Azərbaycan Prezidenti Heydər Əliyevin Brüsseldən Vətənə dönərkən təyyarədə müsahibəsi - 18 aprel 1995-cı il


Heydər Əliyev: Avropa Birliyi beynəlxalq aləmdə çox böyük nüfuzlu bir təşkilatdır. Onun böyük imkanları vardır. Bu birliyə inkişaf etmiş 15 ölkə daxildir. Avropa Birliyi öz fəaliyyətini həyata keçirmək üçün bu ölkələrin imkanlarından istifadə edir.

Avropa Birliyinin fəaliyyətinin dünya siyasətinə, iqtisadiyyatına, beynəlxalq aləmdə gedən proseslərə çox böyük təsiri var. Ona görə də bilavasitə Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr yaranması bütün cəhətlərə görə lazımdır, zəruridir və mənfəətlidir. Mənim Brüsseldə səfərimin əsas məqsədi də bundan ibarət idi ki, Azərbaycan Avropa Birliyi ilə daha sıx əlaqə yaratmaq imkanı qazansın.

Avropa Birliyinə hər altı ayda bir ölkə rəhbərlik edir. Onun daimi fəaliyyət göstərən strukturlarının rəhbərləri isə beş ildən bir seçilir. Cənab Santer də Avropa Birliyi komissiyasının prezidentliyinə beş il müddətinə seçilib. Bu komissiya ilə bizim sıx əməkdaşlığımız üçün şəxsi münasibətlər yaratmaq, Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələri nizama salmaq çox vacibdir. Mən bu səfərimin nəticələrindən çox razıyam.

Səfər zamanı cənab Santerlə, cənab Bruk və başqaları ilə çox səmərəli danışıqlar, söhbətlər, müzakirələr apardıq. Respublikamızın iqtisadi, sosial vəziyyəti ölkəmizdə gedən proseslər, Ermənistanla müharibə nəticəsində Azərbaycanın düşdüyü vəziyyət, torpaqlarımızın bir hissəsinin işğal altında olması bir milyondan çox qaçqının çətin şəraitdə yaşaması haqqında mən orada geniş məlumat verdim, bu sahədə ölkəmizdə aparılan işlərdən söhbət açdım. Mən respublikamızdakı demokratik dəyişikliklər, proseslər, dövlət quruculuğu, iqtisadiyyat, siyasət sahəsində aparılan işlər haqqında, o cümlədən iqtisadi islahatların həyata keçirilməsi, demokratik prinsiplərin bərqərar olunması haqqında, siyasi plüralizm, insan azadlığı, söz azadlığı, insan hüquqlarının qorunması məsələləri haqqında da ətraflı məlumat verdim.

Bu ilin oktyabrında respublikamızda parlament seçkiləri keçirilməsi nəzərdə tutulur. Seçkilərin demokratik şəraitdə aparılması haqqında mən orada söhbət açarkən Avropa Birliyini də bu seçkilərdə müşahidəçi kimi iştirak etməyə dəvət etdim. Biz bu il yeni demokratik konstitusiya hazırlığı və qəbul etməyi nəzərdə tuturuq. Mən bu barədə də Avropa Birliyinə məlumat verdim. Bunlar çox əhəmiyyətli məsələlərdir. Avropa Birliyi demokratik dəyişikliklərin, islahatların aparılmasında çox maraqlıdır və respublikamıza da bununla əlaqədar öz münasibətini, köməyini göstərir.

Bunlarla yanaşı, Avropa Birliyinin respublikamıza indiyədək etdiyi yardım, kömək haqqında öz minnətdarlığımı bildirdim. Eyni zamanda biz bundan sonra görüləsi işlər haqqında danışıqlar apardıq. Avropa Birliyinin bu sahədə böyük imkanları vardır. Birlik bir neçə istiqamətdə fəaliyyət göstərir, keçmiş sovet ittifaqının tərkibində olmuş respublikalara yardım edir. Təəssüf ki, biz Avropa Birliyinin bu imkanlarından yalnız son vaxtlarda istifadə etməyə çalışmışıq. Bu imkanlar əvvəllər ya respublikamıza məlum olmayıb, yaxud passiv mövqe tutması nəticəsində Azərbaycan bu istiqamətdə lazımi əlaqə qura bilməyib. Amma son vaxtlar - təxminən 1994-cü ilin ikinci yarısından və 1995-ci ilin əvvəlindən Avropa Birliyi ilə bizim əməkdaşlığımız sürətlənmişdir. Nazirlər Kabineti bu sahədə son vaxtlar çox işlər görüb. Mən bu işləri müsbət qiymətləndirirəm. Məhz görülən bu işlər nəticəsində Avropa Birliyinin ölkəmizə iqtisadi yardımı güclənmişdir.

Məsələn Avropa Birliyinin respublikamıza 300 min tona qədər taxıl və un göndərilməsi qərara alınacaqdır. Bundan başqa əvəzsiz olaraq 2 min ton ət, 2 min ton yağ verilib. Bildiyiniz kimi, Avropa Birliyi vaxtilə Azərbaycana 66 milyon ekyü məbləğində kredit ayırıb. Bu kreditin bir hissəsindən istifadə olunub. Amma qalan hissəsindən istifadə olunması yolları müəyyənləşdirildi.

Avropa Birliyinin bir sıra digər proqramları da var. Məsələn, EKHO proqramı əsasında Avropa Birliyi Azərbaycandakı aztəminatlı adamlara, qaçqınlara, çətin vəziyyətdə yaşayanlara humanitar yardım göstərir. Belə yardım keçən il də göstərilib. Amma həmin yardım bundan da artıq ola bilər. Biz bu yardımın daha səmərəli, mütəşəkkil olması haqqında da Brüsseldə danışıqlar apardıq.

Avropa Birliyinin TASİS proqramı da var. Bu, çox geniş bir proqramdır. Azərbaycan bu proqram əsasında çox müvəffəqiyyətli müştərək iş görə bilər. Amma təəssüf ki, bu işlərin hamısına nəzarət edilməyib. Respublikadakı bir sıra təşkilatların fəaliyyətsizliyi, bir çox sahələrdəki bürokratizm nəticəsində bəzi təşəbbüslər sönüb. TASİS proqramı haqqında mən indi geniş məlumat aldım və belə fikirləşirəm ki, bu proqramın çox sahələrində əməkdaşlıq edə bilərik. Biz bu barədə Avropa Birliyi komissiyasında razılığa gəldik.

Bundan əlavə, 1993-cü ilin ikinci yarısında və 1996-cı ildə Azərbaycana əvəzsiz ərzaq yardımı göndərilməsi barədə razılıq əldə olundu. Biz öz tələbatımızı Avropa komissiyasına bildirdik və bunların ödənilməsi üçün razılıq verildi.

Avropa Birliyinin bütün bunlardan başqa çox güzəştli krediti var. Biz bu krediti almaq istəyirik. Mən bu barədə də danışıqlar apardım. Əgər bu mümkün olsa, Avropa Birliyinin nümayəndə heyəti may ayında Azərbaycana gələcək, respublikamızda bu istiqamətdə aparılan işlərə, iqtisadi islahatların həyata keçirilməsi vəziyyətinə baxacaq, demokratik proseslərin gedişi ilə tanış olacaqdır. Onlar sadəcə olaraq bunları öyrənmək istəyirlər.

Avropa Birliyində respublikadakı vəziyyətlə tanışdırlar. Onlar mənim verdiyim məlumatlardan razı qaldılar. Bizim danışıqlarımız çox səmərəli, əhəmiyyətli keçdi. Birliyin nümayəndə heyəti respublikamızda olandan sonra mayın axırında bu məsələlər Avropa Şurasında müzakirə ediləcək, sonra dövlət başçılarının müzakirəsinə veriləcəkdir. Bundan sonra həmin yardımların respublikamıza göndərilməsinə başlanacaqdır.

Mən belə hesab edirəm ki, bütün bunlar respublikamız üçün geniş perspektivlər açır və apardığımız danışıqlarda yaxşı əsaslar qoya bilmişik. Güman edirəm ki, danışıqlarımızın nəticəsi təkcə bunlardan ibarət deyil. Əsas budur ki, Avropa Birliyinin rəhbərliyi ilə Azərbaycan prezidenti arasında bilavasitə münasibətlər yarandı və bu da bizim gələcək işlərimizə çox kömək edəcəkdir. Əminəm ki, Avropa Birliyi ilə əməkdaşlığımız daha da genişlənəcəkdir.

Mən indicə burada müşavirə keçirdim, məni bu səfərdə müşayiət edən şəxslərlə söhbət apardım, gördüyümüz işlərin nəticələri ilə bağlı onlara göstərişlər verdim. Fikrim bundan ibarətdir ki, bu işi daha mütəşəkkil aparmaqdan ötrü hər sahə üçün məsul qruplar yaradılmalı və onlar hamısı bir yerdə mərkəzləşməlidir. Mərkəzdə həmin işlərə həm nəzarət edilməli, həm də bu işlərin təşkilinə xüsusi fikir verilməlidir.

Bir sözlə, Avropa Birliyindəki görüşlərimdən, apardığım danışıqlardan çox məmnunam, razıyam. Hesab edirəm ki, bunlar Avropa Birliyi ilə əməkdaşlıq üçün yaxşı əsas yaradacaqdır.

Sual: Cənab prezident əlbəttə, respublikamızın vəziyyəti ağırdır, humanitar yardımlar lazımdır. Lakin respublikamızın büdcə kəsirini heç olmasa indiki səviyyədə saxlamaq, inflyasiyanın dərinləşməsinin qarşısını almaq üçün Avropa Birliyindən alacağımız kredit kifayət edəcək, yoxsa əlavə tədbirlər lazımdır?

Cavab: Bilirsiniz, bu bizim öz işimizdir. Avropa Birliyindən də, başqa yerlərdən də aldığımız kreditlər, gəlirlər hesabına yəqin ki, büdcənin kəsirini müəyyən qədər ödəyəcəyik. Ancaq büdcənin kəsirini təkcə bunlarla ödəmək mümkün deyil. Büdcəni normal vəziyyətdə saxlamaq, normal maliyyə fəaliyyəti göstərmək üçün gərək istehsal inkişaf etsin və bunun üçün lazımi tədbirlər görülsün. Bilirsiniz ki, aqrar sahədə istehsalı qaydaya salmaq üçün bir tərəfdən islahatlar aparılır, digər tərəfdən cari işlərin sürətləndirilməsi üçün mən bu yaxınlarda böyük bir müşavirə keçirdim. Orada konkret vəzifələr həyata keçiriləcək. Güman edirəm ki, islahatlarla yanaşı, bunlar öz nəticəsini verəcəkdir. Sənaye sahəsində də istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir. Birincisi, mən hesab edirəm ki, bizim sənaye müəssisələrinin mövcud imkanlarından lazımi səviyyədə istifadə olunmur. Mənə belə gəlir ki, sənaye sahəsindəki strukturlara rəhbərlik edənlər, zavodların, fabriklərin başçıları səhlənkarlıq edirlər. Bu yaxınlarda mən bu işə də diqqəti artıracağam, səhlənkarlıq edən adamların hamısı ciddi tənbeh olunacaq, cəzalandırılacaqdır. Onların bəziləri bəlkə də vəzifələrindən azad olunacaqlar.

Məsələn, bu yaxınlarda mən "Metallurgiya" Dövlət Şirkətinin rəhbərini vəzifəsindən azad etdim. Çünki bir tərəfdən işlər pis gedirdi, həmin şirkətdə olan imkanlardan lazımınca istifadə olunmurdu, digər tərəfdən də o, vəzifəsindən istifadə edərək cinayət edirdi və bu cinayətə görə də məsuliyyət daşımalıdır. Başqaları da bundan ibrət götürməlidirlər. Axı bəzi insanlar bu cinayət yolu ilə nə qədər yaşayacaqlar, vəzifələrindən nə qədər sui-istifadə edəcəklər. Bax, bütün bunların nəticəsində respublika iqtisadiyyatında gərgin vəziyyət yaranmışdır. Doğrudur, yollar bağlıdır, iqtisadi əlaqələr qırılıb, başqa obyektiv səbəblər də var. Amma eyni zamanda respublikamızda mövcud potensialdan səmərəli istifadə olunmur. Ona görə də nazirlər, şirkət, müəssisə rəhbərləri özləri üçün nəticə çıxarmalı, sənaye müəssisələri işləməlidir.

Əgər mövcud imkanlardan səmərəli istifadə olunsa, istehsalın səviyyəsi yuxarı qalxar, bu da büdcənin sağlamlaşdırılmasına şərait yaradar. Yenə də deyirəm, büdcənin sağlamlaşdırılması məsələsinin təkcə kreditlər vasitəsilə həll etmək olmaz. Biz gərək respublikamızdakı potensialı hərəkətə gətirək. Güman edirəm ki, biz bunu edəcəyik.

Sual: Cənab prezident, soydaşlarımızla görüşdə deyildiyi kimi, Azərbaycan prezidenti hər gün təxminən 19-20 saat işləyir, onun ətrafındakılar isə yox. Bu yaxınlarda keçirdiyiniz müşavirədə də siz bu məsələyə toxundunuz və dediniz ki, belə davam edə bilməz. Biz çox vaxt demokratiya ilə anarxiyanı qarışıq salırıq. Buna yol verməmək üçün Heydər Əliyevin dəmir əlinin qalxmasına ciddi ehtiyac olduğunu söyləyirlər. Bu belədirmi?

Cavab: Bilirsiniz, həqiqət bundadır ki, demokratiyanı heç anlamayan adamlar "demokratiya" deyə-deyə respublikada anarxiya yaradıblar. Demokratiya bərqərar olmalıdır, iqtisadiyyat inkişaf etməlidir. Söhbət sağlam, həqiqi demokratiyadan gedir. Bizim cəmiyyətdə demokratiya pərdəsi altında çirkin işlər görənlərə yer olmamalıdır. Biz bu istiqamətdə iş aparmalıyıq. "Demokratiya" deyib qışqıra-qışqıra cinayət edənlərə, dövlətimizin əleyhinə gedənlərə cəmiyyətdə yer verilməməlidir. Bundan sonra belə hal olmayacaq, onlar öz cəzalarını alacaqlar. Bu son hadisələr göstərdi ki, heç bir şey cəzasız qalmır və qalmayacaqdır.

Ancaq eyni zamanda vəzifəli şəxslərin çoxu son illər məsuliyyətsizliyə öyrənibdir. Bəziləri məsuliyyətsizlik, vəzifəsindən sui-istifadə və cinayət edərək vəzifəsində qaldığına görə elə hesab edirlər ki, belə yaşamaq olar. Onlar bizim cəmiyyətə nə qədər zərər vururlar. Bir tərəfdə kasıb kütlə, o biri tərəfdə qeyri-qanuni, cinayət yolu ilə zənginləşmiş ayrı-ayrı vəzifəli şəxslər - bu ədalətsizlikdir. Mən bu ədalətsizliyə dözə bilmirəm və xalq da dözə bilmir, dözməyəcəkdir. Mən də dözməyəcəyəm, xəbərdarlıq da etmişəm.

Güman edirəm, bu söhbətimiz televiziya vasitəsilə hamıya çatacaq, ona görə də bir daha deyirəm ki, mən bütün bunlara dözməyəcəyəm. Kim xalqına sədaqətlə, namusla, saf ürəklə, mənəviyyatla xidmət edəcəksə, onlar bizimlə bərabər işləyəcəklər. Cinayətkar yolla, vəzifəsindən sui-istifadə edərək rüşvət alanlar, cürbəcür pis əməllər törədərək varlananlar elə hesab edirlərsə ki, bu varla yaşayacaqlar, - səhv edirlər. Yaşamayacaqlar! Bizim cəmiyyət onları kənara atacaq, sağlamlaşacaq, mənəviyyat yüksələcək və orada belə adamlara yer olmayacaqdır. Nə qədər gec deyil, qoy o adamlar düzgün yol tutsunlar.

Sual: Cənab prezident, sizə və sizin siyasətinizə qarşı ən qatı müxalifətdə duranlar da beynəlxalq aləmdəki müvəffəqiyyətlərinizi inkar etmək imkanında deyillər, lakin daxili siyasətinizi tənqid edirlər. Bu məsələyə münasibətiniz necədir?

Cavab: Bilirsiniz, onlar nədən danışdıqlarını heç bilmirlər. Əslində isə danışmağa söz tapmırlar. Görəsən onlar anlayırlarmı ki, daxili siyasət nədir? Anlamırlar. Məgər iqtisadi islahatlar haqqında qanunların qəbul edilməsi asan məsələdirmi? Görəsən, bu iqtisadi islahatları aparmağa onlara kim imkan vermirdi? Axı indi bağıran o adamların əlində hakimiyyət var idi, bəs nə üçün onlar bu islahatları aparmadılar? Aparmadılar, hakimiyyətdən gedəndən sonra isə istədiklərini danışırlar. O, tərəfdən, bu tərəfdən olan bir-birinə zidd çıxan adamlar indi, necə deyərlər, eyni havanı çalırlar, eyni səslə bağırırlar ki, o yoxdur, bu yoxdur.

Azərbaycanda iqtisadi islahatlar, demokratiya prosesi gedir və gedəcəkdir. Orda -burda qışqırırlar ki, seçki nə vaxt olacaqdır. Fevral ayında parlamentin səlahiyyəti qurtarır. İndidən qışqırmağın nə əhəmiyyəti var? Ora-bura getdilər ki, guya respublikada seçki keçirmək istəmirlər. Necə ola bilər ki, seçki aparılmasın? Seçki keçiriləcəkdir. İndi seçki qanunu hazırlanır. Seçkinin vaxtı üç ay qabaq elan olunacaqdır. Amma bu adamların ağzını yummaq üçün bir daha deyirəm ki, seçkilər oktyabr ayında keçiriləcəkdir. Qərarı mən qəbul etmirəm. Ancaq yəqin ki, mənim də fikrim müəyyən qədər nəzərə alınacaqdır.

Məlumdur ki, daxili həyatımız o qədər də asan deyil. Azərbaycanda il yarım ərzində üç dəfə dövlət çevrilişi cəhdi olub. Hansı ölkədə belə şey ola bilər? 1993-cü ilin iyununda biz Azərbaycanı böyük bir faciədən xilas etdik. O vaxt Azərbaycan dağılmışdı, parçalanmışdı. Azərbaycanı belə faciəli hala salan adamlar nəticə çıxarmaq əvəzinə, üzərlərindən təhlükə götürülən kimi özlərini yenə də köhnə əhval-ruhiyyə ilə aparmağa başladılar.

Yaxud, o vaxt vəzifə alan adamlar. Məgər bu vəzifə onlar üçün bəs deyilmi? Yox, onlara daha böyük vəzifələr lazım imiş. Keçən ilin oktyabrında yeni bir çevriliş hazırladılar. Çevriliş edənlərin bir hissəsini dağıtdıq, bir hissəsini bağışladıq ki, respublikamızda əmin-amanlıq olsun. Lakin əmin-amanlıq olmadı. Bütün o müxalifət qüvvələri Xüsusi Təyinatlı Polis Dəstəsinin başına toplaşdılar. Doğrudur, XTPD-də olanların da ağlı yox idi. Bir də deyirəm, bir-birinə zidd olan qüvvələr həmin bu XTPD-dən hərəsi öz məqsədləri üçün istifadə etməyə çalışdılar. Dəstənin başında duranlar da belə fikirləşdilər ki, XTPD dövləti devirə bilər. Gəlib qan tökdülər. Bu çevrilişin də qarşısı alındı. Bayaq dediyim kimi, Azərbaycan il yarım içərisində üç dəfə faciədən qurtarıb. Bəs bunu nəzərə almamaq olarmı? Bir çevrilişdən sonra məhkəmə prosesi getdi və yarımçıq qaldı. İkinci çevriliş cəhdindən sonra adamlar həbs olundu, indi istintaq gedir. Üçüncü çevriliş cəhdindən sonra adamlar həbs olundu, eyni zamanda bəziləri qaçıb. Oktyabr hadisələrindən sonra da bəzi adamlar qaçıb gizləniblər. Onları axtarmaq, tapmaq, cəzalandırmaq lazımdır. Daxili siyasət barədə bağıran adamlar bütün bunları görürlərmi? Axı onlar özləri bu gərginliyi yaradan adamlardır. Bir tərəfdən gərginlik yaradır, işləməyə imkan vermirlər, digər tərəfdən də bağırırlar ki, "daxili siyasətdə çatışmazlıqlar var". Heç bir şey yoxdur. Hər şey normal gedir və normal da gedəcək. Hamı da bilsin ki, Azərbaycanda bərqərar olan demokratiya keçmiş Sovetlər İttifaqının tərkibində olmuş respublikaların hamısı üçün nümunə olacaqdır. Heç kəsin buna şübhəsi olmasın. Onlar da bilsinlər ki, bəsdir və çəkilib yerlərində otursunlar.

Biz artıq üç dəfə sübut etdik ki, Azərbaycanı dağıtmaq istəyən adamların qarşısında güc var. Bu, birinci növbədə xalqın gücüdür, iradəsidir. Mən də bura gələn gündən bir prezident kimi xalqın iradəsinə arxalanmışam, söykənirəm və bundan sonra da arxalanacağam. Bunlar isə mənə milyon dəfə artıq güc verir.

Mənim Brüsseldə Belçikanın baş naziri ilə səmərəli görüşüm, çox əhəmiyyətli söhbətim oldu. Belçika Avropanın mərkəzində böyük bir ölkədir. Bir çox beynəlxalq təşkilatların baş qərargahı burada yerləşir. Belçika həm iqtisadi cəhətdən, həm də dövlət quruculuğu sahəsində çox inkişaf etmiş bir dövlətdir. Bu ölkənin baş naziri ilə mən keçən dəfə də görüşmüşdüm. Sonra biz Budapeştdə, Kopenhagendə, Davosda da görüşmüşdük. Bu gün bizim ikitərəfli münasibətlər qurulması haqqında daha ətraflı söhbətimiz oldu. Mən onu Azərbaycanda rəsmi səfərə dəvət etdim. O da məni Belçikaya rəsmi səfərə dəvət etdi. O bildirdi ki, siz beynəlxalq təşkilatların rəhbərləri ilə görüşmək üçün buraya gəlirsiniz, amma indi Belçikaya rəsmi səfərə gəlin.

Belə hesab edirəm ki, apardığımız bu danışıqlar ölkəmiz üçün əhəmiyyətli olacaq. Biz Belçika ilə əlaqələri bilavasitə inkişaf etdirə bilərik. Məhz buna görə də mən Azərbaycanın Belçikada səfirini təyin etdim. O, Brüsseldə qaldı, orda fəaliyyət göstərəcək. Mən onu baş nazirə təqdim etdim. Bu isə beynəlxalq təşkilatlarla əlaqəsinə kömək edəcək, həm də ölkəmizlə Belçika arasında əlaqələri inkişaf etdirəcəkdir.

Sual: Keçmiş SSRİ-nin tərkibində olmuş ölkələrin bir çoxunda, xüsusilə Orta Asiya və Qazaxıstanda səlahiyyətləri başa çatan prezidentlər öz səlahiyyətlərini referendum yolu ilə uzatmaq niyyətindədirlər. Prezident Heydər Əliyev isə həmişə xalqa arxalanıb. Oktyabr çevrilişi cəhdi zamanı bir çağırışınızla meydana bir milyon adam yığıldı. Təkcə televiziyanın xəbərlər baş redaksiyası prezidentin müdafiə edən minlərlə teleqram alıb. Onların bəzilərində, hələ vaxta 4 il qalsa da, səlahiyyət müddətinizin uzadılması məsələsi qaldırılır.

Cavab: Narahat olmasınlar, mənim səlahiyyət müddətim çoxdur. Səlahiyyət müddəti başa çatanda seçkilər olacaq. Əgər xalq istərsə, mən yenə də seçilərəm. Güman edirəm ki, xalq məndən ayrılmayacaq.

Sual: Yəni siz həmin seçkilərə gedəcəksiniz?

Cavab: Bəli, bəli.

Tarixi arayış