BMT-nin 50 illik yubileyi ilə əlaqədar BMT Baş Məclisinin xüsusi təntənəli iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Nyu-York, 22 oktyabr 1995-ci il


Hörmətli sədr!

Hörmətli dövlət və hökumət başçıları!

Hörmətli baş katib!

Xanımlar və cənablar!

Bütün dünyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə çox böyük töhfələr vermiş Birləşmiş Millətlər Təşkilatının əlli illiyi münasibətilə mən sizi Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Birləşmiş Millətlər Təşkilatının yaradılmasından keçən yarım əsr ərzində böyük müsbət dəyişikliklər baş vermişdir. Bu da dünyanın əsaslı şəkildə yeniləşməsini və BMT Nizamnaməsinin prinsiplərinin əməli surətdə həyata keçirilməsini sübut edir.

Ən başlıca nəticə budur ki, "soyuq müharibə" illərindəki kəskin qarşıdurmaya baxmayaraq, yeni dünya müharibəsinin meydana çıxmasına yol verilməmişdir. Müstəmləkəçilik, aparteid, irqi ayrı-seçkilik keçmişdə qalmışdır. Xalqlar öz talelərini həll etmək imkanı qazanmışlar, milli azadlıq və dövlət müstəqilliyi əldə etmişlər.

Vaxtilə Sovetlər İttifaqının tərkibində olmuş respublikaların indi dövlət müstəqilliyi və suverenlik qazanmaları tarixi hadisədir.

Ümumbəşəri dəyərlər dünyada geniş yayılır və bərqərar olur. Bunların arasında azadlıq, demokratiya və insan haqları ideyaları xüsusi yer tutur. İctimai-siyasi və dövlət quruculuğunda, iqtisadiyyatda, həyatın bütün sahələrində demokratik dəyişikliklər həyata keçirmək zərurəti çox ölkələr üçün ən vacib amil olmuşdur.

BMT-nin bütün üzvləri, xüsusən iqtisadi cəhətdən inkişaf etmiş və demokratik ənənələri olan iri dövlətlər bu nəticələrin əldə olunması üçün öz töhfələrini vermişlər. Lakin burada xüsusi rol Birləşmiş Millətlər Təşkilatına məxsusdur. O, 50 il ərzində bəşəriyyətin tarixində ən nüfuzlu və ən səlahiyyətli beynəlxalq təşkilata çevrilmişdir.

Ümidvaram ki, bu təşkilatın işi üçün meydana çıxmış maliyyə çətinlikləri onun gələcək uğurlu fəaliyyəti naminə aradan qaldırılacaqdır.

Bütün bunlar bizi sevindirir və bizdə iftixar hissi doğurur. Ançaq dünya hələ də tam təhlükəsiz, mükəmməl və ideal vəziyyətdə deyildir. Elə problemlər var ki, bunlar köklü şəkildə həll olunmalıdır. Dövlətlər arasındakı münasibətlərdə beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, aclıq və səfalətin aradan qaldırılması, ekoloji fəlakətlərin qarşısının alınması məhz belə problemlərdir. Dünyanın bir çox regionlarında qanlı müharibələrə, milyonlarla insanların saysız-hesabsız əzab-əziyyətlərinə səbəb olan təcavüzkar millətçilik və separatizm halları sülh üçün böyük təhlükədir.

Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı təcavüzkarlıq yeddi ildən çoxdur ki, davam etməkdədir. Bu təcavüz ölkəmizin Dağlıq Qarabağ bölgəsini qəsb etmək məqsədi daşıyır. Erməni silahlı qüvvələri Azərbaycan ərazisinin iyirmi faizindən çox hissəsini işğal edib, həmin ərazilərdən zorla qovulmuş bir milyondan çox vətəndaşımız qaçqına çevrilib, hazırda çadır şəhərciklərində ağır, dözülməz vəziyyətdə yaşayır. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Ancaq həmin qətnamələr təcavüzkar tərəfindən yerinə yetirilmir. Buna görə də ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanması üçün aparılan proses hələlik istənilən nəticələri vermir.

Hörmətli dövlət və hökumət başçıları, mən bu gün sizə, Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə müraciət edərək, Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına, Azərbaycanın ərazi bütövlüyünün, onun beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığının bərpa olunmasına təsirli yardım göstərməyinizi xahiş edirəm.

Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik. Bu ümidlərlə, bu inamla mən bu şərəfli kürsünü tərk edirəm.

Diqqətinizə görə sağ olun!

"Azərbaycan" qəzeti, 23 oktyabr 1995-ci il.