Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın Xarici Ölkələrlə İqtisadi Əməkdaşlıq Fondunun prezidenti Akiro Nişiqaki ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 25 fevral 1998-ci il


Cənab Nişiqaki!

Dost və mehriban münasibətinizə görə sizə təşəkkür edirəm. Ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə çox sağ olun. Sizin Azərbaycan haqqında geniş məlumatınız olmasından məmnun qaldığımı və bugünkü görüşün əlaqələrimizin inkişafına çox böyük kömək göstərəcəyinə ümidvar olduğumu bildirirəm.

Yaponiyanın Xarici Ölkələrlə İqtisadi Əməkdaşlıq Fondu ilə Azərbaycan arasında yaranmış əlaqələrdən razı qaldığımı qeyd etmək istəyirəm. Yaponiyanın Baş naziri cənab Haşimotonun elan etdiyi və Cənubi Qafqaz, Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan "İpək yolu diplomatiyası"nı yüksək qiymətləndirirəm. Avropa Birliyinin yaxından iştirakı ilə 1998-ci ilin may ayında Bakıda "İpək yolu" üzərində yerləşən 33 ölkənin nümayəndələrinin beynəlxalq konfransı keçiriləcək və bu ölkələrin əlaqələrinin daha da sıxlaşdırılmasında mühüm rol oynayacaqdır. Yaponiyanın şirkətlərinin və Xarici Ölkələrlə İqtisadi Əməkdaşlıq Fondunun Azərbaycanla əməkdaşlığı bir qədər gec başlasa da bir sıra mühüm layihələrin həyata keçirilməsi sahəsində konkret addımlar atılmışdır. Əminəm ki, "Gündoğar ölkə"yə bu rəsmi səfərim ölkələrimizin bütün sahələrdə əməkdaşlığının inkişafında və genişlənməsində yeni mərhələ açacaqdır.