Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimlərinin böyük bir qrupuna "Şöhrət" ordenlərinin təqdim edilməsi mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Prezident iqamətgahı, 21 avqust 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Müstəqil Azərbaycan dövlətinin dövlətçilik atributlarından biri dövlətin mükafatlarıdır - ordenlər, medallar və başqa mükafatlardır. Bildiyiniz kimi, Azərbaycan dövlətinin ordenləri, medalları təsis olunub və ötən illərdə Azərbaycanın görkəmli şəxsləri bu ordenlərlə, medallarla təltif ediliblər. Təltif olunanların əksəriyyəti Azərbaycanın mədəniyyət, elm xadimləri - ədəbiyyatda, incəsənətdə, elmdə xalq qarşısında xidmət göstərmiş, fərqlənmiş şəxslərdir.

Bu gün siz təltif olunanlara ordenlərin təqdim edilməsi mərasiminə dəvət olunmusunuz. Mən də bu şərəfli vəzifəni yəni ordenləri sizə təqdim etmək kimi şərəfli vəzifəni həyata keçirməyimdən çox məmnunam.

Mərhum xalq yazıçısı İlyas Əfəndiyevin layiq görüldüyü "Şöhrət" ordenini onun oğlu Elçin Əfəndiyevə təqdim edirəm. Heyf ki, mən bu ordeni İlyas Əfəndiyevin özünə təqdim edə bilmədim, çox təəssüf edirəm. Çünki o vaxt, sadəcə, bizim bu nişanlarımız hazır deyildi. Ancaq, eyni zamanda, mən məmnunam ki, Elçin, sən onun yaradıcılığını davam etdirirsən. Həm oğlu kimi, həm də Azərbaycanın mədəniyyət xadimi kimi sənin İlyas Əfəndiyevə məxsus olan ordeni almağa tam hüququn var.

Elcin Əfəndiyev:  Hörmətli prezident! Əziz dostlar!

Sizin dediyiniz kimi, mən də böyük bir ağrılı-acılı duyğu ilə təəssüf edirəm ki, layiq olduğu bu yüksək mükafatı bu gün Sizdən bilavasitə İlyas Əfəndiyev özü almadı. Ancaq təskinliyi onda tapıram ki, bu gün İlyas Əfəndiyevin ruhu burada, bu salonda, bizimlə bir yerdədir və onun ruhu şad olur. Şad olur ona görə ki, İlyas Əfəndiyev bütün varlığı, canı-qanı ilə Azərbaycan xalqına bağlı olan sənətkar, yazıçı idi. Bütün varlığı ilə Azərbaycan Respublikasına, onun müstəqilliyinə və ərazi bütövlüyünə bağlı bir sənətkar idi. İlyas Əfəndiyev Azərbaycan Respublikasının prezidentinə, cənab Heydər Əliyev, şəxsən Sizə son dərəcə böyük hörmət və ehtiram bəsləyən bir insan idi. Mən bu yüksək mükafata görə İlyas Əfəndiyevin ailə üzvləri adından Sizə bir daha dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Çox sağ olun.

Heydər Əliyev:  Xalq yazıçısı Hüseyn İbrahimovu orden alması münasibətilə təbrik edirəm.

Hüseyn İbrahimov:  Hörmətli prezident! Dörd il bundan əvvəl Siz məni Azərbaycanın şöhrət rəmzi olan "Şöhrət" ordeni ilə təltif edəndə və 75 yaşım münasibətilə təbrik edəndə ürəyimdən çox qəribə bir hiss keçmişdi. Düşünürdüm ki, gün o gün olsun, mən Sizin 75 yaşınızı təbrik edim. Düzdür, mən uzaqda yaşadığım üçün Sizi bilavasitə təbrik edə bilmədim.

Ancaq bu il çıxan üç kitabımı Sizə hədiyyə göndərdim və onlardan birində Sizə avtoqraf-təbrik yazdım. Bunlar mənim seçilmiş əsərlərimdir və oraya böyük memar Əcəmi Əbubəkr oğluna həsr etdiyim "Əsrin onda biri" romanım daxil edilmişdir. Mən avtoqraf-təbriki ona görə bu roman olan kitabda yazdım ki, Sizi XX əsr Azərbaycanının Atabəyi hesab edirəm. Ona görə öz ürək sözlərimi yazdım ki, bəlkə Sizi üzbəüz görüb öz təşəkkürümü çatdıra bilmədim.

Bu gün özümü xoşbəxt sayıram ki, üzbəüz Sizin 75 illiyinizi təbrik edirəm. Fürsətdən istifadə edərək onu demək istəyirəm ki, bu xalqa lazım olan şəxsiyyət olduğunuz üçün allah-təala Sizə uzunömürlülük kimi bir bəxtəvərlik, xoşbəxtlik nəsib edibdir. Bir də ona görə Sizə təşəkkürümü bildirirəm ki, bu yaxınlarda bir qrup yazıçı ilə birlikdə mənə də "Xalq yazıçısı" kimi yüksək ad vermisiniz. Mən bu fəxri adı Sizin ürəkdən bağlandığınız, sevdiyiniz Naxçıvan torpağına məhəbbətiniz və ehtiramınız kimi qiymətləndirirəm. Lev Tolstoyun gözəl bir kəlamı var, deyir ki, Yasnaya Polyanasız bütün Rusiyanı təsəvvür etmək çətindir.

Naxçıvansız da bütün Azərbaycanı təsəvvür etmək çətindir. Arzu edirəm ki, Siz həmişə xeyirxah fərmanlar imzalayasınız, xoş niyyətli, xoş məramlı, xoş müjdəli sərəncamlar verəsiniz. İstərəm ki, Siz xalqımızı XXI əsrə aparan bələdçi olasınız. Mən istərəm ki, ölkəmizin haqq qafiləsinin sarbanı Siz olasınız və onu XXI əsrə aparasınız. İstərəm ki, Siz XXI əsrin ilk illərində də Azərbaycanın prezidenti olasınız və xalqımıza başçılıq edəsiniz. Biz torpaqlarımızı erməni işğalçılarından dinc yolla azad edə bilsək, ona Siz rəhbərlik edəsiniz. Lazım gəlsə, böyük intiqam günü üçün ayağa qalxmalı olsaq, ordumuzun baş komandanı Siz olasınız. Gələn il Sizin 76 yaşınız tamam olur, mənim isə 80 yaşım. Mən bu 80 yaşı Naxçıvan torpağında yaşamışam. Ona görə də Sizə xeyir-dua vermək istəyirəm. Allah-təala Sizi həmişə hifz eləsin, Sizi bu xalqa çox görməsin. Mənim bu sözlərimi də ixtiyar bir yazıçının həmişə cavan görünən prezidentə xeyir-duası kimi qəbul edin.

Heydər Əliyev:  Mərhum xalq şairi İsmayıl Şıxlının oğlu Elçin Şıxlıya atasının ordenini təqdim edərək, - İlyas Əfəndiyev haqqında dediyim sözləri İsmayıl Şıxlı haqqında da təkrar etmək istəyirəm. Mənim İsmayıl Şıxlıya olan böyük hörmətim məlumdur. Onun Azərbaycan xalqı qarşısındakı xidmətləri də hamıya məlumdur. Təəssüflər olsun ki, o, həyatı vaxtsız tərk etdi və mən bu ordeni şəxsən ona təqdim edə bilmədim. Sənə, onun oğluna təqdim edirəm. Allah bundan sonra sizin ailənizə heç bir qəm-kədər verməsin.

Elçin Şıxlı:  Məndən əvvəl burada İlyas Əfəndiyevin oğlu, - onunla da adaşıq, - Elçin müəllim bir söz dedi, onu təkrar etmək istəyirəm. Çox təəssüf ki, atam özü bu böyük mükafatı Sizdən ala bilmədi. Sağ olun.

Heydər Əliyev:  Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəni orden alması münasibətilə təbrik edirəm. Şeyx həzrətləri, siz Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmiş və bunlara görə də bu yüksək mükafata layiq olmusunuz. Bu ordeni məmnuniyyətlə təqdim edir, sizə cansağlığı arzulayıram.

Şeyxülislam Hacı Allahşükür Paşazadə:  Möhtərəm prezident! Mən hesab edirəm ki, bu təltif bütün Qafqaz müsəlmanlarına, mənəviyyatımıza verilən qiymətdir. Müstəqil Azərbaycan dövlətinin rəhbərinin mənəviyyatımıza verdiyi qiymətdir. Ona görə də mən allah-təaladan Sizə cansağlığı, uzun ömür, başda Siz olmaqla bütün xalqımıza xoşbəxtlik arzu edirəm. Çox sağ olun.

Heydər Əliyev:  Mərhum akademik İmam Mustafayevin təltif olunduğu ordeni onun qızı Tərlan Mustafayevaya təqdim edirəm. Təəssüf edirəm ki, bizim dəyərli insanlarımız həyatdan gediblər. Ancaq onların gördükləri işlər durur, o cümlədən İmam Mustafayevin gördüyü işlər də yaşayır. Ordeni də böyük məmnuniyyətlə sizə təqdim edirəm.

Tərlan Mustafayeva:  Bu gün mənim üçün çox təsirli, gözəl gündür ki, atamın layiq görüldüyü mükafatı Sizdən alıram. Məni buraya dəvət etməyi lazım bildiyinizə görə ailəmiz Sizə minnətdardır. Otuz ildir ki, Siz həmişə bizim ailəmizə böyük diqqət göstərmisiniz. Ailəmizin, atamın çətin günlərində həmişə elə etmisiniz ki, ədalət öz yerini tutubdur. Bunu unutmaq olmaz.

Mən Sizi ad gününüz münasibətilə təbrik edənlərə həmişə qibtə edirdim. İcazə verin, bu gün mən də Sizi təbrik edim. Çünki bu il Sizin ilinizdir, ona görə də dekabrın 31 - dək təbrik etmək olar. Sizə xoşbəxtlik, cansağlığı, tükənməz enerji arzulayıram. Qoy Sizin bütün ülvi arzularınız həyata keçsin. Sizə kiçik bir hədiyyə etmək istəyirəm. Ərəb ustalarının hazırladıqları bu metal nimçədə Allahın 99 adı həkk olunmuşdur. Qoy bu Sizi hifz eləsin.

Heydər Əliyev: XXV olimpiya oyunlarının çempionu Nazim Hüseynovu orden alması münasibətilə təbrik edirəm.

Nazim Hüseynov:  Möhtərəm prezident! Fəxr edirəm ki, Siz mənə yüksək "Şöhrət" ordenini təqdim etdiniz. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Heydər Əliyev:  Xalq artisti Qəmər Almaszadəyə ordeni təqdim edir və onu təbrik edirəm. Sizi yubileyiniz münasibətilə təbrik edirəm. Ancaq hesab edirəm ki, bir müddətdən sonra sizi daha bir yubiley münasibətilə təbrik edəcəyik. Bu mükafat əvvəlki yubileyə görədir. Elə bilirəm ki, sonrakı yubileyi daha yaxşı qeyd edəcəyik və siz daha yüksək mükafata layiq görüləcəksiniz.

Azərbaycanda maarifin inkişafında böyük xidmətləri olan Sona xanım Tağıyevaya bu yüksək mükafatı təqdim edirəm. Mən sizi təbrik edirəm. On illərdir sizinlə əməkdaşlıq edirik. Şadam ki, bu gün də varsınız və Azərbaycan ordenini sizə təqdim edirəm.

Sona Tağıyeva:  Hörmətli prezident! Bu, dördüncü ordendir ki, mənə verirsiniz. Bu, maarifə olan böyük hörmətdir. Siz 1969-cu ildən 1982-ci ilədək maarifimizin inkişafına nə qədər böyük qayğı göstərmisiniz. Mən 1969-cu ildən 1982-ci ilə qədər Heydər Əliyevin Mərkəzi Komitədə işləməsini görmüşəm. Plenumlardan qayıdanda həmişə müəllimlərə danışardım - nə qədər diqqət, qayğı göstərirdi. 1982-ci ildən sonra maarifimiz çox kasıbladı, 1990-cı ildən sonra isə birdən dağıldı. Amma indi Siz əvvəlki maarifimizi bizə qaytardınız. İndi hamı bilir ki, arxasında Heydər Əliyev kimi çox qayğıkeş prezidentimiz var. Siz uşaqların bayramlarında əyilib onları öpür, qucağınıza götürürsünüz, görün, ürəyinizdə nə qədər atalıq, babalıq qayğısı var! Nə qədər sevinirəm ki, prezidentimiz işinin bu cür çoxluğuna baxmayaraq, məni də yaddan çıxarmır. İlham 6 nömrəli məktəbdə oxuyanda onun buraxılış gecəsində olmağınız da yadımdadır. Biz bunların hamısını müəllimlərə, uşaqlara danışırıq. Tədrisimizə daxil etmişik ki, aşağı siniflərdən on birinci sinfə qədər şagirdlərimiz prezidentimizin həyat və fəaliyyətini bilsinlər. Hər dəfə dərs zamanı uşaqlara deyirəm ki, Siz Heydər Əliyevə baxırsınızmı, görürsünüzmü necə olmaq lazımdır? Siz mənə qardaşlıq etmisiniz, bəlkə də özünüz bilmirsiniz.

Mən Sizə ailəm adından cansağlığı arzu edirəm. İki gün qabaq Səbail rayonunda maarif işçiləri toplaşmış, seçkidə hamı Sizə səs verəcəyini bildirmişdir.

Heydər Əliyev:  Əməkdar idman ustası Ələkbər Məmmədovu təbrik edirəm. Futbolumuz da yaşayır, inkişaf edir və edəcəkdir. Xalq şairi Fikrət Qocanı yüksək mükafat alması münasibətilə təbrik edirəm.

Fikrət Qoca: Cənab prezident! Keçən dəfə "İstiqlal" ordeni təqdim ediləndə mənim dostum, qardaşım Anarın dediyi sözləri təkrar eləmək istəmirəm. Amma demək istəyirəm ki, onunla yüz faiz razıyam. Ancaq həm 75 illiyinizi təbrik etmək üçün, həm də bugünkü gün münasibətilə Sizə zarafatyana balaca bir şer yazmışam:

                                                                                                           İstiqlal verdiniz,
                                                                                                           şöhrət gətirdiz bizə,
                                                                                                           Bu yerdə ehtiyac var
                                                                                                           qafiyələnmiş sözə.
                                                                                                           Çox yaxşılıq etmisiz,
                                                                                                           demirəm ki, aman ver,
                                                                                                           Bir yaxşılıq da elə,
                                                                                                           bir az bizə zaman ver,-
                                                                                                           Bir yetmiş il də yaşa
                                                                                                           Belə cavan,
                                                                                                           Firavan,
                                                                                                           Hər gün zövq ala-ala.
                                                                                                           Mən də o yetmiş ildə
                                                                                                           Sizin yaxşılığınızdan
                                                                                                           Çıxaram bala-bala.
  
Heydər Əliyev:  Üzeyir Hacıbəyovun Dövlət Ev Muzeyinin direktoru Ramazan Xəlilovu təbrik edirəm. Mən istəyirəm ki, sizin 100 illiyinizi qeyd edək, mən bunu gözləyirəm. İstəyirəm özüm də o vaxtadək yaşayım və 100 illik yubileyiniz münasibətilə sizə mükafat təqdim edim.

Ramazan Xəlilov:  Zati-aliləri, bizim əziz, çox hörmətli prezidentimiz!

80 il bundan əvvəl 3-cü Ləzgi Süvari Alayının komandiri mənə poqonlar və başlıq təqdim edərək dedi ki, poqonları şərəflə, başlığı isə ləyaqətlə daşı. Bugünkü gün təkcə məndən ötrü deyil, hamı üçün, bizim bütün ziyalılarımız üçün böyük bayramdır. Bu gün mən yaradıcılığıma görə Sizin əlinizdən yüksək mükafat alıram. Ürəyim Sizin ünvanınıza demək istədiyim səmimi sözlərlə doludur. Mən Sizin çıxışlarınızı diqqətlə izləyir və hər gün ən müxtəlif səviyyəli adamlarla gördüyünüz nəhəng işə heyran qalıram.

Allah Sizə böyük istedad bəxş edibdir. Lakin bu istedad misilsiz zəhmətlə birləşibdir. Siz elə bir insansınız ki, istənilən səviyyədə, istənilən diplomatlarla danışıqlar apara bilirsiniz. Bunu hər kəs bacarmır. Ona görə də demək istəyirəm ki, Heydər Əliyevin ətrafında birləşmək lazımdır, bəziləri kimi ona mane olmaq yox, kömək etmək lazımdır. Mane olmaq istəyən miskin adamlardır, onlar xalqa xidmət etmək üçün yox, öz ciblərini doldurmaq üçün vəzifə tutmaq istəyirlər. Xalqın əsl xidmətçisi Sizsiniz. Siz bütün biliyinizi, qüvvənizi, sağlamlığınızı öz xalqınıza həsr edirsiniz. Mən II Nikolaydan başlamış çox adamlarla görüşmüşəm, sonuncu görüşüm Cövhər Dudayevlə olubdur. Təhlil etməyə imkanım var. Heydər Əliyeviç, deyə bilərəm ki, Allahın verdiyi xoşbəxtlikdir ki, Azərbaycanın Sizin kimi övladı var. Siz hər şeyi, hamını yadda saxlayırsınız, Sizin fövqəladə yaddaşınız var. Elə burada müxtəlif sahələrdən olan nə qədər adam əyləşib, Siz onların hər birini tanıyırsınız. Allah Sizə uzun ömür versin ki, respublikamıza rəhbərlik edəsiniz. Çünki mən respublikanı bu çətin vəziyyətdən çıxara biləcək ikinci adam anımıram. Öz ölkəsinin "Şöhrət" ordeninə layiq görülmək hər adama qismət olmur. Siz bizim hər birimizin əməyinə qiymət vermisiniz. Çox sağ olun, Allah Sizə cansağlığı versin. Mən isə çalışacağam ki, Sizin istəyinizi yerinə yetirim.

Heydər Əliyev:  Sovet İttifaqı qəhrəmanı Məlik Məhərrəmovu orden alması münasibəti ilə təbrik edirəm. Sən İkinci Dünya, Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərib "Qızıl ulduz" medalına layiq görülmüsən. İndi ictimaiyyətimiz də bilir ki, azərbaycanlılardan Sovet İttifaqı Qəhrəmanı adı daşıyanların əksəriyyəti həyatını dəyişibdir. Xoşbəxtlikdir ki, Məlik Məhərrəmov bizim sıralarımızdadır, özü də möhkəm durubdur. Müharibədə qəhrəmanlıq göstərmisən, 1945-ci ildən 1998-ci ilə qədər 53 ildir ki, sən öz xalqına yenə də sədaqətlə xidmət edirsən. Həm xalq, həm də dövlət bunu yüksək qiymətləndirir. Ona görə də mən Azərbaycanın yüksək mükafatını - "Şöhrət" ordenini böyük məmnuniyyətlə sənə təqdim edib, cansağlığı arzulayıram. Təbrik edirəm.

Məlik Məhərrəmov:  Möhtərəm prezident. Mən bir neçə ordenlə təltif olunmuşam və bu ordenləri mənə ayrı-ayrı yüksək vəzifəli adamlar təqdim ediblər. Bu gün mənim üçün ona görə daha şərəflidir ki, müstəqil Azərbaycan dövlətinin "Şöhrət" ordenini mənə Siz təqdim edirsiniz. Bu gün bir daha fərəhlidir ki, bu yüksək mükafatı mənə həm hörmətli prezidentimiz, həm də ondan qabaq bir-birimizin xətrimizi istədiyimiz, ən çox sevdiyim adam təqdim edir. Hörmətli prezident, buna görə Sizə "Çox sağ olun" deyirəm, minnətdarlığımı bildirirəm.

Heydər Əliyev:  Xalq artisti, bəstəkar Vasif Adıgözəlova bu ordeni təqdim edirəm. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Vasif Adıgözəlov:  Möhtərəm cənab prezident. Mən müstəqil dövlətimizin bu yüksək mükafatını Azərbaycanın bütün musiqi xadimlərinin, sənətşünaslarının yaradıcılığına Sizin tərəfinizdən verilən böyük qiymət kimi qəbul edirəm. Çünki, bir Allah bilir ki, Azərbaycan musiqisinin inkişafında rolunuz Siz hələ prezident olmamışdan xeyli əvvəl - 1960-cı illərin axırlarında başlamışdır. Mən Sizinlə tanış olduğum illəri nəzərdə tuturam. Siz ondan da əvvəl Azərbaycan musiqisinin inkişafına çox kömək etmisiniz. Bilirsiniz ki, musiqi xadimlərinin həyatı çoxlu problemlərlə qarşılaşır. Bizim həyatımız asan yolla getmir. Bu da təbiidir. Çünki musiqi elə bir sənətdir ki, həyatı rahatlıqla axıra çatdırmaq çox çətindir. Bu çətinliklərə, xüsusən də son illərdə qarşılaşdığımız çətinliklərə baxmayaraq, biz Azərbaycan musiqisini qorumaq, saxlamaq və daha da inkişaf etdirmək yolunda əlimizdən gələni əsirgəməmişik. Biz bunu ona görə etmişik ki, Siz bizdə bu inamı yaratmısınız. Biz Sizə arxalanıb bunu etmişik, ən çətin anlarda belə heç nədən çəkinməmişik. Çünki həmişə bilmişik ki, Azərbaycan musiqisinin böyük dostu, musiqimizi sevən, musiqi xadimlərinin yaradıcılığına yüksək qiymət verən vardır. Bugünkü gün mənim dediklərimin sübutudur. Heydər Əlirza oğlu, bu gün bütün bəstəkarlar, musiqişünaslar adından mən Sizə öz minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqının siyasi həyatında böyük hadisələr gözlənilir. Yəni xalqımız prezident seçkilərinə hazırlaşır. Möhtərəm prezident, mən Sizi əmin edirəm ki, bütün bəstəkarlar, musiqişünaslar ancaq bir prezident tanıyırlar, o da Sizsiniz. Biz hamımız ancaq Sizə səs verəcəyik. Mən Sizi əmin edirəm ki, biz 2000-ci ildə və ondan sonra da musiqimizin inkişafı üçün əlimizdən gələni edəcəyik və Siz də bizə həmişə kömək olacaqsınız. Çox sağ olun, Sizə minnətdaram.

Heydər Əliyev:  Xalq artisti Səyavuş Aslanı təbrik edirəm. Sənə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Əgər çıxış edəcəksənsə, gülməli bir söz de. Yoxsa sən də siyasətdən danışacaqsan.

Səyavuş Aslan:  Hörmətli prezident, mənim siyasətlə işim yoxdur. O gün olsun ki, 80 illiyinizdə də prezident olasınız, biz də yubileyinizdə səhnəyə çıxıb Sizi doyunca güldürək. Mən söz verirəm ki, 80 illiyinizdə Sizi doyunca güldürəcəyəm. Sağ olun.

Heydər Əliyev:  Tarix elmləri doktoru Sara Aşurbəyliyə bu yüksək mükafatı təqdim edirəm. Sara xanım, biz sizin yubileyinizi də qeyd etdik. Çox məmnunam ki, indi bu ordeni də şəxsən mən sizə təqdim edirəm.

Sara Aşurbəyli:  Cənab prezident. Sizə öz minnətdarlığımı bildirirəm. Siz həmişə mənə yaxşı münasibət bəsləmisiniz. Çox arzu edirdim ki, Sizinlə görüşüm və Sizə yeni-yeni uğurlar diləyim.

Heydər Əliyev:  Sara xamım, Azərbaycan elmində, xüsusən tarix elmində və Bakının tarixinin yazılmasında sizin misilsiz xidmətləriniz vardır. Sağ olun. Sizə cansağlığı arzu edirəm.

Naxçıvan Dövlət Filarmoniyasının solisti Abdulla Babayevi orden alması münasibətilə təbrik edirəm. Sən Naxçıvanın, Azərbaycanın müğənnisisən, həmişə yaxşı oxumusan, indi də yaxşı oxuyursan. Arzu edirəm ki, yeni-yeni mahnılar oxuyasan.

Abdulla Babayev: Çox sağ olun, möhtərəm prezident. Mən Sizə həsr etdiyim mahnılarımı həmişə oxuyacağam və Sizə dua edəcəyəm.

Heydər Əliyev: Mərhum akademik Mark Dalinin təltif olunduğu ordeni onun qızı Alla Markovna Knyazyuka təqdim edirəm. Sizin atanızı həmişə xatırlayacağıq. O, Azərbaycan elminin inkişafı üçün çox iş görmüşdür və Azərbaycan xalqının, elminin tarixində həmişə qalacaqdır.

Alla Knyazyuk: Əziz Heydər Əliyeviç! Mən çox xoşbəxtəm və özüm üçün böyük şərəf sayıram ki, bu təntənəli mərasimə dəvət olunmuşam. Mən ikili hiss keçirirəm: bir tərəfdən, fəxr edirəm ki, atamın təltif olunduğu bu ordeni mənə şəxsən Siz təqdim edirsiniz, digər tərəfdən də təəssüflənirəm ki, atam bu xoşbəxt günü görə bilmədi. Atam çox təvazökar, şöhrətpərəstlikdən uzaq adam idi. Ancaq o, "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında fərmanı eşidəndə bunu böyük minnətdarlıqla qarşılamış və özünü çox xoşbəxt saymışdı. Çünki bu, onun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə verilən qiymət, şəxsən Sizin verdiyiniz qiymət idi. Atam Bakıda doğulmuş və bütün ömrünü burada yaşamışdır. Azərbaycan onun vətəni idi. Atam əsl vətənpərvər idi və öz vətənini sevirdi, ona sadiq idi. Onun yaratdığı və rəhbərlik etdiyi institut məşhur idi və hələ atamın sağlığında ona "Dalin İnstitutu" deyirdilər. Bunu xaricdə də bilirdilər. Hələ o vaxtlar atam "Britiş Petroleum", "Mobil" kimi şirkətlərlə elmi əlaqələr saxlayırdı. O, Sizinlə olan görüşlərini tez-tez xatırlayır, hələ o illərdə Azərbaycanda neft, neft kimyası sənayesinin sürətlə inkişafında Sizin misilsiz rolunuzdan danışırdı. Sizinlə olan görüşlərini "Azərbaycanda neft kimyasının inkişaf yolları" monoqrafiyasında əks etdirmişdir. Mən çox xoşbəxtəm ki, atamın adı Azərbaycanın Məmmədəliyev, İsmayılov, Quliyev, Nağıyev və başqa kimyaçı alimləri ilə bir sırada durur. Əlbəttə, atam sağ olsaydı, Sizə minnətdarlıq etmək üçün daha yaxşı sözlər deyə bilərdi. Mən isə onun xatirəsini əziz tutduğunuza görə Sizə minnətdaram.

Atamın adının unudulmayacağı barədə dediyiniz sözlərə görə Sizə təşəkkür edirəm. İcazə yerin, Sizi 75 illiyiniz münasibətilə təbrik edim, Sizə cansağlığı, xoşbəxtlik, qarşıdakı prezident seçkilərində parlaq qələbə arzulayıram. Biz hesab edirik ki, Azərbaycanın işıqlı gələcəyi yalnız Sizin adınızla bağlıdır.

Heydər Əliyev:  Xalq artisti Sofya Hüseynovanı orden alması münasibətilə təbrik edirəm. Mən sənə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Mən Naxçıvanda olanda sənin anan sağ idi. O, çox gözəl aktrisa olubdur. Sənin anan Xədicə xanım Qazıyeva Naxçıvan teatrının uzun illər ən aparıcı aktrisası olub, baş rolları oynayıbdır. Mən teatrla həmişə bağlı olmuşam. Hələ uşaqlıq, gənclik illərimdə teatra gedərkən Xədicə xanım Qazıyevanın oynadığı baş rollara heyranlıqla baxmışam.

Sofya Hüseynova: Azərbaycan xalqının əziz, çox hörmətli, görkəmli və əvəzolunmaz prezidenti cənab Heydər Əliyev!

Hörmətli mərasim iştirakçıları!

Ömrümün 50 ilini teatr aləminə bağlamağıma baxmayaraq, bu gün mən öz sevincimi, həyəcanımı gizlədə bilmirəm. Çünki mən bu anı səbirsizliklə gözləyirdim. Möhtərəm prezident, burada, Sizin qarşınızda öz ürək sözlərimi bildirmək həm çətin, həm də çox xoşdur. Mən bundan qürur hissi keçirirəm, fərəh duyuram. Hörmətli prezidentim, məni fərəhləndirən, yüksəklərə qaldıran, sadə əməyimə qiymət verən Sizsiniz. Bu, biz incəsənət adamları üçün mənəvi qidadır. Mənə verilən ali mükafatı Naxçıvan teatrında çalışan öz yoldaşlarımla bölmək istəyirəm. Çünki mən tək heç nə edə bilməzdim. Yəqin anam Xədicə xanım məni vaxtilə teatra gətirməsəydi, mən bu günü, bu anı yaşamazdım. Mənə verdiyiniz qiymət, göstərdiyiniz qayğı Naxçıvan teatrında çalışan bütün sənət yoldaşlarıma aiddir.

Əziz prezident, Sizin 75 illiyiniz münasibətilə Naxçıvanda keçirilən mərasimdə mən öz ürək sözlərimi bildirmişdim və Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbova demişdim ki, mən cənab Heydər Əliyevlə görüşmək arzusundayam.

Nəhayət ki, bu gün mənə nəsib oldu. Mən Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətli prezidentim, Sizin həyat yolunuz hamar olmayıbdır, ancaq xalqımıza məhəbbətiniz daimidir. Siz xalqın məhəbbətini işinizlə, düzgün apardığınız siyasətlə qazanmısınız. Bizim Sizə olan məhəbbətimiz, inamımız tükənməzdir.

Bütün Azərbaycan xalqı, Naxçıvan Muxtar Respublikasının əhalisi qarşıdan gələn prezident seçkilərində yalnız Sizə səs verəcəkdir və yalnız Sizə ümid bağlayır. Azərbaycan xalqı nicatını yalnız Sizdə görür. Əziz prezidentimiz, Azərbaycan xalqının yeganə xilaskarı Sizsiniz. Mən ümidvaram ki, qarşıdakı prezident seçkilərində hamı bir nəfər kimi yalnız və yalnız Sizə səs verəcəkdir.

Möhtərəm prezident, mənə göstərdiyiniz qayğıya və verdiyiniz mükafata görə Hüseynovlar ailəsi adından Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah Sizi qorusun.

Heydər Əliyev:  Xalq rəssamı Maral Rəhmanzadə. Sizi orden almağınız münasibətilə təbrik edirəm. Çox məmnunam ki, bu gün görüşürük. Sizə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Maral Rəhmanzadə:  Möhtərəm prezident, böyük qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Heydər Əliyev:  Xalq şairi Qabil, orden almağınız münasibətilə səni təbrik edirəm. Qabil, Səni xoş gördük. Mən sənə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Qabil:  Möhtərəm prezidentimiz! Mən həmişə Sizə "Heydər müəllim", - deyə müraciət etmişəm. Çünki Siz doğru-dan da, sözün geniş mənasında, ismin bütün hallarında əsl müəllimsiniz. Bu orden mənim üçün çox əzizdir. Birincisi, ona görə ki, bu, mənim həyatımda aldığım ilk ordendir, ona görə də əzizdir. Doğrudur, dövlət mükafatı nişanını mənim sinəmə Siz taxmısınız. O da öz yerində əladır. İkincisi, bu, müstəqil Azərbaycanımızın ilk "Şöhrət" ordenidir ki, mən ona layiq görülürəm. Üçüncüsü, bu orden mənim üçün ona görə əzizdir ki, onu mənə Siz - ədəbiyyatımızın, şerimizin, sənətimizin, mədəniyyətimizin, yazıçılarımızın, alimlərimizin, ziyalılarımızın əziz, xiridar dostu təqdim edir. Şair yaxşı deyib ki, "Mətahın atma bazarə, xiridar olmayan yerdə". Mən bu mükafatı qiymət verən, xiridar dostun, Heydər müəllimin əlindən alıram. Sağ olun.

Heydər Əliyev:  Akademik Adilə Namazova, Sizi orden almağınız münasibətilə təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram.

Adilə Namazova:  Sevimli, möhtərəm prezidentimiz Heydər Əlirza oğlu! Mən hesab edirəm ki, bu orden təkcə mənim yox, Azərbaycanın bütün səhiyyə işçilərinin, pediatrlarının əməyinə verdiyiniz yüksək qiymətdir. Mən və mənim həmkarlarım gələcək nəslin, uşaqların sağlamlığı keşiyində möhkəm dayanmaq və müstəqil, azad Azərbaycan üçün sağlam vətəndaşlar yetişdirmək üçün bundan sonra da var gücümüzlə çalışacağıq. Möhtərəm prezident, mən Sizə minnətdaram, çox sağ olun. Mən bütün tibb işçiləri adından Sizə təşəkkür edirəm.

Heydər Əliyev:  Xalq rəssamı, heykəltəraş Mirələsgər Mirqasımovu orden alması münasibətilə təbrik edirəm. Siz respublikamızın görkəmli heykəltəraşısınız. Sizin yaratdığınız Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə abidələri yüksək qiymətə layiqdir.

Mirələsgər Mirqasımov: Cənab prezident. Siz olmasaydınız, bu abidələr ucaldılmazdı. Ona görə də Sizə minnətdaram.

Heydər Əliyev:  Yeri gəlmişkən, mən həmişə narahat olmuşam ki, sizin atanız Mirəsədulla Mirqasımovun məzarı üzərində nə üçün qəbirüstü abidə yoxdur. Görkəmli alim Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti olmuşdur. Deyirsiniz ki, onun məzarı üzərində indi abidə ucaldılır, mən onun açılışına mütləq gələcəyəm. Sizi təbrik edirəm.

Xalq artisti Zeynəb Xanlarovaya "Şöhrət" ordenini təqdim edirəm. Mən sənə cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Zeynəb Xanlarova:  Hörmətli prezident. Xalqımız Sizin haqqınızda həmişə xoş sözlər deyir. Mənim Sizə olan məhəbbətim ürəyimdədir. Sizi hamı çox tərifləyir, bunlar mənim ürəyimə yatır. Amma hərdən əsəbiləşirəm ki, bu görünən günəşi, dağı bu qədər tərifləmək lazım deyildir. Azərbaycanımız, millətimiz üçün Sizin gördüyünüz işlər göz qabağındadır, uşaqdan böyüyə qədər bunu hamı bilir.

Mən SSRİ xalq artisti adına qədər yüksəlmişəm. Hər yerdə doğma Azərbaycanı təmsil edirəm. Bəlkə də dünyanın yarısında məni tanıyırlar. Belə hesab edirəm ki, əməyimə sənətimə Sizin verdiyiniz yüksək qiymət sayəsində mən bır azərbaycanlı qızı kimi dünyada tanınmışam.

Heydər müəllim, mənim bu mərasimə gələcəyimi eşidən bir ailə dünən mənə bir söz dedi, mən onu Sizə çatdırmalıyam. Möhtərəm prezident, milyonlarla insan Sizi qəlbən sevir. Sizi istəməyənləri barmaqla saymaq olar. Amma yenə də deyirəm, milyonlarla insan sizi sevir. Belə ailələrdən birinin dünən dediyi söz məni qəhərləndirdi, inanın ki, səhərədək yata bilmədim. Həmin ailənin üzvləri mənə zəng edib dedilər ki, Zeynəb xanım, prezidentlə görüşə gedirsiniz, xahiş edirik, bizim sevgimizi, məhəbbətimizi Heydər müəllimə çatdırın. Biz görmüşük ki, bir insan can verəndə uzaqda olan oğlunun, qızının şəklini ürəyinin üstünə qoyur. Bizim anamız isə ürəyinin üstünə prezidentimizin şəklini qoyub can verdi. 95 yaşlı həmin qadın can verərkən vəsiyyət edib ki, Heydər Əliyevin şəkli mənim ürəyimin üstündə olmasa, can verə bilmərəm. Demək, bu xalq üçün yaşamağa dəyər. Doğrudan da bu xalq üçün prezident olmağa dəyər.

Hörmətli prezident, mən həmin ailənin adından Sizi bir daha öpmək istəyirəm. Biz sənətkarlara, bütün millətimizə Siz həmişə qayğı göstərmisiniz. Siz hər bir dildə danışırsınız. Demək istəyirəm ki, Siz həkimlə həkim kimi, heykəltəraşla heykəltəraş kimi danışırsınız. Ona görə də Sizi sevən milyonlarla insanın əvəzinə Sizi öpmək istəyirəm.

Heydər Əliyev: Həmin ailəyə mənim salamımı söyləyin. Akademik Nəriman Quliyevi orden alması münasibətilə təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram.

Nəriman Quliyev: Bu yüksək mükafata görə dövlətimizin başçısına, - Sizə, cənab prezident, öz minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Bakı Xoreoqrafiya Məktəbinin direktor müavini, xalq artisti Leyla Vəkilovaya "Şöhrət" ordenini təqdim edirəm. Sizə cansağlığı, yeni uğurlar diləyirəm.

Leyla Vəkilova: Mənə göstərilən diqqətə görə təşəkkür edirəm.

Heydər Əliyev: Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Lütfi Məmmədbəyovu təltif olunması münasibətilə təbrik edirəm. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Lütfi Məmmədbəyov: Cənab prezident, Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Xalq şairi Balaş Azəroğluna "Şöhrət" ordenini təqdim edirəm, sənə cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Balaş Azəroğlu: Möhtərəm prezident, mən Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımız Sizi ürəkdən sevir. Mənim ürəyimdə də Sizə deyiləsi sözüm çoxdur, vaxtınızı almaq istəmirəm. Çox sağ olun.

Heydər Əliyev: Azərbaycan teatr sənətinin inkişafındakı böyük xidmətlərinə görə xalq artisti Nəsibə Zeynalovaya "Şöhrət" ordenini təqdim edirəm. Səni bağrıma basıram, sənə cansağlığı arzulayıram. Möhkəm ol, öz sənətinlə bizi yenə də sevindir, güldür.

Nəsibə Zeynalova: Böyük qayğı və diqqətə görə Sizə minnətdaram. Möhtərəm prezident, təəssüflənirəm ki, xəstələndiyimə görə yubileyinizdə iştirak edib, Sizə gülüş bəxş edə bilmədim. Arzu edirəm ki, həmişə üzünüz gülər olsun. Mən Sizi sevirəm, qəlbimdə Sizin xüsusi yeriniz vardır.

Heydər Əliyev: Bizim xalqımız Sizi çox sevir, mən isə hamıdan çox sevirəm. Mən Sizi bir daha təbrik edirəm, bu gülü də Sizə özüm təqdim edirəm. Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, akademik Mirməmməd Cavadzadəni orden alması münasibətilə təbrik edirəm. Ona daha böyük uğurlar arzulayıram.

Mirməmməd Cavadzadə: Cənab prezident, mənim üçün böyük şərəfdir ki, bu yüksək ordeni mənə Siz təqdim edirsiniz. Çox sağ olun. Mən Sizə uzun ömür, can-sağlığı arzulayıram.

Heydər Əliyev: Xalq artisti, bəstəkar Aqşin Əlizadəni təbrik edirəm. Çoxdandır, neçə illərdir səni görmürəm. Mən ad günün münasibətilə sənə zəng etdim, səni təbrik etdim. Yadımdadır, mən vaxtilə səni görəndə sən gənc bir oğlan idin. Adətən, sən ananla birlikdə Mehdi Hüseynzadənin heykəlinin yanına gəlirdin. Rəhmətlik Aslan Əzizbəyov da sizinlə birlikdə olardı. Sonra sən böyük bir bəstəkar oldun. Mənə də söz verdin ki, "Babək" baletini yaradacaqsan, yaratdın. Mən səni bir daha təbrik edirəm, cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Aqşin Əlizadə: Cənab prezident. Bunlar hamısı mənim yaxşı yadımdadır. Qazandığım bütün nailiyyətləri Sizin diqqət və qayğınız sayəsində əldə etmişəm.

Bu yüksək ordeni də mənə təqdim etməyinizdən sonsuz şərəf duyuram. Sizə dərin təşəkkürümü bildirirəm və cansağlığı arzulayıram.

Heydər Əliyev: Azərbaycan müsiqi sənətinin inkişafındakı xidmətlərinə görə xalq artisti Habil Əliyevə "Şöhrət" ordenini təqdim edirəm. Sənə daha böyük uğurlar arzulayıram. Habil, yenə kamança çalırsan, yoxsa yox? Sən sözünü kamança ilə deyəndə daha yaxşı olur.

Habil Əliyev: Möhtərəm prezident. Mən Ağdaşdan Bakıya kamançaçı kimi gəlmişdim. Özümə başqa sənət axtarmaq artıq gec idi, amma kamança çaldığıma görə də xəcalət çəkirdim. Çünki istəyirdim, mən də elə bir işdən yapışım, özümə elə bir sənət seçim ki, o, xalqıma çox lazımlı olsun. Ancaq atalar yaxşı deyib ki, "Arxalıya arxa durmaq hər kişinin işidir, arxasıza arxa durmaq nər kişinin işidir", Cənab prezident, Siz mənə arxa durdunuz, sahib oldunuz. Siz mənə xalq artisti adı, "Şöhrət" ordeni, prezidentin fərdi pensiyasını verdiniz. Məni o xəcalətdən qurtardınız ki, mən kamança çalanam.

Möhtərəm prezident, ürək sözlərimi Sizə demək üçün böyük bir şair, yazıçı lazımdır ki, mənim Sizə olan məhəbbətimi, hörmətimi bildirsin. Onsuz da Sizi bütün Azərbaycan sevir. Sizi hamı sevir. Özünüz bilirsiniz ki, bu aksiomadır. Amma incəsənət ustaları Sizin bizə göstərdiyiniz qayğıya cavab verən söz tapıb deyə bilmirlər. Mən incəsənət ustaları, xüsusən xalq musiqisi ifaçıları adından deyə bilərəm. Siz 3-4 günlük bir xarici ölkəyə səfərə gedəndə, vallah, elə hesab edirik ki, Azərbaycan boşalıbdır. Allah Sizi əskik etməsin. Cənab prezident, Sizə prezidentlik yaraşır, Siz də prezidentliyə yaraşırsınız. Allah həmişə Sizi var etsin.

Heydər Əliyev: Səmimi sözlərə görə sənə təşəkkür edirəm. Mən sənin dediyin bu sözlərə bir neçə kəlmə əlavə edəcəyəm. Bu sözlərin hamısını düz dedin. Amma bizim xalqımız kamançanı həmişə yüksək qiymətləndiribdir. Ulu babalarımızdan qalan musiqi alətlərimiz tar və kamançadır. Başqa sənətlərə çox adamlar gedə bilərlər: Hər adam mühəndis də, həkim də, müəllim də, tacir də ola bilər, amma tar, kamança çala bilməz. Hər adam kamança çala bilər, ancaq sənin kimi çala bilməz. Ona görə də sən bu sənəti seçməyinlə fəxr edə bilərsən. Biz də sənin kimi kamança çalan Habillə fəxr edirik. Sağ ol.

Xalq artisti Sara Qədimovanı orden alması münasibətilə təbrik edirəm. Sara xanım, sizi xoş gördük. Mən nə deyə bilərəm. Azərbaycan incəsənətinin tarixi sizdə əks olunubdur. Mən çox şadam ki, siz varsınız və bu ordeni sizə məmnuniyyətlə təqdim edirəm.

Sara Qədimova: Bu qayğıya və diqqətə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Mənim hörmətli, əziz prezidentim! Əziz məclis əhli! Mən 1942-1943-cü illərdə cəbhədə olmuşam, medallar almışam. 15 il səhnədə olandan sonra 1954-cü ildə əməkdar artist adı almışam. Bunları deməkdə mənim məqsədim vardır. Siz hamınız görmüsünüz, 1959-cu ildə ongünlükdə Xan əmi ilə, Şövkət xanımla birlikdə "Qarabağ şikəstəsi" oxuduq. Orada mənə "Şərəf nişanı" ordeni verdilər. 1960-ci ildə xalq artisti adını aldım. Sonra gözüm yollarda qaldi ki, bizim Heydər Əlirza oğlu bəs, mənə heç nə vermədi. Elə bir məqam da olmadi ki, mən nəsə bir şey alım.

Möhtərəm prezident, Allah adamı istəyəndə, Allahın nəzəri bəndəsinin üstündə olanda prezidentlərin də, prezidentimin də yadına düşürsən. Prezident bu üç ay ərzində hansı müğənni ilə telefonla danışıb? Bu, mənim üçün böyük fəxrdir. Mən bunlara böyük qiymət verirəm. Mənim aldığım mükafatların hamısını kənara qoyuram, bir məsələni isə heç vaxt unutmuram. Mən 59 il səhnədə olmuşam.

1992-ci ildə mədəniyyət naziri məni məcbur etdi ki, 70 illik yubileyini keçir, il başa çatır. Mən may ayında anadan olmuşam, nazirlə mənim aramda belə bir söhbət isə dekabrın 18-də gedibdir. Nazirə cavab verdim ki, mən yubiley keçirmək istəmirəm. Çünki doğma kəndim Gülablı işğal edilib, ölkəmizin təlatümlü vaxtıdır. Xülasə, başınızı da ağrıdıram. Rəhmətlik Gülağa bizdə idi. Bir də gördüm ki, Naxçıvandan mənə zəng oldu. Məndən iki dəfə soruşdular ki, bu, Sara xanımın evidir? Cavab verdim ki, bəli. Mənə dedilər ki, Heydər Əlirza oğlu sizinlə danışmaq istəyir. Çox həyəcan keçirdim,- bilmədim ki, nə edim. Gülağa da oturmuşdu, ona dedim ki, səs eləmə. Qərəz telefon xəttini birləşdirdilər, biz danışdıq. Siz mənə xeyir-dua verdiniz. Ordenin də, medalın da öz yeri var, bunları almağın da öz yeri var, çünki zəhmət çəkmişik. Biz indikilər kimi yaşamamışıq, öküz arabasında, palçıqlı yollarla gedib camaat, əsgərlər qarşısında çıxış etmişik. İndi yaxşı yollar, maşınlar, şərait vardır. Biz çox ağır günlər keçirmişik, bir qarnı ac, bir qarnı tox yaşamışıq. Şükürlər olsun ki, bizim hörmətli prezidentimiz incəsənətə həmişə böyük diqqət yetirir, qayğı göstərir. Hər bir sənətkara öz zəhmətinə layiq olan adlar, mükafatlar verilir. Bəzi cavanlar da var ki, eybi yoxdur, onlar da alarlar. Bütün bunları ona görə danışdım ki, mən o günü, dəqiqəni - Heydər Əlirza oğlunun Naxçıvandan mənə zəng etdiyini heç vaxt yaddan çıxara bilmərəm.

Mənim əziz prezidentim, ailə üzvlərinizlə bərabər Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Biz də Sizin sayənizdə fərəhlənirik, yaxşı günlər görürük. Çox sağ olun. Siz mənə həmişə diqqətli olmusunuz. Sağ olun.

Heydər Əliyev: Çox sağ olun. İnşallah, Gülablı kəndini də düşməndən azad edəcəyik, Qarabağ da azad olacaqdır, oraya bir yerdə gedəcəyik.

Sara Qədimova: Allah qoysa. Əziz prezidentim, çox sağ olun.

Heydər Əliyev: Xalq artisti, müğənni Fidan Qasımovanı orden alması münasibətilə təbrik edirəm.

Fidan Qasımova: Bu yüksək mükafata görə Sizə minnətdarlığımı bildirirəm. Prezident Heydər Əliyev bizi həmişə ruhlandırır. Mən öz xalqıma, vətənimə və dünyanın ən gözəl prezidenti olan prezidentimizə xidmət etməyə hazıram.

Heydər Əliyev: Xalq artisti, bəstəkar Əhməd Cövdət Hacıyevə yüksək mükafatı təqdim edirəm. Cövdət müəllim, Sizi təbrik edir, Sizə cansağlığı, bundan sonra da çox illər ömür, yeni-yeni uğurlar arzulayıram.

Cövdət Hacıyev: Hörmətli, sevimli prezident!

Mən Sizin fəaliyyətinizin bütün cəhətlərini bacardıqca izləmişəm. O qərara gəlmişəm ki, Siz elə şaxəli insansınız ki, bunu bir sözlə, bir əsərlə əhatə eləmək mümkün deyildir. Mən öz bacarığım çərçivəsində Sizə səkkizinci simfoniyanı ithaf eləmişəm. Simfoniya belə adlanır: "Onu zaman seçib. Azərbaycanın böyük oğlu Heydər Əlirza oğlu Əliyevə həsr olunur". Mən bu simfoniyanın İsmayıl Hacıyevin dirijorluğu ilə lentə yazılmış audiokassetini Sizə hədiyyə edirəm.

Heydər Əliyev: Yüksək mükafat almağınız münasibətilə əziz Müslüm Maqamayev səni təbrik edirəm.

Müslüm Maqomayev: Heydər Əliyeviç, Sizə olan məhəbbətimiz barədə danışmağa, zənnimcə, ehtiyac yoxdur. Mən Sizin şərəfinizə simfoniya azmamışam, amma "Azərbaycan" adlı bir mahnı bəstələmişəm. Vaxtilə, sovet hakimiyyəti zamanı Siz onu qəbul etmədiniz. Bu yaxınlarda isə təsdiqlədiniz ki, onu qəbul edirsiniz. O vaxt bu mahnıda demək istədiklərimi indi Tamara ilə birlikdə oxuyuruq, başqa sözlə, Sizə olan məhəbbət ikiqat artmışdır. Hamı bilir ki, Azərbaycanda incəsənət Sizin sayənizdə çiçəklənir. Ona görə biz istəyirik ki, Siz hələ uzun illər prezident olasınız. Sizə xoşbəxtlik və enerji arzulayıram.

Heydər Əliyev: Müslüm Maqomayev 70-ci illərdə Şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısının not yazısını mənə təqdim edərək demişdi ki, bu mahnı Sizə həsr olunmuşdur. O zaman mən bu fikrin yayılmasını istəmədim.

Xatirə sözləri yazılmış notları evə apardım, kitablarımla bərabər Moskvaya da apardım, sonra buraya, Bakıya gətirdim. İndi, üstündən illər keçəndən sonra bu mahnının mənə ithafolunduğunu bildirməsinə etiraz etmədim. Mən Sənə təşəkkür edirəm, sağ ol.

Lidiya Rəsulova, Sizi "Şöhrət" ordeninə layiq olmağınıza görə təbrik edirəm.

Lidiya Rəsulova: Hörmətli cənab prezident!

"Şöhrət" ordeni ilə təltif olunduğuma görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Mən Azərbaycanda çox işləmişəm. Amma bunun ən maraqlı illərini Sizin rəhbərliyiniz altında işləmişəm. Siz məni vicdanla, haqq-ədalətlə, xalqımızın sevincini, kədərini bölüşməklə işləməyə, əqidədən dönməməyə öyrətmisiniz. Sizin gözəl təcrübənizdən həmişə faydalanmışam. Əməyimə böyük qiymət verdiyinizə görə dərin təşəkkürümü bildirir, Sizə qüdrət və qüvvət, cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.

Heydər Əliyev: Xalq yazıçısı Əkrəm Əylislini yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edirəm. Mən o zaman dedim ki, gələn dəfə bu ordeni sənə təqdim edəcəyəm. İndi vaxtı gəlib çatdı. Bir daha təbrik edirəm.

Əkrəm Əylisli: Əziz və hörmətli prezident! Əziz mərasim iştirakçıları!

Buraya gələcəyimi eşidəndə, haradansa ağlıma gəldi ki, izahlı lüğəti götürüb baxım ki, "mədəniyyət" sözünün anlamları nədir. Qəribəsi budur ki, orada oxuduğum anlamlar məni xeyli təəccübləndirdi. Çünki mənə elə gəlirdi ki, "mədəniyyət" sözü hörmətli Polad Bülbüloğlunun rəhbərlik elədiyi sahəni əhatə edir. Yəni kitabxana, klub, teatr və sairə. Amma, sən demə, "mədəniyyət" sözünün belə mənaları da varmış: becərmək, bəsləyib böyütmək, tərbiyələndirmək, savadlandırmaq, hərəkətə gətirmək, saya salmaq. Latın sözü olan "kultura"nın başlıca, mənası da həyata yaradıcı münasibət bəsləməkdir.

Hörmətli prezident, əziz mərasim iştirakçıları! Mən elə bilirəm ki, zaman bizi elə bu sözün, ona yekdil münasibətin zəminində yenidən bir yerə toplayıbdır. Yəni, "mədəniyyət" sözünün ifadə elədiyi mənalara həm ziyalıların yekdil münasibəti, həm də bu sözün əhatə elədiyi o gözəl aləmin cazibəsi.

Hörmətli cənab prezident, yəqin burada oturanlar da bilir, deyirlər ki, Allahın 1001 adı var. Zaman da Allahın 1001 adından biridir. Mənə elə gəlir ki, biz burada, Sizin ətrafınızda Allahın 1001 adından birinin işığında toplaşdıq. Heç kəsin şübhə edə bilmədiyi, təkzibolunmaz faktdır ki, Azərbaycanın bütün yaradıcı ziyalıları Sizi səmimiyyətlə dəstəkləyir və Sizin cazibə dairənizdə gündən-günə daha sıx birləşirlər. Heç yadımdan çıxmır, rəhmətlik Yusif Səmədoğlu ölüm yatağında ikən dedi ki, Sizə səs verəcək, yəni bunu deməyi lazım bildi. Yəqin ki, Yusif o ağır vəziyyətində bəlkə də rəhmətə gedəcəyini bilirmiş. Bu yaxınlarda Məmməd Arazın müsahibəsini oxudum. Deyib ki, Heydər Əliyev ömrümə ikinci bir ömür əlavə elədi. Yadınızdadırsa, İsa Hüseynov yaşının bu vaxtında nə desə yaxşıdır? Dedi ki, bir əsgər kimi hər gün küçəyə çıxıb Sizi hər cür düşməninizdən müdafiə eləməyə hazıram.

Hörmətli cənab prezident, burda əyləşənlər Azərbaycanda çox mürəkkəb bir dövrü keçmiş adamlardır. Bilirsiniz ki, təbiətdə, biologiyada mutasiya halları olur. Bu o deməkdir ki, Allah uzaq eləsin, qadın bir-birinə bitişik uşaqlar doğur. Bu, gec-gec baş verən, hər kəsin öz gözü ilə görə biləcəyi hallardır. Amma mənəviyyatda baş verən mutasiya hallarını görmüş bugünkü Azərbaycan ziyalısı Allahın 1001 adından birinin altında və bu adın işığında Sizinlə birlikdə olmağı lazım bildi və buna ehtiyac duydu. Biz elə bir dövr keçirdik ki, Mirzə Cəlilimizə "kollaborasionist" dedilər. Bu sözü faşistlərin işğal etdikləri Fransada faşistlərə qulluq edənlərə deyirdilər. Biz bunun cavabını ləyaqətlə verdik. Elə bir dövrü gördük ki, mənəvi mutasiyanın başqa əlamətlərini Allah heç kəsə göstərməsin.

Söhbəti uzatmaq istəmirəm, deyiləcək söz kifayət qədərdir. Mən elə bilirəm ki, Azərbaycan bütün bu əzablı mənəviyyat keçidlərini ötəcək, mənəviyyatın çox yüksək, ali mövqeyində bundan da ucada dayanacaqdır. Buna göstərdiyiniz qayğıya şəxsən mənə olan hər bir diqqət və qayğınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.

(Heydər Əliyev dirjor, xalq artisti Rauf Abdullayevə, Azərbaycan EA-nın akademik katibi Cəmil Quliyevə, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyliyə, "Şöhrət" ordeni təqdim etdi.)

Heydər Əliyev: Bəstəkar Emin Sabitoğlunu orden alması münasibətilə təbrik edirəm. Sənə cansağlığı, yeni-yeni mahnılar yazmağı arzulayıram. Sənin son vaxtlar yazdığın "Şükriyyə" mahnısı yaxşıdır, mənim xoşuma gəldi. Yəqin ki. onu hamı bəyənibdir.

Emin Sabitoğlu: Mən Sizə təşəkkür edirəm. Cənab prezident. Mən neçə vaxtdır ki, Türkiyədə yaşayıram, işləyirəm. Amma buna baxmayaraq, Azərbaycanı unutmuram. xalqım üçün işləyirəm. Ürəyim həmişə Sizinlə bir yerdədir. Çox sağ olun ki, Siz bunu hiss etdiniz və məni "Şöhrət" ordeni ilə təltif etdiniz.

Mən Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Əlbəttə, Türkiyədə işləmək Azərbaycandan ayrılmaq demək deyildir. Bizim də ürəyimiz səninlədir.

Emin Sabitoğlu: Cənab prezident, çox var olun. İcazə verin, bu yeni kassetlərimi sizə təqdim edim.

Heydər Əliyev: Xalq artisti, müğənni Arif Babayevə "Şöhrət" ordenini təqdim edirəm. Səni təbrik edir, cansağlığı arzulayıram. Şübhəsiz ki, burada "Qarabağ şikəstəsi" yerinə düşərdi.

Arif Babayev: Hörmətli prezident! Mənə verilən mükafat muğam sənətinə, xalq musiqisinə, əvəzolunmaz sərvətimizə verdiyiniz yüksək qiymətdir. Bütün sənət adamları Sizi ürəkdən sevir, salamlayır, minnətdarlıq edirlər.

Mənim ürəyimdə böyük bir nisgil vardır. O nisgil budur ki, gün olsun, Qarabağ torpağımız düşməndən azad edilsin, dediyiniz kimi, Siz başda olmaqla biz orada gözəl bir tədbir keçirək və mən Sizin qarşınızda, xalqın qarşısında "Qarabağ şikəstəsi"ni var gücümlə oxuyum. Çox sağ olun.

Heydər Əliyev: İnşallah. İndi isə İdman veteranı, məşqçi Muxtar Dadaşova "Şöhrət" ordenini təqdim edirəm. Mən sənə yeni-yeni uğurlar diləyirəm. Azərbaycan idmanının daha uca zirvələrə çatması naminə böyük işlər görməyinizi istəyirəm.

Muxtar Dadaşov: Hörmətli prezidentim! Hörmətli xanımlar və cənablar!

Cənab prezident. Bu yüksək ordeni mənə təqdim etməyinizdən böyük şərəf duyuram. Bu, təkcə mənim əməyimə yox, Azərbaycan pəhləvanlarının qazandığı nailiyyətlərə verilən yüksək qiymətdir. Allah Sizin ömrünüzü uzun eləsin! Siz biz idmançıları heç vaxt yaddan çıxarmırsınız. İdmana böyük qayğı göstərmisiniz.

Möhtərəm prezident, mən öz adımdan və idmançılar adından daha böyük uğurlar, cansağlığı, uzun ömür arzulayıram. Sizə söz verirəm ki, öz biliyimi, təcrübəmi bundan sonra da gənclərə həvəslə öyrədəcəyəm. Bu, mənim müqəddəs borcumdur.

Bu yaxınlarda respublikamızda prezident seçkiləri keçiriləcəkdir. Cənab prezident, biz - bütün idmançılar yalnız Sizə səs verəcəyik. Allah Sizə cansağlığı versin! Sağ olun.

Heydər Əliyev: Xalq rəssamı Böyükağa Mirzəzadəyə "Şöhrət" ordenini təqdim edirəm. Sənə daha böyük yaradıcılıq uğurları arzulayıram.

Böyükağa Mirzəzadə: Əziz və hörmətli prezident!

Hər bir insanın həyatında baş verən xoşbəxtlik mənə də qismət olubdur. Birincisi, mən rəssam olmuşam. Həyatda yaşamaq çox qəribədir, ancaq rəssama qiymət vermək hər kəsin işi deyildir.

Mən vaxtınızı çox almaq istəmirəm, ona görə də fikrimi qısaca olaraq bir neçə kəlmə ilə deyəcəyəm. Möhtərəm prezident, Sizin mənə verdiyiniz qiyməti son nəfəsimə qədər yaddan çıxarmaram. 1981-ci ildə mənim 60 yaşım tamam oldu. Sizin kimi dahi bir insan həyatımda birinci dəfə mənə zəng etdi. Cənab prezident, mən Sizi bəlkə də lap cavanlığınızdan tanıyıram. Mənim həmişə Sizə böyük hörmətim olubdur. Mən Sizə həmişə böyük məhəbbət hissləri bəsləmişəm. Möhtərəm prezident, 1981-ci ildə Siz evimə zəng edib məni təbrik etdiniz, mən indiyədək onun təsiri altında yaşayıram. Bir də bu gün mənim həyatımda böyük, xoşbəxt bir gün oldu.

Möhtərəm prezident, mən özümü xoşbəxt hesab edirəm ki, Sizinlə bir vaxtda yaşamışam, Sizin müasirinizəm. Dahi insanla, rəhbərlə bir dövrdə yaşamaq hər adama qismət olmur. Bu, mənə qismət olubdur. İndi 80 yaşa çatmaq üzrəyəm. Azərbaycanlılarda yaxşı bir söz vardır: Cənab prezident, Allah mənim ömrümdən kəssin, Sizin ömrünüzə calasın.

Heydər Əliyev: Yox, sənin ömrün sənin, mənim ömrün mənim olsun.

Böyükağa Mirzəzadə: Cənab prezident, Siz Azərbaycan xalqına lazımsınız. Azərbaycan xalqı Sizsiz nə edə bilər? Bunu Allah bilir. Sizi istəməyən beş-altı nəfər var, bilmirəm, onlara ya "beşlik", ya da "üçlük" deyirlər. Mən xalqın arasındayam, dəqiq bilirəm ki, Sizi istəməyən adam yoxdur. Cənab prezident, mən Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Heydər Əliyev: Böyükağa, mən gənc vaxtlarımdan səni Azərbaycanın böyük rəssamı kimi tanımışam. Bilirsən ki, mən rəssamlıqla o vaxtdan çox maraqlanan bir adamam. Gənc yaşlarımda mən də rəssam olmaq istəyirdim, rəsmlər çəkirdim. Böyükağa Mirzəzadə bizim qarşımızda böyük bir rəssam idi. Ona görə də mən səni heç vaxt unuda bilmərəm və heç vaxt unutmamışam.

Böyükağa Mirzəzadə: Cənab prezident, çox sağ olun. Mən Sizə minnətdaram.

Heydər Əliyev: Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri professor Zəhra Quliyevanı "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə təbrik edirəm.

Zəhra Quliyeva: Hörmətli cənab Heydər Əliyev!

Əvvəla, bu yüksək mükafata görə Sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Həmin mükafatı təkcə özümə aid etmirəm, - bu, bizim səhiyyə işçilərimizə, oftalmoloqlarımıza, qadınlarımıza göstərilən diqqət və qayğıdır. Qəzetlərdən məlum olduğu kimi, bu yaxınlarda, sentyabrın 14-15-də müstəqil respublikamızda qadınlar qurultayı keçiriləcəkdir. Bu münasibətlə mən Azərbaycanın bütün ərazisini gəzərək, zona qadın konfransları keçirmişəm. Həmin konfranslarda qadınların problemləri müzakirə olunmuşdur. Eyni zamanda, məndən xahiş etmişlər ki, onların sözlərini Sizə, xalqımıza yetirim. Cənab Heydər Əliyev, bizim qadınlarımız Sizin müdrik daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyirlər, ətrafınızda sıx birləşərək Sizin dayağınıza, istinadgahınıza çevrilmək istəyirlər. Məndən dəfələrlə xahiş etmişlər ki, qadınlarımızın təşəkkürünü, minnətdarlığını, ünvanınıza deyilən bütün xoş sözləri Sizə yetirim. Allah Sizə uzun ömür, cansağlığı, ailə, övlad səadəti qismət eləsin.

Seçkilərlə əlaqədar olaraq qeyd etmək istəyirəm ki, biz qadınlar 11 təşəbbüs qrupundan birini təşkil etdik. Siz biləydiniz ki, qadınlarımız necə həvəslə, səylə imza toplayırdılar. Əsas mükafat da o oldu ki, Siz televiziya ilə çıxış edərək, prezidentliyə namizəd kimi seçkilərdə iştirak etməyə razılığınızı verdiniz və təşəbbüs qruplarında çalışanların əməyini yüksək qiymətləndirdiniz. Buna görə mən bütün qadınlarımızın adından Sizə təşəkkür edirəm. Minnətdarıq çox sağ olun. Həmişə Siz olasınız!

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru artisti Həsən Turabova "Şöhrət" ordeni təqdim olundu.

Heydər Əliyev: Xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Hacıbaba Bağırova bu yüksək mükafatı təqdim edirəm.

Hacıbaba Bağırov: Cənab prezident, mükafata görə də, Musiqili Komediya Teatrının yeni binasına görə da çox sağ olun.

Heydər Əliyev: Xalq rəssamı Elbəy Rzaquliyevə "Şöhrət" ordenini təqdim edirəm.

Elbəy Rzaqudiyev: Azərbaycanın yüksək dövlət mükafatına layiq görüldüyüm üçün Sizə, cənab prezident. səmimi təşəkkürümü bildirirəm və bu əlamətdar gündən xatirə olaraq Sizə qələm hədiyyə edirəm.

Heydər Əliyev xalq artisti, bəstəkar Hacı Xanməmmədova, xalq artisti Rasim Balayevə, akademik Kamal Talıbzadəyə də "Şöhrət" ordeni təqdim etdi.

Heydər Əliyev: Hörmətli xanımlar və cənablar!

XX əsrdə Azərbaycan mədəniyyəti, elmi, ədəbiyyatı, musiqisi, incəsənəti çox inkişaf edibdir. Bizim xalqımız istedadlı xalqdır və qədim dövrlərdən də elm, mədəniyyət incəsənət, musiqi sahəsində böyük əsərlər yaratmışdır. Ancaq biz bu gün tam əsasla deyə bilərik ki, Azərbaycanın istedadlı şəxsləri, insanları XX əsrdə, ötən bütün əsrlərin nailiyyətlərindən istifadə edərək daha da böyük, dəyərli əsərlər yaratmış, incəsənət nümunələri meydana çıxarmış, tarix elmimizi, mədəniyyətimizi zənginləşdirmişlər. XX əsrin ikinci yarısı isə bu baxımdan daha da məhsuldar olmuşdur.

Bu gün Azərbaycan müstəqil dövlət olaraq xalqım tərəfindən tarix boyu yaradılmış əsərləri, əldə edilmiş nailiyyətləri bütün dünyaya nümayiş etdirir və bununla da dünya xalqları içərisində xalqımızın nə qədər böyük, istedadlı xalq olduğunu sübut edir. Bu əsərləri yaradanlar xalqımızın içindən çıxan ən istedadlı insanlardır. XX əsrdə, xüsusən də bu əsrin ikinci yarısında, şükürlər olsun ki, Azərbaycanda belə insanlar çox olmuşdur, böyük əsərlər yaranmışdır. Bir daha qeyd edirəm ki, bir müstəqil dövlət kimi bu gün biz hər bir xalqın, ölkənin nümayəndəsi ilə danışarkən, görüşərkən xalqımızın istedadı haqqında ümumi sözlərlə yox, yaranmış əsərlər əsasında söhbət aparırıq. Bizim yaradıcı, elm adamlarımızın - XX əsrdə yazıb -yaradanların bir qismi dünyasını dəyişibdir. Ancaq bu gün çoxları da yaşayır, yaradır və öz yaradıcılığını davam etdirir.

Hesab edirəm, biz çox xoşbəxt adamlarıq ki, Azərbaycanın milli azadlığını, müstəqilliyini gördük, müstəqil, azad ölkədə, dövlətdə yaşayırıq.

Ölkəmiz yeddi ildir ki, müstəqildir. Bu gün bu mükafatları sizə təqdim etmək ərəfəsində mən tarixə, günə nəzər saldım. Bu gün avqust ayının 21-dir. Yadıma düşdü ki, 1991-ci ildə məhz avqust ayının 19, 20, 21-də Rusiyada dövlət çevrilişinə cəhd olmuşdur və onun qarşısı alınmışdır. Bundan sonra Sovetlər İttifaqının dağılması prosesi güclənmiş, nəhayət, 1991-ci ilin sonunda böyük bir dövlət kimi Sovetlər İttifaqı süqut etmişdir. Bunun nəticəsində Azərbaycan da öz müstəqilliyini əldə etmişdir.

İndi bəziləri deyirlər ki, sovet imperiyasını guya onlar dağıdıblar. Sovet imperiyası güclü bir imperiya, dövlət idi. O, 70 ildən çox hökm sürdü və bu ölkəni dağıtmaq istəyənlər çox oldu. 1941-ci ildə alman faşistləri Sovet İttifaqının üzərinə hücum etdilər, ancaq Sovet ittifaqını dağıda bilmədilər. Ondan sonra sovet İttifaqı daha da möhkəmləndi. "Soyuq müharibə" başlandı, dünyada iki blok yarandı. Onlardan biri Qərb ölkələrinin daxil olduqları NATO bloku, ikincisi - Varşava paktına daxil olan, Sovet İttifaqı başda olmaqla digər blok idi.

O dövrdə uzun illər qarşıdurma oldu. Bu "soyuq müharibə"dən dünya da, insanlar da çox əziyyət çəkdilər. O cümlədən, sovet ittifaqının vətəndaşları olaraq biz - Azərbaycan da bundan çox əziyyət çəkdik. Belə bir fövqəldövləti, imperiyanı küçədə qışqırmaqla, bağırmaqla, hay-küy salmaqla dağıtmaq mümkün deyildi. Ancaq bu quruluş, ölkə dağılmalı idi və dağılma prosesi gedirdi.

Mən 80-ci illərin sonlarından bu quruluşun dağılmasını görürdüm, bu quruluşun dağılması üçün öz arzularımı, istəklərimi də bildirirdim və bunu xalqa da çatdırırdım. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bəziləri bunu anlamırdılar.

İndi mən tarixi yada salaraq, bir neçə məqamları deməliyəm. 1990-cı ildə mən və mənim kimi çoxları da Azərbaycanın müstəqil olması şüarı ilə çıxış edirdik. Ancaq hakimiyyətdə olan şəxslər isə Sovetlər İttifaqının qorunub saxlanmasını dəstəkləyir, müdafiə edirdilər. Hətta 1991-ci ilin mart ayında Qorbaçov və onun dəstəsi Sovetlər İttifaqını bu fəlakətdən, uçurumdan qoruyub saxlamaq üçün yeni bir islahat elan etdi. Ancaq bu islahat da ona kömək etmədi. Baxmayaraq ki, 1991-ci ilin mart ayında Azərbaycanın o vaxtkı rəhbərliyinin səyləri nəticəsində elan edildi ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Sovetlər İttifaqının qorunub saxlanmasının tərəfdarıdır. Amma bundan bir neçə ay keçəndən sonra, yəni avqust ayının 19-da Rusiyada, Moskvada Fövqəladə vəziyyət Komitəsi yarandı və demokratiya tərəfindən olan qüvvələr onun əleyhinə çıxdılar. Beləliklə, Sovetlər İttifaqının dağılması prosesi gücləndi. Dediyim kimi, nəhayət, 1991-ci il dekabrın sonunda Sovetlər İttifaqı dağıldı, süqut etdi.

Bir daha qeyd edirəm, - bu, həmin illərdə dünyada və Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin nəticəsidir. Heç kəs deyə bilməz ki, o, Sovetlər İttifaqını təkbaşına dağıdıbdır. Bu günləri, hadisələri mən ona görə xatırlayıram ki, Sovetlər İttifaqının dağılması üçün təkan baş verdiyi məhz həmin gündən 7 il keçmiş, indi biz müstəqil Azərbaycanda yaşayaraq müstəqil dövlətimizin atributlarını təqdim edirik. Bu gün mən sizə, Azərbaycanın dəyərli insanlarına müstəqil dövlətimizin ordenlərini təqdim etdim. Bu gün buraya toplaşanlara nəzər salarkən mən bir fikri də ifadə etmək istəyirəm. Birincisi, siz - bu gün Azərbaycanın yüksək mükafatlarını alan şəxslər - hər biriniz Azərbaycanın mədəniyyət, elm, incəsənət tarixinə öz töhfələrinizi vermiş, xalqımıza böyük xidmətlər göstərmiş insanlarsınız. Siz Azərbaycanın mənəvi dəyərlərini inkişaf etdirmiş insanlarsınız.

İkincisi, bu gün burada orden alan insanlar müxtəlif yaşlara mənsubdurlar. Ramazan Xəlilov 100 yaşına çatır. Fərhad Bədəlbəylinin, Rasim Balayevin 50 yaşı tamam olubdur. Buraya toplaşanlar 50 yaş ilə 100 yaş arasında olan insanlardır. Bu, nəyi göstərir? Bu onu göstərir ki, Azərbaycanda nəsillər bir-birini ardıcıl surətdə əvəz edir. Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri nəsilləri arasında əlaqələr qırılmır. Onlar bir-biri ilə bağlıdır, bir-birini irəliyə aparır. Gənc də, yaşlı da - hamısı bir yerdədir. Bunun xüsusi əhəmiyyəti vardır. Çünki son illərdə bəziləri Azərbaycanın tarixi keçmişini tamamilə pozmağa, qaralamağa, hörmətdən salmağa cəhdlər göstərmişlər.

Şübhəsiz ki, bu cəhdlər heç bir nəticə verə bilməz. Biz Nizamini, Füzulini, Nəsimini, Vaqifi qiymətləndirdiyimiz kimi, Mirzə Fətəli Axundovu da, Üzeyir Hacıbəyovu da, Cəlil Məmmədquluzadəni də, Cəfər Cabbarlını da, Müslüm Maqomayevi də, Səməd Vurğunu da, Rəsul Rzanı da, Süleyman Rəhimovu da, Mehdi Hüseyni də, Qara Qarayevi də, Fikrət Əmirovu da, Niyazini də, Rauf Hacıyevi də və başqalarını da qiymətləndiririk. Biz bu gün yaşayıb-yaradanları da qiymətləndiririk. Bunların hamısı bir-biri ilə üzvi surətdə bağlıdır, Xalqımızın, mədəniyyətimizin, incəsənətimizin, elmimizin çox gözəl keçmişi, tarixi və bu günü vardır. Mən tam əminəm ki bundan da gözəl gələcəyi olacaqdır. Kim hansı dövrdə, hansı hökmdarın dövründə, hansı ictimai-siyasi quruluşda yaşayıb, yazıb, kim müstəqil Azərbaycanda yaşayır, yazır - bunun fərqi yoxdur. Onların hər biri keçmişdə də, bu gün də xalqımıza, Azərbaycan xalqına doğma millətimizə, vətənimizə xidmət edibdir. Mənim əziz dostlarım, siz də həmin bu xidməti göstərən insanlarsınız. Azərbaycanın dövlət başçısı kimi mən də həm 100 yaşına çatan Ramazan Xəlilovun, həm də 50 yaşını dünən adlayan Rasim Balayevin, Fərhad Bədəlbəylinin xidmətlərini qiymətləndirirəm. Onlar da, 80 yaşını adlamış Cövdət Hacıyev də, 80 yaşını çatan Sara Qədimova da, 80 yaşına adlayan Nəsibə Zeynalova da, bu gənclər də bizim üçün əzizdirlər. Onların hamısı bizim üçün əzizdir.

Bu gün mən çox böyük iftixar hissi keçirirəm ki, mədəniyyətimizi, elmimizi, incəsənətimizi çiçəkləndirən, inkişaf etdirən, yaradan və bizim hər birimizə mənəvi, estetik qida verən insanlarla bir daha görüşürəm, bu dövlət mükafatlarını, ordenləri sizə təqdim etmək mənə nəsib olubdur. Sara xanım xatırladı ki, 1992-ci ildə mən Naxçıvandan ona zəng etdim. Bu belədir, doğrudur. Onda mən Naxçıvanda – çox təcrid olunmuş, blokada şəraitində yaşayan bir diyarda idim.

Özüm də çətin şəraitdə yaşayırdım. O vaxt eşitdim ki, Sara xanımın yubileyidir. Mən ona bir məktub göndərdim. Xatirimdədir, həmin məktubu sonra televiziya ilə verdilər. O zaman Naxçıvanda televiziyada gördüm ki, filarmoniya keçirilən tədbirdə mənim məktubumu oxudular. Mən çox məmnun oldum ki, Sara xanımın filarmoniyadakı yubileyinə toplaşanlar həmin məktubu həyəcanla, alqışlarla qarşıladılar. Ancaq mən bu məktubla kifayətlənmədim, zəng də etdim ki, o mənim, mən də onun səsini eşidim. Sara xanımı unutmaq olarmı? Mən harada olsaydım, Naxçıvanda da - baxmayaraq ki, o vaxt Naxçıvan blokada şəraitində idi, - başqa yerdə də olsaydım, Sara xanımı unutmayacaqdım. Çünki Sara xanımın sisini, nə də özünü unutmaq olmaz. Sara xanım 1940-cı illərdə mahnılar oxuyubsa, insanlara ruh veribsə, - bəli, İkinci Dünya müharibəsi zamanı gənc bir qız müğənni olan Sara xanım gedib əsgərlərin qarşısında mahnılar oxuyub, insanlara ruh verib, - onu unutmaq olarmı?

Sara xanım ondan sonrakı dövrdə də öz fəaliyyətini davam etdirib, bu gün də xalqın içindədir, ictimaiyyətin görkəmli insanlarından biridir. Bəs kimsə deyə bilərmi ki, Sara xanım o vaxt olub, biz indi onu tanımırıq, bu gün hansısa bir müğənni çıxıb mitinqdə söz deyir - onu tanıyırıq? Bu, dəhşətli bir əhvali-ruhiyyədir.

Biz heç kəsi inkar etmirik, heç kəsin də kimisə inkar etmək hüququ yoxdur. Bu hüquq heç kəsə verilməyibdir, bir Allahdan başqa, heç kəsin belə bir hüququ yoxdur. Yenə də çox məmnunam ki, nəhayət, bu ordeni vermək imkanı əldə edildi, mən sizə bu ordeni verdim və çox mehriban görüşümüz oldu. Biz iki saatdan artıqdır ki, bir yerdəyik. Fərq təkcə ondan ibarətdir ki, siz hamınız oturmusuz, mən isə ayaq üstə durmuşam. Amma Azərbaycanın sizin kimi dəyərli insanlarına görə mən iki saat yox, on saat da ayaq üstə durmağa hazıram. Siz burada mənim haqqımda xoş sözlər dediniz, öz hissiyyatlarınızı bildirdiniz, məhəbbətinizi, sevgilərinizi, arzularınızı izhar etdiniz. Mən bunlara görə sizə təşəkkür edirəm.

Bilirsiniz ki, mənim həyatım xalqa, millətə, Azərbaycana həsr olunubdur. Bu, mənim həyatımın mənasıdır. Əgər insanlar bunu görürsə və qiymətləndirirsə, bu, mənim üçün ən yüksək mükafatdır. Ancaq kimsə qiymətləndirir, kimsə qiymətləndirmirsə, bu da mənim üçün heç bir narahatlıq hissi doğurmur. Cəmiyyətdə hamı üçün yaxşı olmaq mümkün deyildir. Xüsusən də hakimiyyətdə olan insan üçün. Hakimiyyətdə olan insan kimisə təltif edir, amma onun hakimiyyəti dövründə kimsə cəzalanır. Bu təbiidir. Qanunu pozan, cinayət edən cəzalanmalıdır.

Amma təəssüf ki, cəzalanan həmin insan bəzən öz cinayətini unudaraq hakimiyyəti, onu cəzalandırmış orqanları günahlandırır. Bu da var. Bu da bizim reallığımızdır. Bu da məndə heç bir təəccüb doğurmur. Ancaq Azərbaycanda insanların tam əksəriyyəti dövlətimizin müstəqilliyi yolunda son beş ildə görülmüş işləri qiymətləndirir və sizin burada dediyiniz kimi, yüksək qiymətləndirir. Bu da mənim üçün, mənim gələcək işlərim üçün böyük dəstəkdir. Bu, məni daha da ruhlandırır, mənə daha da çox güc verir.

Doğrudur, gücüm onsuz da vardır. Ancaq hər bir insanın duası da tarixi missiyanı yerinə yetirməkdə mənə yardım edir. Buna görə mən sizə təşəkkür edirəm. Mən inanıram ki, sizin hər biriniz Azərbaycan mədəniyyətini, incəsənətini, elmini bundan sonra daha da zənginləşdirmək üçün əzmlə çalışacaqsınız, yeni-yeni əsərlər yaradacaqsınız, xalqımızı sevindirəcəksiniz. İndi bunun üçün bəlkə də bir tərəfdən şərait çətindir, amma digər tərəfdən daha da əlverişlidir. Şübhəsiz ki, sosial-iqtisadi çətinliklər cəmiyyəti də və sizləri də sıxır. Ancaq mənəvi nöqteyi-nəzərdən biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Məhz bunun üçün illərlə ac qalmaq olar. Çünki əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır. Mən sizə deyirəm, bunu bilin, Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, onu əbədi etmək mənim üçün öz həyatımdan, canımdan artıqdır.

Ona da əmin ola bilərsiniz ki, Azərbaycan dövlətinin, prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və yüksəklərə qaldırır. Azərbaycanın dövlət başçısı kimi mən deyirəm, bilin, - bundan sonra Azərbaycan heç kəsdən asılı, heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini müəyyənləşdirəcəkdir. Azərbaycan müstəqil, sərbəst qalacaqdır.

Mən sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uzun ömür arzulayıram. Sizə yeni-yeni uğurlar, ailə səadəti arzulayıram. Ümidvaram ki, siz bundan sonra da öz gözəl işlərinizlə, əsərlərinizlə xalqımızı millətimizi sevindirəcəksiniz.

Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT