Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşməzdən əvvəl Binə Hava Limanında jurnalistlərə müsahibəsi - 9 aprel 1996-cı il


Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır.

Bilirsiniz ki, mən bir neçə dəfə xarici ölkələrdə beynəlxalq təşkilatların toplantılarında olarkən Pakistanın baş naziri xanım Bənəzir Bhutto ilə görüşüb danışıqlar aparmışam. Pakistanın prezidenti Azərbaycanda rəsmi səfərdə olubdur, xarici işlər naziri də iki dəfə buraya gəlibdir. Onlar məni səfərə dəvət eləyiblər, mən də bu dəvəti qəbul etmişəm. Bu, çox mühümdür, çünki Pakistan dünyanın, Asiya qitəsinin böyük ölkəsidir. Dinimiz eynidir, ənənələrimiz bir-biri ilə çox bağlıdır. Əlaqələrimizin inkişaf etdirilməsi həm bizim üçün, həm də Pakistan üçün çox əlyerişlidir. Bunları nəzərə alaraq mən dəvəti qəbul etmişəm. Ümidvaram ki, oradakı görüşlərimiz çox yaxşı keçəcəkdir.

Səfər zamanı dövlətlərarası müqavilə, ticarət, vergi, səhiyyə, turizm sahəsində sazişlər imzalanacaqdır. Eyni zamanda dünya siyasəti ilə, regional siyasətlə bağlı mövqelərimizin bir-birinə daha da yaxınlaşdırılması məsələlərini müzakirə edəcəyik. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Pakistan bizim haqq işimizi qəti şəkildə müdafiə edir. Yəqin ki, danışıqlar zamanı bu məsələyə də toxunulacaqdır.