Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbul şəhərinin Atatürk adına Hava limanının şərəf salonunda jurnalistlərin suallarına cavabı - 31 oktyabr 1999-cu il


Suаl: Cənab prezident, Ermənistanda son terror hadisəsinin baş verməsi bir təsadüfdürmü və Siz bu barədə nə düşünürsünüz?

Саvаb: Bilirsiniz, bu olaylar artıq hamıya məlumdur. Sizə də məlumdur. Ermənistanda olan olaylar terrordur. Biz hər zaman terrorun əleyhinə olmuşuq, bu gün də terrorun əleyhinəyik. Ancaq bu terror Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə mane olmayacaqdır. Çünki Ermənistanın cümhur başqanı və digər şəxslər belə bəyanat verilələr ki, birincisi, bu terrorun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. İkincisi, bu, onların daxili işidir. Üçüncüsü, bu məsələ, bu olay bizim sülh danışıqlarımıza mane olmayacaqdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesinə maneçilik törətməyəcəkdir. Daha kimin nə sözü var?

Suаl: Ermənistandakı həmin hadisədən sonra bu ölkənin hökumətində bir böhran əmələ gəlmişdir. Ermənistan prezidentinin istefaya getməsi barədə də iddia var. Əgər Ermənistan hökumətində rəhbərlik dəyişirsə, bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasma mənfi təsir göstərə bilərmi və bu sahədə problem olacaqmı?

Саvаb: Bilirsiniz, insanlar dəyişməyiblər. İndi kimsə terrordan vəfat edibdir, kimsə yaşayır. Ancaq həyat davam edir. Ona görə də hesab edirəm ki, - mən dedim, bir də bəyan edirəm,- həm Ermənistan rəsmilərinin, о cümlədən cümhur başqanının, həm Amerika Birləşmiş Ştatlarının, о cümlədən dövlət katibinin yardımçısı Telbotun, - hansı ki, indi Yerevandadır, - həm də Rusiyanın xarici işlər naziri İvanovun verdiyi bəyanatlardan belə görünür ki, bu, Ermənistanın daxili məsələsidir, Ermənistan-Azərbaycan münaqişəsinə heç bir aidiyyəti yoxdur və bizim sülh prosesinə heç bir maneçilik törətməyəcəkdir.

Amma sülh prosesi uzun bir prosesdir. Neçə ildir, 1994-cü ilin may ayından atəşkəs yaratmışıq. О vaxtdan da danışıqlar aparırıq. Amma hələ bir nəticəyə gəlməmişik. Danışıqlar bundan sonra da gedəcəkdir. Amma sülh barədə danışıqlar gedəcəkdir. Yəni biz, Azərbaycan bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik.

Suаl: Cənab prezident, noyabrın 18-19-da ATƏT-in İstanbulda keçiriləcək zirvə toplantısında Dağlıq Qarabağla bağlı bir anlaşmanın imzalanması mümkündürmü və Siz belə bir sazişin imzalanmasını gözləyirsinizmi? Eyni zamanda bu zirvə görüşü zamanı Bakı-Ceyhan neft kəməri barədə də sazişin imzalanması gözlənilirmi?

Саvаb: Birincisi, о günlərə qədər yaşayaq, onda hər şey məlum olacaqdır. İkincisi, mən təəccüb edirəm ki, artıq Bakı- Ceyhan barəsində mənə sual vermirlər. Çünki bir neçə il bundan öncə mən Türkiyəyə - ya İstanbula, ya Ankaraya gələndə mənə hamı sual verirdi ki, Bakı-Ceyhan nə oldu? Allaha şükür olsun ki, indi siz də rahatsınız, biz də rahatıq ki, Bakı-Ceyhan boru kəməri məsələsi çözülüb. Keçən il, düz bir il bundan öncə Ankarada biz böyük bir bəуаnnаmə imzaladıq. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan cümhur başqanları və Amerika Birləşmiş Ştatlarının enerji naziri Riçardson bunu imzaladılar. Amma bu bir il müddətində Bakı- Ceyhan boru xətti ilə əlaqədar çox gərgin iş gedibdir. Bəyannaməni imzaladıq, ancaq bu boru xəttinə aidiyyəti olan şirkətlər, - hansı ki, konsorsiuma daxildirlər və Xəzərin Azərbaycan sektorunun bir hissəsində, "Azəri", "Çıraq", "Günəşli" yataqlarında neft istehsalı ilə məşğuldurlar, neft çıxarmaqla məşğuldurlar, - onlar bu boru xəttinin dəyəri haqqında, qiyməti haqqında fərqli fikirdə idilər.

Ona görə də siz onu bilməlisiniz, - о vaxtdan bir ildir ki, Azərbaycan bu barədə çalışır. Azərbaycanın nümayəndə heyəti daim - ya Ankarada, ya İstanbulda, ya Nyu-Yorkda, ya Vaşinqtonda bu məsələnin çözülməsi ilə məşğul olur. Bu gün də bizim nümayəndə heyətimiz Ankaradadır və Türkiyə ilə bərabər bu işləri görürük. Biz istəyirik ki, hazır olsun.

Nəhayət, bir çətin, ağır məsələ var idi. Bu, ondan ibarət idi ki, konsorsiuma daxil olan xarici ölkələrin şirkətləri tələb edirdilər ki, əgər Bakı-Ceyhan boru xəttinin qiyməti, dəyəri 2,4 milyard dollardan artıq olsa, onda bu dəyəri, vəsaiti Türkiyə ödəməlidir. Çünki onlar deyirdilər ki, bu, 3 milyard, yaxud 3,7 milyard dollar olacaqdır. Türkiyə isə hesabladı və dedi ki, 2,4 milyard olacaqdır. Biz də belə fikirdəyik ki, bu, belə olacaqdır. Ancaq sonra belə bir məsələ meydana çıxdı ki, əgər belə olmasa, yəni şirkətlər dedilər ki, əgər tikintinin dəyəri 2,4 milyard dollardan artıq olsa, onda bunu Türkiyə ödəməlidir. Bir neçə ay danışıqlar bundan ötrü getdi.

Sonra hörmətli dostum, cümhur başqanı, əziz Süleyman Dəmirəl oktyabrın 18-də Azərbaycanda olarkən biz bu məsələni bir də müzakirə etdik. Məndən rica etdilər bu şirkətlərlə danışım ki, onlar Gürcüstan və Azərbaycan torpaqlarından keçən boru xəttinin riskini öz üzərinə götürsünlər. Türkiyə isə Türkiyə ərazisindən keçən boru xəttinin riskini, yəni 2,4 milyarddan artıq olanı öz üzərinə götürəcəkdir. Biz də bu işi apardıq və şirkətlər də artıq buna razılıq veriblər. Ona görə də Bakı-Ceyhan məsələsi həll olunubdur və güman edirəm ki, ATƏT-in zirvə toplantısı zamanı burada, İstanbulda bunu tamam imzalayacağıq.

Suаl: Cənab prezident, bu boru xəttinin, yəni Bakı-Ceyhanın yanından Türkmənistan və Azərbaycan qazı üçün paralel bir kəmərin çəkilməsi barədə nə deyə bilərsiniz?

Саvаb: О da indi bir mövzudur. Danışıqlar gedir. Sağ olun.

Tarixi arayış