Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan Televiziyasının müxbiri ilə müsahibəsi - 11 aprel 1996-cı il


Müxbir: Biz Azərbaycan Respublikasının prezidenti hörmətli Heydər Əliyev cənablarını dövlət televiziyasında salamlamağı özümüzə böyük şərəf bilirik. Azərbaycan Respublikasının prezidenti zati-aliləri Heydər Əliyev, Pakistana rəsmi səfərinizi məmnuniyyətlə qarşıladıq və bunu özümüzə şərəf hesab edirik. Sovet İttifaqı dağıldıqdan sonra Mərkəzi Asiya dövlətləri müstəqillik əldə etdilər. Pakistan həmin dövlətlərlə öz tarixi, mədəni, elmi köklərini əsas götürərək bu dövlətlərin müstəqilliyini dərhal tanıdı. Məhz bu baxımdan Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasında mühüm rol oynadı, Mərkəzi Asiyanın müstəqil dövlətləri ilə iqtisadi, siyasi münasibətlər yaratmağa başladı və bu münasibətləri indi daha da genişləndirir. Siz ölkəmizə səfəriniz zamanı doqquz saziş imzaladınız. Bu sazişləri necə qiymətləndirirsiniz və Pakistan-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Azərbaycan keçmiş Sovet İttifaqına mənsub olmuş bir respublikadır. Ölkəmiz Qafqazda yerləşir. Məhz Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi. Artıq beş ildir müstəqil bir dövlət kimi yaşayırıq. Bu dövrdə Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə çalışıb və dunyanın bir çox ölkələri ilə ikitərəfli və qarşılıqlı surətdə taydalı əlaqələr yaradıbdır. Bu baxımdan Azərbaycan üçün mühüm ölkələrdən biri də Pakistandır. Keçmişdə Azərbaycanın Pakistanla tarixi əlaqələri çox geniş olubdur və xalqlarımızın eyni dinə mənsub olması, keçmiş adətənənələrimizin bir çox cəhətdən oxşarlığı bizim indiki zamanda da geniş əlaqələr saxlamağımıza əsas verir.

Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi onun müstəqilliyni tanıyan ilk dövlətlərdən biri də Pakistan olmuşdur. İndi bizim əlaqələrimiz yaxşı bir səviyyədədir. Azərbaycanda Pakistanın səfirliyi fəaliyyət göstərir. Keçən il Pakistan prezidenti Fərrux Əhməd xan Leqari Azərbaycana rəsmi səfər etmişdir. İndi isə mən onun dəvəti ilə Pakistana rəsmi səfərə gəlmişəm. Bu səfər zamanı bizim çox əhəmiyyətli danışıqlarımız oldu. Prezident Fərrux Əhməd xan Leqari, baş nazir xanım Bənəzir Bhutto ilə və başqa şəxslərlə yaxşı danışıqlar apardıq.

Baş nazir ilə apardığımız danışıqlar nəticəsində Pakistanla Azərbaycan arasında əlaqələrin daha sürətlə inkişaf etməsi üçün doqquz çox mühüm saziş imzaladıq. Keçən il oktyabr ayında Bakıda Pakistan prezidenti ilə imzaladığımız sazişlər və dünən burada baş nazir və digər rəhbər vəzifəli şəxslərlə imzaladığımız sənədlər Pakistan-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox böyük yollar açır və gözəl şərait yaradır.

Müxbir: Cənab prezident, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini dəstəklədiyini bəyan edibdir. Biz istərdik ki, insan hüquqlarının kütləvı surətdə pozulduğu Kəşmirin məsələsi ilə bağlı sizin fikirlərinizi bilək.

Heydər Əliyev: Mən fürsətdən istifadə edərək təşəkkürümü bildirmək istəyirəm ki, Pakistan Azərbaycana Ermənistan tərəfindən edilən hərbi təcavüzü daim pisləyibdir və dünən, srağagün apardığımız danışıqlarda da Pakistanın prezidenti, baş naziri öz bəyanatlarında Ermənistanın təcavüzkar olduğunu, Azərbaycana təcavüz etdiyini bir daha bildirdilər və bu təcavüzü pislədilər. Mən buna görə onlara çox minnətdaram.

Pakistan üçün çox mühüm olan Kəşmir problemi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildiribdir, yəni biz beynəlxalq təşkilatlarda, başqa lazımi səviyyələrdə Pakistanın bu barədə haqq-ədalət işini, Kəşmir problemi ilə əlaqədar olaraq onun mövqelərini daim müdafiə etmişik və bu gün də müdafiə edirik. Mən həm cənab prezidentlə görüşəndə, həm də hörmətli baş nazir ilə görüşəndə bu barədə öz bəyanatlarımı vermişəm. Kəşmirdə insan hüquqlarının pozulmasını biz qətiyyətlə pisləyirik və buna öz etirazımızı bildiririk.

Müxbir: Cənab prezident, İqtisadi Əməkdaşlıq Təşkilatı bir müddətdir ki, fəaliyyət göstərir. Bu təşkilatın gələcəyi barədə fikirlərinizi bizimlə bölüşməyi xahiş edirik.

Heydər Əliyev: İqtisadi Əməkdaşlıq Təşkilatı çox lazımi bir təşkilatdır. Biz onun fəaliyyətini bəyənir və dəstəkləyirik. Azərbaycan bu təşkilatın üzvüdür. Mən hesab edirəm ki, bu təşkilat daha səmərəli fəaliyyət göstərə bilər. May ayinda bu təşkilatın Zirvə görüşü olacaqdır. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu

Zirvə görüşündə təşkilatın işinin sürətləndirilməsi və iqtisadi əməkdaşlığın daha da səmərələşdirilməsi üçün lazımi tədbirlər görüləcəkdir.

Müxbir: Zati-aliləri, Azərbaycan öz müstəqilliyini yenicə elan edib, öz müstəqil dövlətini yaradıbdır. Azərbaycan zəngin potensiala malikdir. Bilmək istərdik, Azərbaycanda daxili proseslər hansı məcrada inkişaf edəcək, Azərbaycanın siyasi sisteminin təkamülü hansı yollarla gedəcəkdir? Azərbaycanda, ümumiyyətlə, cəmiyyətdə baş verəcək dəyişikliklər barədə, ölkənizin gələcək inkişafı barədə fikirlərinizi öyrənmək istərdik.

HeуƏliуev: Bəli, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra az bir müddət keçibdir. Azərbaycan həqiqətən böyük potensiala malıkdir. Onun təbii sərvətləri, ümumiyyətlə, intellektual, elmi potensialı, iqtisadi potensialı böyükdür. Məqsədimiz bunlardan Azərbaycan xalqının rifahını yüksəltmək üçün istifadə etməkdir. Azərbaycan bir müstəqil dövlət kimi demokratiya yolu ilə getmək qərarı qəbul edibdir. Azərbaycanda demokratik, sivilizasiyalı, hüquqi dövlət qurulur. Doğrudur, son illər ölkənin daxilində ictimai-siyasi vəziyyət о qədər sabit olmayıbdır. Bu, bir tərəfdən, Ermənistanın təcavüzü ılə əlaqədar olubsa, ikinci tərəfdən də daxildəki ayrı-ayrı qrupların, ayrı-ayrı dəstələrin hakimiyyət uğrunda mübarizəsi ilə bağlı olubdur. Daxildə gedən proseslər bəzi hallarda, xüsusən keçmişdə Azərbaycanda silah gücünə, zor gücünə dövlət çevrılışı etmək cəhdlərinə də gətirib çıxarıbdır. Ancaq xalqın sayəsində bu proseslərin qarşısı alınıbdır.

1995-ci ilin noyabг ayında müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olundu və azad demokratik seçkilər nəticəsində Azərbaycan Respublikasının ilk parlamenti seçildi. Azərbaycanın demokratiya yolu ilə getməsi üçün bir çox əsaslar yaranıbdır. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik, özəlləşdirməni həyata keçirir, iqtisadi islahatlar aparırıq. Bütün demokratik prinsiplər Azərbaycanda bərqərar olunubdur və sürətlə inkişaf edir. Güman edirəm ki, biz Ermənistanın hərbi təcavüzündən xilas olduqdan sonra Azərbaycanın müstəqil bir dövlət kimi çox gözəl və xoşbəxt gələcəyi var.

Müxbir: Cənab prezident, siz ölkənizdəki dəyişikliklər barədə, ölkənizin gələcəyi, tutduğu yol barədə bizə ətraflı məlumat verdiniz. Eyni zamanda Pakistanla Azərbaycan arasında ümumi oxşarlıqlar barədə və münasibətlərin gələcək inkişafı barədə fikirlərinizi bizimlə bölüşdürdünüz. Biz hesab edirik ki, sizin bu səfəriniz Pakistan ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün bir təkan olacaqdır. Vaxt ayırıb bizə müsahibə verdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun.