Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "SNN-TÜRK" televiziya kanalına müsahibəsi - 11 sentyabr 2001-ci il


Müxbir: Sayın cümhur başqanı, on il əvvəl Azərbaycana gələnlər tamamilə başqa Azərbaycan görmüşdülər. Amma indi tamamilə başqa Azərbaycan görünür. İndi neft sahəsində yeni böyük oyun oynanmaqdadır. Tanınmış siyasətçi kimi, Sizcə, bu oyunda Azərbaycanın yeri nədir və bu oyunda Azərbaycanın yolunu necə görürsünüz, Azərbaycanın gələcəyinə necə baxırsınız?

Heydər Əliyev: Sizin söylədiyiniz bu on il Azərbaycanın müstəqillik dövrüdür. 1991-ci ilin sonunda Azərbaycan dövlət müstəqilliyini əldə edib və müstəqil dövlət kimi yaşayır. Ancaq təəssüflər olsun ki, biz müstəqil dövlət kimi yaşayıb inkişaf etmək üçün böyük çətinliklərlə, problemlərlə rastlaşmışıq. Birincisi, sizə məlumdur ki, siz 1991-ci ildə buraya gələndə Ermənistanla Azərbaycan arasında savaş gedirdi. Ermənistan Azərbaycanın torpaqlarının bir qismini artıq işğal etmişdi. Bu savaş ondan sonra da davam etdi. 1994-cü ilin may ayında biz bu savaşı dayandırdıq, atəşkəs haqqında anlaşma imzaladıq. Təbiidir ki, bu münaqişə Azərbaycanın müstəqillik dövründə yaşamasına çox böyük problemlər yaradıbdır. Atəşi dayandırdıqsa, atəşkəs əldə etdiksə də, işğal olunmuş torpaqlardan çıxarılan insanlar çox ağır durumda yaşayırlar. Bir milyondan artıq Azərbaycan vətəndaşını işğal olunmuş torpaqlardan bilirsiniz ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir - çıxardıblar, onlar çadırlarda yaşayırlar. Yəni bu, bizim üçün həm siyasi problemdir, həm mənəvi problemdir, həm də iqtisadi problemdir. Çünki çadırda yaşayan insanın, birincisi, yaşayışı necə olur, onu bilirsiniz. İkincisi, onlar işləmirlər. Onları yaşatmaq lazımdır. Ona görə də, bax, bu problemlər Azərbaycanın inkişafını geriyə salan problemlərdir. Amma təkcə bu olsaydı, yenə də şükür edərdik.

Təəssüflər olsun ki, Azərbaycanda o vaxt da, siz gördüyünüz vaxtda da sabitlik olmamışdı, ictimai-siyasi vəziyyət daha da korlanmışdı və bu, davam edirdi. Baxmayaraq ki, biz atəşi dayandırdıq. Baxmayaraq ki, biz burada dövləti gücləndirdik. Çünki artıq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan dağılırdı, parçalanırdı. Biz onu qoruduq, saxladıq. Amma xalqın gücü xalq birləşdi. Ancaq sonra isə, 1994-cü ildə bəzi qanunsuz silahlı dəstələr yenidən Azərbaycanda çevriliş etməyə çalışdılar. Dövləti, hakimiyyəti, prezidenti devirməyə çalışdılar. Biz bunun da qarşısını aldıq. Amma iş bununla da bitmədi.

1995-ci ildə yeni bir çevriliş həyata keçirmək cəhdi oldu. Bizim polisdə xüsusi təyinatlı dəstə var idi. Ola bilsin, bu sizdə də var. Yəni bunlar daha da güclü polis işçiləridir, silahları da çoxdur. Bunun rəhbəri bizim daxili işlər nazirinin müavini idi. Bunları əlinə keçirdi, hakimiyyəti əlinə almaq istədi. Ancaq təkcə o deyildi. Burada müxalifətdə olan bütün partiyalar onu dəstəklədi, onunla birləşdi və bəzi xarici ölkələrdən də ayrı-ayrı dəstələr bunları dəstəklədilər. Bunda hərənin öz marağı var idi. Müxalifətin öz marağı var idi ki, bu fürsətdən istifadə edib hakimiyyətə gəlsin. Digər xarici qüvvələrin marağı o idi ki, istədikləri insanı hakimiyyətə gətirsinlər. Ancaq bunun da qarşısını aldıq.

Sonra burada prezidentə qarşı, mənə qarşı bir neçə terror cəhdləri oldu. Allah bizi bundan da qorudu.

Sual: Yəni on il ərzində rahatlıq olmadı, amma buna rəğmən Azərbaycan hər şeyi qoruyub saxladı?

Cavab: Bəli. Ancaq 1995-96-cı illərdən sonra sabitliyi təmin etdik. Bir tərəfdən atəşin dayandırılması, ikinci tərəfdən, sabitliyin təmin edilməsi bizə imkan verdi ki, Azərbaycanın İqtisadi problemləri ilə, sosial problemləri ilə məşğul olaq və məşğul olduq. Biz buna nəyin nəticəsində gəlib çıxdıq?

Azərbaycanın sovetlər dövründən çox böyük iqtisadi potensialı var idi. Təəssüflər olsun ki, o iqtisadi potensial 1988-89-cu illərdən başlayaraq ilbəil dağıldı və artıq 1995-ci ildə bu, əslində, tamamilə dağılmışdı. Amma bu potensialın bir hissəsi yenə qalırdı. Biz isə artıq sosializm sistemində yaşamaq istəmirdik. Müstəqillik əldə edəndən sonra biz müstəqil dövlət kimi, dünyanın başqa dövlətləri kimi demokratik dövlət, hüquqi dövlət, dünyəvi dövlət qurmaq istəyirdik, ikinci tərəfdən də bazar iqtisadiyyatı yolları ilə getmək lazım idi. Amma bu da asan bir şey deyildi. İctimai, iqtisadi, siyasi formasiyanın dəyişməsi çox ağrılı bir prosesdir. Ancaq biz bu yol ilə getdik və bu gün də gedirik. Bunun üçün bir çox islahatlar keçirdik. Bu islahatların əsası da özəlləşmədir.

Məsələn, biz kənd yerlərində torpağı özəlləşdirdik, kəndlilərə verdik. Amma bilirsiniz, keçmişdə kəndlinin heç bir şəxsi mülkiyyəti olmamışdır. Hamısı dövlət mülkiyyəti, ümumi mülkiyyət, kolxoz-sovxoz mülkiyyəti idi. Çox şey dağıldı, amma bir-iki ildən sonra kəndlilər ayaq üstə qalxdılar. Hər adam öz torpağından daha da yaxşı, səmərəli istifadə etməyə başladı. Beləliklə, bizdə kənd təsərrüfatı qalxdı.

Bilirsiniz ki, bizim neft kimi böyük sərvətimiz vardır. Keçmişdə, 150 il bundan öncə dünyada sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda çıxarılmışdır. Keçmişdə bu neft ancaq Sovetlər İttifaqına məxsus idi. İndi bu, bizim özümüzündür. Amma gənc müstəqil dövlət kimi, xüsusən dənizdən neft çıxarmaq üçün müasir, modern texnikamız-texnologiyamız yox idi. Ona görə də biz dünyanın böyük neft şirkətlərini buraya dəvət etdik. 1994-cü ildə böyük bir müqavilə imzalandı. Ona "Əsrin müqaviləsi" adı verildi. Orada da biz Bakı-Ceyhan boru xəttinin əsasını qoyduq. Bu şirkətlərin Azərbaycana gəlməsi, təbiidir ki, Azərbaycanda böyük bir təbəqənin iş yeri almasına, maaşların artmasına yardım etdi.

Sonra biz özəlləşdirməyə başladıq. Məsələn, ticarət tamamilə özəlləşdi. İndi sən mağazaları görürsən. Ancaq 1991-ci ildə bunu görə bilməzdin. Çünki onda hələ sovet sistemi davam edirdi. Mağazaları özəlləşdirdik, təkcə mağazaları yox, kiçik müəssisələri özəlləşdirdik. İndi artıq orta və böyük müəssisələri özəlləşdiririk. Bu da təbiidir ki, bir tərəfdən, bizim büdcəmizə para gətirdi, ikinci tərəfdən də, əgər özəl müəssisə, təşkilat şəxsi mülkiyyətdirsə, onu daha da yaxşı işlədir, daha da yaxşı iş görürlər.

Bir də ki, dünya ölkələri ilə sərbəst ticarətə başladıq. Məsələn, Türkiyədən buraya çox iş adamları gəldi. Bu gün də var. İndi mənə deyirlər ki, burada Türkiyədən gəlmiş 5 mindən artıq insan yaşayır. Başqa ölkələrdən gəldilər, ticarət başladı. Bunların nəticəsində biz insanların maaşlarını qaldırdıq, sosial məsələlərini həll etdik və belə bir duruma gəlib çatdıq. Ancaq mən hələ bunu da yetərli görmürəm. Biz bu işin başlanğıcındayıq. İndi sən soruşdun ki, Azərbaycanın gələcəyini necə görürəm. Azərbaycanın imkanları böyükdür. Azərbaycan bir neçə ildən sonra iqtisadi cəhətdən bundan daha da güclü, insanların yaşayışı, rifahı daha da yaxşı və başqa sahələrdə də hər şey yaxşı olacaqdır.

Sual: Cənab prezident, İran Xəzər dənizində Azərbaycana güc göstərdi. Bu barədə çətinlik yarandı. Amma sonra hər şey yoluna düşdü. Qarşıda Sizin İrana səfəriniz vardır. Sentyabrın 17-də İrana gedəcəksiniz. Bu sahədə İrana nə mesaj göndərirsiniz, nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz, mənim İrana rəsmi səfərimə gəldikdə, İranın yeni prezidenti cənab Xatəmi hələ dörd il bundan öncə məni İrana dəvət etmişdi. Mən də onu dəvət etmişdim. Çünki İran qonşu ölkədir. Bizim quruda 750 kilometr sərhədimiz vardır. Təkcə bu deyil. İranda çoxlu azərbaycanlılar yaşayır. Keçmişdə bizim müştərək dəyərlərimiz olubdur. Ona görə də İran bizim üçün yaxın ölkədir.

Mən keçmişdə orada olmuşam. İranın keçmiş cümhur başqanı da burada olmuşdur. Ancaq yeni cümhur başqanı seçilməmişdən əvvəl mən o dəvəti almışdım. ancaq müəyyən səbəblərə görə həyata keçirə bilməmişdim. O da mənə söz verdi ki, öncə sən gəl, sonra da mən gəlim. Nəhayət, biz bunu sentyabrın 17-nə təyin etdik. Yəni mənim İrana bu səfərim 2-3 il bundan öncə planlaşdırılmış bir səfərdir. Bu, heç bir ekstremal hadisə ilə bağlı deyildir.

Sual: Məlum hadisə ilə əlaqədar getmirsiniz?

Cavab: Yox, yox, yox. Bu, öncədən planlaşdırılmışdı. Mənim bu səfərim geniş xarakter daşıyacaqdır. Çünki biz orada bir neçə anlaşma imzalayacağıq. Dövlətlərarası bir anlaşma imzalayacağıq. Bir neçə sahələrdə anlaşmalar imzalayacağıq. Bizim İran - Azərbaycan müştərək iqtisadi komissiyamız vardır. Necə ki, Türkiyə ilə var, İran ilə də var. Onlar daim işləyirlər. Biz onları dinləyəcəyik ki, nə iş görüblər, bundan sonra nə iş görə biləcəklər. Bir sözlə, məqsəd İran ilə Azərbaycan arasında olan əlaqələri həm iqtisadi sahədə, həm də digər sahələrdə daha da inkişaf etdirməkdən ibarətdir. 0 ki qaldı həmin hadisəyə, bu, gözlənilməz bir hadisədir. Çünki biz 1994-cü ildə ilk müqaviləni imzalayanda hələ heç bir Xəzəryanı ölkə Xəzərdə nə var, nə yox - bilmirdi. Onda hec kəs demirdi ki, Xəzərin statusu lazımdır, ya lazım deyildir. Biz müqaviləni imzalayandan 6-7 ay sonra bu problem qalxdı ki, Xəzərin hüquqi statusu olmalıdır. Yəni Xəzərdə hansı ölkə nə iş görə bilər. Amma biz də nəyə əsaslanırıq? Sovetlər vaxtı Xəzər iki ölkəyə mənsub olubdur. Biri Sovet İttifaqı, biri də İran. Sovet İttifaqının İran ilə sərhədi çox cənubda, yəni güneydə olubdur. Çünki yuxarıda Rusiya, Qazaxıstan, o tərəfdə Türkmənistan, burada Azərbaycan var, İran isə aşağıdadır, yəni Xəzərin lap güney tərəfindədir. O sərhədi də Sovetlər vaxtı SSRİ ilə, yəni Sovet ittifaqı ilə İranın sərhədi kimi tanımışdılar və qoruyurdular. İndi Sovetlər İttifaqı yoxdur.

Amma sovet hökuməti o vaxt, 1970-ci ildə Xəzərin neft-qaz ehtiyatlarının istifadə edilməsi üçün onu sektorlara bölmüşdür. Biz öz bölməmizdə çalışırıq, başqa yerə keçməmişik. Ancaq indi İran deyir ki, yox, belə olanda İrana az pay düşür. Xəzər beş ölkəyə bərabər bölünməli, hərəsinə 20 faiz düşməlidir. Amma bu da coğrafi nöqteyi-nəzerdən mümkün deyildir. Çünki Xəzərin sahilində hansı ölkənin sərhədi varsa, oradan - bir də Xəzərin orta xətti var orta xəttə qədər bu ölkənin olur. O birisi tərəfdən orta xəttə qədər o ölkənin olur. Rusiya, Qazaxıstan ilə belə anlaşmalarımız var. Amma İran deyir yox, gəlin toplaşaq, Xəzəri beş yerə, hər bir ölkə üçün 20 faiz bölək, ondan sonra çalışaq. Amma bunu necə etmək, onlar bunu deyə bilmirlər. Orada bizim üç neft yatağımız var. 1998-ci ildə BP şirkəti və bir çox şirkətlər ilə anlaşma imzalamışıq ki, orada işləsinlər. Onlar üç ildir orada çalışırlar. Yəni onlar hələ oranı öyrənirdilər, geofiziki işlər aparırdılar. İndi də geofiziki işlər aparırlar. Amma İran hesab edir, bir halda ki, Xəzərin statusu hələ müəyyən olunmayıb, İran özünə 20 faiz götürür. O, 20 faiz götürəndə də, gəlib Türkmənistanın və Azərbaycanın payının üzərinə çıxır.

Sual: Siz səfər zamanı Tehranda bunlar barədə danışacaqsınız?

Cavab: Danışacağam. Bunu danışmışıq və danışacağıq. Ona görə də əgər elə olsa, yenə də həmin yataqlar İrana düşmür, İranın olmur. Amma indi belə ediblər. Hər halda danışacağıq.

Sual: Sizcə, bir uzlaşma formulu varmı?

Cavab: Uzlaşma formulu odur ki, gərək biz, beş ölkə Xəzərin bölünməsi problemini çözək. Bunu çözmədən heç kəs heç bir şey deyə bilməz. İndi kimsə burada güc işlədirsə, bu, beynəlxalq hüquq normalarından kənardır.

Sual: Cənab prezident, bu günlərdə "Türk ulduzları" Bakı səmasında uçuşlar keçirdilər. Bu, Sizin İrana mesajınızmı idi? Belə bir şeyə izn verdiniz, Azərbaycan xalqı da bunu Azadlıq meydanında seyr etdi.

Cavab: Bilirsiniz, İran hesab edir ki, bu, İrana mesajdır. Ancaq Türkiyənin baş qərargah rəisi hörmətli Hüseyn Qıvrıqoğlunun Azərbaycana dəvəti iki ay öncə olmuşdu. Bu dəvət proqramında da "Türk ulduzları"nın buraya gəlməsi var idi. Amma gəlib bu vaxta düşdü. İndi dünyada da, orada da deyirlər ki, bu, İrana bir mesajdır. İndi kim nə cür anlayır, qoy o cür anlasın.

Sual: Cənab prezident, İran, Türkiyə, Rusiya - böyük neft ehtiyatı olan müstəqil Azərbaycan dövlətinin başçısı kimi bu böyük oyunçular arasında bu incə siyasəti necə həyata keçirirsiniz? Bunun formulu nədir?

Cavab: Burada hələ Türkmənistan da vardır. Onu unutmayın. Türkmənistan da türk dövlətidir. Azərbaycan da türk dövlətidir. İran da, Azərbaycan da, Türkmənistan da, Qazaxıstan da müsəlman ölkələridir. Ancaq sən özün dedin ki, bu, incə siyasətdir. İndi həmin incəliyin yolunu axtarırıq.

Sual: Bu incəliyin yolu nədir? Hər kəs bunun yolunu axtara bilmir.

Cavab: Taparıq.

Sual: Cənab prezident, bu barədə çox adam düşünür: Bakı -Ceyhanla bağlı son durum necədir? Heydər Əliyev olaraq, könlünüz rahatdırmı? Bu iş artıq yolundadırmı?

Cavab: Tamam rahatdır. Çünki biz Bakı - Ceyhanı bir neçə dəfə müzakirə etdik. Buna mane olanlar çox idi. Ancaq 1999-cu ilin sonunda İstanbulda, ATƏT-in zirvə görüşündə bir anlaşma imzaladıq. Ondan sonra isə kommersiya, ticari məsələləri çözdük. Artıq Bakı-Ceyhan inşa olunmağa başlayıbdır.

Sual: Bakı-Ceyhan boru xəttindən keçəcək neftə tam təminat varmı?

Cavab: Buna tam təminat vardır.

Sual: Qazaxıstan neftinə ehtiyac yoxdurmu?

Cavab: Qazaxıstan nefti gəlsə də olar, gəlməsə də. Gəlsə daha yaxşı olar. Amma Qazaxıstan deyir ki, gələcəkdir.

Sual: Bu sahədə Qazaxıstanla görüşlərinizi davam etdirirsinizmi?

Cavab: Biz elə bir görüş keçirmirik. Bəzən ayrı-ayrı ölkələrdə mən Nazarbayevlə görüşürəm. Yəni toplantı olan bir yerdə. Məsələn, İstanbulda da biz bir yerdə idik. Bir ay bundan öncə Soçidə görüşdük. Elə bir problem yoxdur. Onsuz da indi Qazaxıstan bizim tankerlərlə və buradan dəmir yolu ilə təxminən üç-dörd milyon ton neft ixrac edir. İndi hələ Bakı-Ceyhan yoxdur. Tankerlər nefti buradakı terminala gətirir, dəmir yolu oradan götürüb Batumiyə aparır. Oradan yenə də tankerlərə vurulur. Amma Bakı-Ceyhan olanda neft buraya gələcək, buradan boru ilə Ceyhana gedəcəkdir.

Sual: Cənab prezident, Dağlıq Qarabağ problemi ilə bağlı Ki Uestdə, Parisdə, Soçidə Koçaryan ilə görüşmüsünüz. Bu görüşlər yenə davam edəcəkmi?

Cavab: Davam edəcəkdir.

Sual: Bir anlaşma əldə olunmasına ümidiniz varmı?

Cavab: İnsan ümidsiz yaşaya bilməz. Ümid var. Ancaq bu, o qədər də asan deyildir.

Sual: Siz Azərbaycan olaraq, torpaqları işğaldan azad edəcəksiniz. Bəs qarşı tərəf nə deyir?

Cavab: Qarşı tərəf deyir ki, Dağlıq Qarabağ "müstəqil bir cümhuriyyətdir", on iki ildir ki, Azərbaycandan "ayrılıb", indi Dağlıq Qarabağ Azərbaycana yenidən qatıla bilməz. Onlar belə deyirlər.

Sual: Belə olan halda yəqin ki, danışıqlar çox çətin olur?

Cavab: Çox çətin. Amma problem təkcə Dağlıq Qarabağ deyildir. Dağlıq Qarabağ kiçik bir bölgədir. Münaqişə başlanmazdan əvvəl orada 160 min insan yaşayırdı. Onun da 23-24 faizi azərbaycanlı, digərləri isə ermənilər idi. Yəni ora böyük bir yer deyildir. Amma bizi daha da çox narahat edən həm Dağlıq Qarabağdır, çünki bizim torpağımızdır, həm də Dağlıq Qarabağın ətrafında bizim işğal olunmuş yeddi böyük rayonumuzdur.

Dediyimiz bir milyon insan, azərbaycanlı oradan çıxarılıbdır. Dağlıq Qarabağda cəmi 40 min azərbaycanlı yaşayırdı, amma digərləri o biri bölgələrdən çıxarılıblar. Bizim məqsədimiz birinci mərhələdə o rayonları işğaldan azad etmək, insanları yerinə qaytarmaq, ondan sonra da Dağlıq Qarabağ məsələsini çözüb bunu Azərbaycan torpağı kimi sona çatdırmaqdır.

Sual: Bakı-Ceyhan kəmərinin Ermənistandan keçməsi barədə ermənilər Amerika Konqresinə, ABŞ prezidentinə məktub yazdılar. Ermənilər belə bir şey söyləyirlərmi ki, biz işğaldan vaz keçirik, amma neft kəməri Ermənistan ərazisindən keçsin. Bu barədə danışırlarmı?

Cavab: Birincisi, artıq bu, gecdir. Hər şey həll olunubdur. Fikir dəyişilə bilməz. İkincisi də, o vaxtlar, yəni hələ Bakı-Ceyhan haqqında 1995-1996-cı illərdə danışıqlar gedən zaman Amerikadan bəzi senatorlar belə şeyləri qaldırırdılar Biz isə deyirdik ki, əgər bu məsələ çözülsə, bizim üçün fərqi yoxdur, bunu da edə bilərik. Amma onlar buna razı olmadılar.

Sual: Doğrudur, artıq çox gecdir. Boru xətti Gürcüstan ərazisindən keçəcəkdir. Yəni hər şey bitdi?

Cavab: Bəli, bu məsələlər bitdi.

Sual: Siz Sovetlər Birliyinin yüksək vəzifələrində çalışmış insanlardan birisiniz. Sizin sayənizdə Azərbaycanda sabitlik yaranıbdır. Çox önəmli və bu gün də davam edən böyük rolunuz vardır. Heydər Əliyev olaraq Sizdən sonra Azərbaycanda nə olacağını deyə bilərsinizmi?

Cavab: Mən özüm hələ varam. Düşünürəm ki, mən bir çox il Azərbaycanda cümhur başqanı olacağam, yaşayacağam. Mənim buna heç şübhəm yoxdur. Ona görə də mən gələcək haqqında o qədər də çox düşünmürəm. Çünki onu o vaxt düşünmək olar ki, məsələn, hesab edəsən ki, bir ildən sonra olmayacaqsan. Amma, yox, Allah məni həmişə saxlayıbdır, bundan sonra da saxlayacaqdır.

Sual: Biz Sizin oğlunuz İlham Əliyev ilə görüşdük. Ondan soruşduq ki, deyirlər, Heydər Əliyev oğlunu varisliyə hazırlayır və bu barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: İlham sizə nə dedi?

Jurnalist: O dedi ki, mən həqiqətən də atamın oğluyam.

Heydər Əliyev: Bilirsiniz, mən bir dəfə demişəm, onlar məndən inciyirlər. Bizim müxalifət dünyada ən küt müxalifətdir.

Sual: Nəyə görə?

Cavab: Çünki Türkiyədə də müxalifət var. Amma müxalifətlə iqtidar arasında bir iltifat da var. Elədirmi? Parlamentdə o da sözünü deyir, bu da sözünü deyir. Məsələn, siz televiziyada işləyirsiniz. Qəzetlər var. Hörmətli Aydın Doğan sabah buraya gələcəkdir. Onun böyük holdinqi var. Amma qəzetlər o tərəfi də tənqid edir, bu tərəfi də tənqid edir. Ancaq tənqidin də bir çərçivəsi var. Təhqir yoxdur, yanlış yoxdur, böhtan yoxdur. Mən Türkiyənin qəzetlərini görürəm. Amma burada İrfan Sapmaz yaxşı bilir hər sabah "Yeni Müsavat" qəzetini aç, orada 5-6 məqalə mənim əleyhimədir. Onlardan biri də mütləq mənim oğluma aiddir. Bugünkü qəzetdə də var. Hər gün. Heydər Əliyev bu gün getdi, sabah getdi. İki gün bundan öncə yazıblar ki, Heydər Əliyevin sağlamlığında problemlər vardır. Nə üçün? Çünki o, Amerikaya getməli idi, getmədi. Mənim Amerikaya getmək planım yoxdur. Amma onlar özləri bunu uydururlar. Sonra, niyə getmədi, buna cavab verir.

Deyirlər ki, Heydər Əliyev, ola bilər, İrana getməsin. Nə cür ola bilər, getməsin? Mənim bir çox başqa səfərlərim var. Yaxşı, mən bir ay bundan öncə Soçidə idim. Ondan əvvəl, mart ayında Türkiyədə idim, başqa yerlərdə idim. Bütün planımda olan səfərlərə də gedəcəyəm. Ancaq mən hesab etmirəm ki, cümhur başqanı dünyanı gəzməlidir. Ölkənin içində daha da çox olmalıdır ki, işləri görsün.

Sual: Cənab prezident, yeri gəlmişkən, soruşmaq istəyirəm. Çünki iddialardan biri də sağlamlığınızla bağlıdır. İndi sağlamlığınız necədir?

Cavab: Çox yaxşıdır. Sən məni nə cür görürsən?

Sual: Mən yaxşı görürəm. Bilmirəm, həkimləriniz nə deyir?

Cavab: Həkimlər səndən yaxşı görürlər.

Sual: Azərbaycan üçün demokratiya sahəsində nə işlər görülmüşdür?

Cavab: Bilirsiniz, Azərbaycanda bu gün üçün yetərincə demokratiya vardır. Məsələn, burada 500-600 qəzet çıxır. Türkiyədə belə deyildir. Türkiyədə 10-15 qəzet var. Onlar da böyük qəzetlərdir. Burada kimin pulu var, gedib qəzet çıxarır, kefi də nə istəyir, onu da yazır. Əgər hər gün cümhur başqanının adına, ünvanına, yəni onun əleyhinə yalanlar yazılırsa, bu, demokratiya deyilmi? Bəziləri gəlib mənə deyir ki, siz buna necə dözürsünüz? Bunları məhkəməyə verək, bunları bağlayaq, nə bilim, cəzalandıraq. Mən deyirəm, yox. Bu, demokratiya deyilmi? Bundan artıq nə demokratiya ola bilər!?

Burada nə qədər partiya var. Sizdə, Türkiyədə bu qədər partiya yoxdur. Üç-dörd partiya var. Amma burada hərənin bir partiyası var. Bu partiyalarda toplaşırlar, nə lazımdır edirlər. Hər gün də yazırlar ki, biz aksiyalar keçirəcəyik, mitinqlər, toplantılar keçirəcəyik, Heydər Əliyev hökumətini devirəcəyik. Yaxşı, əgər bunlar demokratiyadan danışırlarsa, hansısa hakimiyyəti zorla devirmək antidemokratik bir şeydir. Amma bir dəfə Heydər Əliyev hökumətini devirməyə çalışdılar.

İndi bizdə müxalifət kimdir? Bir qrup adam. Əvvəllər yaranmış Xalq Cəbhəsi indi parçalanıbdır. Bir neçə partiya elan olunubdur və bir-biri ilə vuruşurlar. Başqa bir müxalifət qüvvə yoxdur. Onlar 1992-ci ildə bir dəfə iqtidara gəldilər. Bir il içərisində Azərbaycan dağıldı, vətəndaş müharibəsi başladı, onlar hamısı qaçıb gizləndi. Onlar xalqla birlikdə məni buraya dəvət etdilər. Onlar özləri. Mən bura gəlmək istəmirdim. Xalq məni istəyirdi.

Bakıdan mənim yanıma, Naxçıvana gündə beş-altı nümayəndə heyəti gəlirdi ki, Heydər Əliyev, Azərbaycan yanır, gəl. Dedim ki, mən buradan, Naxçıvandan heç bir yerə çıxmayacağam. Həqiqətən, mənim qərarım belə idi ki, mən həyatımın sonuna qədər doğulduğum yerdə yaşayacağam. Çünki mən istəmirdim ki, gəlim, özümü belə əziyyətlərə salım. Amma sonra mərhum Əbülfəz Elçibəy mənə dörd gün telefon etdi. Dörd gün. Hər gün təyyarəni Naxçıvana göndərir, mən gəlmirdim, təyyarə geri qayıdırdı. Həmin İsa Qəmbər ki, var - onda məclis sədri idi mənə hər gün telefon edirdi. Burada baş nazir Pənah Hüseynov var idi. Hər gün mənə telefon edirdi ki, Heydər Əliyev, gəl.

Nəhayət, mən gəldim. Ona görə yox ki, mən burada hakimiyyəti əlimə alım. Gəldim ki, görüm burada nə var, bu ölkə niyə belə dağılır. Mənim bu millətin üzərində zəhmətim var. Bunu unuda bilmərəm. Uzun illər bu ölkəni saxlamışam, inkişaf etdirmişəm.

Siz dediyiniz kimi, mən altı il Moskvada ən yüksək vəzifədə çalışaraq Azərbaycana qayğı göstərmişəm. Gəldim görüm, axı, bura niyə dağılır. Bura dağılanda, bizim hamımız dağılacağıq, Azərbaycan olmayacaqdır. Gəldim buraya, doğrudan da elə idi. Mənimlə beş gün danışıqlar apardılar ki, parlamentin sədri seçilim. Çünki parlamentin sədri istefa vermişdi, baş nazir də istefa vermişdi. Mən buna razı olmadım, istəmədim.

Olaylar Gəncədə başlamışdı, bilirsiniz. Son olaraq, gördüm ki, əgər mən bu işə qatılmasam, bura dağılacaqdır. Onda söylədim ki, mən Gəncəyə getməliyəm, oradakı vəziyyətə baxmalıyam. Amma oraya gedəni də öldürürdülər. Mən belə bir riskə getdim. Orada o adamla, - hansı ki, prezident olmaq istəyirdi, sonra məna qarşı da çevriliş cəhdi etdi, - danışdım, gördüm ki, gənc, ağılsız bir insandır, amma əlində hər şey var. Silah bunun əlində, ordu bunun əlində - hər şey bunun əlində, dağıdacaqdır. Gəldim, burada dedim ki, mən bu məsuliyyəti üzərimə götürürəm, parlamentin başqanı oluram. Mən burada Əbülfəz Elçibəylə bərabər çalışdım. İki gündən sonra Əbülfəz Elçibəy bu binadan gecə gizlincə qaçdı, Naxçıvanda Kələki kəndi var, təyyarə ilə uçub oraya getdi. Mən burada tək qaldım. Nə prezident vardı, nə baş nazir. Təkcə mən idim, parlamentin sədri.

Bilirsiniz, belə bir zamanda, belə bir dövrdə mən gəldim, bunları xilas etdim. Amma bunlar mənə təşəkkür etmək əvəzinə, özləri məni dəvət etmişdilər, - iki aydan sonra müxalifət oldular. İndi də həmin müxalifətdir. Burada başqa müxalifət varmı? Yoxdur. Ancaq onlardır. Yenidən hakimiyyətə gəlmək istəyirlər. Yaxşı, gəlsinlər, ola bilər. Ancaq məni hədələyirlər ki, onlar burada mənə çevriliş edəcəklər, nə edəcəklər. Əgər gücləri var idisə, o vaxt hakimiyyət onların əlində idi, dayanaydılar. Mən buna imkan vermərəm. Mən hakimiyyəti bu yolla heç kəsə vermərəm.

Sual: 2003-cu ildə yenidən namizədliyinizi verəcəksiniz?

Cavab: Bəli, 2003-cü ildə də namizədliyimi verəcəyəm və hesab edirəm, xalq mənə yenə də etimad göstərəcəkdir.

Sual: Cənab prezident, son sualımı vermək istəyirəm. Bu, tarixi baxımdan vacib olduğuna görə soruşacağam. 1914-cü ildə, Birinci dünya müharibəsi zamanı Yaxın Şərq xəritəsi ingilislər tərəfindən yenidən cızıldı. O zaman bunu böyük oyun adlandırdılar. Doğrudur, ondan sonra da xəritələr cızılıbdır. 1989-1990-cı illərdən sonra Qafqazda, Orta Asiyada, Balkan bölgəsində xəritələr yenidən cızıldı. Böyük oyun bu tərəflərə gəldi. İndi Xəzər hövzəsində çox böyük oyun davam etməkdədir. Xəzər bölgəsi də Yaxın Şərqə dönə bilərmi, qarışarmı? Təcrübəli insan kimi Siz irəliyə baxarkən nəyi görürsünüz?

Cavab: Mən düşünmürəm ki, elə bir şey ola bilər. Düşünmürəm. Mən düşünmürəm. Doğrudur, burada problemlər var. Amma mən düşünmürəm ki, elə bir şey olsun.

Qafqazda əsas iki məsələ vardır. Birincisi, Ermənistan -Azərbaycan münaqişəsini çözmək, ikincisi də Gürcüstan-Abxaziya problemini çözmək. Əgər onlar çözülsə, Qafqazda rahatlıq olacaqdır.

Xəzər dənizində də, güman edirəm ki, beş dövlət bir araya gəlib qərar qəbul edəcəyik. Ona görə belə şey düşünmürəm.

Müxbir: Hörmətli cənab prezident, Azərbaycan Sizə çox şey borcludur. Müsahibəyə görə çox təşəkkür edirəm Çox sağ olun.

Tarixi arayış