Sizi - Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşlarını institutunuzun yaradılmasının 70 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Respublikanın tanınmış elm və müalicə mərkəzlərindən hesab olunan Pediatriya İnstitutunun bütün fəaliyyəti ən nəcib bir işə - xalqın ümidi və gələcəyi olan uşaqların sağlamlığının qorunmasına həsr olunmuşdur. İnstitut uşaqların sağlamlığı ilə bağlı dərin elmi araşdırmalar aparmaqla yanaşı, analıq və körpəliyin mühafizəsi müəssisələrinin təşkilində və bu müəssisələr üçün kadrların hazırlanmasında respublikanın səhiyyə orqanlarına yaxından əməli kömək göstərmişdir.
Azərbaycanda bir çox ağır uşaq xəstəliklərinin kökünün kəsilməsi, qarşısının alınması və xəstəlik baş verən kimi ona qarşı vaxtında qəti tədbirlərin görülməsində institutunuzun xidmətləri çox böyükdür. Məhz bu tədbirlərin, o cümlədən hamılıqla immunizasiya işinin ardıcıl həyata keçirilməsi sayəsində son illərdə respublikada təhlükəli həddə çatmış difteriya və malyariya xəstəliklərinin yayılması dayandırılmışdır. Azərbaycan səhiyyə tarixində ilk dəfə olaraq 1996-cı ildə uşaqlarda ağır ifliclər və ölümlə nəticələnən polismielit xəstəliyinin kökü kəsilmişdir.
Müstəqil demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan keçid dövrünün xüsusiyyətlərindən doğan bəzi sosial-iqtisadi problemlərlə yanaşı, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində meydana çıxmış bir çox çətinliklərlə üzləşmişdir. Müharibə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşərək çadırlarda ağır şəraitdə yaşamağa məcbur olmuş bir milyondan çox Azərbaycan vətəndaşının, o cümlədən dörd yüz min uşağın qismətinə düşmüş tale bu günümüzün gerçəkliyidir. Onların digər problemləri ilə yanaşı, sağlamlıq məsələlərinin həlli də qarşımızda duran aktual vəzifələrdəndir. Bu mühüm vəzifənin həyata keçirilməsinin əsas ağırlığı isə səhiyyə işçilərinin, o cümlədən pediatrların üzərinə düşür. İnanıram ki, keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, fədakar əməyiniz sayəsində olduqca vacib olan bu işin öhdəsindən ləyaqətlə gələcəksiniz.
Əmin olduğumu bildirirəm ki, zəngin ənənələri olan Pediatriya İnstitutu müstəqil Azərbaycan dövlətinin qarşısında duran böyük vəzifələrin yerinə yetirilməsinə qadir olan, sağlam gənc nəslin yetişdirilməsi yolunda əlindən gələni bundan sonra da əsirgəməyəcəkdir.
Uşaq sağlamlığının qorunması kimi məsuliyyətli və nəcib bir işə yönəldilmiş fəaliyyətinizdə sizə yeni böyük uğurlar, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.