Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Britiş Petroleum" şirkətinin təşkil etdiyi Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertdə çıxışı - London, "Viktoriya və Albert" muzeyi, 22 iyul 1998-ci il


Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Londonun bu böyük tarixi, memarlıq, mədəniyyət abidəsi olan sarayda sizinlə bugünkü görüşümü çox yüksək qiymətləndirirəm.

Mənim Böyük Britaniyaya rəsmi səfərimin üçüncü günü başa çatır. Biz səfər günlərində həqiqətən çox gərgin cədvəllə işləyirik. Mən rəsmi səfərimdən çox razıyam. Hesab edirəm ki, biz ötən bu üç gün ərzində Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələri inkişaf etdirmək üçün ciddi addımlar atmışıq. Bu günlərdə Londonda keçirdiyim görüşlərin, apardığım danışıqların hamısı siyasi və iqtisadi xarakter daşıyır. Nəhayət, bu gün biz mədəniyyətlə, incəsənətlə görüşürük.

Birləşmiş Krallıqda Azərbaycana çox böyük maraq vardır. Böyük Britaniyanın hökuməti və iş adamları Azərbaycan iqtisadiyyatının bütün sahələrinə çox böyük diqqət göstərirlər. Şübhəsiz ki, neft hasilatı ilə bağlı olan məsələlər bizim danışıqlarımızın həmişə diqqət mərkəzində durubdur.

Azərbaycan qədim neft ölkəsidir. Bunun çoxəsrlik tarixi və gözəl ənənələri vardır. Böyük Britaniya neft hasilatı ilə məşğul olan gənc bir ölkədir, ancaq bu sahədə böyük nailiyyətlər əldə edibdir. Xüsusən, Böyük Britaniyanın güclü şirkəti olan "Britiş Petroleum" bu sahədə böyük uğurlar qazanıbdır.

"Britiş Petroleum" ilə Norveçin "Statoyl" şirkəti elə qardaş olublar ki, onları bir-birindən ayrı görmək mümkün deyildir. Ona görə də "Britiş Petroleum" deyəndə "Statoyl", "Statoyl" deyəndə "Britiş Petroleum" başa düşmək lazımdır. Ancaq bu gün məni sevindirən cəhət ondan ibarətdir ki, heç demə, onlar təkcə iqtisadiyyatla, sənaye ilə maraqlanmırlar, həm də Azərbaycanın mədəniyyətinə, incəsənətinə, musiqisinə maraq, məhəbbət göstərirlər. Məhz bunun nəticəsidir ki, bu gün biz buraya siyasi, iqtisadi məsələləri müzakirə etməyə yox, yalnız incəsənəti hiss etmək, musiqini, mahnıları dinləmək üçün toplaşmışıq. Bunun təşkilatçıları da "Britiş Petroleum" və "Statoyl"dur.

Hörmətli dostlar, bu imkandan istifadə edib, Azərbaycanda mədəniyyətə, incəsənətə, musiqiyə göstərdiyiniz qayğıya və bəzi hallarda sponsorluq vəzifəsini üzərinizə götürdüyünüzə görə sizə təşəkkür edirəm.

Bu salona toplaşanların bəlkə də əksəriyyəti üçün sadəcə musiqi, mahnı, incəsənət maraqlıdır. Mənim üçün isə bu, əlamətdar bir hadisədir və mən bununla fəxr edirəm.

Mən fəxr edirəm ki, Azərbaycan incəsənəti, musiqisi, mahnıları dünyanın ən böyük şəhərlərindən biri olan Londonda, bu möhtəşəm sarayda səslənəcəkdir. Mən fəxr edirəm ki, Azərbaycan xalqının öz tarixi ənənələrinə söykənən, eyni zamanda müasir, professional səviyyədə olan mədəniyyəti, incəsənəti, musiqisi vardır. Mən fəxr edirəm ki, Azərbaycanın bu mənəvi dəyərlərini təkcə biz yox, bizim dostlarımız, o cümlədən Böyük Britaniyada olan dostlarımız da qiymətləndirirlər və buna böyük maraq göstərirlər.

Bu salona Londonun bu qədər sakinlərinin, dinləyicilərin toplaşması buna gözəl bir sübutdur. Doğrudur, mənim bundan sonra da görüşlərim olacaqdır, amma günün axırında belə bir görüşümdən çox məmnunam.

Mən əminəm ki, Azərbaycanın incəsənət xadimləri, musiqiçiləri, müğənniləri bu gün Azərbaycan mədəniyyətini burada yüksək səviyyədə təmsil edəcəkdir.

Mən sizi bir daha salamlayıram və sizinlə görüşümdən çox şad olduğumu bildirmək istəyirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 23 iyul 1998-ci il