Polşa Respublikasına rəsmi səfərimin məqsədi aydındır. Mən dəfələrlə demişəm ki, biz dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaradırıq. Gənc, müstəqil dövlət kimi bu, bizim xarici siyasətimizin əsas istiqamətidir. Polşa Avropanın böyük ölkəsidir və Avropa Birliyində, Avropa Şurasında çox böyük mövqeyi vardır. Polşa indi Sərqi Avropada NATO-ya daxil olan ölkələrdən biridir. O, Azərbaycana da çox maraq göstərir. Polşanın prezidenti Aleksandr Kvasnevski ilə mənim bir neçə görüşüm olubdur və o, məni rəsmi səfərə dəvət edibdir. Mən bu dəvəti qəbul etmişəm və Polşaya rəsmi səfərə gedirəm. Güman edirəm ki, bu səfər çox əhəmiyyətli olacaqdır. Biz bir çox sahələrdə əlaqələr yaradacağıq və bu əlaqələri inkişaf etdirəcəyik. Polşa ilə Azərbaycan arasında qədim zamanlardan əlaqələr olubdur. Elə bu əsrin əvvəllərində də bizim əlaqələrimiz olubdur.
Sual: Hörmətli Prezident, Polşaya rəsmi səfəriniz ərəfəsində - avqustun 25-də Çeçenistan nümayəndə heyəti ilə danışıqlar apararkən bundan əvvəl imzalanmış üçtərəfli sazişin həyata keçirilməsi vəziyyətinin öyrənilməsi barədə verdiyiniz tapşırığın nəticəsi ilə bağlı nə deyə bilərsiniz?
Cavab: Şübhəsiz ki, dünən mən buna cavab ala bilmədim. Mən göstəriş verdim, güman edirəm ki, bunu bu günlərdə aydınlaşdıracaqlar. Ancaq Çeçenistanla Polşanın heç bir əlaqəsi yoxdur. Sadəcə, Çeçenistanın vitse-prezidenti Azərbaycana gəlibdir. O hələ də buradadır. Bir neçə sahədə iqtisadi əməkdaşlıq üçün lazımi tədbirlər hazırlanır. Hesab edirəm ki, bunlar lazımdır. Onlar müraciət ediblər, biz kömək etməliyik. Ancaq əsas məsələ ondan ibarətdir ki, bizim Çeçenistandan, Rusiya ərazisindən keçən ilkin neftin ixracı üçün olan kəmər gərək işləsinə. Çünki artıq sentyabr ayı gəlib çatır, biz neft hasil edəcəyik və onu ixrac etməliyik. Ümid edirəm ki, Abbas Abbasov mənim verdiyim tapşırığı araşdıracaqdır. Çeçenistanın vitse-prezidentinin dediyinə görə, guya bu məsələ onlardan asılı deyildir, guya Rusiya tərəfi bu barədə lazımi tədbirlər görmür. Əgər belədirsə, Abbaş Abbasov bu məsələləri aydınlaşdıracaq və biz əlavə tədbirlər görəcəyik.
Sual: Simal neft kəməri vaxtında hazır olmasa nə kimi tədbirlər görüləcəkdir?
Cavab: Biz çıxış yolu tapacağıq.
Sual: Polşada hansı sazişlər imzalanacaq?
Cavab: Biz Polşada bir çox sazişlər imzalayacağıq. Bizim əlaqələrimizın genişləndirilməsi haqqında siyasi bəyannamə imzalanacaqdır. Bu, çox əhəmiyyətlidir. Polşa-Azərbaycan əlaqələri və beynəlxalq məsələlərdə Azərbaycanın və Polşanın mövqeləri, prinsipləri bu sənəddə öz əksini tapacaqdır.
Sual: Azərbaycan neftinin Polşa vasitəsilə dünya bazarına çıxarılmasına bu ölkənin marağı çoxdurmu?
Cavab: Onlar Azərbaycan neftinə çox maraq göstərirlər. Baxıb görərik, nə kimi imkanlar vardır. Biz, hər halda, bu barədə Avropanın bir çox ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Sağ olun.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşaya rəsmi səfəri (1997-ci il 26-28 avqust)