Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nyut Qinqriç və palatada Respublikaçılar partiyasının təşkilatçı rəhbərləri - konqresmenlər Son Bonər, Tom Denay, Kris Köks, Con Linder ilə görüş zamanı söhbətindən - Vaşinqton, Kapitoli, 30 iyul 1997-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab Qinqriç!

Hörmətli konqresmenlər!

İlk öncə ölkənizə ilk rəsmi səfərim zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri və konqresmenləri ilə keçirdiyim bu görüşdən çox məmnun qaldığımı vurğulamaq istərdim. Mənim ünvanıma deyilmiş xoş sözləri müstəqil Azərbaycan Respublikasına, onun xalqının adına yönəltməyi özümə borc bilirəm. Bəyan etmək yerinə düşər ki, ölkəmiz müstəqil inkişaf yoluna qədəm qoyduqdan sonra, xüsusən son illərdə Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir, demokratik hüquqi dövlət quruculuğu sahəsində mühüm işlər görülür, islahatlar həyata keçirilir. Müstəqil Azərbaycan Respublikasında insan hüquqları qorunur, fikir plüralizmi formalaşmışdır, mətbuat, dil, din, vicdan azadlığı bərqərar edilir. Bütün bunların mərkəzində ölkəmizin müstəqilliyini əbədi sarsılmaz və dönməz olduğunu bəyan etmək vəzifəsi durur.

1988-ci ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin baş verməsinin əsl səbəbləri Ermənistanın təcavüzkar niyyətlərində və Azərbaycan torpaqlarını zorla işğal və ilhaq etmək istəklərini reallaşdırmaq cəhdlərindədir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşərək çadırlarda ağır şəraitdə yaşamağa məcbur edilmiş, işğal altında olan ərazilərimizdə xalqımızın bütün varidatı, tarix, mədəniyyət, incəsənət abidələri tamamilə, vəhşicəsinə darmadağın edilmişdir… Mən bütün bu rüsvayçı vəhşilik hərəkətləri barədə xəritə üzərində ətraflı izah verməklə bir daha sizin nəzərinizə çatdırmağı lazım bilirəm ki, qoy sizin də məsələnin əsl mahiyyəti haqqında aydın, kifayət qədər təsəvvürünüz olsun, biləsiniz ki, erməni lobbisinin Azərbaycanın Ermənistan ətrafında yaratdığı "blokada" fikri tamamilə yanlışdır və əslində, faktların da sübut etdiyi kimi, Azərbaycan blokadaya salınmışdır.

Bununla əlaqədar ATƏT-in Minsk qrupuna dünyanın üç nüfuzlu dövlətinin - ABŞ-ın, Rusiyanın, Fransanın həmsədrlik etməsinin vacibliyinin əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır. Bu dövlətlərin prezidentləri Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Denverdə imzaladıqları birgə bəyanatın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirmək istəyirəm ki, Azərbaycan tərəfi neçə ildən bəri davam edən bu problemi Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında tezliklə, 1997-ci ilin sonunadək aradan qaldırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Bir daha bildirirəm ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara etinasız yanaşaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq etmək fikrindən daşınmaq istəmir. Halbuki kökündən yanlış olan bu fikir tarixi faktların tamamilə əleyhinədir və Ermənistan silahlı qüvvələri tərəfindən müvəqqəti işğal edilmiş Dağlıq Qarabağın və onun ətrafındakı digər yeddi, Azərbaycan rayonunun nəticələrindən, beynəlxalq hüquq normalarının ziddinə olaraq bəhrələnmək niyyətindən başqa bir şey deyildir. Bir daha xatırladıram ki, Dağlıq Qarabağ tarixən Azərbaycanın tərkib hissəsi olmuşdur. Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç cür yol verə bilmərik və dünya ictimaiyyəti də ermənilərin Azərbaycan torpaqları hesabına ikinci bir dövlət yaratmasına razı olmamalıdır.

Ermənistanın Azərbaycana təcavüz etməsinə baxmayaraq, ABŞ Konqresi, "Azadlığı müdafiə aktı"na 907-ci düzəliş qəbul etmişdir və bununla Azərbaycan-Amerika əməkdaşlığının daha da möhkəmləndirilməsinə maneçilik yaratmışdır. Bu faktı bir daha nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, konqresmenlər bu düzəlişin tezliklə aradan qaldırılmasına xüsusi diqqət yetirəcəklər.

Bir daha vurğulayıram ki, son illər Azərbaycan ilə Amerika arasında münasibətlər durmadan inkişaf etməkdədir. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün imzalanan müqavilələrdə ABŞ şirkətləri yaxından iştirak edirlər və ölkələrimizin digər sahələrdə də yaxşı əlaqələr qurduğunu göstərən çox mühüm sənədlər imzalanmışdır, yaxud da bir neçəsinin yaxın vaxtlarda imzalanması nəzərdə tutulur. Bütün bunlar isə öz növbəsində 907-ci düzəlişin tez bir zamanda aradan qaldırılmasının vacibliyini bir daha təsdiq edir və bununla bağlı, cənab Qinqriç, konqresmen Piter Kinqin hazırladığı layihəni mən Sizə təqdim etmək istəyirəm.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu və islahatların həyata keçirilməsi sahəsində görülən tədbirləri diqqətlə izləyən Konqres üzvləri Azərbaycan-Amerika əlaqələrinin daha da sıxlaşdırılması üçün bu məsələdə də ədalətli mövqe tutacaqdır.

Çıxışımın sonunda, hörmətli cənab Qinqriç, mən Sizi Azərbaycana səfərə dəvət edirəm. Əminəm ki, bu səfəriniz Sizin Azərbaycan haqqında təsəvvürlərinizi daha da zənginləşdirəcək və Azərbaycan-Amerika əlaqələrinin daha da sıxlaşdırılmasına öz töhfəsini verəcəkdir.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild səh.156-158