amerika Birləşmiş Ştatları daha da təkmilləşdirilmiş bir layihə irəli sürmüşdü. Qeyri-rəsmi olaraq bizə demişdilər ki, onlar belə hesab edirlər: Əgər Ermənistan və Azərbaycan Budapeştdə, ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə birgə bəyanat versələr, bu, məsələnin sülh yolu ilə həll edilməsi üçün çox yaxşı şərait yaradacaqdır. Onlar birgə bəyanatın layihəsini də bizə qeyri-rəsmi olaraq vermişdilər.

Biz o layihəyə baxdıq. Ermənistan tərəfi də ona baxmışdı. Öz nümayəndə heyətimizi Bonna göndərməzdən öncə biz ona bu barədə təlimatlar verdik. Nəhayət, buraya gəlməyimizdən bir gün öncə Amerika Birləşmiş Ştatlarının səfirinə mən şəxsən məlumat verdim ki, Ermənistan və Azərbaycanın adından veriləcək bəyanatın layihəsini, bizim üçün uyğun olmayan bəzi müddəalarına baxmayaraq, əsasən qəbul edirik. Daha dəqiq desək, mən bildirdim ki, burada bizim razı olmadığımız bəzi cəhətlər var, ancaq ümumi işin irəli getməsi naminə və sülh əldə olunması naminə narazı qaldığımız cəhətlərin üstündən hələlik keçirik ki, Bonnda və sonra Budapeştdə Ermənistan və Azərbaycanın birgə bəyanatını verə bilək. Biz bu fikirlərimizi çatdırdıq, nümayəndə heyətimiz belə təlimatla Bonna yola düşdü və ona əlavə göstərişlər də verdik.

Bonnda danışıqlar başlanarkən, təəssüflər olsun ki, Ermənistan nümayəndə heyəti həmin layihəni, yəni Ermənistan və Azərbaycanın birgə bəyanatı haqqında Amerika Birləşmiş Ştatları tərəfindən bizə verilmiş layihəni tamamilə rədd etmiş, onu müzakirə etmək istəməmişdir. Bizim nümayəndə heyəti bəyan etmişdir ki, bu layihəni qəbul edirik və onu müzakirə etməyə hazırıq. Beləliklə, biz həqiqətən sülh yaratmaq məramımızı və həqiqətən əməli mövqedə olduğumuzu bir daha bildirdik və nümayiş etdirdik.

Belə olan halda, Ermənistan və Azərbaycan respublikalarının nümayəndə heyətləri arasında danışıqlar Minsk qrupu həmsədrlərinin iştirakı ilə getmişdir və əsasən xarici işlər nazirlərinin Budapeşt görüşünə Minsk qrupunun hesabatının hazırlanması ilə əlaqədar olmuşdur. O layihədə də bizim üçün uyğun olmayan müddəalar olmuşdur. Ona görə bizim nümayəndə heyəti orada Azərbaycanın mövqelərini müdafiə etmək və bizim üçün münasib bir sənədin qəbul olunmasından ötrü çox ciddi fəaliyyət göstərmişdir. Mən Bakıda olanda da və Londona gəldikdən sonra buradan da bizim nümayəndə heyəti ilə daim əlaqədə idim. Nümayəndə heyətinə Tofiq Zülfüqarov rəhbərlik edir. Vəfa Quluzadə də mənim xüsusi tapşırığımla oraya getmişdi, bu məsələlərə ümumi rəhbərlik edirdi və Ermənistan prezidentinin nümayəndəsi Liparidyan ilə də görüşlər keçirmişdir.

Bir cəhəti də qeyd etmək istəyirəm. Bonnda həqiqətən bir nailiyyət əldə etmək üçün mən buraya gəlməzdən bir gün öncə Ermənistan prezidenti cənab Levon Ter-Petrosyana telefonla zəng etdim və ona bildirdim ki, Vəfa Quluzadəni xüsusi səlahiyyətlə Bonna göndərirəm. Rica etdim ki, o da özünün xüsusi nümayəndəsi Liparidyana belə səlahiyyətlər, təlimatlar versin ki, onlar orada xüsusi danışıqlar apara bilsinlər. O, mənim bu təklifimi məmnuniyyətlə qəbul etdi və bildirdi ki, o da belə hərəkət edəcəkdir. Doğrudan da, Bonnda Vəfa Quluzadə ilə Liparidyan arasında olan danışıqlar, - şübhəsiz, bu hələ ki, danışıq xarakteri daşıyır, burada konkret bir nəticədən söhbət gedə bilməz, - Vəfa Quluzadənin verdiyi məlumata görə, hesab edirəm ki, gələcəkdə bu prosesin davam etdirilməsi üçün yaxşı gedibdir.

Eyni zamanda qeyd edirəm ki, Bonnda Minsk qrupu həmsədrlərinin Budapeşt görüşü üçün hesabatının hazırlanmasında mübahisələr olmuşdur. Bu mübahisələrlə əlaqədar mən daim ora ilə telefon əlaqəsi saxlamışam. Nəhayət bu mübahisələr qurtarmışdır və dünən həmin sənəd əsasən razılaşdırılmışdır. Vəfa Quluzadə dünən axşam bu məlumatı mənə verdi. Hazırlanmış sənəd Minsk qrupu həmsədrlərinin bir illik fəaliyyətini əks etdirən sənəddir. Orada eyni zamanda göstərilir ki, bu bir il müddətində Böyük Siyasi Sazişin hazırlanması üçün hansı maddələr üzrə və yaxud hansı konkret məsələlər üzrə razılıq əldə olunubdur. Hansı məsələlər haqqında isə gələcəkdə hələ iş görülməlidir. Bir də qeyd edirəm, orada srağagün də, dünən səhər də bizi narahat edən bəzi məqamlar var idi və ona görə də mən Vəfa Quluzadəyə və Tofiq Zülfüqarova lazımi təlimatlar verdim. Nəhayət, dünən axşam onların verdiyi məlumat və sənədin layihəsi ilə tanışlığımız onu göstərir ki, bu sənəd bizim üçün də əsasən uyğundur. Həmsədrlər belə bir sənədlə Budapeşt görüşünə çıxacaq və orada bəyanat verəcəklər.

Şübhəsiz ki, bu, yenə də deyirəm, bir il müddətində bizim nəzərdə tutduğumuz nəticələrin əldə olunması demək deyildir. Güman edirəm ki, Budapeşt görüşündən sonra həmsədrlərin hesabatı bəyan ediləcək, dərc olunacaq, siz onunla tanış ola biləcəksiniz. Ancaq hesab edirəm ki, həmin sənəd danışıqların gələcəkdə davam etməsi üçün əsas, yaxşı şərait yaradır. Məhz buna görə də mən deyirəm ki, xırda-xırda da olsa biz irəliləyirik və bunlar hamısı ümid verir ki, məsələlərin sülh yolu ilə həll edilməsinə nail ola biləcəyik.

Beləliklə, mən Bonnda gedən son danışıqların nəticəsini ümumən müsbət qiymətləndirirəm. O mənada ki, danışıqlar davam edəcəkdir, müəyyən bir irəliləyiş var və ümidvar olduğumu bildirmək istəyirəm ki, ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Budapeşt görüşündən sonra danışıqlar prosesi daha da intensivləşəcəkdir. Həmsədrlər də Budapeşt görüşü üçün hazırladıqları birgə məruzədə göstərirlər ki, bundan sonra danışıqlar prosesi daha da intensivləşdiriləcək, sürətləndiriləcəkdir.

Dünən Bonnda Almaniyanın vitse-kansleri, xarici işlər naziri cənab Kinkel danışıqlarda iştirak edən Minsk qrupunun üzvləri ilə görüş keçirib, Bonnda aparılan danışıqlara yüksək qiymət verib və Minsk qrupunun üzvü kimi Almaniyanın da bundan sonra bu prosesdə fəal iştirak edəcəyi barədə bəyanat veribdir. O bildirib ki, danışıqlar prosesi həm sürətləndirilməli, həm də qısa bir müddətdə yekun nəticəyə gətirib çıxarmalıdır.

Güman edirəm ki, bu mərhələdə əldə olunan nailiyyət bizi hələlik qane etməlidir. Ancaq eyni zamanda biz işlərimizi bundan sonra da davam etdirəcəyik.

Həmsədrlərin məruzəsində bildirilir ki, atəşkəs rejiminə bundan sonra da riayət olunmalı, bütün məsələlər yalnız danışıqlar, sülh yolu ilə həll edilməli və atəşin yenidən başlanmasına imkan verilməməlidir. Biz öz tərəfimizdən daim buna riayət etmişik və bundan sonra da riayət edəcəyik.

Bu məsələ barədə bu qədər. Mən bu məlumatları şəxsən özüm sizə çatdıraram ki, birincisi, düzgün məlumat alasınız, ikincisi isə siz də biləsiniz və ictimaiyyətimiz də bilsin ki, bu danışıqlar nə qədər çətinliklə irəliləyir və bu çətinliklərə baxmayaraq, biz bunu aparır və bundan sonra da aparacağıq. Hesab edirəm ki, biz bu yolla bundan sonra da getməliyik.

Sual: Nyu-Yorkda Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşünüz zamanı hansı məsələlərə toxunulmuşdur?

Cavab: Bu ilin oktyabrında Nyu-Yorkda Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüş zamanı hər ikimiz sülh prosesini davam etdirməyin zəruri olduğunu göstərmişik. Biz orada belə bir fikrə gəldik ki, nümayəndə heyətlərinin Minsk qrupu çərçivəsində danışıqları ilə yanaşı, xüsusi nümayəndələrimiz birbaşa danışıqlar aparsınlar. Bu proseslər bir-birinə mane olmur, bir-birinə zidd deyildir. Əksinə, indiyə qədər gedən prosesi daha da gücləndirə bilər.

Sual: Azərbaycan və Ermənistan respublikalarının birgə bəyanatı barədə ABŞ-ın təklif etdiyi layihə ilə bağlı fikrinizi deyə bilərsinizmi?

Cavab: Həmin layihədə göstərilir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Bu, bizim üçün çox əhəmiyyətli müddəadır. Baxmayaraq ki, dünyada dövlətlərarası bütün hüquq normaları hər bir dövlətin ərazi bütövlüyünün tanınmasını tamamilə nəzərdə tutur. Nəzərə alsaq ki, yeddi il davam edən münaqişədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü heç vaxt, heç bir sənəddə tanımayıbdır. Amerika Birləşmiş Ştatlarının təklif etdiyi layihədə belə bir müddəanın olması çox gərəklidir, çox əhəmiyyətlidir. Amma Ermənistan bu layihəni qəbul etməmişdir.

Tarixi arayış