Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londonun "Hilton"otelində Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşdə çıxışı - 23 fevral 1994-cü il


Hörmətli azərbaycanlılar!

Bacılar və qardaşlar!

Çox məmnunam ki, bu gün İngiltərənin paytaxtında - Londonda bu qədər azərbaycanlı bir yerə toplaşa bilib və mən də bizim qardaşlarımızla, bacılarımızla Böyük Britaniya torpağında görüşmək imkanı əldə etmişəm. Hamınızı Azərbaycan torpağı, respublikamız adından, Azərbaycan xalqı adından səmimi salamlayıram, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

Mənə elə gəlir ki, buraya toplaşanların indiki müstəqil Azərbaycan Respublikasından və yaxud başqa yerdən gəlməsini aydınlaşdırmağın o qədər də əhəmiyyəti yoxdur. Əsas məna bundan ibarətdir ki, nəhayət, azərbaycanlılar da bir yerə toplaşa bilərmiş, qərib ölkələrdə bir-biri ilə əlaqə saxlayar, bir-birinə dayaq ola bilərmiş və öz vətənləri - Azərbaycan torpağı haqqında düşünə bilərmişlər. Bu amil Azərbaycan xalqı üçün demək olar ki, yenidir. Çünki biz sayca çox olsaq da, keçmiş zamanlarda bir-birimizdən daim ayrı olmuşuq. Avropada, başqa ölkələrdə də azərbaycanlıların sayca çox yaşamasına baxmayaraq, onların arasında əlaqələr zəif olmuşdur. Ona görə də harada nə qədər azərbaycanlı olduğunu bilmək keçmiş vaxtlarda çox çətin idi.

Mən buraya, İngiltərəyə yola düşərkən dedilər ki, Londonda azərbaycanlılar - Böyük Britaniyada yaşayan azərbaycanlıların bir qismi mənimlə görüş keçirmək istəyir. Çox sevindim. Birincisi, ona görə ki, başqa ölkədə, Avropada olan azərbaycanlılarla görüşmək mənim üçün çox mühüm hadisədir. İkincisi də, düşündüm ki, azərbaycanlılar bir yerə yığışıb, demək, bir-biri ilə əlaqə saxlayıb görüşə bilərlər.

Xalqımızın çox gözəl xüsusiyyətləri, ənənələri var, qədim tarixi var. Ancaq qüsurlu cəhətləri də var. O da bundan ibarətdir ki, bir-birimizlə möhkəm əlaqə saxlaya bilmirik. İnciməsəniz deyə bilərəm ki, düşdüyünüz mühitdə bəziləri əriyib başqalarına qarışır, öz milli mənliyini saxlaya bilmir. Bu, bizim nöqsan cəhətimizdir. Hesab edirəm ki, Azərbaycan müstəqil dövlət olandan sonra, digər ölkələrdə yaşayan azərbaycanlılar özlərinin Azərbaycan kimi bir Ana Vətəni olduğunu dərk edəndən sonra bu çatışmazlıq, bu nöqsan da aradan götürülə bilər.

Mən on gün bundan əvvəl Türkiyədə rəsmi səfərdə idim. Şübhəsiz ki, Türkiyədə azərbaycanlılar ta qədimdən yaşayıblar. Türkiyəni və Azərbaycanı, yaxud türkləri və azərbaycanlıları bir-birindən ayırmaq çox çətindir. Bizim xalqlarımız əsrlər boyu bir-birinə qaynayıb-qarışmış xalqlardır. Amma buna baxmayaraq, Ankarada da, İstanbulda da Azərbaycan icmaları var idi. Onların oraya toplaşması mənim üçün bir o qədər də qəribə görünmədi. Mən buna adi bir hal kimi baxdım. Ancaq Londonda azərbaycanlıların bir-birini tapması və burada toplaşması çox sevindirici haldır. Mən bugünkü görüş münasibətilə sizi təbrik edirəm və hamınıza bir-birinizlə daha sıx əlaqələr saxlamağı, bir-birinizlə mehriban olmağı, yaxın olmağı, bir-birinizə dayaq olmağı ürəkdən arzulayıram.

İndi xalqımız ağır vəziyyətdədir. Bildiyiniz kimi altı ilə yaxındır ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Soydaşlarımızın, bacı-qardaşlarımızın bir qismi həlak olmuşdur, torpaqlarımızın bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Şübhəsiz ki, Azərbaycan xalqı belə vəziyyətə dözə bilməz və dözməməlidir. İşğal olunmuş torpaqlarımızı nəyin bahasına olursa-olsun, geri qaytarmalı, erməni təcavüzkarlarını öz ərazimizdən qovmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməliyik. Biz bu işləri görürük və əmin ola bilərsiniz ki, bundan sonra daha əzmlə, daha cəsarətlə görəcəyik.

Eyni zamanda Azərbaycan-Ermənistan müharibəsi və süni surətdə yaradılmış "Dağlıq Qarabağ problemi" ermənilər tərəfindən dünyada, xüsusən böyük ölkələrdə o qədər təbliğ olunmuşdur, onların dövlət başçılarında ictimai fikir ermənilərin xeyrinə o dərəcədə formalaşmışdır ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bu sahədə fəaliyyətinə çox mühüm ehtiyac var. Avropada, Amerikada, Rusiyada bu məsələ ilə əlaqədar ictimai fikrin ermənilərin xeyrinə formalaşmasında Ermənistanın təbliğatı çox böyük rol oynamışdır. Ancaq bu təbliğatı aparan təkcə Ermənistanda, yaxud Dağlıq Qarabağda yaşayan ermənilər deyildir. Onların bu sahədə o qədər də böyük imkanları yoxdur. Ermənistandan kənarda - Avropada, Rusiyada, Amerikada və başqa ölkələrdə yaşayan ermənilər (bəlkə də onların əksəriyyəti heç vaxt Ermənistanda olmamışdır, Dağlıq Qarabağın harada yerləşdiyini yalnız xəritədən bilir, o torpağın, necə deyərlər, heç iyini də almamışdır) - onlar öz ermənliyini saxlamış, "Dağlıq Qarabağ problemi"ni, Ermənistanı müdafiə etməyi özlərinin böyük bir vəzifəsi sayaraq çalışır və təbliğatı aparırlar. Ona görə də böyük dövlətlərin rəsmi dairələrində və ictimai fikrində məsələnin ədalətsiz olaraq ermənilərin xeyrinə qəbul edilməsində erməni diasporunun, erməni lobbisinin çox böyük rolu olmuşdur.

Bəzən azərbaycanlılar öz aralarında danışarkən fikirləşirlər ki, bizim də ermənilərinki kimi lobbimiz olsaydı, başqa ölkələrdə bizim də diasporumuz olsaydı, şübhəsiz, onlar da bizdən ötrü çox iş görərdi. Bu həqiqətdir. Ancaq reallıq bundan ibarətdir ki, başqa ölkələrdə erməni lobbisi, erməni diasporu kimi Azərbaycan lobbisi, Azərbaycan diaspru yaratmaq mümkün deyildir. Yəni o maddi imkanlara malik olan, yaxud ayrı-ayrı ölkələrdə dövlət orqanlarında, təbliğat, informasiya vasitələrində möhkəm mövqe tutan ermənilərlə bərabər səviyyəyə nail olmaq azərbaycanlılar üçün indi çox çətin məsələdir. Ermənilər tarixən Ermənistandan daha çox başqa ölkələrdə yaşamışlar. Rusiyada, Avropa ölkələrində, Amerikada, Yaxın Şərqdə, hətta müsəlman ölkələrində, ərəb ölkələrində də ermənilərin çox güclü diasporları olmuşdur və indi də var. Onlar həmişə Ermənistanla bağlı olmuşlar, indi də altıncı ildir ki, hərə öz yerində imkanlarından istifadə edərək "Dağlıq Qarabağ problemi", Ermənistan-Azərbaycan müharibəsi haqqında Ermənistanın xeyrinə təbliğat aparır və ictimai fikri Azərbaycanın əleyhinə yönəldirlər.

İngiltərənin baş naziri cənab Con Meycorun dəvəti ilə mən burada səfərdəyəm. Bu, rəsmi dövlət səfəridir. Dünəndən bəri burada görüşlərimiz, danışıqlarımız olmuşdur. Bu gün baş nazir cənab Con Meycorla çox ətraflı danışıqlarımız oldu, geniş söhbət etdik. Böyük əhəmiyyət kəsb edən, İngiltərə ilə Azərbaycanın münasibətlərində dövlətlərarası əlaqələr sahəsində ilk addımlar olan mühüm müqavilələr, sənədlər imzaladıq. Altı müqaviləni bilavasitə cənab Con Meycor və mən imzalamışıq.

Dünən və bu gün apardığımız danışıqlardan nə nəticə çıxartmaq olar? Belə nəticəyə gəlmək olar ki, burada Azərbaycan haqqında çox az məlumat var. Azərbaycan-Ermənistan müharibəsi haqqında olan məlumat ancaq ermənilərin xeyrinə formalaşmışdır. Azərbaycanın bugünkü real vəziyyəti haqqında da məlumat yoxdur, varsa da doğru-düzgün məlumat deyildir. Dünən də, bu gün də görüşlər və söhbətlər zamanı İngiltərənin rəhbər xadimləri - baş nazirdən tutmuş digər vəzifəli şəxslərə qədər hamısı bizdən eşitdikləri məlumatı bəzən təəccüblə, çox vaxt da məmnuniyyətlə qarşılayır və deyirdilər ki, biz bunları bilmirdik, vəziyyətin belə olmasından xəbərsiz idik, siz bizdən ötrü çox şeyləri aydınlaşdırdınız. Belə çıxır ki, bu səfərin başqa nəticələrini hətta bir kənara qoysaq, yalnız və yalnız bu cəhət - İngiltərənin dövlət dairələrinə, dövlət rəhbərlərinə Azərbaycanın indiki vəziyyəti haqqında doğru məlumat çatdıra bilməyimiz həmin səfərin çox böyük əhəmiyyəti olduğunu göstərir.

Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada yaşamasından, vəziyyətinin ağır və çətinliyindən asılı olmayaraq, gərək hər kəs öz Ana Vətəni haqqında düşünsün. Azərbaycanlılar artıq bilirlər və daha da çox bilməlidirlər ki, indi bizim nəhayət, müstəqil dövlətimiz - Azərbaycan Respublikası var, azərbaycanlılar üçün Ana Vətən var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Deməli, harada olursan-ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən. Bax, buna görə də mən bu gün azərbaycanlıların burada, bu salonda toplaşmasına çox sevinirəm. Düzdür, lazım gələrsə, bəlkə də buraya indikindən beş-altı dəfə çox azərbaycanlı toplaşa bilər. Lakin elə təkcə sizin bu salona toplaşmağınız da başlanğıc üçün çox gözəl bir hadisədir. Güman edirəm ki, belə görüşlər gələcəkdə dünya azərbaycanlılarının həmrəyliyi üçün, onların bir-biri ilə sıx əlaqə saxlaması, bir-biri ilə yaxın olması üçün ilk addımlardır. Arzu edərdim ki, bu addımlar uğurlu olsun, kəsərli olsun, azərbaycanlılar dünyada bir-biri ilə birləşsin, bir-birinə yaxınlaşsın, hamı Azərbaycan Respublikasının bu gününü və gələcəyini qorusun, müdafiə etsin.

Azərbaycan haqqında sizin məlumatınız var. Mən qısaca dedim. Şübhəsiz ki, vəziyyət ağırdır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü altıncı ildir ki, davam edir. Bu müddətdə Azərbaycan müntəzəm olaraq öz mövqelərini əldən vermişdir. Əgər ilk vaxtlar, 1987-ci ilin sonu - 1988-ci ilin əvvəlində süni şəkildə yaradılmış "Dağlıq Qarabağ problemi" ortaya atılırdısa, Dağlıq Qarabağ Vilayətindən söhbət gedirdisə, indi həmin ərazi artıq çoxdan erməni silahlı qüvvələrinin əlindədir. Keçmiş Dağlıq Qarabağ Vilayətinin hüdudlarından kənarda, Azərbaycanın yeddi rayonu - Laçın, Kəlbəcər rayonları, Ağdam rayonunun böyük bir hissəsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları erməni silahlı qüvvələrinin işğalı altındadır. Bu rayonlardan bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın düşmüş, ev-eşiyini, var-dövlətini, el-obasını itirmişdir.

Bütün bunlar Azərbaycanın daxili vəziyyətini çox gərginləşdirir. Ancaq bütün bu çətinliklərə dözmək mümkündür. Xalqımız da dözümlü xalqdır. Lakin bir şeyə - torpaqlarımızın ermənilərin işğalı altında olmasına dözmək mümkün deyildir. Təəssüf ki, bu, indii real vəziyyətdir, Azərbaycanın başına gələn bəladır. Bu isə bir günün, beş günün, bir ayın, beş ayın işi deyil, altı il ərzində Azərbaycan tərəfinin zəifliyinin, öz torpaqlarını qorumağa qadir olmamasının, eyni zamanda Ermənistanın düşünülmüş, işğalçı hərbi əməliyyatlarının və siyasətinin nəticəsidir.

Bu müddətdə Azərbaycanı belə vəziyyətə salan amillərdən biri də onun daxilində hakimiyyət uğrunda gedən mübarizə olmuşdur. Bir tərəfdən Azərbaycan torpaqları işğal olunduğu halda, onun Qarabağ kimi bir bölgəsinin əldən çıxması real vəziyyətə çevrildiyi halda Azərbaycanda ayrı-ayrı siyasi qruplar, qüvvələr, ayrı-ayrı mafioz qruplar hakimiyyətə gəlmək üçün bir-biri ilə çəkişmişlər. Bilirsiniz ki. Bunların nəticəsində son illərdə Azərbaycanda bir neçə dəfə hakimiyyət dəyişikliyi olmuş və bu, Azərbaycan xalqına çox baha başa gəlmişdir. Azərbaycan xalqı öz torpaqlarını itirmiş və dediyim kimi, bir milyondan artıq vətəndaşlarımız didərgin, qaçqın vəziyyətinə düşmüşdür.

İndi biz belə vəziyyətdəyik. Bir tərəfdən, şübhəsiz ki, tarixi hadisənin şahidiyik: Azərbaycan müstəqil dövlət olmuşdur. İki yüz il ərzində Rusiya imperiyasının, sonra isə Sovetlər Birliyinin tərkibində olan Azərbaycan istiqlaliyyət qazanmışdır və müstəqil dövlət kimi Dünya Birliyi, dünya dövlətləri tərəfindən tanınmışdır. Bu, Azərbaycanın gələcəyi üçün işıqlı yol açır. Digər tərəfdən isə, Azərbaycanın başına belə bəlalar gəlmişdir. Dediyim kimi, Azərbaycan ərazisində müharibə gedir və bu, xalqımıza çox baha oturur. Belə bir vəziyyətdə olan Azərbaycan Respublikasının kənarda yaşayan soydaşlarımızın, həmvətənlərimizin, bütün dünya azərbaycanlılarının köməyinə çox böyük ehtiyacı var. Hərə öz imkanı daxilində, nəyi bacarırsa ondan istifadə edərək, Azərbaycana kömək göstərməlidir. Sizə müraciətimiz bundan ibarətdir.

O ki qaldı bizə, Azərbaycanda yaşayan azərbaycanlılara, bilməlisiniz ki, daxili vəziyyətimiz nə qədər çətin olsa da - Azərbaycan sosial-iqtisadi böhran içərisindədir, son illərdə iqtisadiyyat dağılmışdır. Azərbaycanda yaranmış böyük sənaye, kənd təsərrüfatı potensialı bərbad vəziyyətə düşmüşdür, elm, təhsil ocaqlarının çoxu pis gündədir. Sosial sahə çox ağır vəziyyətdədir - lakin Azərbaycan xalqı yaşayır, gələcəyə böyük ümidlə və nikbinliklə baxır. Güman edirəm ki, xalqımız bu vəziyyətdən çıxacaq və Azərbaycan öz torpaqlarının, öz taleyinin sahibi, öz dövlətinin sahibi kimi gələcəkdə də müstəqil dövlət olaraq yaşayacaqdır.

Biz Ermənistanla gedən müharibəni sülh yolu ilə qurtarmaq istəyirik. Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu barədə qətnamələr qəbul etmişdir, böyük dövlətlərin təşəbbüsləri olmuşdur. Bunların hamısına ümid bəsləmişik, lakin heç birinin nəticəsi olmamışdır. Çünki Ermənistan, onun silahlı qüvvələri xarici qüvvələrin dəstəyinə arxalanaraq bu qətnamələrlə hesablaşmamış, onların heç birini yerinə yetirməmişdir və öz təcavüzkar siyasətini, işğalçılıq əməliyyatlarını davam etdirir. Biz belə bir şəraitdə də məsələnin sülh yolu ilə həll olunmasından, danışıqlar yolundan imtina etmirik. Bu yolu davam etdirəcəyik və həmin vasitələrlə Azərbaycanı yaranmış vəziyyətdən çıxarmağa çalışırıq. Ancaq eyni zamanda xalqımız artıq başa düşmüşdür ki, azərbaycanlılar öz torpaqlarını yalnız özləri qorumalıdırlar. Azərbaycan xalqı o qədər də aciz xalq deyil, onun qəhrəmanlıqla dolu keçmişi var. Bu, onu göstərir ki, əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır və indi də çıxacaqdır.

Təəssüf ki, erməni təcavüzünün başlandığı vaxtdan ötən dövrdə Azərbaycanda torpaqlarımızı müdafiə etmək üçün lazımi səviyyədə ordu yaradılmamışdır. Son illərdə Azərbaycanda əhali arasında, xüsusən gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsi, döyüş ruhu, Vətəni qorumaq eşqi aşağı səviyyədə olmuşdur. Ona görə də Azərbaycan məğlubiyyətlərə uğramışdır. İndi vəziyyət dəyişmişdir. Son aylarda və xüsusən noyabrın 2-də mənim Azərbaycan xalqına müraciətimdən sonra gənclərimiz, əli silah tutan adamlarımız orduya gəlmişlər. Ordu formalaşmaqda, yaranmaqdadır və artıq öz qüdrətini, cəsarətini göstərir. İşğal olunmuş torpaqlarımızın bir qismi artıq geri qaytarılmışdır. Düzdür, müharibə gedir. Bəzən döyüşlər çox ağır olur, qan tökülür, vətəndaşlarımız, gənclərimiz həlak olur. Ancaq bu, təbiidir: bir halda ki, müharibə gedir, Vətənimizi qoruyuruq, deməli, itkilərimiz, şəhidlərimiz olacaqdır. Ermənilər ərazimizə soxulmuşlar, Qarabağı, başqa rayonlarımızı işğal etmişlər, bunu yenə də davam etdirmək istəyirlər. Onlar da itki verirlər. Ancaq onlar torpaqlarımızı işğal etmək üçün nə qədər itki versələr də, təcavüzkar əməllərindən əl çəkmirlər. Biz isə ədalətli müharibə aparırıq, torpaqlarımızı, vətənimizi qoruyuruq, işğal olunmuş ərazilərimizi geri qaytarmaq istəyirik. Ona görə də bizim verdiyimiz itkilərə təəccüblənmək lazım deyil: hər bir vətəndaş öz torpağı uğrunda qurban getməyə hazır olmalıdır. İndi biz Azərbaycanda belə əhval-ruhiyyə yarada bilmişik.

Hazırda Azərbaycan Ordusu erməni silahlı qüvvələrinə kəsərli zərbələr endirir. Erməni hərbi birləşmələri həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itki verir. Nəhayət, Azərbaycan xalqı dünyaya nümayiş etdirir ki, o, öz torpaqlarını qorumağa qadirdir. Əmin ola bilərsiniz ki, biz bu yolda bütün imkanlarımızdan istifadə edəcəyik. Azərbaycan xalqı bundan sonra öz gücünü daha da toplayacaq və əgər bu müharibəni başqa yolla qurtarmaq mümkün olmasa, işğal edilmiş torpaqlarımız nəyin bahasına olursa-olsun, erməni işğalçılarından təmizlənəcək, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin ediləcəkdir. Biz vəzifəmizi bunda görürük. Arxayın ola bilərsiniz, sizin qarşısında bunu tam cəsarətlə deyirəm: Prezident kimi mən xalqımızın bütün imkanlarını hərəkətə gətirərək, Azərbaycan Respublikasının müdafiə qüdrətini möhkəmləndirməyə çalışıram və çalışacağam. Azərbaycan öz torpaqlarını uğurla qoruyacaqdır. Hər birimiz Vətən yolunda, dövlətimizin yolunda, müstəqil Azərbaycanın yolunda şəhid olmağa hazırıq və heç kim bizi bu yoldan döndərə bilməyəcəkdir.

Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin, soydaşlarımızın vəzifəsi Azərbaycana kömək etməkdən ibarətdir. Yenə də deyirəm, kimin nə imkanı varsa, kimin əlindən nə gəlirsə, onu da etməlidir. Xüsusən Azərbaycanın indiki vəziyyətini dünya ictimaiyyətinə, Avropa ölkələrinə, dövlət dairələrinə, informasiya orqanlarına doğru-düzgün çatdırmağa çalışmaq lazımdır. Belə hesab edirəm ki, xaricdə Azərbaycan diasporu formalaşır, o, gündən-günə inkişaf edəcək və Azərbaycana, öz vətəninə köməyini heç kəs əsirgəməyəcəkdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz - burada, İngiltərədə yaşayan azərbaycanlılar da, haradan gəlməyindən asılı olmayaraq, daha sıx birləşəcək, bir-birinizlə. Azərbaycanla əlaqə saxlayacaqsınız, ona əlinizdən gələn köməyi edəcəksiniz.

Siz harada yaşamağınızdan asılı olmayaraq, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarısınız. Mən sizə vətəndaşlarımız, soydaşlarımız kimi müraciət edirəm, hamınıza cansağlığı, həyatınızda səadət, xoşbəxtlik, işinizdə, müstəqil Azərbaycanın yaşaması və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -1997, 1-ci cild, səh.430-435