Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə qisamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 9 yanvar 2000-ci il


Sual: Cənab prezident, Türkiyə Respublikasına bu dəfəki səfərdən məqsəd nədir və səfər zamanı Türkiyə rəhbərliyi ilə hansı məsələləri müzakirə etmək nəzərdə tutulur?

Cavab: Bilirsiniz ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında çox sıx dostluq, əməkdaşlıq əlaqələri var. Bu əlaqələr daim bizim görüşlərimizin və məsləhətləşmələrimizin olmasını tələb edir. Bilirsiniz ki, son zamanlar mən bir neçə dəfə Türkiyədə olmuşam və hər dəfə bütün başqa tədbirlərdə iştirak etməklə yanaşı, ölkələrimiz arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparmışıq. İndi mənim səfərim prezident hörmətli cənab Süleyman Dəmirəlin dəvəti ilədir. Bu, qısamüddətli bir səfərdir. Əsas məsələ Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması barədə yenidən məsləhətləşmələr aparmaqdır. Çünki bilirsiniz ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyinə görə, Türkiyənin bu ölkə ilə indiyə qədər nə diplomatik əlaqəsi var, nə sərhədlərinin açılmasına yol verirlər, nə yolların açılmasına yol verirlər. Bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasında uzun məsafəli sərhəd var. Burada yollar var: həm dəmir yolu, həm avtomobil yolu var, bu da təbiidir ki, Ermənistan üçün çox lazımdır. Ona görə də bu məsələnin həll olunmasında Ermənistan prezidenti Koçaryanla mənim apardığım danışıqlarda bu problemlər həmişə durur.

Bu barədə Ermənistanın özü də Türkiyə ilə danışıqlar aparıbdır. Bu məsalələri bir daha dəqiqləşdirmək mövqelərimizi müqayisə etmək, məsləhətləşmək məqsədi ilə mən Türkiyəyə gedirəm. Əsas məsələ bundan ibarətdir. Bilirsiniz ki, Bakı-Ceyhan neft kəməri haqqında müqavilə artıq imzalanıbdır. Bunun icrasına başlamaq lazımdır. Türkiyə də bunu istəyir, biz də bunu istəyirik. Ancaq biz indiyə qədər bu müqavilələri parlamentdə ratifikasiyaya verə bilməmişik. Çünki bir neçə məsələ Gürcüstan ilə bu günə qədər həll edilməyibdir. Bilirsiniz ki, bu yaxın zamanlarda Türkiyənin nümayəndə heyəti Gürcüstanda və Azərbaycanda olmuşdur. Onlar Gürcüstan prezidenti Eduard Şevardnadzeyə və mənə prezident Süleyman Dəmirəlin məktublarını vermişlər. Bu barədə də danışmaq lazımdır. Çünki bunu gecikdirmək olmaz. Türkiyə də maraqlıdır ki, bu gecikməsin. Biz də maraqlıyıq, təbii ki, Gürcüstan da maraqlıdır. Amma Gürcüstan bəzi məsələləri ortaya atıbdır. Bunlar bizim üçün uyğun məsələlər deyildir Türkiyə üçün də uyğun deyildir. Bu barədə də fikir mübadiləsi aparacağıq. Ümumiyyətlə, ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirmək, genişləndirmək məsələləri də bizim qonşularımızla danışıqların əsas mövzusudur. Görürsünüz, qısamüddətli səfərə gedirəm amma, nə qədər məsələ var.

Sual: Cənab prezident, Bakı-Ceyhan müqaviləsi imzalanmamışdan əvvəl Gürcüstan indiki şərtlərini irəli sürmürdü. İndi nəyə görə bu şərtlər irəli sürülür?

Cavab: Sürmürdü, yox. Siz bunu onlardan soruşun.

Sual: Cənab prezident, Azərbaycanın Avropa Şurasına üzv olması məsələsi nə yerdədir?

Cavab: Necə nə yerdədir? Biz Avropa Şurası ilə əməkdaşlıq edirik və lazımi danışıqlar aparırıq. Yəqin ki, vaxtı gələndə bunların hamısı həll olunacaqdır.

Sual: Cənab prezident, Şimali Qafqazdakı vəziyyəti səfəriniz zamanı müzakirə edəcəksinizmi?

Cavab: Əlbəttə ki, biz bu barədə fikir mübadiləsi aparmalıyıq. Şimali Qafqazdakı, Çeçenistandakı vəziyyətə nə Türkiyə, nə də Azərbaycan müdaxilə edir. Ancaq təəssüf ki, Rusiyanın mətbuat orqanları, hətta rəsmi dairələri axır zamanlar bir çox əsassız bəyanatlar veriblər. Bu da bizi çox narahat edibdir. Bilirsiniz ki, dünən Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın bu hərəkətlərinə görə bu barədə çox sərt bəyanat veribdir. Yəqin ki, biz bu barədə də danışacağıq, bu mövzu kənarda qala bilməz. Çünki Rusiyanın mətbuat orqanları, rəsmi dairələri də bəzən çalışırlar sübut etsinlər ki, guya bu terrorçular, yaraqlılar Türkiyədən, başqa Şərq ölkələrindən gəlib Azərbaycandan, Gürcüstandan keçirlər və buradan silah-sursat keçir. Bu, tamamilə yalan sözdür, böhtandır, iftiradır. Heç bir belə fakt yoxdur. Kiyevdə olarkən mən bu barədə Baş nazir, indi prezident səlahiyyətlərini həyata keçirən Vladimir Putinlə də danışdım, ona da dedim. Yəqin ki, biz bu barədə da söhbət edəcəyik.

Sual: Cənab prezident, Bakı-Ceyhan neft boru kəməri ilə bağlı Gürcustanın sərt mövqeyi barədə nə deyərdiniz?

Cavab: Bilirsiniz, siz düzgün demirsiniz. Sərt mövqe yoxdur. Gürcüstanın müəyyən şərtləri var. Hərə istəyir ki, burada öz problemini ölkəsi üçün daha da faydalı həll etsin. Mən elə hesab edirəm ki, burada həll oluna bilməyən elə bir problem yoxdur. Bunların hamısı həll olunacaqdır.

Sual: Cənab prezident, indiki gərgin münasibətlərdə İrana Sizin qarşıdakı səfəriniz barədə nə deyə bilərsiniz?

Cavab: Nə gərgin münasibətlərdir? İranla bizim gərgin münasibətlərimiz yoxdur. Sən bunu haradan götürmüsən? Mən bəyan etmişəm ki, İranla bizim çox yaxşı münasibətimiz var. Bu günlərdə mən Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışımda hətta qeyd etdim ki, mənim İstanbulda irəli sürdüyüm Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı yaranmasında İran da iştirak etməlidir. İranın prezidenti məni dəvət edibdir, mən də, şübhəsiz ki, həmin dəvəti bu yaxınlarda həyata keçirəcəyəm.

Sual: Cənab prezident, Aram Sarkisyanın Dağlıq Qarabağla bağlı son təklifinə Sizin münasibətiniz?

Cavab: Elə bir təklif mənə məlum deyil.

Sual: Cənab prezident, sammitdə Siz Koçaryanla görüşəcəksinizmi?

Cavab: Görüşəcəyəm. Hələ Moskvada da görüşəcəyəm, lap arxayın olun.

Sual: Cənab prezident, Cövhərqala alındığı halda rus qoşunlarının Azərbaycana və Gürcüstana girməsi ehtimalı varmı?

Cavab: Bilirsiniz, mən istəyirəm ki, siz bu sualları verməyəsiniz. Çünki bunlar əsassız suallardır. Orada Rusiya öz daxili işi ilə məşğuldur. Nə üçün sən deyəsən ki, Qroznının, nə bilim, alınmasından sonra onlar Azərbaycana müdaxilə edəcəklər? Buna bir əsas yoxdur.

Yaxşı, sağ olun.

Tarixi arayış