Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycanda Rusiya Federasiyasının Mədəniyyət Günlərində Dövlət Tretyakov Qalereyasının kolleksiyasından ibarət sərgidə çıxışı - R.Mustafayev adına İncəsənət Muzeyi, 1 aprel 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Mən Tretyakov Qalereyasının 25 cildlik kitablar külliyyatından qədim rus rəngkarlığına dair birinci cildi lütfkarlıqla mənə hədiyyə etdiyinə görə, habelə Tretyakov Qalereyası əsərlərinin Bakıda sərgisinə görə Dövlət Tretyakov Qalereyasının direktor müavini Raisa Litvinovaya təşəkkürümü bildirirəm və hesab edirəm ki, bu sərgini əsl mənada böyük hadisə adlandırmaq olar. Çünki heç də sirr deyildir ki, şedevr olan Tretyakov Qalereyasına getməyə heç də hər kəsin imkanı yoxdur.

Tretyakov Qalereyası ilə bağlı mənim çoxlu xatirələrim vardır. Mən hələ çox gənc olarkən və Moskvaya ilk dəfə gələrkən birinci getdiyim yerlərdən biri Tretyakov Qalereyası idi. Mən bütöv bir günümü ona həsr etdim. Sonralar bu qalereyaya dəfələrlə gedərək, gözəl əsərlərdən həzz aldım. Tretyakov Qalereyasındakı əsərlərin qorunub saxlanmasına öz kiçik töhfəmi qeyd etmək istəyirəm. Mən Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən və mədəniyyətə, incəsənətə kuratorluq edərkən indi mərhum Korolyov, - o, uzun illər Tretyakov Qalereyasının direktoru olmuşdur və aramızda xoş münasibət vardı, - bütün əsərlərin qorunub saxlanması və depozitari tikilməsi barədə məsələ qaldırdı. Odur ki, sizdən xahiş edirəm unutmayasınız ki, depozitari tikilməsi haqqında qərarı Nazirlər Sovetində mən qəbul etdim, onun həyata keçirilməsinin gedişini nəzarət altında saxladım. O vaxtlar depozitarinin tikilməsi üçün Finlandiyadan avtomaşınlarla inşaat materialları, konstruksiyalar gətirildi. Tretyakov Qalereyasının otaqlarını yenidən qurmaq və genişləndirmək üçün bizim böyük bir planımız vardı. Lakin sonra mən çıxıb getdim. Buna baxmayaraq, işin bünövrəsi mənim iştirakımla qoyulmuşdur.

Hörmətli Raisa Litvinova təmirdən sonra bu yaxınlarda açılan Tretyakov Qalereyasına məni dəvət etdi, habelə bildirdi ki, qalereyanın Qəyyumlar Şurasına Azərbaycanda Rusiya mədəniyyət günlərinin sponsoru olan "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərov da daxildir. Mən bu dəvətin cavabında deyirəm: şadam ki, depozitarinin tikintisinə mən başlamışam. Həmvətənim Vahid Ələkbərov isə Qəyyumlar Şurasının üzvü kimi Tretyakov Qalereyasına himayəçilikdə mənim işimi davam etdirir.

Tarixi arayış

MƏDƏNİYYƏT