İkinci Beynəlxalq "Xəzərneftqaz-95" Sərgi-Konfransının açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Bakı İdman-Sərgi Kompleksi, 23 may 1995-ci il


Hörmətli xanımlar, cənablar!

Hörmətli qonaqlar!

Azərbaycanda beynəlxalq "Xəzərneftqaz - 95" sərgisinin açılması münasibətilə sizi ürəkdən təbrik edirəm. Güman edirəm, biz hamımız dərk edirik ki, bu sərginin hazırlanması çox böyük kömək və fəaliyyət tələb edibdir. Ona görə də bu sərginin hazırlanmasında xüsusi xidmət göstərən "Spirhed eksibşnz LTD" şirkətinə, onun burada fəaliyyət göstərən icraçı direktoru xanım Süzan Krauça və Azərbaycan Respublikasının Ticarət-Sənaye Palatasına, onun rəhbəri Tatlıyevə təşəkkürümü bildirirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, sərginin iştirakçıları buradan gələcək üçün çox böyük mənfəətlər götürəcəklər. Güman edirəm ki, bu sərginin eksponatları və bu sərgi əsasında keçirilən konfranslar, ümumiyyətlə, burada aparılan işlər Azərbaycanın Xəzər dəniz neft-qaz yataqlarının istifadəsi üçün yeni bir addım olacaqdır.

Bildiyiniz kimi, bu, Azərbaycanda keçirilən ikinci belə beynəlxalq sərgidir. Ötən ilin mayında keçirilmiş sərgidən indiyədək biz bu sahədə böyük yol keçmişik və əminəm ki, həmin dövrdə baş vermiş yeni hadisələr bu sərgidə öz əksini tapıb.

Belə böyük neft-qaz sərgisinin Azərbaycanda keçirilməsi heç də təsadüfi hal deyildir. Azərbaycan, Bakı qədim zamanlardan neft, odlar diyarıdır. Azərbaycanda, Bakıda 150 il bundan əvvəl neftin sənaye üsulu ilə hasilatına başlanıbdı və bu müddətdə Azərbaycan nefti böyük və şərəfli yol keçibdir.

XIX əsrin ikinci yarısında Azərbaycanda neftin sənaye üsulu ilə istehsalında ilk işlər görülüb, Qərb ölkələrinin böyük neft şirkətləri burada fəaliyyət göstərib. Bu işlər XX əsrin əvvəlində də davam edib və beləliklə, ölkəmizdə böyük neft sənayesi yaranıb. Ondan sonrakı dövrdə Azərbaycan Sovetlər İttifaqı dövlətinin tərkibində olub və respublikamızın neft-qaz sənayesi, hasil olunan neft SSRİ kimi böyük bir dövlətin sənayesinin, iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.

Mayın əvvəlində biz İkinci dünya müharibəsinin başa çatmasının, Hitler faşizmi üzərində qələbənin 50 illik yubileyini geniş miqyasda - Londonda, Parisdə, Moskvada və dünyanın başqa ölkələrində bayram etdik. Qələbənin yarıməsrlik yubileyini keçirərkən biz böyük iftixar hissi ilə qeyd etdik ki, bu qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin, ölkəmizin sənayesinin böyük rolu olmuşdur. Bildiyiniz kimi, o zaman, o illərdə Sovetlər İttifaqı kimi böyük bir dövlətdə neft istehsalının 70 faizini Azərbaycan təmin edirdi. Demək, Hitler faşizmi üzərində qələbənin əldə olunmasında, cəbhənin neftlə təmin edilməsində Azərbaycan neftçilərinin xüsusi xidmətləri olmuşdur.

Azərbaycan Respublikası 1991-ci ildən öz müstəqilliyini əldə edib, müstəqil dövlət kimi yaşayır, özü öz taleyinin, öz sərvətlərinin sahibidir. Bunun əsasında biz respublikamızın neft yataqlarından, təbii sərvətlərindən, Xəzər dənizinin Azərbaycan sektorunda, ölkəmizin ərazisində olan neft yataqlarından istifadə edilməsində sərbəstik və sərbəst olaraq dünyanın böyük neft şirkətləri ilə əməkdaşlığa başlamışıq. Məhz buna görə də dünyanın iri neft şirkətləri, neft və qaz sənayesi ilə əlaqədar olan şirkətlər Azərbaycana böyük maraq göstərir, ölkəmizə gəlirlər. Biz burada əməkdaşlığa başlamışıq.

Bunların nəticəsidir ki, Azərbaycanda ikinci ildir belə gözəl, geniş miqyaslı və çox böyük əhəmiyyətli sərgi keçirilir. Bu il bu sərgidə 13 ölkəni təmsil edən, dünyanın neft və qaz sənayesi ilə əlaqədar olan 165-dən artıq çox nüfuzlu şirkətlər, elmi idarələr və başqa təşkilatlar iştirak edir. Bu, Azərbaycanın neft sənayesində, Xəzər dənizinin neft yataqlarından istifadə olunması sahəsində böyük və əlamətdar hadisədir.

Bu sərgiyə göstərilən marağı, onun əhəmiyyətini nümayiş etdirən amillərdən biri də odur ki, sərgiyə təkcə neft şirkətlərinin prezidentləri, rəhbərləri yox, bu şirkətlərin təmsil etdiyi böyük ölkələrin dövlət nümayəndələri də gəliblər və burada bizim aramızdadırlar, sərginin açılışında iştirak edirlər.

Mən Amerika Birləşmiş Ştatlarının sərgidə iştirak edən energetika naziri hörmətli xanım Nezl o Lirini, onun simasında Amerika Birləşmiş Ştatlarını, ABŞ-ın hörmətli prezidenti cənab Bill Klintonu salamlayıram.

Böyük Britaniyanın energetika naziri hörmətli cənab Timoti Eqqari və onun simasında Böyük Britaniyanı, ölkənin baş naziri cənab Con Meycoru salamlayıram.

Türkiyə Respublikasının energetika naziri hörmətli cənab Veysəl Atasoyu, onun simasında Türkiyə Respublikasını və Türkiyə Respublikasının prezidenti hörmətli Süleyman Dəmirəli və baş nazir Tansu Çilləri salamlayıram.

Norveçin energetika naziri hörmətli cənab Yens Stoltenberqi və onun simasında Norveç ölkəsini, baş nazir, hörmətli xanım Harlem Bruntlandı salamlayıram.

Qazaxıstan Respublikasının neft və qaz sənayesi nazirinin müavini hörmətli cənab Baltabəy Kuandikovu və onun simasında Qazaxıstanı, onun prezidenti hörmətli Nursultan Nazarbayevi salamlayıram.

Həmin ölkələrin yüksək səviyyəli dövlət xadimlərinin bu sərgiyə gəlmələri, sərgiyə böyük diqqət göstərmələri münasibətilə onlara Azərbaycan Respublikasının prezidenti kimi öz hörmət və təşəkkürümü bildirirəm.

Bu sərgidə iştirak edən bütün neft və qaz sənayesi şirkətlərinin, elmi idarələrinin nümayəndələrini, rəhbərlərini səmimi qəlbdən salamlayıram və onlara bu sərgidə gördükləri işlərdə və gələcəkdə öz sahələrində görəcəkləri işlərdə böyük uğurlar arzulayıram.

Əminəm ki, bu sərgidə nümayiş etdirilən eksponatlar və burada aparılacaq işlər nəinki Azərbaycan ərazisində olan neft və qaz yataqlarından, Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarından, ümumiyyətlə, Xəzər dənizindəki bütün neft-qaz yataqlarından istifadə edilməsində çox faydalı olacaqdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu işlərin müsbət nəticəsinin şahidi olacağıq.

Böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, artıq bu sahədə işlər görülüb və onlar öz nəticələrini verib. Bildiyiniz kimi, bir neçə il ərzində gərgin danışıqlar nəticəsində 1994-cu il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağının müştərək istifadə edilməsi üçün respublikamızın Dövlət Neft Şirkəti ilə dünyanın böyük neft şirkətləri arasında müqavilə imzalanıb və bu müqavilə artıq əməli surətdə həyata keçirilir.

Bu müqavilə qeyri-adi, nadir bir müqavilədir. Təsadüfi deyildir ki, onu "Əsrin müqaviləsi" adlandırırlar. Bu müqavilənin qeyri-adiliyi, nadirliyi ondan ibarətdir ki, o, on bir böyük neft şirkətinin birləşdiyi konsorsium əsasında yaranıb. Həmin şirkətlər dünyanın neft sənayesi sahəsində böyük nailiyyətlər əldə etmiş altı ölkəsini təmsil edir.

Bildiyiniz kimi, bu müqavilənin əldə olunması çox uzun, ağır və çətin yollardan keçib. Bu müqavilənin imzalanmasına, əldə edilməsinə mane olan qüvvələr də az deyildi. Ancaq müstəqil Azərbaycan Respublikası öz taleyinin, ərazisinin sahibi olduğu bir vaxtda, onun iradəsi nəticəsində, eyni zamanda konsorsiuma daxil olan şirkətlərin ölkəmizin neft sənayesində iştirakının gözəl perspektivlərini dərk etməsi, həmin şirkətlərin mənsub olduğu ölkələrin Azərbaycanla əməkdaşlığa göstərdikləri böyük maraq nəticəsində maneələrin hamısı aradan götürüldü və bu müqavilə imzalandı.

Qeyd etmək istəyirəm ki, müqavilə imzalandıqdan sonra da, indi də onun həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr, ayrı-ayrı dövlət dairələri var. Ancaq böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, müqavilə imzalandıqdan sonra konsorsiumun yaratdığı rəhbər Beynəlxalq Əməliyyat Şirkəti çox fəal işləyir və ötən səkkiz ay müddətində xeyli iş görülüb. Hər halda, nəzərdə tutulan tədbirlərin hamısı vaxtında yerinə yetirilib.

Bu müqavilənin imzalanması və əməli surətdə həyata keçirilməsi bir daha sübut edir ki, müstəqil Azərbaycan Respublikası öz həyatını, siyasətini, iqtisadi siyasətini dünyanın təcrübədən keçirdiyi demokratik prinsiplər əsasında qurur və ölkəmiz, onun iqtisadiyyatı dünya ölkələri üçün açıqdır və bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əməkdaşlıq etməyə hazırdır.

Mən bu gün bu fürsətdən istifadə edib müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasəti haqqında öz fikirlərimi qısaca bir daha demək istəyirəm. Müstəqil Azərbaycan Respublikası günü-gündən, aybaay öz müstəqilliyini möhkəmləndirməyə çalışır, demokratik, hüquqi dövlət qurur, cəmiyyətin bütün sahələrində demokratik prinsiplərin bərqərar olmasına çalışır, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedir. Azərbaycan bütün xarici investisiyalar üçün açıqdır. Bu sahədə 1995-ci ildə bir çox mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu ilin payızında Azərbaycanda demokratik prinsiplər, çoxpartiyalı sistem əsasında yeni parlament seçkiləri keçiriləcəkdir. Müstəqil Azərbaycan Respublikasının ilk dəfə demokratik prinsiplər əsasında konstitusiyası qəbul ediləcəkdir. Müstəqil Azərbaycan dövləti daim demokratiya yolu ilə gedəcəkdir.

Biz iqtisadiyyatda bu prinsipləri həyata keçirərək neft və qaz sənayesində, iqtisadiyyatın digər sahələrində dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etməyə xüsusi əhəmiyyət veririk. Bu sərgi də buna əyani sübutdur. Mən fürsətdən istifadə edib onu da demək istəyirəm ki, biz dünyanın bütün sülhsevər mütərəqqi dövlətləri ilə qarşılıqlı surətdə faydalı, ikitərəfli əlaqələr qurmaq əzmindəyik və bu sahədə bundan sonra da öz fəaliyyətimizi göstərəcəyik.

Bu baxımdan mən bu gün sərgidə iştirak etməyə gələn dövlətlərin nümayəndələri vasitəsilə həmin ölkələrə, dövlətlərə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasına göstərdikləri marağa görə, bu çətin, ağır dövrümüzdə ölkəmizi dəstəklədiklərinə görə onlara minnətdarlığımı bildirirəm.

Mən qeyd etdim ki, 1994-cü ilin sentyabrında imzalanmış müqavilə artıq müvəffəqiyyətlə həyata keçirilir. Ancaq buna mane olmaq istəyən qüvvələr, ayrı-ayrı dövlət dairələri də olmuşdur. Güman edirəm ki, onlar səhv edirlər. Çünki belə bir gözəl, dünya standartlarına uyğun olan müqavilənin həyata keçirilməsinə sevinmək lazımdır. Mənə elə gəlir ki, həmin müqaviləyə mane olmaq heç bir çərçivəyə sığışa bilməz. Mən əmin olduğumu bildirmək istəyirəm ki, konsorsiumda iştirak edən dünyanın böyük neft şirkətləri və həmin şirkətlərin mənsub olduğu dövlətlər - biz hamımız birlikdə bu maneələri aradan qaldıra biləcəyik. Mən buna əminəm. Müqavilə 30 il müddətinə bağlanmışdır. Biz bu yolu birlikdə keçəcəyik və heç şübhə etmirəm ki, bu 30 il müddətində yeni-yeni müqavilələr meydana çıxacaq, Azərbaycanın neft sənayesi inkişaf edəcək, Xəzər dənizindəki yataqlardan faydalı surətdə istifadə olunacaqdır.

Son zamanlar, xüsusən neft müqaviləsi imzalandıqdan sonra Xəzər dənizinin statusu haqqında məsələlər ortaya atılmışdır və bəzi dövlətlər çox cidd-cəhdlə bu məsələnin müzakirə olunması barədə təklif irəli sürürlər. Biz buna heç vaxt etiraz etməmişik və etmirik. Xəzər çox nadir bir dənizdir. Onun çox böyük təbii sərvətləri var. Bu sərvətlər təkcə dənizin təkindəki neft və qaz yataqlarından ibarət deyildir. Xəzərin bioloji sərvətləri də zəngindir. Bundan əlavə, gəmiçilik üçün geniş imkanları var. Şübhəsiz ki, bu məsələlər kompleks şəkildə müzakirə oluna bilər və biz buna tam tərəfdarıq. Dünya yaranandan bəri Xəzər dənizi də var, əsrlər boyu ondan istifadə edilmişdir. Ancaq təəccüb doğuran cəhət bundan ibarətdir ki, Xəzər dənizinin statusunun müəyyən edilməsi məsələsi məhz Azərbaycan neft müqaviləsini imzaladıqdan sonra meydana atılmışdır.

Bildirmək istəyirəm ki, Xəzər dənizində neft yataqlarını ilk dəfə Azərbaycan alimləri, mütəxəssisləri, geoloqları kəşf etmişlər. Bu işə ilk dəfə XX əsrin 20-ci illərində başlanmışdı. 45 il öncə, 1949-cu ildə Azərbaycan alimlərinin, mütəxəssislərinin və geoloqlarının böyük fəaliyyəti nəticəsində Xəzər dənizində - "Neft Daşları"nda ilk dəfə quyu qazılmış və neft fontan vurmuşdur. O vaxtdan indiyə qədər Azərbaycan neftçiləri Xəzərdən neft çıxarırlar. Xəzər dənizinin təkcə Azərbaycan sektorunda deyil, digər hissələrindəki neft və qaz yataqları da Azərbaycan alimləri, neftçiləri tərəfindən kəşf olunmuşdur. Vaxtilə Xəzər dənizi iki dövlətə - Sovetlər İttifaqına və İrana məxsus idi. İndi isə Xəzəryanı ölkələr Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan ibarətdir və Sovetlər İttifaqı dövründən hərənin özünəməxsus sektoru var. Biz özümüzə aid olan sektorda fəaliyyət göstəririk, başqa hissələrdə yerləşən və vaxtilə istifadə etdiyimiz neft yataqlarından uzaqlaşmışıq. Biz bütün beynəlxalq normalara, Xəzər dənizindən istifadə olunmasına dair yaranmış praktikaya, ənənəyə riayət edirik. Xəzərin statusunun qarşılıqlı anlaşma yolu ilə, bərabər hüquqlu zəmində Xəzəryanı dövlətlərlə müzakirə olunmasına hazırıq.

Alimlərimiz, mütəxəssislərimiz Xəzərin Azərbaycan sektorunda daha böyük neft və qaz yataqları kəşf etmişlər. Biz həmin yataqların da istifadə olunması üçün dünyanın iri şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq. Bir daha qeyd edirəm ki, Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlığa hazırıq.

Əmin olduğumu bildirmək istəyirəm ki, bu sərgi ənənəvi xarakter daşıyacaq, burada hər il belə sərgilər keçiriləcək və bütün bunlar təkcə Azərbaycanın deyil, Xəzəryanı dövlətlərin hamısının neft və qaz yataqlarının işlənməsi üçün çox əhəmiyyətli olacaqdır.

Sərginin işinə uğurlar diləyir, burada iştirak edən şirkətlərin hamısına öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır, buraya toplaşan iş adamlarını, alimləri bir daha salamlayır, hamınıza hörmət və ehtiramımı bildirirəm. Sağ olun!