Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyətə həsr olunmuş ümumxalq nümayəndələri toplantısında giriş sözü - Respublika Sarayı, 5-6 aprel 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bu gün biz Azərbaycanın ümumxalq nümayəndələrinin respublika toplantısına yığışmışıq. Toplantının keçirilməsinin məqsədi respublikamızda gedən ictimai-siyasi prosesləri və keçmiş illərdə baş vermiş hadisələri, onların nəticələrini, bu hadisələrlə əlaqədar ölkəmizdə yaranmış çətinliklərin aradan qaldırılması üçün aparılan tədbirləri, bunların yekunlarını təhlil etməkdən və Azərbaycan Respublikasının bütün vətəndaşlarını, əhalinin bütün təbəqələrini təmsil edən belə bir toplantıda bu günümüz və gələcəyimiz üçün tədbirlərin görülməsindən ötrü birlikdə qərarlar qəbul etməkdən ibarətdir.

Azərbaycan dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Bu illər ölkəmizin, Azərbaycan xalqının həyatında həm şərəfli illərdir, həm də gərgin, mürəkkəb ictimai-siyasi proseslərlə və respublikamız, dövlət müstəqilliyimiz üçün təhlükəli bəzi hadisələrlə müşayiət olunmuş illərdır. Bunların hamısına baxmayaraq Azərbaycanda dövlət müstəqilliyi yaşayıb, möhkəmlənib və indi biz müstəqillik yolu ilə inamla irəliyə gedirik. Ancaq bu yolla getməyimizə mane olan qüvvələr, çətinliklər daim olmuşdur. Bugünkü ən böyük nailiyyətimiz də ondan ibarətdir ki, bütün bu maneələrin, çətinliklərin qarşısını ala bilmişik, tutduğumuz yol ilə getmişik və respublikamızın müstəqilliyini qoruyub saxlamışıq.

İndi respublikamızda daxili ictimai-siyasi vəziyyət sabitdir. Ancaq bu sabitliyə nəyin bahasına gəlib çatmışıq və nə qədər səy göstərilib, zəhmət çəkilib - bunu ictimaiyyətimiz də bilir, biz də bilirik. Şübhəsiz ki, bunlar nəzərdən qaçmamalı, təhlil olunmalı və bunun əsasında gələcəyimiz üçün, respublikada daha sabit, daha sərbəst vəziyyət yaratmaqdan ötrü tədbirlər görülməlidir.

Keçən illərdə respublikamızda həyatımızı çətinləşdirən, ağırlaşdıran bir çox amillər olmuşdu. Xalqımız, respublikamiz üçün ən dəhşətli, ən ağır amil 1988-ci ildən etibarən Azərbaycan Respublikasına Ermənistan tərəfindən başlanmış hərbi təcavüzdür. Bu təcavüz başlanandan Azərbaycan Respublikası, demək olar ki, yaralanıbdır. Respublikamızda vəziyyət gündən-günə, aybaay gərginləşib, bəzən çox böhranlı hallara gətirib çıxarıbdır. Bu gün böyük təəssüf hissi ilə qeyd edirik ki, hərbi təcavüzün qarşısı alınmayıb və bunun nəticəsində Azərbaycan Respublikasına, onun ərazi bütövlüyünə böyük zərbələr vurulub, ölkəmizin ərazi bütövlüyü böyük zərbəyə məruz qalıb, dövlət sərhədlərimiz pozulubdur. Böyük itkilər verilibdir, respublikamızın ərazisinin bir qismi işğal olunubdur. Bu, 1988-ci ildən bəri Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış və ardıcıl surətdə davam etmiş hərbi təcavüzün nəticəsində olmuşdur.

Amma eyni zamanda respublikamızın belə bir ağır vəziyyətə düşməsinə о illərdən başlayaraq ölkənin daxilində gedən və çox böyük ziyan vurmuş ictimai-siyasi proseslər də səbəb olmuşdur. Şübhəsiz ki, dünyada gedən ictimai-siyasi proseslər, dəyişikliklər hər bir ölkəyə - birinə az, digərinə çox təsir edir. Azərbaycanda baş verən proseslər də dünyada gedən proseslərlə və xüsusən о vaxt Sovetlər İttifaqında gedən proseslərlə, İttifaqın dağılması və bunun nəticəsində Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsi ilə əlaqədar olmuşdur.

Ancaq təəssüflər olsun ki, bu çətin, ağır mərhələdə, bu gərgin ictimai-siyasi proseslərdən keçid dövrlində respublikamızın daxilində cürbəcür qruplar, qüvvələr cinayət yoluna düşmüşlər və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkənin daxilində də sabitlik, dövlət qanun-qaydaları pozulmuşdur.

Əgər buna tarix nöqteyi-nəzərindən yanaşsaq, bəlkə də bu, təsadüfi deyildir. Çünki Azərbaycan kimi bir ölkənin, respublikanın dağıdılmasına keçmiş zamanlarda da çox səy göstərilmişdir. 1988-ci ildən Ermənistan tərəfindən başlanmış təcavüz və bununla əlaqədar Azərbaycanın daxilində yaranmış gərgin, mürəkkəb və çox ziddiyyətli vəziyyət bir yandan xarici qüvvələrin Azərbaycanı dağıtmaq meyllərinin nəticəsi olmuşdursa, digər tərəfdən həm xaricdə, həm də daxildə xalqımıza, millətimizə düşmən olan qüvvələrin təxribatçı əməllərinin, işlərinin nəticəsi olmuşdur.

1990-cı il Yanvar faciəsi, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinin baş verməsi, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri dediyim fikirləri təsdiq edən faktlardır.

Bu gün qətiyyətlə demək olar ki, son iki ildə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün, respublikada bütün qüvvələrin, ictimai-siyasi təşkilatların, bütün Azərbaycan xalqının həmrəyliyini təmin etmək üçün görülən tədbirlər mənfi proseslərin qarşısını almışdır. Bu gün biz Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitliyini məmnuniyyət hissi ilə qeyd edirik. Ancaq bu günə hansı yollarla gəlib çatmışıq, nə işlər, nə tədbirlər görülübdür, hansı çətinliklərin, təxribatların qarşısı alınıbdır, bunlar hamısı nəyin bahasına başa gəlibdir bunun böyük təhlilə ehtiyacı var. Bunun üçün də daim mən belə hesab edirəm ki, Azərbaycanda bütün xalqın, vətəndaşların, bütün qüvvələrin birləşməsi, həmrəy olması çox zəruridir. Ona görə də respublikamızda ümumxalq nümayəndələri toplantısının bu tərkibdə keçirilməsi xalqırı hamısını həmrəy etmək, bir istiqamətə yönəltmək məqsədi daşıyır.

1994-cü ilin oktyabrındakı dövlət çevrilişi cəhdlərinin qarşısı alınandan sonra bu hadisələri təhlil etmək və lazımi nəticələr çıxarmaq üçün həmin ilin noyabrında Azərbaycanın ümumxalq nümayəndələrinin respublika toplantısını keçirdik. Bu hadisələrə qiymət verildi və qarşıda duran vəzifələr müəyyən edildi. Hesab edirəm ki, bundan sonra çox səmərəli iş görüldü. Ancaq buna baxmayaraq, 1995-ci ilin martında yenidən respublikada dövləti devirmək, dağıtmaq cəhdləri ilə rastlaşdıq. Hesab edirəm, bu gün tam əsasla deyə bilərik ki, 1995-ci ilin mart ayında respublika böyük fəlakət, təhlükə qarşısında olmuşdur və biz ölkəmizi, xalqımızı bu fəlakətdən xilas edə bildik.

Ondan sonrakı dövr 1994-cü ilin oktyabrında da, 1995-ci ilin martında da xarici və daxili qüvvələrin birləşməsi nəticəsində Azərbaycanın dövlətçiliyinin dağıdılması üçün göstərilən cəhdlərin respublikamızın bu günü və gələcəyi üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi.

1995-ci ilin mart hadisələrindən bir il keçibdir. Hüquq-mühafizə, istintaq orqanları baş vermiş cinayətlərin köklərini, səpəblərini araşdırmaqla məşğul olmuşlar. Respublikada gedən ictimai-siyasi proseslər ölkədəki vəziyyəti daha da durultmuş, daha da təmizləmişdir. Məhz bunların nəticəsində respublikamızda əldə olunmuş ictimai-siyasi sabitlik şəraitində 1995-ci ilin noyabr ayında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmış, ilk parlamenti seçilmişdir. Oktyabr və mart hadisələrindən sonra keçən illər və aparılan siyasi tədbirlər nəticəsində, dövlət tərəfindən görülmüş, hüquq-mühafizə orqanlarının apardığı işlər və gördükləri tədbirlər həmin illərdə və ondan əvvəlki illərdə respublikanın daxilində olan vəziyyəti daha da aydınlaşdırmışdır.

Odur ki, bunları bir daha təhlil etmək, cəmləşdirmək, keçmiş illərdəki bütün proseslərə qiymət vermək, cinayətkar, təxribatçı hərəkətlərin Azərbaycana nə qədər böyük zərbələr vurduğunu bir daha dərk etmək üçün bu gün ümumxalq nümayəndələri toplantısının keçirilməsini mən zəruri hesab etmişəm və buna görə də buraya yığışmışıq. Bu gün qarşımızda duran əsas vəzifə keçmiş illərdə gedən ictimai-siyasi prosesləri təhlil etməkdən, onlara daha doğru-düzgün qiymət verməkdən və bütün ictimaiyyəti bu barədə məlumatlandırmaqdan, eyni zamanda belə halların kökünün kəsilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Biz bütün işlərimizi tam aşkarlıq şəraitində görürük. Azərbaycanda demokratik hüquqi, sivilizasiyalı dövlət qurulur. Biz bütün cəmiyyətimizi demokratikləşdirmək istəyirik, ona görə də qəbul etdiyimiz Konstitusiya əsasında respublikamızda addımbaaddım bu işləri görürük və bundan sonra da görəcəyik. Bütün bu işlərimizin bir cəhəti də aşkarlıqdır. Bütün işlərimizi açıq-aydın, aşkar, xalqın, vətəndaşların qarşısında görürük.

Yenə deyirəm, ən əsas məqsədlərdən biri Azərbaycanın bütün təbəqələrinin, bütün xalqın, vətəndaşların həmrəyliyini təmin etməkdir. 1988-ci ildən indiyə qədər Azərbaycanın başına gəlmiş bəlaların əsas səbəblərindən biri respublikanı cürbəcür yollarla parçalamaq üçün həyata keçirilmiş təxribatçı hərəkətlərdir. Biz bunlara son qoymalıyıq. Onsuz da xarici qüvvələr çox cəhd göstəriblər və bu gün də cəhd göstərirlər ki, Azərbaycanı parçalasınlar. Əgər daxilimizdə də belə qüvvələrin fəaliyyətinə imkan versək, şübhəsiz ki, Azərbaycan bir dövlət kimi məhv ola bilər. Bu isə bugünkü nəsillər tərəfindən Azərbaycanın tarixi qarşısında cnayət ola bilər.

Ona görə də bu gün ümumxalq nümayəndələrinin toplantısına respublikamızın bütün təbəqələrinin, ictimai-siyasi təşkilatların, siyasi partiyaların, bütün regionların nümayəndələri dəvət olunublar. Məhz belə, aşkarlıq şəraitində, hamının bir yerə yığışması şəraitində bu məsələləri müzakirə etmək istəyirik Güman edirəm ki, bu, həm bu günümüz, həm də gələcəyimiz üçün çox vacib amildir.

Bugünkü toplantımız Azərbaycan milli televiziyası vasitəsilə birbaşa yayılır. Bu da onu göstərir ki, respublikamızda heç bir şey heç kəsdən gizlədilmir. Məqsəd budur ki, bu salonda gedən danışıqlar eyni zamanda bütün respublikada bilinsin, dinlənilsin, beləliklə də bütün vətəndaşlar bu salondakı müzakirədə iştirak etsinlər. Bu məsələləri müzakirə etməkdən ötrü buraya toplaşanlar və televiziya vasitəsilə bizi dinləyənlər üçün ətraflı məlumatların verilməsi lazımdır. Bundan örtü bir neçə mərazə dinləmək nəzərdə tutulmuşdur. Ondan sonra isə toplantının iştirakçıları müzakirədə iştirak edə bilərlər.

Yekun sözü

İki gün davam edən ümumxalq nümayəndələri toplantısında 26 nəfər nitq söyləyib. Ancaq çıxış etmək, söz demək istəyən adamlar çoxdur. Müraciət edənlərin hamısı siyahıya alınıb. Əgər onların hamısına söz verilsə, gərək biz azı iki gün də işləyək. Şübhəsiz ki, toplantının söz demək istəyən hər bir iştirakçısının ürəyində olan sözlərin aşkara çıxması çox vacibdir. Eyni zamanda güman edirəm ki, bu iki günlük müzakirə qarşımızda qoyduğumuz vəzifənin həyata keçirilməsini təmin etmişdir. Bəlkə daha çıxışları dayandıraq və işimizi yekunlaşdıraq. Etiraz yoxdur ki? Ancaq mən toplantının çıxış etmək üçün hazırlaşan iştirakçılarından xahiş edirəm ki, onlar öz çıxışlarını Prezident Aparatında olan şöbəyə təqdim etsinlər. Hesab edirəm ki, bizim bu iki gündə apardığımız iş tarixi əhəmiyyət kəsb etdiyinə görə onların çıxışları da bu toplantının stenoqramında öz əksini tapa bilər. Beləliklə, işimizi yekunlaşdıraq.

Dünən, bu gün bu sarayda, salonda biz Azərbaycanda son 15 ildə gedən prosesləri təhlil etdik. Onlara qiymət verildi. Ümumiyyətlə, tariximizə, keçmişimizə nəzər saldıq. Xüsusən son illərdə ölkəmizin həyatında olan mühüm məsələləri, baş vermiş faciəli hadisələri və onların aradan qaldırılması üçün görülmüş tədbirləri, bu faciəli hadisələrin acı nəticələrinin respublikamıza vurduğu zərbələri təhlil etdik, yadımıza saldıq, fikirlərimizi ümumiləşdirdik.

Hesab edirəm ki, bu iki gün müddətində biz çox səmərəli iş görmüşük. Məqsəd son illərdə, xüsusən 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd zamanı baş vermiş hadisələri, onun ağır nəticələrini təhlil etməkdən, 1995-ci ilin martında respublikamızda yenə də dövlət çevrilişinə cəhd ilə əlaqədar olan hadisələri və onun ağır nəticələrini təhlil etməkdən ibarətdir. Məqsəd - vaxt keçəndən sonra istintaq materiallarının əsasında bu ağır cinayətlərin mənasını, məzmununu və onların Azərbaycan dövlətçiliyi üçün nə qədər təhlükəli olduğunu indi bir daha aşkar etməkdən ibarətdir.

Söhbət daha geniş çərçivədə getdi. Həm uzaq, həm də yaxın keçmişdə Azərbaycan Respublikasının həyatında baş vermiş hadisələr də yada salındı. Ümumiyyətlə, respublikamızın demək olar ki, mövcud ictimai-siyasi vəziyyəti müzakirə olundu. Məruzələr, çıxışlar və orada aşkar olunan konkret faktlar, dəlillər, sübutlar, mülahizələr, fikirlər, hesab edirəm ki, həm 1994-cü ilin oktyabr, həm də 1995-ci ilin mart hadisələri, ondan əvvəlki və ondan sonrakı dövrdə baş vermiş hadisələr haqqında respublikanın bütün ictimaiyyətinə geniş məlumat verdi. Bu hadisələri, xüsusən son dövrdə, illərdə baş vermiş hadisələri izləyən, bu proseslər haqqında mütəmadi məlumat alan bir adam kimi mənim özümdə də məruzəçilər, natiqlər tərəfindən ümumiləşdirilmiş şəkildə təqdim olunan bu materialları dinləyərkən həmin hadisələr haqqında daha geniş təsəvvür yarandı.

Güman edirəm ki, respublika ictimaiyyətinin belə bir geniş məlumat almağa ehtiyacı var idi. İctimaiyyətimiz üçün bu məlumatlar verildi və hər bir vətəndaş artıq bu hadisələrə, cinayət hərəkətlərinə, faktlarına özü-özlüyündə qiymət verə bilər. Bu gün respublikamızda ictimai-siyasi vəziyyət sabitdir. Ancaq bir il , iki il, üç il bundan əvvəl vəziyyət tamam başqa şəkildə idi. Biz bu sabitliyə hansı yollarla gəlmişik, hansı səylər nəticəsində nail ola bilmişik? Keçmiş illərdəki vəziyyət ilə indikını müqayisə edərkən bugünkü vəziyyətin Azərbaycan xalqı, Azərbaycan Respublikası üçün nə qədər qiymətli olduğunu dünən və bu gun aparılan müzakirələrdə hər birimiz dərk edə bildik. Hesab edirəm ki, bu müzakirələrdən çox böyük nəticələr çıxarmaq lazımdır. Hər bir vətəndaş düşünməlidir və özü üçün nəticə çıxarmalıdır. Biz - Azərbaycan dövlətini idarə edənlər - özümüz üçün nəticə çıxarmalıyıq, Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar özləri üçün nəticə cıxarmalıdırlar.

Ona görə ki, keçmişdə qalmış cinayətkarlıqlar, cinayətlər bundan sonra bir daha baş verməsin, təkrar olunmasın, Azərbaycan о cinayətkarlıq mühitindən tamamilə azad, xilas olsun, biz respublikamızın, dövlətimizin, xalqımızın qarşısında duran çox böyük, vacib məsələlərin həll olunması üçün əmin-amanlıq şəraitində işləyə bilək, yaşaya bilək.

Hamı bu nəticəni çıxarmalıdır. Xüsusən, cinayətkarlığa meylli, keçmişdə dövlət çevrilişlərini özləri üçün peşə hesab etmiş, onlara havadarlıq etmiş adamlar, onlarla həmrəy olmuş və bu gün də onları müəyyən qədər, açıq olmasa da gizli dəstəkləyən adamlar nəticə çıxarmalıdırlar. Hamı nəticə çıxarmalıdır.

Respublikamızın qarşısında çox böyük və möhtəşəm vəzifələr var. Azərbaycan dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Dövlət müstəqilliyini təmin etmək üçün beş il az bir zamandır. Bu beş ildə respublikamız özbaşınalıq, qarmaqarışıqlıq, cinayətkarlıq şəraitində olubsa və dünən, bu gün burada elan olunan məlumatların bunu sübut etdiyi kimi, biz belə bir ağır şəraitdə yaşamışıqsa, indi görün bu müstəqilliyi möhkəmləndirmək üçün hələ bundan sonra nə qədər iş görülməlidir. Bir də deyirəm, bu vəzifələri yerinə yetirmək, dövlət müstəqilliyini möhkəmləndirmək üçün bu tarixi keçmişimizdən nəticə çıxarmaq lazımdır. Respublikamızı bu ağır vəziyyətə salmış belə hallara gələcəkdə yol verilməməsi üçün hər bir vətəndaş öz payını verməli, səy göstərməlidir.

Azərbaycanın çoxəsrlik tarixi var. Biz XX əsrin son illərini yaşayırıq. XX əsr bəşər tarixində çox görkəmli yer tutur. Hər bir ölkə, hər bir xalq XX əsrdə öz xalqı, ölkəsi üçün nələr əldə etdiyini, nələr itirdiyini əsrin sonuna qədər yekunlaşdırmalıdır. Biz Azərbaycanın XX əsr tarixini yazmalıyıq. XX əsrdə keçdiyimiz yolu araşdırmalıyıq,

tədqiq etməliyik. Nə əldə etdiyimizi, nə itirdiyimizi müəyyən etməliyik. Bu, bizim ümumi vəzifəmizdir. Alimlərimizin, tədqiqatçılarımızın qarşısında duran vəzifədir. Biz bunu etməliyik. Ancaq bu gün əməli işimiz üçün biz ayrı-ayrı məqamları həmişə diqqət mərkəzində saxlamalıyıq, vaxt unutmamalıyıq.

XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük dəyişikliklər olubdur. XX əsr Azərbaycan xalqı üçün sürətli bir inkişaf dövrüdür, mərhələsidir. XX əsrin əvvəlində Azərbaycanda milli dirçəliş, oyanış hərəkatı, milli azadlıq, demokratiya hərəkatı inkişaf etməyə başlayıbdır. 1918-ci ildə Azərbaycanda ilk demokratik respublika yaranıbdır. Qısa bir zamandan sonra o, süqut edibdir. Azərbaycan xalqı 70 il sovet, kommunist sistemi şəraitində yaşayıbdır. Bu 70 il müddətində Azərbaycan xalqının böyük nailiyyətləri olubdur. Eyni zamanda, bu 70 ildə xalqımızın tarixinin çox faciəli, qara səhifələri də olubdur.

Bizim üçün ən ağır, ən faciəli illər 1988-ci ildən, Ermənistanın Azərbaycana təcavüzü vaxtından başlayıbdır. Ancaq bu təcavüzün təməli çox uzaq illərdə qoyulubdur. 1918-1920-ci illərdə Azərbaycan Respublikasının hüdudları müəyyən edilərkən respublikamıza qarşı ədalətsizlik olubdur. Ölkəmizin tarixi ərazilərinin bir hissəsi, çox hissəsi Azərbaycan Respublikasının hüdudlarından kənarda qalıbdır. Bu, Azərbaycana qarşı edilmiş ədalətsizlikdir. Azərbaycanın tarixi torpaqlarının bir qismi başqa dövlətlərin, xüsusən Ermənistanın ərazisində qalıbdır.

Bununla bərabər, iyirminci illərin əvvəlində məhz Azərbaycanın başına cürbəcür bəlalar gətirmək üçün respublikamızın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Məlumdur ki, Azərbaycan öz coğrafi, siyasi vəziyyətinə, öz təbii sərvətlərinə görə bir çox böyük dövlətlərin, ölkələrin daim maraq dairəsində olmuşdur və bu gün də maraq dairəsi kimi qalır. Ona görə bir çox böyük dövlətlərin, ölkələrin daim maraq dairəsində olmuşdur və bu gün də maraq dairəsi kimi qalır. Ona görə də respublikamızın bütün imkanlarından xalqımızın istifadə etməsini məhdudlaşdırmaq üçün ayrı-ayrı qüvvələr, hakim dairələr, dövlətlər Azərbaycan üçün böyük çətinliklər yaradıblar. Onlardan biri də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasıdır.

Dağlıq Qarabağ Muxtar Vilayəti həmişə Azərbaycanı susdurmaq, Azərbaycana diktə etmək, respublikamızın sərvətlərindən, imkanlarından başqalarının istifadə etməsi mənbəyi olubdur. Ona görə də Dağlıq Qarabağ problemi о yaranandan sonrakı dövrdə vaxtaşırı baş veribdir. Ancaq həqiqət naminə demək lazımdır ki, həm 20-ci, 30-cu, 40-cı, 50-ci, həm də sonrakı illərdə - 60-70-ci illərdə əgər bu məsələ vaxtaşırı qalxıbsa, onun qarşısı da alınıbdır. Onun qarşısı bir tərəfdən Azərbaycanı idarə edən şəxslər tərəfindən alınıbdır. İkinci tərəfdən isə, ədalət naminə demək lazımdır ki, о vaxt Sovetlər İttifaqında hökm sürən qanun-qayda çərçivəsində alınıbdır.

Təəssüflər olsun ki, 1980-ci illərin əvvəllərindən, xüsusən, 1985-1986-cı illərdən Azərbaycanı parçalamaq meylləri yenidən sürətlənibdir. Tarixən Azərbaycanı çox mərhələlərdə parçalamaq istəyiblər. Xüsusən respublikamızla qonşu olan Ermənistanın Azərbaycana torpaq iddiası daim olmuşdur. Bayaq mən dediyim kimi, əgər bəzən Azərbaycan torpaqları bu bölgü zamanı ədalətsiz olaraq respublikamızın hüdudlarından kənarda qalmışdısa da, mövcud Azərbaycanı parçalamaq mümkün olmamışdır. 80-ci illərdə ölkəmizə qarşı bu təcavüz, bu düşmən meylləri artmış və nəhayət, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz başlanmışdır. Onun gedişi və nəticələri məlumdur. Azərbaycana dəhşətli zərbələr vurulmuş, respublikamızın ərazi bütövlüyü pozulmuş, torpaqlarımızın bir qısmi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşmüşdür.

Azərbaycanın belə bir tarixi xalqımız, xüsusən respublikamızı idarə edənlər, siyasətlə məşğul olanlar üçün daim dərs olmalı idi. Dərs olmalı idi ki, Azərbaycan təhlükə altında olub və daim təhlükə altındadır. Dərs olmalı idi ki, Azərbaycan bütün daxili problemləri kənara qoyub xarici qüvvələrin respublikamıza uzatdığı əlləri kəsə bilsin, onların bu qəsbkar meyllərinin qarşısını ala bilsin və Azərbaycanın bütövlüyünü qoruyub saxlaya bilsin.

Təəssüf ki, keçmiş tarixin təhlili bunu deməyə əsas verir ki, belə olmayıbdır. 1988-ci ildən Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz başlanıbdır. Ancaq bu təcavüz 1988-ci ildə birdən-birə başlanmayıbdır, ondan əvvəlki illərdə hazırlanıbdır. Onu duymaq, bilmək lazım idi, onun qarşısını almaq lazım idi. Ancaq təəssüf ki, Azərbaycanı idarə edən adamlar buna fikir verməyiblər, öz məsuliyyətlərini hiss etməyiblər və 1988-ci ildə belə bir kəskin şərait yaranan zaman ona cavab yerməyə qabil olmayıblar.

Əgər respublikaya rəhbərlik edən şəxslər və Azərbaycan haqqında düşünən, yaşayan insanlar fikirlərini, güclərini bir yerə toplasaydılar, 1988-ci ildə bu təcavüzün qarşısını ala bilərdilər. Bu, olmayıbdır. 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlanandan respublikamızda ictimai-siyasi vəziyyət pozulubdur. Azərbaycanın idarə edilməsi tamamilə pozulubdur. Bu, artıq tarixi faktdır. Biz bu gün bunu etiraf etməliyik. Azərbaycanı parçalamaq, respublikamızın ərazisinin bir hissəsini - Dağlıq Qarabağı əlindən alıb Ermənistana vermək üçün, Azərbaycana. kənardan, tək Ermənistandan yox, həm də о vaxt Sovetlər İttifaqının rəhbərliyindən çox xəyanətkar addımlar atılmışdır. Ancaq təəssüf ki, bunun qarşısına çıxan olmamışdır, bunun qarşısı alınmamışdır və Azərbaycan 1988-ci ildə ağır bir vəziyyətə düşmüşdür. О zaman xalq ayağa qalxmış, öz etirazını bildirmişdi.

Məhz 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycanın əlindən alınması ilə əlaqədar respublikamızda olan hərəkətlərə qarşı Azərbaycanın namuslu, millətini sevən, torpağına sadiq adamları ayağa qalxmış, etiraz səsini qaldırmışlar. Məhz о vaxtlar Azərbaycanda xalq hərəkatı başlamışdı. Bu, müsbət bir haldır. Hesab edirəm ki, bu, Azərbaycan tarixinin dəyərli səhifələridir. Xalq məhz öz torpağını qorumaq, Azərbaycanın bütövlüyünü saxlamaq, ölkəmizə olunan təcavüzə etiraz etmək üçün ayağa qalxmışdı. Xalqın bu gücündən istifadə etmək lazım idi. Kütlələrlə Azərbaycanı idarə edənlər birləşməli, hamısı bir olmalı idilər. Azərbaycana qarşı bu təcavüzün nə qədər təhlükəli olduğunu dərk etməli, onun qarşısını almalı idilər. Ancaq təəssüf ki, belə olmamışdır.

Azərbaycanın dağılmasının, təcavüz nəticəsində məğlub olmasının əsası məhz о vaxt qoyulmuşdu. Təsəvvür edin, 1988-ci ildə və 1989- cu ildə Azərbaycanın ərazisində Dağlıq Qarabağdan, onun mərkəzi Stepanakertdən, respublikamızın öz ərazisindən azərbaycanlıları sürgün edirlər, bu da normal hadisə kimi qəbul olunur, Azərbaycanın rəhbərləri onu dəstəkləyirlər və nəinki buna razdıq verirlər, hətta bunu özləri təşkil edirlər.

Təsəvvür etmək mümkün deyil ki, Azərbaycanın ərazisində Dağlıq Qarabağda olan yüz minə qədər erməni əhalisi onu əhatə edən milyonlarla azərbaycanlı əhalidən güclü oldu və Dağlıq Qarabağdan azərbaycanlıları zorla çıxardı. Stepanakertdən azərbaycanlıları zorla çıxardılar və azərbaycanlılar həmin yüz min erməninin əlində aciz qaldılar. Bunu təsəvvür etmək mümkün deyil. Bunlar hamısı о səbəbdən meydana gəldi ki, bir tərəfdən, Azərbaycanı idarə edənlər öz xalqına xəyanət etdilər, ikinci tərəfdən də ayağa qalxmış xalqın milli azadlıq hərəkatından ayrı-ayrı adamlar öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışdılar. Hamısı birləşib Ermənistan təcavüzünün əleyhinə getmək əvəzinə, Azərbaycanın daxilində hakimiyyət mübarizəsi, çəkişmələr, qruplaşmalar getdi.

Bəzən mən soruşuram - necə oldu ki, Dağlıq Qarabağda ermənilər bir günün içərisində qalxdılar və Azərbaycan Respublikasına tabe olmadıqlarını elan etdilər? Bu, necə oldu? Azərbaycan Respublikasının - həm hərbi gücü, həm də insani gücü var idi ki, onları öz yerlərində oturtsun. Deyirlər ki, guya artıq ermənilərin əlində silah var idi. Bəs azərbaycanlıların əlində silah niyə yox idi?

Ermənistan silahlanmağa başladı. 1989-cu ildə bütün Sovetlər İttifaqının mətbuat, informasiya orqanları bağırırdılar ki, Ermənistanda qeyri-qanuni silahlı dəstələr var. Hətta о vaxt Qorbaçov prezident kimi Ermənistanda olan silahlı dəstələrin dağıdılması, tərksilah olunması haqqında bir fərman da verdi. Doğrudur, bir neçə aydan sonra özü onu ləğv etdi. Bəs Ermənistan о qədər silahlanırdısa, Azərbaycanda düşünmək lazım deyildimi ki, bunlar nə üçün silahlanırlar? Bunlar kimə qarşı silahlanırlar - Rusiyayamı qarşı, qonşu Türkiyəyəmi, İranamı, Gürcüstanamı qarşı? Yox, Azərbaycana qarşı silahlanırdılar. Bəs nə üçün о illər, о aylar, о günlər həmin proseslərə lazımi qiymət verilmədi, Azərbaycan Ermənistanda olan vəziyyətə uyğun özü üçün bir şərait yaratmadı, öz torpaqlarını müdafiə etməyə qadir olmadı? Nə üçün?

Sonra Azərbaycanda da silahlar meydana gəldi. Amma о silahların çoxu daxili çəkişməyə, vuruşmağa yönəldildi. Şübhəsiz ki, Moskvanın - Sovetlər İttifaqının о vaxtkı rəhbərliyinin Azərbaycana və Ermənistana münasibətləri fərqli idi. Mən bunu keçmişdə də dəfələrlə demişəm, indi də deyirəm ki, Azərbaycana ögey, Ermənistana isə doğma münasibət var idi. Bu, tarixi həqiqətdir.

Təsadüfi deyil ki, о illərdə, məsələn, 1989-cu ildə Azərbaycanda da, Ermənistanda da insanlar mitinqlər keçirirdilər. Ancaq 1990-cı ilin yanvar ayında Azərbaycana sovet ordusunun qoşun hissələri yeridildi. Azərbaycana qarşı Ermənistanın təcavüzündən savayı, sovet ordusunun da təcavüzü baş verdi. Amma Ermənistanda gedən mitinqlər üçün Ermənistana heç bir qoşun hissəsi yeridilmədi, heç bir qırğın da olmadı.

Bu, о vaxt mərkəzin Azərbaycana və Ermənistana olan münasibətlərinin fərqini aşkar göstərir. Deməli, belə olan şəraitdə Azərbaycanın bütün qüvvələri birləşməli idi. Bütün quvvələr birləşib Azərbaycanı mühafizə etməli idi. Ancaq, yenə deyirəm, təəssüf ki, parçalanma, daxili mübarizələr getdi, və nəhayət böyük çətinliklər əmələ gəldi.

Mən bayaq da dedim, o vaxt Ermənistanda da qanunsuz silahlı dəstələr vardı. Amma aralarında bəlkə ziddiyyətlər var idisə, hamısı birləşdi və Azərbaycana təcavüz etməyə yönəldi. О vaxtdan indiyə qədər Ermənistanda bir dəfə də dövlət çevrilişi olmayıbdır. Bunu da demək lazımdır. Çünki onlar bütün qüvvələrini Ermənistanın qəsbkar siyasətini həyata keçirməyə yönəldiblər, baxmayaraq ki, daxildə bir-biri ilə ziddiyyətləri də var.

Amma Azərbaycanda neçə dəfə dövlət çevrilişinə cəhd göstərilib, respublikamız neçə dəfə vətəndaş müharibəsi həddində olubdur. Bax, bu tarixi məqamları yada salaraq bildirmək istəyirəm ki, 80-ci illərdən etibarən başımıza gələn bəlalar, bir tərəfdən bədnam qonşumuz Ermənistanın Azərbaycana olan torpaq iddiası və hərbi təcavüzü ilə əlaqədardırsa, eyni zamanda, Sovet İttifaqının rəhbərliyinin Azərbaycana ögey münasibəti ilə bağlıdırsa, о biri tərəfdən daxildəki cürbəcür qrupların, dəstələrin bir-biri ilə hakimiyyət mübarizəsi aparmasının nəticəsidir.

Çıxışlarda deyildi, təkrar etməyə ehtiyac yoxdur ki, əgər Azərbaycana rəhbərlik edən Vəzirov bunu edə bilməyib, ordunun təyyarəsində respublikadan qaçırsa və qan üstündə hakimiyyətə gəlmiş Mütəllibov Azərbaycanın bütün imkanlarından istifadə edib ölkəni ağır vəziyyətdən çıxarmaq əvəzinə özü üçün gizli silahlı dəstələr yaradırsa, özünü qorumağa çalışırsa, demək Azərbaycanı, ərazimizi qorumağa yox, Ermənistanın təcavüzünün qarşısını almağa yox, sadəcə olaraq, qeyri-qanuni yolla öz hakimiyyətini qorumağa çalışırsa, şübhəsiz ki, başqa nəticə əldə etmək mümkün olmazdı. Əgər 1990-1991-ci illərdə Azərbaycanda hakimiyyət "Qardaşlıq" cəmiyyətinə rəhbərlik edən Axundov kimi savadsız, məşhur cinayətkara, yaxud uzun illər oğurluqla, cürbəcür çirkin işlərlə məşğul olmuş, nəhayət terrorçuluq aktları həyata keçirmiş Seyfəl Babayev kimi adamlara istinad edirdisə, ölkənin həyatında hansı müsbət nəticələr gözləmək olardı? Bunlar dəhşətli hallardır, amma tariximizin həqiqətidir. Bu gün mən bunu ürək ağrısı ilə deyirəm. Ancaq demək də lazımdır.

Şübhəsiz ki, bütün bunlar iqtidarı hakimiyyətdən uzaqlaşdırmalı idi. Bu, aydındır. Ancaq xalqın inamı ilə hakimiyyətə gəlmiş adamlar, Xalq Cəbhəsi - Müsavat hakimiyyəti də bir il müddətində Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirib çıxardı. 1993-cü ilin iyununda Azərbaycanda həddindən artıq gərgin vəziyyət yaranmışdı. Bu barədə dünən də, bu gün də deyilibdir, təkrar etməyə ehtiyac yoxdur. Azərbaycanda vətəndaş müharibəsi başlandı. Kim bunu yaratdı? Bunu nə Ermənistan, ermənilər yaratdı, nə də başqaları özümüz yaratdıq. Şubhəsiz ki, xarici kəşfiyyat orqanları güclü işlədilər. Ancaq hunu yaradanlar Azərbaycanın öz vətəndaşları oldu.

Bundan sonrakı proseslər məlumdur. О vaxt Azərbaycan parçalanmışdı. Bilirsiniz ki, cənub zonası Əlikram Hümbətovun, Gəncəbasar zonası Surət Hüseynovun əlində, başqa ravonlar ayrı-ayrı dəstələrin əlində idi. Belə bir vəziyyətdə hakimiyyətdə olan adamlar hakimiyyəti əldə saxlaya bilmədilər. Bir şeyi də qeyd etmək lazımdır. Əgər 1992-ci ildə hakimiyyətə gəlmiş Xalq Cəbhəsi həqiqətən xalqın cəbhəsi idisə, nə üçün 1993-cü ilin may-iyun aylarında xalq onu müdafiə etmədi? Demək, onlar bir il müddətində xalqın inamını itirdilər və hesab edirəm ki, artıq Xalq Cəbhəsi adını daşımaq hüququnu da itiriblər. Çünki xalqın cəbhəsi idisə, 1993-cü ildə xalq onları müdafiə etməli idi, separatçı qüvvələrin qarşısını almalı, hakimiyyəti müdafiə etməli idi. Amma xalq onları müdafiə etmədi. Ona görə də vətəndaş müharibəsi başlandı.

Belə bir şəraitdə biz Azərbaycanda vəziyyəti sabitləşdirməyə başladıq. Bu yol ağır, çətin oldu. Bilirsiniz, dünən də, bu gün də burada çox sözlər deyildi ki, 1993-cü ildə Heydər Əliyev gəldi, bunu qiymətləndirirsiniz. Ancaq inanın, bilin о vaxt mən nə qədər ağır, məsuliyyətli, nə qədər çətin bir vəzifəni öz üzərimə götürdüm. Təsəvvür edə bilmirdim ki, mən Azərbaycana dəvət olunandan sonra, Ali Sovetin, Milli Məclisin sədri seçiləndən sonra Azərbaycan prezidenti öz vəzifəsini alıb, fərarilik edərək qaçıb dağlara gedəcəkdir.

İnanın, mən səmimi deyirəm, bunu təsəvvür edə bilmirdim. Məlumdur ki, buraya gəlməyim üçün mənimlə bir neçə gun danışıqlar aparılmışdı. Mən gəlmək istəmirdim. Ona görə yox ki, ürəyim yanmırdı. Yox, ürəyim yanırdı, çox yanırdı. Ancaq vəziyyətin nə qədər agır, gərgin olduğunu görürdüm. Birdə hesab edirdim ki, ola bilər, bu adamlarla əməkdaşlıq edə bilməyım. Ona görə yaxşı olar ki, gəlməyim, qoy Azərbaycanı başqaları bu vəziyyətdən çıxarsın. Ancaq son həddə, vəziyyətin doğrudan da fövqəladə dərəcədə gərgin olduğunu dərk edəndən sonara buraya gəldim. Bilirsiniz ki, gələn kimi də о təklifi qəbul etmədim. Bakıya iyunun 9-da gəldim, yalnız 15-də Ali Sovetin sədri seçildim. Təsəvvür edə bilmirdim ki, ondan sonar başıma bu işlər gələcəkdir. Sonra bunu təhlil etdim. Demək, mənə tələ qurmaq istəyirmişlər ki, Surət Hüseynovla, Rəhim Qazıyevlə, Əlikram Hümbətovla üzüzə qoysunlar ki, onlarla vuruşum, onlar mənimlə vuruşsunlar, mən də aradan çıxım, bəlkə sonra yenidən hakimiyyətə gələ bilsinlər. Bəlkə belə fikirləri varmış, nə bilim. Yoxsa nə üçün hərəsi bir tərəfə qaçdı? Bir hissəsi vəzifəsini dondurdu, bir hissəsi qaçdı, fərarilik etdi. Mən meydanda tək qaldım.

Belə bir ağır vəziyyətdə biz - bir qrup adam yavaş-yavaş respublikanı bu vəziyyətdən çıxarmağa başladıq. Təəssüf ki, 1993-cü ilin ikinci yarısı çox ağır və çətin dövr oldu. Vaxtınızı alıb, hamısını təhlil etmək istəmirəm. 1994-cü ilin fevral ayından Surət Hüseynov yenidən çevrilişə başladı. Bunu bilirdik, bu bizə məlum idi. 1994-cü ilin oktyabrında bu çevriliş cəhdi başlandı. О vaxt dəfələrlə mənə xəbərdarlıq edirdilər ki, Surət Hüseynov hazırlaşır, tək özü deyil, başqa qüvvələrlə də birləşib. Məlumat var idi ki, o, ayrı-ayrı siyasi partiyalarla, hətta Xalq Cəbhəsinin bəzi dəstələri, cürbəcür partiyaların nümayəndələri ilə əlaqəyə giribdir. Bunlar hamısı məlum idi. Ancaq inanırdım ki, əgər xalq mənə etimad göstərib Azərbaycana gətiribsə, xalqın köməyi ilə də bunun qarşısını ala bilərik. Beləliklə də 1994-cü ildə xalqın köməyi, birləşməsi ilə dövlət çevrilişinin qarşısını aldıq.

Ondan sonra Cavadov qardaşları yenidən çevrilişə başladılar. О da burada çox ətraflı təhlil olundu. İstintaqın verdiyi məlumatlar onların gördükləri işləri tam aşkarlayır. Ancaq onu demək istəyirəm ki, yanvar ayında da, fevralda da mənə xəbərdarlıq edirdilər ki, çevriliş etmək istəyirlər. Hətta məni qorxudurdular, hədə gəlirdilər. Bəziləri gəlib mənə məsləhətlər verirdilər ki, bəlkə onlara yeni vəzifələr verəsiniz, sakitləşdirəsiniz, yoxsa Azərbaycanı dağıdacaq, sizi də devirəcəklər. Ancaq mən yenə də inanırdım ki, artıq Azərbaycan dövləti gücünü toplayıbdır, özünü qorumaq imkanı var və xalqla birlikdə bunun qarşısını ala bilər. Bunun da qarşısı alındı.

Təsəvvür edə bilmirdim ki, ondan sonra yenə cürbəcür cəhdlər - yenidən dövlət çevrilişi hazırlamaq, terrorçuluq aktları, təyyarəni vurmaq, körpünü partlatmaq cəhdləri olacaq. Bunu təsəvvür edə bilmirdim. Ancaq bunlar hamısı oldu, meydana çıxdı. Bunlar hamısı bir daha sübut edir ki, 1988-ci ildən Azərbaycanın başına gəlmiş bəlalar bax, bunların nəticəsidir. О illərdən ibrət dərsi götürməyənlər 1993-cü ildə vətəndaş müharibəsinə başladılar, 1994-cü ildə, 1995-ci ildə dövlət çevrilişi etmək istədilər. О vaxtlar Azərbaycan cəmiyyətinə düşmüş həmin yoluxucu xəstəlik - xalqı, ölkəni idarə etmək üçün yox, öz şəxsi məqsədlərinə nail olmaq, şəxsi imtiyazlar əldə etmək üçün hakimiyyət, vəzifə hərisliyı Azərbaycanı belə ağır vəziyyətə gətirib çıxardı.

Nə qədər itkilər verdik, nə qədər insan tələf oldu. Oktyabr, mart hadisələri ilə əlaqədar, ondan sonra körpünü partlatmaq, raket atıb təyyarəni vurmaq cəhdi ilə, başqa hadisələrlə əlaqədar nə qədər cinayətkar həbs olunubdur. Nə qədəri də qaçıb gizlənir, axtarışdadır. Şübhəsiz ki, onlar da tapılacaq, həbs ediləcək, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Onlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Amma nə üçün, nədən ötrü? Həlak olanlar da, cinayət edib özlərini ağır vəziyyətə salanlar da 1988-ci ildən son vaxtlaradək Azərbaycanda çox qeyri-normal bir xəstəliyin məntiqi nəticələridir. Ona görə də bu gün toplantını qurtararaq, artıq dərk etməliyik, hamı dərk etməlidir ki, bunlara son qoyulmalıdır. Azərbaycanda bundan sonra zorla, güc işlətməklə, silah gücünə hakimiyyət əldə etmək mümkün deyildir. Bunu hamı bilməlidir, hamı dərk etməli və belə cinayət əməllərindən çəkinməlidir. Cinayətkarlar haqqında, onlardan nə qədər silah-sursat yığıldığı barədə burada danışıldı. Onlar nəinki dövləti devirmək üçün, həm də ayrı-ayrı adamları öldürərək, soyaraq, cürbəcür cinayətkar hərəkətlər edərək cəmiyyətimizə, mənəviyyatımıza zərbələr vurublar. Bunlara son qoyulmalıdır. Hesab edirəm ki, bütün bu müzakirələrimizin nəticəsi belə olmalıdır. Güman edirəm ki, bizim istintaq orqanları öz işini davam etdirəcək, ədalət məhkəməsi cinayətkarları qanunlar əsasında mühakimə edərək öz qərarlarını çıxaracaqdır. Güman edirəm ki, başqaları da bütün bu hadisələrdən özləri üçün nəticə çıxaracaqlar və Azərbaycan bu xəstəlikdən, bu bəlalardan, daxili çəkişmələrdən, hakimiyyət, vəzifə mübarizəsindən birdəfəlik xilas olacaqdır.

Son iki il müddətində Azərbaycanın başına gəlmiş ağır bəlalardan müvəffəqiyyətlə çıxmağımızın əsas səbəbi odur ki, xalq ilə dövlətin tam həmrəyliyi əldə olunubdur. Müxalifətdə olan ayrı-ayrı partiyalar, yaxud dəstələr haqqında burada danışdılar. Onlar heç də Azərbaycan cəmiyyətinin bugünkü mənzərəsini əks etdirmirlər. 1994-cü il oktyabr dövlət çevrilişi cəhdinin qarşısının alınması məhz dövlət ilə xalqın həmrəyliyi nəticəsində olubdur. 1995-ci ilin martında dövlət çevrilişi cəhdinin qarşısının alınması da dövlət ilə xalqın həmrəyliyi nəticəsində, Azərbaycan dövlətinin qüdrətinin möhkəmliyi, silahlı qüvvələrimizin cəsarəti nəticəsində olubdur. Bunlar hamısı Azərbaycanda müstəqil dövlətin olduğunu bir daha nümayiş etdiribdir.

Ona görə də mən bu gün müzakirələrə yekun vuraraq Azərbaycan xalqına, həmvətənlərimizə, bacı-qardaşlarımıza, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini müdafiə edənlərin hamısına, bütün Azərbaycan vətəndaşlarına bir daha öz minnətdarlığımı bildirirəm. Bizim Milli Ordumuz qurulub, yaranıb, möhkəmlənibdir, Azərbaycan torpaqlarının keşiyində, eyni zamanda, dövlətçiliyimizin keşiyində dayanıbdır. Azərbaycanın dövlətçiliyini qoruyarkən canlarını qurban vermiş, şəhid olmuş Azərbaycan övladlarının ruhu qarşısında baş əyirəm, onların valideynlərinə, ailə üzvlərinə minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, bu qəhrəmanlıq nümunələri heç vaxt unudulmayacaq, qəlbimizdə əbədi yaşayacaq, özlərini Azərbaycanın dövlətçiliyi uğrunda şəhid edənlərin valideynləri, ailə üzvləri həmişə dövlətin qayğısı altında olacaqlar.

Azərbaycanın hüquq-mühafizə orqanları keçmişdə bir çox səhvlər buraxsalar da, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrindən sonra işlərində çox köklü dəyişiklik edə, öz sıralarını xeyli təmizləyə, işlərini daha mütəşəkkil qura bilmişlər. Məhz hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyəti nəticəsində cinayətkarların çoxu yaxalanıb, həbs olunubdur. Onların bir qisrmi Azərbaycan Respublikasının hüdudlarından kənarda axtarılıb tapılıb, yaxalanıbdır. Məhz hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində istintaq aparılıb, dünən, bu gün bizə təqdim olunan materiallar əldə edilib və о cinayətlərin nə qədər dərin və təhlükəli olduğu meydana çıxıb. Həmin cinayətkarlar ədalət məhkəməsinə verilibdir və artıq bir çoxu azadlıqdan məhrum edilibdir. Mən hüquq-mühafizə orqanlarının son mərhələdə gördüyü işləri müsbət qiymətləndirirəm. Məhz ona görə də bu işlərdə fərqlənənlər təltif olunublar. Bu gün onlara bir daha təşəkkür edirəm.

Ancaq bu müzakirələrdən çıxaracağımız əsas nəticə ondan ibarətdir ki, tariximiz bizim üçün dərs olmalıdır və cəmiyyətimiz birləşməlidir. Şübhəsiz ki, cəmiyyətdə fikir ayrılığı, müxtəlifliyi, cürbəcür cərəyanlar təbii haldır. Bu barədə də öz sözümü deyəcəyəm. Ancaq Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımız müdafiə olunarkən bunların hamısı bir kənara qoyulmalıdır.

Bəli, kim isə başqasından fərqli duşünə, danışa bilər. Ancaq dövlətə, millətə xəyanət etmək olmaz. Dünən, bu gün gətirilən faktlar onu göstərdi ki, təəssüflər olsun ki, respublikamızda fəaliyyət göstərən bəzi siyasi partiyalar, ictimai təşkilatlar xəyanətkarlıq etmiş, cinayətkarlıqda iştirak etmiş və dövlət çevrilişi cəhdlərinin iştirakçısı olmuşlar. Həmin təşkilatlar bundan nəticə çıxarmalıdırlar.

Mən göstəriş vermişdim və demişdim ki, bu toplantıya bütün siyasi partiyaların nümayəndələri dəvət edilsinlər. Dünən axşam mənə məlumat verdilər ki, müxalifətdən olan bir çox partiyaların nümayəndələri bu dəvətdən imtina edərək buraya gəlməyiblər. Öz işləridir. Ancaq bizim məqsədimiz bütün cəmiyyəti birləşdirməkdən ibarətdir. Azərbaycanın müstəqilliyini qorumaq üçün, respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün bütün cəmiyyəti birləşdirmək lazımdır. Ona görə dünən kim nə cinayət edibsə, ona cavabdeh olmalıdır. Hansı səhvi edibsə, onu təhlil edib bir də belə səhv buraxmamalıdır. Ancaq əsas məqsədlərimiz, amallarımız yolunda hamı birləşməlidir. Bu gün bir çox çıxışlar da səsləndi, mən də deyirəm, bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycan Respublikasını erməni təcavüzündən xilas etmək üçün, hüquqi demokratik dövlət qurmaq üçün hamını birliyə, həmrəyliyə, əməkdaşlığa dəvət edirəm.

Qarşımızda çox böyük vəzifələr var. Ən böyük vəzifə Azərbaycanı erməni təcavüzündən xilas etməkdir. Bilirsiniz ki, iki ilə yaxındır biz atəşkəs şəraitində yaşayırıq. Bəzi qüvvələr, yaxud partiyalar buna başqa cür qiymət verirlər. Öz işləridir. Bir həqiqət bütün xalq tərəfindən qəbul olunubdur ki, atəşkəsin əldə olunması və onun iki ilə yaxın təmin edilməsi çox böyük nailiyyətdir, Azərbaycan Respublikasının müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək üçün çox böyük bir iman, fürsətdir və bu iki il müddətində biz çalışmışıq ki, ondan səmərəli istifadə edək. Biz bir çox vasitələrlə, bir çox mərhələlərdə, istiqamətlərdə danışıqlar aparırıq. Bu gün bir daha bəyan edirəm ki, biz döyüşlərin yenidən başlanmasının əleyhinəyik.

Biz yenidən qan tökülməsinin əleyhinəyik. Biz atəşkəs rejiminin qorunub saxlanmasının tərəfdarıyıq, bunun üçün öz tərəfimizdən üzərimizə düşən vəzifələri yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik. Amma eyni zamanda bütün bu danışıqları apararaq biz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyirik. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın işğalçı dəstələrini çıxarmaq istəyirik və yerindən-yurdundan didərgin düşmüş azərbaycanlıları, vətəndaşlarımızı öz yerlərinə, öz el-obalarına qaytarmaq istəyirik. Bu sahədə çox işlər görülüb və hesab edirəm ki, yaxın vaxtlarda da bu işlər görüləcəkdir. Bunlar asan işlər deyildir. Buna nə qədər vaxt, nə qədər enerji, nə qədər güc sərf olunur. Buna beyin gücü deyirlər. Bilməlisiniz ki, vaxtımızın əksər hissəsini, bax, bu məsələnin həll olunması aparır. Bu da tamamilə əsaslıdır, çünki bu, bizim üçün başlıca məsələdir. Bax, bu məsələni həll etmək üçün mən hamını birliyə dəvət edirəm. Bu məsələni həll etmək üçün mən hamını həmrəyliyə dəvət edirəm. Eyni zamanda biz ordumuzu gücləndiririk, ordumuzun gücünü artırırıq və ordu quruculuğu ilə məşğuluq.

Burada deyildi və buna görə də mən təkrar etmək istəmirəm kı, Azərbaycanın ordusu, təəssüflər olsun, 1993-cü ilin noyabr ayından qurulmağa başlayıbdır. О vaxta qədər ordu olmayıbdır və əksinə, hərə ordudan istifadə edib öz məqsədlərinə nail olmağa çalışıbdır. Bu müddətdə çox iş görülübdür. Əsgərlərimiz, zabitlərimiz, ordudakı Azərbaycan övladları Azərbaycan Respublikasının ərazisinin keşiyində durublar və möhkəm duracaqlar. Mən əminəm ki, ordumuz bundan sonra da Azərbaycan torpaqlarını qorumağa qadir olacaqdır və bizim iradəmizdən asılı olmayaraq, əgər kimsə bu atəşkəsi pozarsa, ordumuz ona cavab verməyə də qadirdir.

Müstəqilliyimizi qorumaq üçün çox işlər görülməlidir. Heç kəs düşünməsin ki, Azərbaycanın müstəqilliyini qorumaq asan məsələdir. Dünyada gedən proseslərin nə qədər çətin, ağır və mürəkkəb olduğunu bilirsiniz. Keçmiş Sovet İttifaqının ərazisində gedən proseslər nə qədər ağır və çətindir. Biz Müstəqil Dövlətlər Birliyindəyik. MDB-nin bir çox fəaliyyətində iştirak edirik. Lakin Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlayıb və bundan sonra da qoruyub saxlayacaqdır. Buna tam əmin ola bilərsiniz. Ancaq müstəqilliyimizin əleyhinə hərəkət edən qüvvələr də çoxdur. Elə məhz Moskvada yerləşmiş Ayaz Mütəllibov, Rəhim Qazıyev, Surət Hüseynov və başqalari Azərbaycanın müstəqilliyini pozmağa çalışırlar, Azərbaycan haqqında çox bəd fikirlər yaratmağa çalışırlar, özlərini rusiyapərəst elan edərək Azərbaycan ilə Rusiya arasındakı əlaqələri pozmaq niyyəti ilə cürbəcür təxribat hərəkətlərinə qoşulublar. Bilirsiniz ki, vaxtaşırı Moskva mətbuatında Azərbavcan haqqında ədalətsiz məlumatlar yayılır, guya Azərbavcan Çeçenistana silah göndərir, Azərbaycan ərazisindən təyyarələr keçir, Azərbaycan ərazisindəki aerodromlardan Çecenistana təyyarələr göndərilir. Cürbəcür belə böhtanlar və heç bir əsası olmayan məlumatlar yayılır. Çox təəssüf ki, bu məlumatları yayan Azərbaycandan qaçmış, Azərbaycana xəyanət edən Mütəllibov, Rəhim Qazıyev, Surət Hüseynov və onların dəstələridir. Bu, dəqiq məlumdur. Bunları edən onlardır. Bu, tamamilə məlumdur ki, ayrı-ayrı qəzetlərə, televiziya və radioya belə məlumatları verən onlardır. Bəs bunları azərbaycanlı hesab etmək mümkündürmü?

Biz Rusiya ilə dostluq, əməkdaşlıq haqqında müqavilələr imzalamışıq, Rusiya ilə münasibətlərimizi inkişaf etdirməyə çalışırıq və bundan sonra da inkişaf etdirməyə çalışacağıq. Azərbaycana düşmən olan qüvvələr, nəinki başqa qüvvələr, həm də Azərbaycandan qaçmış, Azərbaycana xəyanət edən azərbaycanlılar bizim bu siyasətimizi poza bilməyəcəklər. Ancaq bəzi ləkələr vurmağa çalışırlar. Məsələn, dünən Moskva televiziyası böyük bir məlumat veribdir ki, Çeçenistanda hansı bir rayonusa bombardıman ediblər və bunu edən təyyarələr guya Azərbaycandan gəlibdir, oraya aparılan silah-sursat guya Azərbaycandan gətirilibdir. Mən dünən axşam müdafiə naziri Səfər Əbiyevə, milli təhlükəsizlik naziri Namiq Abbasova göstəriş verdim ki, bunu dərhal təkzib etsinlər. Təkzib ediblər. Amma buna baxmayaraq, bizim Moskvadakı səfirimiz Rizayev bu gün fasilədə mənə məlumat verdi ki, Moskvanın bir çox qəzetlərində bu məlumatlar yayılıbdır. Mən bu gün Səfər Əbiyeyə və Namiq Abbasova yenə də göstəriş verdim ki, onlar dərhal Moskva televiziyasına öz məlumatlarını versin və çalışsınlar ki, bu məlumatlar Moskva televiziyasında getsin. Mən bu fürsətdən istifadə edərək bunu deyirəm və Azərbaycanın Rusiyadakı səfiri Rizayevə tapşırmışam mənim adımdan bəyan etsin ki, Azərbаусаn haqqında Rusiyanın mətbuat orqanlarında yayılan bu məlumatlar tamamilə yalandır, onların heç bir əsası yoxdur, biz bunları rədd edirik. Onların hamısı Azərbaycana düşmən olan qüvvələr tərəfindən qəsdən yayılan məlumatlardır və bunlar da Rusiya-Azərbaycan əlaqələrini ləkələməyə, pozmağa yönəldilmiş hərəkətlərdir. Mən bunları pisləyirəm, bu məlumatları rədd edirəm və bəyan edirəm ki, Rusiya ilə Azərbaycan arasında əlaqələri heç bir qüvvə poza bilməyəcəkdir.

Gördüyünüz kimi, biz nə qədər çətinliklərlə qarşılaşırıq. Bax, bütün bu çətinliklərin qarşısını almaq üçün bizim daxili sabitliyimizi qoruyub saxlamaq lazımdır, cəmiyyətimizdə milli həmrəylik əhval-ruhiyyəsi yaratmaq lazımdır. Bu məsələləri həll etmək üçün hamı birləşməlidir, hamı bir olmalıdır.

Respublikamızın qarşısında böyük iqtisadi problemlər durur. 1994-1995-ci illərdə respublikamızda məhz bu proseslər getdiyinə görə bizdə iqtisadi islahatların həyata keçirilməsi ləngiyibdir. Ancaq bizim strateji yolumuz məlumdur. Strateji yolumuz ondan ibarətdir ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir, iqtisadi islahatlar aparır və bu barədə biz dünyanın iqtisadi mərkəzləri ilə, maliyyə mərkəzləri ilə, Ümumdünya Bankı ilə, Beynəlxalq Valyuta Fondu ilə, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyi ilə sıx əlaqədəyik, əməkdaşlıq edirik və bundan sonra da edəcəyik.

Aprelin 2-də aqrar sektorda islahatların və xüsusən torpaq islahatının aparılması üçün ayrıca bir müşavirə keçirildi. Torpaq islahatının layihəsi geniş müzakirəyə verilib. Bu müzakirə qısa bir zamanda başa çatdırılacaq və torpaq islahatı haqqında qanun qəbul olunacaq, Azərbaycanda aqrar sektorun islahatının aparılması üçün çox geniş şərait yaradacaqdır. Biz bunu yaxın aylarda edəcəyik və bu, qarşımızda duran əsas vəzifşlərdən biridir.

İqtisadi islahatları apararaq özəlləşdirmə proqramını 1996-cı ildə sürətlə həyata keçirməliyik. Bu, qarşımızda duran vəzifədir və bu proqram məlumdur. О proqramı həyata keçirmək tədbirləri haqqında mən bir neçə fərman vermişəm və lazım olan fərmanlar da veriləcəkdir. Bu gün bir daha bəyan edirəm ki, özəlləşdirmə proqramı sürətlə, ardıcıl şəkildə həyata keçirilməlidir və 1996-cı il Azərbaycanda özəlləşdirmənin böyük sürətlə inkişaf etməsi ili olacaqdır..

İqtisadiyyat sahəsində başqa tədbirlər də görülməlidir. İqtisadiyyatımızda böyük çətinliklər var. İqtisadiyyatımız böhran vəziyyətindən çıxmayıbdır, istehsalın səviyyəsi yenə də aşağı düşüb. Birinci rübün göstəriciləri qeyri-qənaətbəxşdir. Bunların hamısını qaydaya salmaq üçün respublikamızda ictimai-siyasi sabitlik lazımdır.

Bunların hamısını həyata keçirmək üçün çox vaxt sərf etmək lazımdır. Vaxtımızı ayrı-ayrı cinayətkar dəstələrin cinayətkar hərəkətlərinin qarşısını almağa yox, belə tədbirlərin həyata keçirilməsinə sərf etmək lazımdır. Ancaq təəssüf ki, həmin о düşmən dairələr bir tərəfdən, bizim daxili sabitliyimizi pozmağa çalışıblarsa, digər tərəfdən də qüvvələrimizi buna cəlb edərək bu işləri həyata keçirməyimizə mane olmağa səy göstəriblər. Ona görə də daxili sabitliyimizi, ictimai-siyasi sabitliyi təmin etmək bizim üçün ən əsas vəzifədir.

Mən çıxışımın əvvəlində dedim bu, təmin olunubdur, bundan sonra da təmin olunacaqdır. Əminəm ki, 1996-cı ilin sonuna qədər həm 1994-cü ilin oktyabr hadisələrində, həm mart hadisələrində, həm də sonrakı hadisələrdə yayınmış, qaçmış, gizlənmiş cinayətkarlar yaxalanacaq, tutulacaq, cinayət məsuliyyətinə cəlb olunacaqlar və məhkəmə onların haqqında öz sözünü deyəcəkdir. Güman edirəm ki, artıq bunlara son qoyulacaqdır. Güman edirəm ki, bütün cinayətkarlar, cinayətə meylli adamlar və silah gücü ilə nəyə isə nail olmaq istəyən adamlar dərk edəcəklər ki, bunlar daha mümkün deyildir. Güman edirəm ki, biz bundan sonra Azərbaycanda vətəndaşların rahat, əmin-amanlıq şəraitində yaşaması üçün lazımi tədbirlər görmək imkanı əldə edəcəyik.

Şübhəsiz ki, bu gün Azərbaycanın mənzərəsi iki il bundan əvvəlkindən xeyli fərqlənir. Adamlar öyrəniblər, bu dəyişikliklər getdikcə keçmişi unudurlar. Lakin iki il bundan əvvəlki vəziyyətlə bugünkü vəziyyəti yadınıza salıb muqayisə etsəniz, bunların nə qədər böyük dəyişikliklər olduğunu hiss edə bilərsınız. Ancaq bu о demək deyildir ki, biz hər şeyə nail olmuşuq. Yox, yenə də deyirəm, bizim qarşımızda hələ çox boyük, ağır vəzifələr durur. Bu vəzifələri yerinə yetirmək üçün dövlət orqanlarımız daha yaxşı işləməlidir.

Cinayətkarlıqla mübarizə aparan hüquq-mühafizə orqanları daha yaxşı işləməlidir. Bütün ictimaiyyət respublikamızın müstəqilliyinə, iqtisaqiyatının inkişafına zərər vuran halların hamısının aradan qaldırılması üçün birləşməlidir, öz səylərini göstərməlidir. Dünən və bu gün burada respublikadakı vəziyyəti müzakirə edərkən çıxışlarda mənim ünvanıma bir çox xoş sözlər deyildi. Bəlkə də bunların heç birinə ehtiyac yoxdur. Ancaq mən hesab edirəm ki, bu sözlər səmimi sözlərdir. Bu sözlərə görə mən öz təşəkkürümü, minnətdarlığımı bildirirəm və istəyirəm ki, bizim münasibətlərimiz həmişə səmimi olsun. Səmimiyyət olan yerdə yaxşı işləmək olar.

Səmimiyyət olmasa yaxşı işləmək çox çətin ola bilər. Mən dəfələrlə demişəm, bu gün də deyirəm: həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bu, mənim bu gün də, gələcəkdə də həyatımın mənası olacaqdır. İndiyədək xalq qarşısında etdiyim xidmətlərə görə heç bir mükafat ehtiyacında olmamışam. Mənə heç bir şan-şöhrət də lazım deyildir. Burada bir təklif oldu ki, mənim anadan olan günüm bayram elan edilsin.

Bilirsinizmi, belə bir söz deyildiyinə görə mən ona cavab vermək məcburiyyətindəyəm. Keçən il də bir çox təkliflər olmuşdu ki, xidmətlərinə görə Heydər Əliyevə böyük mükafatlar verilsin, adlar verilsin. İndi də belə bir təklif meydana çıxdı. Mən hesab edirəm ki, bunlar ürəkdən gələn sözlərdir. Mən hesab edirəm ki, bu, xalqın dərin hisslərindən doğan sözlər və təkliflərdir. Mən bunlara görə öz minnətdarlıq və təşəkkürümü bildirirəm. Ancaq eyni zamanda bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.

Dünən də, bu gün də çıxışlarda deyildi, mənim həyatıma terror etmək üçün nə qədər cəhdlər olubdur. Bunun sayı-hesabı itibdir. Bunlar məni heç vaxt qorxutmayıbdır, heç vaxt öz əqidəmdən çəkindirməyibdir, heç vaxt mənim fəaliyyətimə hansısa bir mənfi təsir edə bilməyibdir. Çünki mən çox böyük sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqa həsr etmişəm. Əgər məni öldürmək üçün dəfələrlə cəhd göstərən adamlar öldürə bilməyiblərsə, hətta təyyarəni belə vurub məndən savayı təxminən 80 nəfəri də öldürməyə cəhd göstərərək öz çirkin niyyətlərinə nail olmağa çalışan adamlar buna nail ola bilməyiblərsə, körpünü partladıb tək məni yox, Ukrayna prezidentini də həlak etmək üçün cəhd göstərərək buna nail ola bilməyiblərsə, güman edirəm ki, bundan sonra da heç bir şeyə nail ola bilməzlər.

Lakin bir daha deyirəm, bunlar heç vaxt məni nə qorxudub, nə də narahat edir. Çünki mən neçə dəfə demişəm, bir daha deyirəm: mən əməli-saleh adamam. Məni о böyuk Allah indiyə qədər saxlayıbsa, bundan sonra da saxlayacaqdır və inanıram ki, onun izni olmadan heç kəs mənə heç bir şey edə bilməz. Sağ olun.

Tarixi arayış