Hörmətli ziyalılar, əziz dostlar və həmvətənlər! Uzun fasilədən sonra Azərbaycan ziyalıları ilə görüşmək mənə nəsib olduğu üçün məmnun olduğumu bildirmək istəyirəm və görüşdə iştirak etdiyinizə görə, burada çıxış edən natiqlərin mənim haqqımda dediyi sözlərə görə hamınıza ürəkdən təşəkkür edirəm.
Ziyalılarla görüşmək həmişə böyük bir bayram təsəvvürü yaradır. Mən həyatım boyu belə düşünmüşəm, belə fikirləşmişəm. Ona görə, bəlkə görüş sizin üçün də əhəmiyyətlidir, ancaq mənim üçün həddindən artıq dəyərlidir. Çünki uzun müddət belə bir imkandan məhrum olmuşdum. Yalnız qəlbim, ürəyim həmişə Vətəndə, xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan ziyalılarla, onların yaradıcılığı, işləri ilə bağlı olmuşdur. Ancaq indi yanyanayıq, üz-üzə durmuşuq. Bu mənim üçün böyük hadisədir. Təşəkkür edirəm.
Bu gün, şübhəsiz ki, hər bir kəsi, o cümlədən ziyalıları ən çox maraqlandİran və eyni zamanda ən çox narahat edən Azərbaycan Respublikasının indiki vəziyyətidir. Bu hər bir Azərbaycan vətəndaşını düşündürür, narahat edir və ən çox, şübhəsiz ki, ziyalıları, intellektual səviyyəli adamları düşündürür. Bizi də, sizi də düşündürür. Azərbaycan öz həyatının çətin və ağır bir dövrünü yaşayır, böyük imtahanlardan keçir. Bu imtahanlar müəyyən mənada bizim əsrin əvvəlində başlayıbsa, XX əsrin sonunda daha ciddi bir xarakter alıb. Bu imtahanların çox ağır dövrü indiki mərhələdir. Bizim belə əzab-əziyyətə düşməyimizin səbəbləri çoxdur. Bunun obyektiv səbəbləri də, subyektiv səbəbləri də var.
Mən bu səbəbləri xarakterizə etmək məqsədində deyiləm, buna imkan da yoxdur. Şübhəsiz ki, bunlarla siz də, biz də bərabər məşğul olmalıyıq. Bu, çox vacibdir. Ancaq bir neçə kəlmə deməyə ehtiyac duyuram. Birincisi, şübhəsiz ki, bizim respublikanı bu ağır vəziyyətə salan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı beş ildən artıq davam edən hərbi təcavüzdür və bu təcavüzün nəticəsində Azərbaycan torpaqlarının bir qisminin işğal olunması, Azərbaycan vətəndaşlarının, sakinlərinin bir qisminin yurdunu-yuvasını itirməsi, qaçqın düşməsidir. Bu müddətdə Azərbaycanın nəinki torpaqları işğal edilib, əsrlər boyu yaranan şəhərlər, kəndlər, qəsəbələr, binalar, insanların yaşayışı üçün lazım olan qurğular dağılıb vİran olur, yandırılır. Bir çox insanlar ağır həyat şəraiti keçirir. Azərbaycan Respublikası, Azərbaycan xalqı qəsbkarlıq etmir, başqa respublikanın, başqa xalqın, başqa dövlətin torpaqlarına göz dikmir, hücum etmir, yalnız müdafiə olunur. Ancaq bəzi səbəblərə görə biz məğlubiyyətlərə uğrayırıq. Dediyim kimi, torpağımızın bir hissəsi əlimizdən gedib, lakin bu gün şəksiz-şübhəsizdir ki, Azərbaycan xalqı əsrlər boyu torpağını qoruduğu kimi, indi də Azərbaycanın qeyrətli, namuslu, cəsarətli oğulları Vətəni qoruyaraq şəhid olurlar, canlarını qurban verirlər. Bu müddətdə minlərlə həmvətənimiz həlak olub. Onların çoxu döyüşərək, cəsarət, qəhrəmanlıq göstərərək, xalqına, torpağına sədaqətli olaraq dünyasını tərk edib. Bu, bizim üçün bir tərəfdən faciədirsə, digər tərəfdən Azərbaycan xalqının qüdrətini, mətanətini, cəsarətini bir daha nümayiş etdirən amildir. Azərbaycan torpaqlarını müdafiə edərək həyatlarını qurban vermiş, şəhid olmuş həmvətənlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah onlara rəhmət eləsin, qəbirləri nurla lolsun.
Bu gün biz müdafiə vəziyyətindəyik, ancaq xalq ümidlərini itirmir. Azərbaycan xalqı öz torpaqlarını geri qaytarmalıdır, ərazi bütövlüyünü bərpa etməlidir. Xalqımız öz suverenliyini, öz müstəqilliyini qorumağa qadir xalqdır. Təəssüf ki, Azərbaycan xalqının içində, mənəviyyatında olan imkanlardan bu dövrdə istifadə olunmayıbdır. Aparıcı adamlar, siyasi rəhbərlər, dövlət adamları, yaxud özlərini sərkərdə adlandıranlar da olubdur, ancaq onlar xalqın böyük qüdrətindən, böyük imkanlarından istifadə edə bilməyiblər. Lakin bunların hamısı müvəqqəti xarakter daşıyır. Bir də deyirəm, xalqımız qüdrətli xalqdır, əsrlər boyu ciddi imtahanlardan keçmişdir, bu imtahandan da çıxacaqdır və mən buna şübhə etmirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.
Ancaq bu o qədər də asan iş deyil. Bunun üçün hamı birləşməli, Azərbaycan xalqının gücü bir yerə toplanmalı, hamı bir hədəfə vurmalıdır. İndi gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını versin, öz borcunu versin. Hamı borcludur. Heç kəs deyə bilməz ki, borclu deyil. Xalqın övladları bu torpaqla doğulub dünyaya gəliblərsə, atalarımızın, babalarımızın ruhu bizim üçün müqədləs və əzizdirsə, öz borcumuzu verməliyik. Bu, hamının borcudur. Təəssüf ki, bəzi adamlar belə hesab edirlər ki, kimsə qoy gedib torpağı müdafiə etsin, amma o birisi öz şəxsi işi ilə məşğul olsun. Kimsə vuruşsun, o birisi isə kənarda dursun, gözləsin görək nə olur. Son illərin ən əcaib hadisəsi ondan ibarətdir ki, Azərbaycanın bu ağır dövründə birləşib torpaqlarımızı qorumaq, millətimizin, xalqımızın şərəfini qorumaq, tariximizi qorumaq əvəzinə ayrı-ayrı qruplar, ayrı-ayrı şəxslər bu fürsətdən istifadə ediblər, vəzifə, məqam hərisliyinə düşüblər, öz şəxsi mənafelərinə, şəxsi məqsədlərinə nail olmağa çalışıblar. Meydana gündə bir siyasətçi çıxıb, ancaq sonra iç üzləri açılıbdır. Təəssüf. Ancaq yəqin ki, xalqımız bunları da görməlidir. Yəqin ki, cəmiyyətin içində olan bu ünsürlər də meydana çıxmalı idilər.
Heç də bu fikirdə deyiləm ki, Azərbaycanı bürümüş bulanıq su indi artıq durulub, yox bu su hələ çox bulanıqdır. Biz bulanıq göl içindəyik. Bəli, hamımızın gücü ilə gərək bu palçıqdan, bulanıq sudan çıxaq, təmizlənək. Gərək hər kəs birinci növbədə xalqın ümumi mənəviyyatına sədaqət göstərərək öz mənəviyyatını nümayiş etdirsin və xalqı bu vəziyyətdən çıxarmağa kömək etsin.
Bu sahədə biz çox tədbirlər görməliyik. Qarşımızda vəzifələr çoxdur. Ancaq şübhəsiz ki, tək mən, yaxud da ki, mənimlə bərabər bir neçə adam bunların hamısının öhdəsindən gələ bilməz. Xalq birləşməlidir. Xalqın ağlı, zəkası, biliyi birləşməlidir. Elə etməliyik ki, bu ağır müharibə vəziyyətindən çıxaq. Mən indi bunun çıxış yolları haqqında danışmaq istəmirəm. Biz həm siyasi fəaliyyəti gücləndirməliyik, həm respublikamızın müdafiə qüdrətini möhkəmlətməliyik, həm də ordu sıralarında, yaxud da ayrı-ayrı yığma batalyonlarda olan quldurları kənarlaşdırıb sağlam qüvvələri toplamalıyıq. Ancaq hamımız gərək bilək ki, indi Azərbaycan Respublikası qan içindədir. Respublikamız öz müstəqilliyini qorumaq üçün çox işlər görməlidir. Müstəqillik təkcə siyasi xarakter daşımır. Müstəqillik tək ondan ibarət deyildir ki, bizi beynəlxalq təşkilatlar tanıyıblar. Müstəqillik birinci növbədə odur ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın. Ona görə də hamı birləşməlidir. Hamı ayağa qalxmalıdır. Hamı səfərbər olmalıdır.
Rəhmətlik Səməd Vurğunun dahiyanə sözləri daim yadıma gəlir. O vaxt, 41- ci, ya da 42-ci ildə o dedi ki, müsəlləh əsgərəm mən də bu gündən. O vaxt biz ümumi sovet vətənini qoruyurduq. Indi biz öz doğma torpağımızı, müstəqil Azərbaycan dövlətini qoruyuruq, ona görə də peşəsindən, vəzifəsindən asılı olmayaraq indi hər kəsdə, hər vətəndaşda bu hissiyyat daha güclü olmalıdır, Güman edirəm ki, biz buna nail ola biləcəyik, hamımız birləşib bu ağır müharibə vəziyyətindən çıxa biləcəyik.
İndi Azərbaycan müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük tarixi bir hadisədir, taleyin xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki, biz bununla fəxr etməliyik. Eyni zamanda bu tarixi nailiyyəti qiymətləndirməliyik, əlimizdə möhkəm saxlamalıyıq. Bu müstəqillik dünyada, o cümlədən keçmiş sovetlər birliyində əsrin ikinci yarısında, xüsusən 70-ci, 80-ci illərdən başlayaraq gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir.
Biz müstəqilliyi silahla, dava ilə, üsyanla əldə etməmişik. Bu müstəqillik tarixi prosesdir, onu ictimai-siyasi proseslər əsasında əldə etmişik. Qoy heç kəs deməsin ki, kimsə bir qəhrəman kimi bu müstəqilliyin sərkərdəsidir, yaxud müstəqilliyi əldə edən bir siyasi xadimdir. Müstəqillik heç kəsə, heç bir təşkilata mənsub deyildir. Müstəqillik xalqa mənsubdur Bu, tarixin, taleyin xalqa bəxş etdiyi böyük bir nemətdir. Biz bunu qiymətləndirməliyik.
Ancaq müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki, müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək, möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır. Bu sahədə çox iş görməliyik. Təəssüf ki, müstəqillik əldə ediləndən indiyə qədər iş görülməyibdir. "Müstəqillik, müstəqillik" deyə bağİran adamlar belə hesab edirlər ki, onlar bu müstəqilliyin qəhrəmanıdırlar və müstəqillik Azərbaycan üçün artıq bütün şəraitləri yaradıbdır. Bax buna görə də Azərbaycan belə vəziyyətə düşübdür. Son illər Azərbaycanda gedən proseslər təəssüf ki, respublikanın iqtisadiyyatına, sosial həyatına, elminə, mədəniyyətinə çox böyük zərər vurub.
Burada çıxış edən natiqlər bəzi fikirlər söylədilər. Mən onlarla razıyam. Lakin bu fikirlər də Azərbaycan Respublikasının həyatına həmin proseslərin vurduğu zərərlərin hamısını əks etdirə bilmir. İndi biz müstəqillik şəraitindən istifadə edərək, Azərbaycan Respublikasının iqtisadi, sosial, intellektual, elmi, mədəni potensialından səmərəli istifadə edərək nəinki vurulan zərərləri aradan götürməli, həm də daha yüksək səviyyəyə qalxmalıyıq. Biz müstəqillik şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub-yaratmalıyıq.
Azərbaycan bundan sonra hansı yolla gedəcək, hansı iqtisadi-siyasi sistemi seçib inkişaf edəcək? İndi bu sual qarşıda durur. Bu yolun eniş-yoxuşlarını, çətinliklərini dərk etməyən adamlar, sadəcə olaraq, şüarlarla yaşamışlar. Buna görə də onlar bu yolun daha da genişlənməsi, yəni müstəqillik yolunun çoxşaxəli olması lüzumu, daha da müvəffəqiyyətlə irəliyə getmək lüzumu meydana çıxan kimi öz cılız fikirlərini ortaya atır, başqalarını günahlandırmağa çalışırlar ki, yox, siz bizim müstəqilliyimizi əldən vermək, geri qaytarmaq istəyirsiniz.
Mən Milli Məclisin iclaslarında da öz fikrimi bildirmişəm, sizin qarşınızda da bunu deməyi özümə borc bilirəm ki, Azərbaycan müstəqillik yolundan dönməməlidir. Azərbaycan ilk dəfə əldə etliyi bu tarixi fürsəti əldən verməməlidir, nəyin bahasına olursa-olsun müstəqilliyini qoruyub saxlamalı və müstəqil dövlət kimi inkişaf etməlidir. Buna Azərbaycan Respublikasının təbii sərvətləri, iqtisadi, elmi-mədəni, intellektual potensialı imkan verir. Lakin bu potensialların bəziləri qurumuş vəziyyətdədir, bəziləri durğun haldadır. Bunları canlandırmaq, hərəkətə gətirmək, inkişaf etdirmək, bunlardan səmərəli istifadə etmək lazımdır. Təəssüf ki, müstəqillik haqqında çox bağıran adamlar bu milli sərvətlərimizi həm görməyiblər, həm də onlardan istifadə etməyi bacarmayıblar, yaxud da ki, istifadə etmək istəməyiblər.
Dediyim kimi, çox vacibdir ki, respublikamız müstəqil bir dövlət kimi hansı siyasi, ictimai, iqtisadi sistem üzrə gedəcəkdir. Bizim yolumuz demokratiya yoludur, biz demokratiya yolundan dönməməliyik. Bizim yolumuz siyasi plüralizm yoludur, biz bu yoldan dönməməliyik. Biz Azərbaycanda çoxpartiyalı sistem, çoxpartiyalı cəmiyyət üçün şərait yaratmalıyıq. Əmin olun ki, mən bu mövqeyimdən dönməyəcəyəm. Azərbaycanda insan azadlığı, təşəbbüs azadlığı, din azadlığı, dil azadlığı, sahibkarlıq azadlığı - bütün azadlıqlar təmin olunub. İnsan hüquqları, insan haqları qorunmalıdır. Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab etməlidir. Azərbaycan keçmiş kommunist rejiminə, sosialist sisteminə, keçmiş iqtisadi-siyasi sistemə qayıtmamalıdır. Mən Azərbaycanda yenidən fəaliyyətə başlamışam, bu mövqedə dururam və güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti belə fikirdədir və ziyalılar da yəqin ki, bu fikirləri qəbul edərlər. Bilirəm ki, ziyalıların əksəriyyəti bu fikirlərlə yaşayır.
Ancaq bu prinsiplərin gerçəkliyini təbliğ etmək, onları həyatımızın bütün sahələrində tətbiq etmək asan məsələ deyil. Çünki bəzən ayrı-ayrı qüvvələr, ayrı-ayrı şəxslər öz şəxsi məqsədlərinə nail olmaq üçün bu prinsiplərdən suiistifadə edirlər. Bəzən də, siz bunun şahidi olmusunuz, demokratiyanı özbaşınalıq kimi, qanunsuzluq kimi, xaos kimi anlayan adamlar, hətta dövlət başında olan adamlar Azərbaycanı gətirib bu ağır vəziyyətə salıblar.
Lakin bu prinsipləri həyata keçirmək üçün xalqın, millətin qabaqcıl qüvvələri, ağıllı, zəkalı, elmli adamları, ziyalı adamları siyasi meydana çıxıblar, siyasi, ictimai fəaliyyətdə olublar. Son illəri, yəni təkcə bu bir ili, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrü yox, 90-cı ili, 89-cu, 88-ci, ondan qabaqkı illəri götürün. Bu dövrlərdə böyük bir qarmaqarışıqlıq içərisində doğrudan da milli azadlıq uğrunda mübarizə aparan qüvvələrlə, şəxslərlə yanaşı, bu şəraitdən öz şəxsi məqsədləri üçün sui-istifadə edən adamlar da meydana çıxdılar. Bəzi hallarda onlar üstün gəldilər. Mən Moskvada yaşayırdım. 88-ci ildə Bakının Azadlıq meydanında yüz minlərlə adamın iştirakı ilə keçirilən mitinqlərin sədası bəzən oraya da gəlib çatırdı...
Sonra bu meydan bizim ziyalıları da cəlb etdi. Ancaq təəssüf ki, bundan sonra həmin proseslərdən ayrı-ayrı adamların şəxsi məqsədləri üçün istifadə olundu. Ona görə də xalq hərəkatdan müəyyən qədər uzaqlaşdı, soyudu. Mən demirəm ki, daim gərginlik olmalı idi. Ancaq bu, xalq azadlıq hərəkatı idi. Torpaqları qorumaq əzmi ilə yaşayan Azərbaycan xalqının öz təzahürünü meydanlarda tapan coşğunluğu, həyəcanı, narahatlığı bundan sonra ayrı-ayrı qüvvələr tərəfindən bir yandan söndürüldü, bir yandan da təzyiq altına alındı. Digər tərəfdən də meydana elə adamlar çıxdılar ki, bu hərəkatdan öz mənfur məqsədləri üçün istifadə etməyə çalışdılar və təəssüf ki, bir çoxları buna nail oldular.
Azərbaycanda demokratiya prinsiplərini bərqərar etmək, tətbiq etmək üçün respublikamızın və dövlət orqanlarının ziyalılara çox böyük ehtiyacı var. Burada bəzi natiqlər Azərbaycan parlamentinin tərkibi haqqında öz fikirlərini söylədilər. Doğrudur, kiminsə dediyi kimi, vaxtilə norma qoyulurdu - neçə nəfər kolxozçu, neçə nəfər fəhlə olmalıdır. Bunlar artıq tarixə keçmiş hallardır. Şübhəsiz ki, həqiqi demokratiya bu yolla təmin edilə bilməzdi. Lakin sonrakı parlament seçkilərində (mənim xatirimdədir. O vaxtlar Moskvada idim, sonra Naxçıvana gəldim) bəzi qəzetlərlə oxuyurdum ki, səkkiz nəfərin namizədliyi irəli sürülüb. Onların arasında professor da , akademik də var idi. Məsələn, Ziya Bünyadov kimi məşhur akademik də var idi. Amma seçicilər nədənsə bir nəfər tanınmayan və Azərbaycan xalqı qarşısında heç bir xidməti olmayan adama səs verdilər. Şübhəsiz ki, bu, təbii hal deyildi. Ancaq o adam kiməsə lazım idi, Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinə lazım idi. Buna görə də imkan vermədilər ki, məsələn, alim seçilsin, ya da böyük bir dövlət xadimi, mədəniyyət xadimi seçilsin, yaxud yaxşı bir hüquqçu seçilsin ki, gəlib burada sözünü desin. Elə adamlar seçildilər ki, onlar da, şübhəsiz, Azərbaycan parlamentində Azərbaycanın ictimai-siyasi intellektual mənzərəsini, məzmununu təmsil edə bilmədilər.
Ona görə də biz (mən şəxsən öz tərəfimdən deyirəm) demokratiyaya geniş yol açacağıq. Azərbaycan bundan sonra öz dövlətini demokratik prinsiplər əsasında qurmalıdır və dövlət orqanları cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması üçün təminat yaratmalıdırlar. Ancaq gərək alimlərimiz də, ziyalılarımız da kənarda qalmasınlar, çalışsınlar, çarpışsınlar, həyatımızın bu ağır dövründə biganəlik etməsinlər. Əgər onların sözü bir dəfə qəbul olunmayıbsa, ikinci dəfə gəlsinlər, ikinci dəfə qəbul olunmayıbsa, üçüncü dəfə gəlsinlər. Anar burada şikayətləndi, mən onun şikayətləri ilə razıyam. Çünki doğrudan da belədir - bu, həqiqətdir. Ancaq bu da o demək deyil ki, inciyib kənara çəkilsin. Heç birimizin inciməyə ixtiyarımız yoxdur.
Burada mən bir çıxışdan belə başa düşdüm ki, mən kimdənsə inciməliyəm. Bilirsinizmi xalqdan heç kəs inciyə bilməz. Ola bilər, ayrı-ayrı adamlardan inciyəsən. Ancaq incikliyi saxlamaq lazım deyil, kinli olmaq da lazım deyil. Çünki xalqımızın bu ağır dövründə gərək bu hisslər kənara atılsın. Labüdlük hissiyyatı var. Hamımızın şüurunda bu hissiyyat gərək hakim mövqe tutsun. Biz bu ülvi hissiyyatla yaşamalıyıq.
Güman edirəm ki, mən fikirlərimi sizə çatdıra bildim. Azərbaycan Respublikası bundan sonra bütün demokratik prinsiplərə sadiq qalacaq, onların həyata keçirilməsini təmin edəcəkdir və hamımız birlikdə Azərbaycanı böyük bir demokratik respublika kimi dünya demokratiyasına uyğun səviyyəyə çatdıraraq dünya mədəniyyətinə, dünya ictimaiyyətinə tanıtdıra biləcəyik.
Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərlə - həm mətbuatda, həm də ictimai-siyasi proseslərdə ilk Azərbaycan Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü işlər yüksək qiymətləndirilibdir. Bu, təbii bir haldır, tariximizin böyük və parlaq bir mərhələsidir. Bu mərhələni biz layiqincə qiymətləndirməliyik və mən də bu gün sizin qarşınızda bunu bildirmək istəyirəm. Bəli, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir.
Düzdür, bu demokratik respublika çəmi 23 ay fəaliyyət göstərdi, sonra isə təslim oldu. Mən bu fikrə yenə qayıdacağam. Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir.
Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər. Ancaq biz deməliyik ki, demokratik respublika, onun liderləri Məmmədəmin Rəsulzadə, Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil bir dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər. Eyni zamanda onların fəaliyyətinin, ümumiyyətlə, uğursuzluğu təkcə ondan ibarət deyil ki, Azərbaycan 20-ci il aprel ayının 28-də qızıl ordu tərəfindən işğal olundu. Hələ həmin işğala qədər bu demokratik dövlət, demək olar, öz süqutuna gəlib çatmışdı. Tarixçilər yaxşı bilirlər ki, 23 ay ərzində bu dövlətin tərkibi beş dəfə dəyişib, bu dövlətdə, bu parlamentdə beş partiya iştirak edib: Müsavat Partiyası, İttihad Partiyası, Əhrar Partiyası, Sosialist Partiyası, hətta Daşnaksütyun Partiyası. Bu parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr, çarpışmalar, intriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdu. Mən bunu nə üçün deyirəm? Ona görə ki, biz bundan ibrət dərsi almalıyıq. Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq.
Bununla əlaqədar olaraq mən tarixçilər haqqında bir neçə kəlmə demək istəyirəm. Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azərbaycanda işləyən dövrdə - 70-ci illərdə və 80-ci illərin əvvəllərində dəfələrlə onlara müraciət etmişdim ki, bizim tariximiz - həm qədim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin, yəni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb. Tarixçilərin yadındadır ki, mən alimlərlə dəfələrlə görüşmüşdüm, hər dəfə də öz narahatlığımı bildirirdim. O vaxtlar Sovetlər İttifaqının çərçivəsində başqa respublikalarla öz işimizi müqayisə edirdik. Həmin respublikaların tarixçilərinin işləri ilə tanış olarkən daha da narahat olurduq ki, nə üçün onlar öz tarixlərini yaxşı yaza bilirlər, biz isə yaza bilmirik. Düzdür, bunun müəyyən obyektiv səbəbləri var idi. Məsələn, bəzi xalqların əsrlər boyu yaxşı tarixçiləri olub. Onlar tarixi yazıblar, sonrakı nəsillər üçün böyük tarixi abidələr qoyublar. Bunlar bizdə də var. Məsələn, bizim Əlyazmalar Fondunda çox dəyərli, zəngin məlumat verən kitablar var. Amma məsələ tək bunda deyildir. Dünyanın ən böyük kitabxanalarında, muzeylərində tariximizi əks etdirən çox zəngin kitablar, əlyazmaları, tarixi sənədlər var. Ancaq bizim tarixçilərimiz onlardan səmərəli istifadə edə bilmirlər. Ola bilər ki, Sovetlər İttifaqında yaranmış şərait də buna imkan vermirdi. Lakin yadınızdadır ki, bizim Ali Sovetin binası (mən təzə binanı nəzərdə tuturam) hazır olanda köhnə bina haqqında cürbəcür müraciətlər olmuşdu. Bir nazirlik istəyirdi ki, bu binanı ona verək, deyirdilər ki, bu bina rəhmətlik hacı Zeynalablin Tağıyevdən bizə yadigar qalıb, başqa təşkilatlar da istəyirdi. Çox düşündük, nəhayət, mən o binanın akademiyanın Əlyazmalar Fonduna verilməsi haqqında qərar qəbul etdim. Nə üçün? Çünki Əlyazmalar Fondu, əsrlərdən bəri qalmış o kitablar bizim üçün böyük bir sərvətdir. Onlar burada bu binanın zirzəmilərində pis vəziyyətdə idi. Onları çıxarıb bir muzey nümunəsi kimi yaxşı saxlayıb istifadə etmək üçün bu binanı Əlyazmalar Fonduna verdik və onun əsasında elmi institut yaratmaq haqqında qərar qəbul etdik. Tarixçilərimiz üçün böyük imkan açdıq, şərait yaratdıq ki, bunlardan istifadə olunsun.
Təəssüf ki, bunlardan lazımi qədər istifadə edilməyib. Bu gün nə üçün bu mövzuya toxunuram? Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə də tarixçilərimizin qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür. Mən o vaxtlar - Azərbaycanda işlədiyim dövrdə də deyirdim, indi də bu sözlərin üstündə dururam ki, tarixçilərimiz üçün bütün şəraiti yaratmağa hazıram. Bir şərtlə ki, bu şəraitin övəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala bilək. Odur ki, bu baxımdan bir məsələyə də toxunmaq istəyirik: tarixi təhrif etmək olmaz. Bu 70 illik sovet dövründə tarix, ümumiyyətlə dünya tarixi, o cümlədən Azərbaycan tarixi, habelə keçmiş Sovetlər İttifaqının ərazisində yaşayan digər millətlərin tarixi təhrif edilib. Nə üçün təhrif edilib? Çünki o vaxt vəziyyət belə idi və bu, çox adi bir hal idi.
Bunu deməklə biz heç də özümüz-özümüzü ləkələmirik. Bu, bizdən asılı olmayan bir şeydir. Çünki marksizm-leninizi ideologiyası vardı. Hər bir sistemin ideologiyası olmalıdır. Məsələn, o zaman tarixçilər bir şəxsin fəlsəfi görüşlərini araşdırarkən, bir əsər yazarkən çalışırdılar ki, bunu marksizmleninizm ideologiyasına uyğunlaşdırsınlar. Çalışırdılar bir sənəd tapsınlar ki, guya Nizami Gəncəvi də marksist-leninçi olmaq istəyirmiş. Axı bu belə deyildir. Düzdür, məsələn, əgər axtarıb tapsaydılar və layiqincə göstərə bilsəydilər ki, dünyanın böyük filosofu Höte özünün bəzi fəlsəfi müddəalarını Nizami Gəncəvinin fəlsəfi fikirləri əsasında izah etmişdir - bu isə tarixi həqiqətdir - əgər bunu sübut etsəydilər, əlbəttə ki, obyektivlik olardı. Ancaq bu, bizim tarixçiləri o qədər də maraqlandırmırdı. Bu da onların günahı deyildir, mən heç kimi təqsirləndirmək istəmirəm. Bu, o zamankı quruluşumuzun, dövrün ümumi bəlaları idi
Bu fikri tamamlayaraq demək istəyirəm ki, ötən 70 illik dövrdə tariximiz təhrif edilmişdir, həm XX əsrin, həm XIX əsrin tarixi, həm də ondan əvvəlki dövrlərin tarixi təhrif olunmuşdur. Demirəm ki, tamam təhrif edilmişdir, amma tarixə dair əsərlərimizdə təhrif ünsürləri var. Indi isə bir qütbdən o biri qütbə keçmək meyli görünür. O nədən ibarətdir? Ondan ibarətdir ki, deyirlər bütün bu 70 ildə olanların hamısı yaramazdır, pisdir, Azərbaycan xalqı üçün bəladır, xalqımızın ən parlaq dövrü yalnız 1918-ci ildən 1920-çi ilədək olan dövrdür. Heç ondan əvvəlki dövrlərə də fikir verilmir. Əlbəttə ki, "Bir dəfə qalxan bayraq bir daha enməz" fikri dəyərli sözlərdir. Amma bu sözləri dəfələrlə təkrar etməklə Azərbaycanın müstəqilliyini təmin etmək mümkün deyildir. Azərbaycanın həqiqi tarixini bu gün xalqımıza, vətəndaşlarımıza və respublikadan kənarda olub ona maraq göstərən adamlara çatdırmaq mümkün deyildir.
Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təəssüf ki, bu ideallaşdırma xəstəliyi 70 illir beynimizə kirmişdir. Bundan xilas olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizmleninizm elmini, onun prinsiplərini, Marksı, Lenini ideallaşdır-mışdırsa, indi də ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm: Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvəlində və xüsusən 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Bu, şəksiz-şübhəsizdir. Ancaq gəlin açıq danışaq: belə çıxır ki, bir vaxtlar deyirdilər, tariximizdə Kommunist Partiyasının, Sovet hökumətinin tarixindən savayı heç nə yoxdur. Bir müddət də deyirdilər ki, Stalindən, sonra isə Lenindən savayı heç kəs yoxdur. Burada da deyirlər ki, Məmmədəmin Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəyəov, Hacınski, Əlimərdan bəy Topçubaşov, Behbud bəy Şahtaxtinski və başqaları? Mən bu adların hamısını saymaq fikrində deyiləm, bəlkə də siz bu adları məndən də çox bilirsiniz. Ancaq bir adamı bütləşdirmək, ideallaşdırmaq lazım deyildir. Bu xəstəlikdən yaxa qurtarıb tarixin hər bir dövrünü olduğu kimi yazmaq lazımdır. Bu tarixçilərimizin əsas vəzifəsidir. Azərbaycan müstəqil dövlət kimi, şübhəsiz ki, öz tarixi, adət-ənənələri ilə və əsrlər boyu xalqın yaratdığı mədəniyyət əsərləri ilə fəxr edir. Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik. Müstəqillik dövründə torpaqlarımızı müdafiə etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bu, çox gərəklidir, lazımdır.
Tariximizin böyük səhifələrini, intibah dövrünü - XI-XII əsrlərdə Nizamini, Xaqanini, Fələkini, Məhsətini götürsək, onların hamısının yaradıcılığı geniş yayılmışdır. Ancaq təkcə bir cəhəti xatırlatmaq istəyirəm. Nizami Gəncəvinin 800 illiyi 1948-ci ildə keçirilmişdir. 1981-ci ildə biz Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər.
Təsəvvür edin, əgər biz Nizami Gəncəvini yaxşı tanıyırıqsa, yaxud da Qərb ölkələrinin, o cümlədən İngiltərənin kitabxanalarında, muzeylərində vaxtilə onun yaradıcılığını təhlil edən alimlər müəyyən əsərlər yazmışlarsa, Azərbaycanda 1948-ci ildən sonra dahi şairimizin əsərləri lazımi səviyyədə çap olunmamışdır. Nizami Gəncəvinin əsərlərinin Moskvada rus dilində nəşr olunması barədə qərar qəbul edilmişdir. Lakin sonra öyrəndik ki, "Xudojestvennaya literatura" nəşriyyatında bu əsərlər çap olunmamışdır. Böyük bir nailiyyət kimi yox, sadəcə olaraq xalqıma xidmət kimi deyə bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin rus dilində -ayrı-ayrılıqda nəşr olunmasına nəzarət etdim.
Lakin Moskvada mənə dedilər ki, Nizaminin əsərlərinin rus dilinə tərcüməsi istənilən səviyyədə deyildir. O zaman Mirzə İbrahimovdan və başqalarından xahiş etdim ki, mən artıq Azərbaycanda deyiləm, görün nə etmək olar ki, Nizami Gəncəvinin əsərləri rus dilinə yenidən tərcümə edilsin. Bəzi adamlar isə buna etiraz edirdilər. Axı rus dili böyük dildir, Rusiya böyük dövlətdir. Rusiyadan kənarda, başqa dövlətlərdə də rus dilində oxuyurlar. Əgər məktəblilərimiz ingilis, fransız, alman dillərində dərs keçirlərsə, bu, böyük nailiyyətdir, əgər rus dilində də təhsil alırlarsa, bu da böyük nailiyyətdir. Nizaminin əsərlərini böyük çətinliklə Moskvada nəşr etdirdik. Sonra mən Bakıya gələrkən Nizami muzeyinə getdim və gördüm ki, şairin beş əsərinin hamısı orada nümayiş etdirilir.
Nizami Gəncəvinin 850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley böyük bayram kimi keçirilməlidir. Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır. Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan da əvəzsizdir. Lakin 1948-ci ildən ötən 50 ilə yaxın vaxtda biz onların istənilən səviyyədə tətbiq edilib yayılmasına nail ola bilməmişik. Demək istəyirəm ki, bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Gələn il Füzulinin 500 illiyi tamam olacaq. Biz bu yubileyə yaxşı hazırlaşmalıyıq. Biz Füzulini təkcə "Leyli və Məcnun" poemasının müəllifi kimi yox, dünya miqyaslı filosof kimi, böyük alim kimi dünyaya tanıtmalıyıq. Təkcə ədəbiyyatçılar və yaxud Yazıçılar Birliyi deyil, bütün elm xadimlərimiz bu sahədə işləməlidirlər.
Yenə də qeyd edirəm, tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin b00 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğrurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, b00 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi oııyıı məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqqında danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur. Eyni zamanda böyük alimlərimiz - Bəhmənyar, Nəsirəddin Tusi və başqalarını qeyd etmək istəyirəm.
Müstəqil dövlət olmaq üçün xalqın gərək mentalitet səviyyəsi olsun. Xalqın mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil. Bir çox nəsillərin işidir, bununla məşğul olmaq lazımdır. Xalqımızın böyük şəxsiyyətlərinin həm yaradıcılığını, həm də Azərbaycan xalqı qarşısındakı xidmətlərini daim tədqiq etmək, şübhəsiz ki, mühüm vəzifələrdən biridir. Məsələn, Mirzə Fətəli Axundov kimi şəxsiyyətlərin. Gələn il Abbasqulu Ağa Bakıxanovun 200 illiyi, bu il Abbas Mirzə Şərifzadənin 100 illiyi, Ülvi Rəcəbin 90 illiyi, Əlağa Vahidin 100 illiyi tamam olur. Bunlar Azərbaycanın böyük şəxsiyyətləridir. Mən böyük şəxsiyyətlərimizin hamısını yada salmaq fikrində deyiləm. Yalnız bəzilərinin adlarını çəkərək öz fikirlərimi ifadə etmək istəyirəm. Tariximizdə hər bir şəxsiyyətin öz yeri var. Bu fikrə bir də qayıtmaq istəyirəm ki, tarixi təhrif etmək lazım deyil. 1920-ci ildən başlayaraq müstəqillik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Bu dövrdə xalqımız yüksəlmiş, onun mentaliteti, təhsil səviyyəsi qalxmışdır. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmı? Hansı siyasi-iqtisadi sistemin, ideologiyanın olmasının fərqi yoxdur.
Şübhəsiz, bu dövrün çox qaranlıq səhifələri də var -37-38-çi illər, elə 20-ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması. Bunlar həqiqətdir. Eyni zamanda o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əgər 70 il ərzində yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşaya bilərdimi?
Azərbaycanda savadsız adam tapmaq çətindir. Ətrafdakı Şərq ölkələrinə baxın, orada nə qədər savadsız adam var. Azərbaycanda ali təhsil səviyyəsi çox yüksəyə qalxmışdır. Dünənə qədər ali məktəblərimizi bəyənmirdilər. Düzdür, ali məktəblərin işində çoxlu nöqsan var, xüsusən rüşvətxorluq və sair kimi çirkin hallap var. Bu, həqiqətdir. Ancaq bütün bunlarla yanaşı, ali məktəblərimizin yaranması və inkişaf etməsi bu gün üçün nə qədər böyük nailiyyətdir! İndi siz başqa ölkələrin ali məktəbləri ilə müqayisə etdikdə görə bilərsiniz ki, biz ötən dövrdə böyük nailiyyətlər əldə etmişik. Bunları itirmək olmaz.
Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir, Nəriman Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır. Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur. Məmmədəmin Rəsulzadəni də o qoruyub saxlamışdır. Məşhur generallar Mehmandarovu və Şıxlinskini həbs etmək istəyirdilər. O zaman Nərimanov Leninə məktub yazaraq bildirmişdir ki, əvvəllər çar ordusunda, sonra isə müstəqil dövlətin ordusunda xidmət etmiş bu adamlar dəyərli şəxsiyyətlərdir və onlardan istifadə etmək lazımdır. Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar.
Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz. Biz Bakıda Nəriman Nərimanovun ev-muzeyini yaratmışıq, özü də böyük bir çətinliklə düzəltmişik. Eşidirəm ki, sonra vəzifəyə gələn adamlardan kim isə gözünü bu evə dikib. Muzeyi dağıdaraq özləri üçün mənzil edirlər. Bəs bu hansı mənəviyyata sığışar? Nəriman Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir.
Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovu götürək. O, əsrin əvvəlində Azərbaycanda klassik musiqinin yaradıcısı, opera sənətinin banisidir, Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratik Respublikası himninin müəllifi olmuşdur. Sonrakı dövrdə "Koroğlu" operası və başqa əsərlər yaradaraq sovet dövründə Azərbaycanın mədəniyyətini zənginləşdirmiş bir adamdır. Indi gərək Üzeyir Hacıbəyovu iki yerə bölək? Müsavat dövründəki və sovet quruluşundakı fəaliyyətinə bölək? Ola bilməz axı! Üzeyir Hacıbəyəv həddən artıq dəyərli şəxsiyyətdir. Onu günahlandıraq ki, 1938-ci ildə Moskvada böyük iftixar hissi ilə Stalinlə görüşmüş, Kalinin ona Lenin ordeni təqdim etmişdir?
Cəfər Cabbarlını götürək. Böyük yazıçımız, böyük dramaturqumuz, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş bir adamdır. Axı o da Müsavat Partiyasının üzvü olmuşdur. Bunu yaxşı bilirsiniz. Cəfər Cabbarlı sovet dövründə ən böyük əsərlər yazmış adamdır. Bizim nəslin əksəriyyəti onun əsərləri ilə tərbiyə olunmuşdur. "Od gəlini", "Yaşar", "Almas", "1905-ci ildə", "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Firuzə" və s. nə qədər gözəl əsərlərdir! Sonralar mən eşidirdim, deyirdilər yaxşı ki, Cəfər Cabbarlı 1934-cü ildə vəfat etdi, yoxsa həbs olunacaqdı. Axı bunlar bizə yaraşan sözlər deyildir. Ola bilər həbs edərdilər. Məsələn, böyük filosof şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin çənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilər. O zaman Bakıda Hüseyn Cavidin böyük abidəsini ucaltmaq haqqında qərar qəbul etmişdik. Tanınmış heykəltaraş Ömər Eldarov bu abidəni yaratdı, mən emalatxanada onu gördüm. Amma abidə neçə illər elə emalatxanada qaldı. Deyəsən, son vaxtlar abidə qoyulmuşdur. Təəssüf ki, mən vaxt tapıb onu ziyarət edə bilməmişəm. İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, höm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu? Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırdılar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış bir adamdır. Hüseyn Cavidin "İblis" əsəri heç də Hötenin "Faust"undan geri qalmır. Ancaq biz belə inciləri lazımi qədər qiymətləndirə bilmirik.
Güman edirəm ki, bunların hamısını Azərbaycanın müstəqilliyi dövründə təmin edə biləcəyik. Azərbaycan Respublikasının həm elmi, həm də mədəni potensialı böyükdür. Keçmişdə yaşayıb-yaratmış alimlərimiz, yazıçılarımız, şairlərimiz, bəstəkarlarımız böyük irs qoyub getmişdir. Indiki nəslin borcudur ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin. Ancaq bir tərəfdön biz müstəqillik əldə edərək böyük iftixar hissi ilə yaşayırıq, digər tərəfdən isə təəssüf ki, elmi dağıdır, mədəniyyətə biganə yanaşırıq. Bazar iqtisadiyyatına keçmək o demək deyildir ki, elmə, mədəniyyətə ayrılan vəsait azaldılmalı, bu sahələr ağır maddi vəziyyətə salınmalıdır.
Məsələn, buna necə dözmək olar ki, Azərbaycan Dram Teatrının binası dörd ildir təmir olunur? Halbuki biz o zaman iki il ərzində, 1971-ci ilin əvvəlindən 1972-ci ilin sonunadək saray tikdik - o vaxtlar Lenin adına saray adlanırdı, indi Respublika sarayı deyilir. Həmin saray Bakıda indiyədək tikilmiş mədəniyyət binalarından ən böyüyüdür və Allaha şükür, iyirmi ildən artıqdır ki, Azərbaycan xalqına, Bakı əhalisinə xidmət edir. Təkrar edirəm ki, biz onu iki il müddətində tikmişdik. Bəs nə üçün dörd il ərzində Dram Teatrını təmir edə bilmirlər? Bu, nə çətin işdir? Əgər bu dörd il ərzində Azərbaycanın rəhbərləri mədəniyyətə bir balaca qayğı göstərsəydilər, ayrıayrı silahlı dəstələr (məsələn, biri Xalq Cəbhəsinin, biri "Qardaşlığ"ın, biri Mütəllibovun, biri, nə bilim, Rəhim Qazıyevin, biri başqasının) yaratmaq əvəzinə həmin teatrın binasını təmir etsəydilər, bu, Azərbaycan xalqı üçün daha yaxşı olmazdımı?
1873-cü ildə Nəcəf bəy Vəzirov və başqa böyük şəxsiyyətlərimiz ilk Azərbaycan teatrını, Şərqdə ilk teatrı yaratdılar, özü də o şəraitdə, dini təzyiqin mədəniyyətimizə böyük məhdudiyyətlər qoyduğu bir vaxtda. 1973-cü ildə biz bütün dünyaya car çəkdik və böyük iftixar hissi ilə Şərqdə ilk müsəlman teatrının yüz illiyini qeyd etdik. Bu yubileyin necə təmtəraqla, hörmətlə keçirildiyi, yəqin ki, xatirinizdədir. İndi o teatrı xatırlamırlar. Məgər bu, Mirzə Fətəli Axundovun, Nəcəfbəy Vəzirovun, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Mirzağa Əliyevin, Sidqi Ruhullanın, Ələsgər Ələkbərovun ruhuna hörmətdirmi? Heç olmasa, onların ruhu qarşısında məsuliyyətinizi hiss edin. Əgər Hüseyn Ərəblinski o dövrdə böyük teatr, mədəniyyət xadimi kimi fəaliyyət göstərərək bu yolda öz həyatını qurban vermişsə, indi mədəniyyət xadimləri nə üçün həyəcan təbili çalmırlar ki, mədəniyyətimiz batır, dağılır.
Deyirlər ki, sağ olsun filankəslər mədəniyyətə kömək edirlər. Lakin mən bunu bu şəkildə qəbul edə bilmirəm. Necə yəni, dövlətin teatrı təmir etməyə imkanı yoxdur? Bu, nə məsələdir? Mən hələ görməmişəm, deyirlər ki, ayrıayrı adamlar özlərinə üçmərtəbəli bağ evləri, binalar tikdirmişlər. Allah sağlıqlarına qismət eləsin, heç kəsə paxıllığım yoxdur. Ancaq birinci növbədə teatr tikmək lazımdır. Xalq üçün, onun mədəniyyətinin inkişafı üçün teatrın nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirsiniz. Bir daha deyirəm, o dövrdə, ötən əsrin sonunda və XX əsrin əvvəlində qabaqcıl fikirli, xalqın mədəniyyəti haqqında düşünən, həm də imkansız adamlar teatrın qayğısına qalırdılarsa, indi dövlətin bizim əlimizdə olduğu bir vaxtda nə üçün qayğını hiss etmirik. Hacı Zeynalabdin Tağıyevə Allah rəhmət eləsin, vaxtilə teatr binası qoyub getmişdir. Sonra isə o bina dağıldı. İndi yenidən tikinti işləri yaxşı gedir, ancaq binanın memarlığına baxanda narahat oldum. Axı Azərbaycanın böyük memarlıq, rəssamlıq məktəbi var. 800-900 il bundan əvvəl Azərbaycan memarları bütün Şərqdə məşhur olan abidələr yaratmışlar.
Əcəmi Naxçıvaninin yaratdığı abidələr təkcə Naxçıvanda deyil, Şərq ölkələrinin bir neçəsində indi də qalmaqdadır. Şirvanşahlar sarayını tikən memarlar öz işlərinə əsl milli təfəkkürlə yanaşmışlar. Bəs indikilər? Yeni tikilməkdə olan teatr binasında Azərbaycan memarlığının bir nümunəsini də görə bilmədim. Həmin binanın hansı üslubda tikildiyini başa düşmədim. Musa Nağıyevə Allah rəhmət eləsin, bu binanı qoyub getmişdir. Gözəl binadır. Azərbaycan xalqı ondan istifadə edir. Memarlıq baxımından burada da qarmaqarışıqlıq çoxdur, mən bunu təhlil etmək istəmirəm. Ancaq Azərbaycan xalqının memarlıq, incəsənət nümunələri burada çoxdur. Səhv etmirəmsə, bu bina 1913-cü ildə tikilmişdir. Əgər Musa Nağıyev, binanı tikdirərkən bu məsələyə fikir vermişsə, indi 1992-1993-cü illərdə tikilən yeni bina niyə milli memarlıq üslubunda olmasın?
Güman edirəm ki, dediklərimi düzgün qəbul edəcəksiniz. Tənqidi fikirlər çox oldu, lakin bu, ünvansız tənqiddir. Eyni zamanda, sizə də, mənə də, başqalarına da aiddir. Bəlkə də mən özümə bəraət qazandıra bilərəm ki, on ildən çox müddətdə burada olmamışam, ancaq fikrən burada olmuşam. Bir sözlə, elmimiz, mədəniyyətimiz yaşamalı, inkişaf etməlidir.
Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, naqis cəhətlər də var. Ancaq ümumən götürüldükdə şübhəsiz ki, elmin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə, yox.
Son bir il ərzində akademiya haqqında fikir söyləyənlər özləri əvvəllər akademiyada işləmiş adamlar idi. İki gün əvvəl Ziya Bünyadovla söhbət edirdim. Dedim ki, günahlar hamısı səndədir. Çünki kimdən söz düşürsə, deyir ki, o mənim aspirantım, laborantım olub. Dedim ki, yaxşı, o adamları sən belə öyrətmişdin, nədir? (Salonda gülüşmə) Yeganə bir şeylə təsəlli tapır: Əbülfəz Elçibəy deyib ki, Ziya Bünyadova dəyməyin, o mənim müəllimim olub. (Salonda gülüşmə).
Bir daha deyirəm ki, dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir. Ancaq bunlarda qayda-qanun olmalıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir. Şübhəsiz ki, bazar iqtisadiyyatına keçdiyimiz indiki şəraitdə burada müəyyən çətinliklərlə rastlaşacağıq. Ancaq güman edirəm ki, bunların öhdəsindən gələ bilərik.
Bu gün buraya, sadəcə olaraq, sizinlə görüşmək üçün gəlmişəm. Lakin mən belə başa düşdüm ki, siz buraya prezident seçkiləri ilə əlaqədar toplaşmısınız. Mən sizə açıq demək istəyirəm, buna inanın, dəfələrlə də demişəm, - Azərbaycanda yenidən böyük bir vəzifə tutmaq arzusunda olmamışam. Bilirsiniz ki, 1982-ci ilin dekabrında Azərbaycandan getmişdim. 1987-ci ilin oktyabrın sonunda tutduğum vəzifələrdən - Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən azad edilmişdim. Ondan sonrakı illər məndən ötrü ağır, çətin dövr olmuşdur. Ancaq bu ağır, çətin dövrdən, imtahanlardan da çıxdım, iradəm qırılmadı, əqidəmdən dönmədim.
Mənə qarşı böhtançılıq kampaniyası başlayanda bu işə qoşulanlar az idi, xalq isə Azərbaycanda işlədiyim dövrdəki fəaliyyətimə lazımınca qiymət verirdi. Buna görə də mən Azərbaycan xalqına minnətdaram. Düzdür, xalqın belə nümayəndələrinin bəzən sösi çıxmırdı, bəzən onlara imkan vermirdilər. Ancaq mən bunu qəlbən hiss edirdim. Azərbaycan xalqı məni böyüdüb, geniş ictimai-siyasi fəaliyyətlə məşğul olmağım üçün yol açmış, uzun illər mənə böyük etimad göstərmişdir. Həyatımın ağır dövründə də daim Azərbaycan xalqının mənə olan müsbət münasibətini, hörmətini, uzaqda olsam da, duymuşam, hiss etmişəm. Bu tellər heç vaxt qırılmayıb, məni ağır imtahanlardan, əzab-əziyyətlərdən və hətta təqiblərə məruz qaldığım ağır dövrdən də çıxarmışdır.
Mən yenidən siyasi fəaliyyətə başlamaq fikrində olmamışam, sadəcə olaraq, Moskvada və Bakıda yaşamağım üçün şərait olmadığına görə, doğulduğum Naxçıvan şəhərinə sığındım, orada bir müddət yaşadım. Heç bir başqa iddiam olmadı. Orada yaşadığım dövrdən çox razıyam. Həyat şəraitim çətin olsa da, ictimai mənəvi mühit məndən ötrü çox yaxşı idi. Çünki sadə insanların arasında yaşayırdım, sadə, çox kasıb həyat sürən adamlarla bir yerdə idim. Əgər belə şəraitdə yaşadığım gənclik dövrünü nəzərə almasam, bəlkə də bu, həyatımın mənəvi baxımdan ən zəngin dövrü olmuşdur. Ona görə də heç vaxt yenidən Azərbaycanda dövlət vəzifəsi tutmaq fikrində və arzusunda olmamışam. Ancaq tale belə gətirdi ki, özümdən asılı olmayaraq yenidən Bakıya gəlməli oldum. Xalqın mənə ehtiyacı olduğunu duyarkən bu fikirdən boyun qaçırmadım. Mən nə vəzifə tutmaq üçün, nə də Azərbaycanın dövlət başçısı olmaq üçün mübarizə aparmamışam, indi də aparmıram. Ancaq doğrudan da, əgər indi Azərbaycan xalqının, respublikanın mənə ehtiyacı varsa, özümü kənara çəkə bilmərəm. Baxmayaraq ki, indi respublika dağılmış vəziyyətdədir. Təsəvvür edin ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Bəlkə də mən səhv edirəm, lakin Azərbaycan indi təxminən belə vəziyyətdədir. Belə bir vəziyyətdə gəlib bütün məsuliyyəti öz üzərimə götürmək, şübhəsiz ki, şəxsi nöqteyi-nəzərdən yanaşılsa, lazımlı şey deyildi.
Amma məsələyə bütünlükdə xalqın, respublikanın mənafeyi baxımından yanaşaraq Ali Sovetin sədri vəzifəsini aparmağa etiraz etməmişəm. Indi də prezidentliyə namizəd göstərilməyimə etiraz etmədim. Ancaq bu vəzifə üçün mübarizə aparmıram. Mənə dedilər ki, qaydaya görə, prezidentliyə namizədliyi göstərilən adamın vəkilləri olmalıdır. Dedim ki, mənə lazım deyil. Elə hesab edirəm ki, əgər xalqa lazımamsa, mənim vəkilim bütünlükdə xalqdır. Yox, əgər lazım deyiləmsə, nə ehtiyac var ki, 15-20 nəfər məni təbliğ etsin, desinlər ki, Heydər Əliyev yaxşı adamdır, bunu edəcək, onu edəcəkdir. Bu, mənə lazım deyildir.
Mən sizə səmimi deyirəm. İndi heç kimə heç bir vəd vermək istəmirəm. Ali Sovetin sədri seçiləndə də məndən soruşdular ki, nə vəd edirəm? Cavab verdim ki, mən peyğəmbər deyiləm. Azərbaycanın bu vəziyyətdən necə çıxacağını deyə bilmərəm. Ancaq əgər mən bu vəzifəni öz üzərimə götürürəmsə, deməli, Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını (əlbəttə, xalqla, onun ağıllı, düşünən adamları ilə birlikdə) arayıb-axtarmağı bacararam. Indi də təkrar edirəm ki, mən heç bir vəd vermirəm. Yalnız bir şeyi vəd edə bilərəm: Azərbaycan xalqına, millətimə, torpağıma sadiq olmuşam və ömrüm boyu da sadiq olacağam. Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm və ömrümün bundan sonrakı illərini də xalqıma bəxş edirəm. Bu sözlərlə də çıxışımı bitirirəm. Sağ olun.