Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Rəssamlar İttifaqının qurultayına təbriki - Bakı şəhəri, 29 iyun 1998-ci il


Hörmətli qurultay nümayəndələri!

Sizi və sizin şəxsinizdə Azərbaycan rəssamları və heykəltəraşlarını respublikamızın ictimai və mədəni həyatında mühüm hadisə - Azərbaycan Rəssamlar İttifaqı qurultayının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Təməli XVI əsrdə dahi miniatür rəssamı Sultan Məhəmməd tərəfindən qoyulmuş Azərbaycan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında yaratdıqları əsərlərində doğma yurdumuzun füsunkar gözəlliyini, xalqımızın qəhrəmanlıq tarixini, yüksək mənəvi dəyərlərini, azadlıq və xoşbəxtlik amallarını təsvir etməklə onun həyat salnaməsini yazmışlar. Siz öz sələflərinin zəngin ənənələrini ləyaqətlə davam etdirən Azərbaycan rəssamlarının nümayəndələrisiniz. Onların fədakar və səmərəli əməyi ilə yaradılmış sənət abidələri xalqımızın mədəni həyatının nadir incilərini təşkil edərək onun milli şüurunun, estetik zövqünün möhkəmlənməsinə və inkişafına xidmət edir.

Azərbaycan rəssamları və heykəltaraşları xalqımızın azadlıq uğrunda keçdiyi mübarizə yolunu, məruz qaldığı təcavüzün nəticələrini, gündəlik qayğılarını və düşüncələrini öz yaradıcılıqlarında əks etdirərək günümüzün real mənzərəsini yaradır və onu gələcək nəsillər üçün yaddaş kitabına çevirirlər. Qanlı Yanvar hadisələrini, erməni silahlı dəstələrinin Qarabağ müharibəsində törətdiyi vəhşilikləri, Xocalı faciəsini müharibə nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış vətəndaşlarımızın düçar olduğu ağır vəziyyəti təsvir edən əsərlər Azərbaycan təsviri sənət ustalarının vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir.

Azərbaycan rəssamlarının və heykəltaraşlarının respublikamızda və xarici ölkələrdə təşkil etdiyi sərgilər gözəl ənənəyə çevrilmişdir. Bu sərgilər ölkəmizin mədəni həyatının ayrılmaz hissəsini təşkil edir, dünya xalqlarını Azərbaycanla, onun üzləşdiyi problemlərlə tanış etmək üçün mühüm vasitə rolunu oynayır.

Müstəqil Azərbaycan dövlətinin qarşısında günün tələblərindən doğan mühüm və məsul vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi yaradıcı ziyalılardan, o cümlədən sizin ittifaqın üzvlərindən də öz səylərini artırmalarını tələb edir. Ümidvaram ki, qurultayınız bu istiqamətdə müzakirələr apararaq Azərbaycan təsviri sənətinin XXI əsrdə inkişaf yollarının müəyyən olunmasında əhəmiyyətli rol oynayacaqdır. Bu nəcib işinizdə sizə yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT