Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakida məşhur İspaniya müğənnisi Xulio İqlesiasın konsertindən sonra onunla görüşdəki söhbəti Respublika sarayı 24 iyul 1999-cu il


Heydər   Əliyev: Uğurlu keçən konsert münasibətilə Sizi təbrik edirəm. Bu gün çox gözəl konsert verdiniz. Musiqiniz də çox gözəldir. Səsiniz də heç dəyişməyibdir. Amma iki saat yarımdır oxuyursunuz.

Xulio  İqlesias: Gördüm ki, Siz salonda oturmusunuz, ona görə axıradək oxudum.

Heydər   Əliyev: Əgər siz oxuyub qurtarmasaydınız, mən də gedə bilməzdim. Mən bilsəydim, bir az tez durardım ki, sizə çox əziyyət verməyim.

Xulio  İqlesias: Cənab Prezident, gözəl gözləriniz var.

Heydər  Əliyev: Çox sağ olun.

Xulio  İqlesias: Siz özünüz və qızınız konsertə vaxt ayırdığınıza görə minnətdaram.

Heydər  Əliyev: Çox sağ olun. Mən çox təşəkkür edirəm ki, siz dünən getdiniz, qaçqınları gördünüz. Bu, sizin tərəfinizdən çox böyük insanpərvərlikdir. Bilirəm ki, burada sizin proqramınız gərgindir, işiniz çoxdur. Amma dünən öz xahişinizlə gedib qaçqınları görməyiniz məni çox məmnun etdi. Siz otuz iki il bundan öncə də çox populyar olmusunuz və bu gün də populyarsınız. Gördünüz, insanlar sizi necə qarşılayırlar?

Xulio  İqlesias: Boğazım bir qədər tutulmuşdu, ona görə də bir az narahat idim. Lakin Sizin ölkənizin xalqının, insanların münasibəti mənə ruh verdi və oxumağa başladım.

Heydər  Əliyev: Mən hiss etmədim ki, sizin boğazınız tutulubdur. Mən sizin səsinizi şəxsən yox, lent yazıları vasitəsilə iyirmi il bundan öncə də eşitmişəm. Amma indi heç bir dəyişiklik görmədim. Bu həqiqətdir.  Mənim qızım 70-ci illərdən sizin səsinizə valeh olubdur.  Bir mənim qızım deyil, gördünüz ki,  salonda oturanların hamısı.

Xulio   İqlesias: Çox şadam ki, dünən imkanım oldu, Sizin qızınızın musiqisinə qulaq asdım. Onun müsiqisindən çox xoşum gəldi. Artıq bununla bəlkə də biznes eləmək olar.

Heydər  Əliyev: O, heç vaxt biznes məqsədi daşımayıb. Sadəcə, ürəyindən gələn mahnıları yazıbdır.

Xulio   İqlesias: Hər halda çox gözəl mahnılardır.

Heydər  Əliyev: Çox məmnunam.  Onun mahnılarına verdiyiniz qiymət,  əlbəttə ki,  çox yüksək qiymətdir.

Xulio   İqlesias: Böyük musiqidir və həqiqətən şirin musiqidir.

Tarixi arayış

MƏDƏNİYYƏT