Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarına təbriki - Bakı şəhəri, 18 may 2000-ci il


Sizi institutunuzun 50 illik yubileyi münasibətilə səmimi - qəlbdən təbrik edirəm.

Azərbaycanda kənd təsərrufatının tarlaçılıq sahəsinin elmi əsaslarla inkişaf etdirilməsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun böyük xidmətləri olmuşdur. Bitkilərin məhsuldarlığının yüksəldilməsi və keyfiyyətinin yaxşılaşdırılması, torpağın becərilməsi, əkin dövriyyəsi, texnoloji proseslərlə bağlı institutda aparılan elmi araşdırmaların nəticələri ölkəmizdə qədim ənənələri olan əkinçiliyin bir çox sahələrinin sürətli inkişafına təkan vermişdir. İnstitutun alimlərinin gərgin əməyi sayəsində əldə olunmuş dənli və dənli-paxlalı bitkilərin bir çox yeni yüksək məhsuldar növü ölkəmizdə və onun hüdudlarından kənarda tətbiq edilərək ona əkinçilik məsələləri üzrə sanballı elmi-tədqiqat mərkəzi kimi böyük nüfuz qazandırmışdır.

Azərbaycan Elmi-Tədqiqat Əkincilik İnstitutu öz yarıməsrlik fəaliyyəti dövründə kənd təsərrufatının aktual məsələləri ilə məşğul olan mütəxəssis-alimlərin böyük bir nəslinin yetişməsində, yeni elmi-tədqiqat mərkəzlərinin yaranıb inkişaf etməsində mühüm rol oynamış güclü bazaya çevrilmişdir.

Fərəhli haldır ki, institutun müxtəlif bölgələrdə yaradılmış yardımçı təcrübə təsərrufatı, dayaq məntəqəsi və zona-təcrübə stansiyaları son dövrlərin ağır sınaqlarından ləyaqətlə çıxaraq bu gün də öz səmərəli fəaliyyətini davam etdirirlər.

Azərbaycan öz iqlimi və təbii şəraiti baxımından kənd təsərrufatə üçün dünyanın olduqca əlverişli bölgələrindən biridir. Dövlət müstəqilliyini bərpa etdikdən sonra öz təbii sərvətlərinin tam sahibini çevrilmiş Azərbaycan xalqı həyatın bir çox sahələrində olduğu kimi, kənd təsərrufatında da köklü dəyişikliklər, dərin islahatlar həyata keçirir. Bu prosesin uğurla başa çatdırılmasında institutunuzun da üzərini ciddi vəzifələr düşür.

İnanəram ki, zəngin təcrübəyə malik olan bu elmi-tədqiqat mərkəzi öz fəaliyyətini yaşadığımız dövrün tələblərini, təşəkkul tapmaqda olan müasir iqtisadi münasibətlərə uyğun quraraq yeni elmi nailiyyətləri ilə kəndli təsərrufatlarına yaxından kömək edəcək, müstəqil respublikamızda kənd təsərrufatı məhsulları bolluğu yaradılması işinə öz layiqli töhfəsini verəcəkdir.

Sizə cansağlığı və xoşbəxtlik, ölkəmiz üçün gərəkli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti