Azərbaycan Respublikası - Belçika Krallığı münasibətləri


Əlverişli siyasi-coğrafi mövqeyi, zəngin təbii sərvətləri, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması Azərbaycanı Belçika üçün maraqlı edir. Belçikanın demokratik prinsiplərin daşıyıcısı olan bir ölkə, Brüsselin dünyanın mühüm siyasi mərkəzlərindən biri olması, Avropa Birliyinə aid bütün məsələlərdə Belçikanın xüsusi yer tutması Azərbaycanın bu ölkə ilə münasibətlərinin inkişafını zəruri edən amillərdəndir.

Hələ XX yüzilliyin əvvəllərində Bakıda Belçika səfirliyi fəaliyyət göstərib. Lakin Azərbaycan Demokratik Respublikasının süqutundan sonra fəaliyyətini dayandırıb.

Siyasi münasibətlər: Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra, həmin ilin 31 dekabr tarixində Belçika Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 1992-ci il iyun ayının 17-də isə Belçika ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub. Azərbaycanın Belçikadakı səfirliyi 1995-ci il aprel ayında, 1 noyabr 2007-ci il tarixdə isə Belçikanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Diplomatik münasibətlərin yaradılması, səfirliklərin açılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Dövlət və hökumət başçılarının görüşləri və qarşılıqlı səfərləri də ikitərəfli əlaqələrin inkişafına təkan verdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994, 1995, 1996-cı illərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə 2004, 2006, 2012-ci illərdə Belçikada işgüzar səfərdə olub, qarşı tərəfin dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirib.

Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə 3 may 1994-cü il tarixdə, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanma mərasimində iştirak etmək məqsədilə Belçikaya səfəri çərçivəsində bu ölkənin baş naziri Jan-Lük Deanla görüşüb. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ildə isə Davosda və Kopenhagendə Belçikanın Baş naziri Jan-Lük Deanla görüşüb, tərəfləri maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparıb.

Prezident Heydər Əliyev 18 aprel 1995-ci il tarixdə Belçika səfəri çərçivəsində növbəti dəfə Belçikanın Baş naziri Jan-Lük Deanla görüşüb. Görüşdə iki ölkəni maraqlandıran məsələlər müzakirə olunub. Heydər Əliyev Belçikanın həm iqtisadi cəhətdən, həm də dövlət quruculuğu sahəsində çox inkişaf etmiş bir dövlət olduğunu qeyd edib. Belçika Baş naziri Azərbaycanın iqtisadi potensialına bələd olduğunu bildirərək, ölkəsinin bu sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Belçika ilə əlaqələri bilavasitə inkişaf etdirmək zəruri olduğundan Heydər Əliyev Azərbaycanın Belçikada səfirliyinin təsis olunması ilə bağlı Fərman verib. Səfirliyin fəaliyyətə başlaması Azərbaycanın həm beynəlxalq təşkilatlarla əlaqəsinə kömək etmək, həm də ölkəmizlə Belçika arasında əlaqələri inkişaf etdirmək məqsədi daşıyırdı.

Azərbaycan-Belçika əməkdaşlığının əhəmiyyətindən bəhs edən Prezident Heydər Əliyev bildirirdi: “Mən əminəm ki, bizim bu əməkdaşlığımız günü-gündən inkişaf edəcəkdir və Belçika ilə Azərbaycan arasında olan əməkdaşlıq əlaqələri dostluq və tərəfdaşlıq əlaqələrinə çevriləcəkdir”.

Belçika Avropanın mühüm mərkəzlərindən olduğundan Heydər Əliyev burada keçirilən bir çox tədbirlərdə iştirak edib. 21-27 aprel 1996-cı ildə Qərbi Avropa ölkələrinə səfəri çərçivəsində Heydər Əliyev Brüsseldə yerləşən Belçika Beynəlxalq Ticarət Mərkəzində olub. Heydər Əliyev Belçika Beynəlxalq Ticarət Mərkəzində çıxış edərkən Azərbaycanın Avropa Birliyinə üzv olan ölkələrlə qabaqcıl texnologiyanın milli iqtisadiyyata tətbiqi, müasir idarəetmə təcrübəsinə malik kadrların hazırlanması, qeyri-neft sektorunda inkişafın təmin edilməsi təcrübəsinin mənimsənilməsi baxımından sıx əməkdaşlıq etdiyini bildirib.

13 aprel 1998-ci il tarixdə Belçikanın baş naziri Jan Lük Dean Azərbaycanda rəsmi səfərdə olub. Belçika Baş nazirinin Azərbaycana ilk rəsmi səfərini iki ölkə arasında münasibətlərdə əlamətdar hadisə hesab etmək olar. Baş nazirlə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Belçika ilə Azərbaycan arasında bütün istiqamətlərdə - iqtisadiyyat, mədəniyyət, elm və texnika sahəsində əməkdaşlıq etmək üçün böyük imkanlar olduğunu bildirib. Prezident Belçikanın "Petrofina" şirkətinin Azərbaycanın Xəzər dənizindəki sektorunda olan neft yatağında müştərək iş görməsini Belçika ilə iqtisadi əməkdaşlığımızın mühüm hissəsi hesab edib. Baş nazir də öz növbəsində Belçikanın Xəzərin hər iki tərəfində yerləşən ölkələrin strateji əhəmiyyətini dərk etdiyini, həmin ölkələrin strateji əhəmiyyətinə və sabitliyinə, iqtisadi inkişafına böyük qiymət verdiyini bildirib. Baş nazir nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini, "İpək yolu"nun yenidən bərpasının regionun inkişafı üçün çox əhəmiyyətli olduğunu və Belçikanın da gələcəkdə bundan bəhrələnmək istədiyini bildirib.

Səfər çərçivəsində tərəflər arasında aşağıdakı sənədlər imzalanıb: 1. Azərbaycan Respublikası Hökuməti və Belçika-Lüksemburq İqtisadi Birliyi arasında Birgə Bəyannamə; 2. Belçika Krallığının Baş naziri cənab Jan-Luk-Deanın Azərbaycan Respublikasına rəsmi səfəri ilə bağlı Birgə Bəyanat; 3. Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında hava əlaqələri haqqında Saziş.

Belçika Baş nazirinin Azərbaycana ilk səfəri, Prezident Heydər Əliyevlə danışıqları, görüşləri və imzalanan sənədlər Belçika-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox böyük imkanlar açdı. Azərbaycan Respublikası Prezidenti və Belcika Krallığının Baş naziri arasında Birgə Bəyanat iki ölkə arasında  əlaqələrin gələcək inkişafı üçün əsas siyasi sənəd olmaqla yanaşı, həm də  hüquqi-nomativ baza yaradılması istiqamətində atılan ilk addım idi.

Azərbaycan Prezidenti İlham Əliyev də Belçika ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayıb. 18 may 2004-cü il tarixdə İlham Əliyev Belçika Krallığında işgüzar səfərdə olub. İlham Əliyev Belçika Krallığının Baş naziri Gi Verhofstadt ilə görüşüb. Prezident İlham Əliyev və Baş nazir Gi Verhofstadt Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında üç sənəd - "İkiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" konvensiya, "Sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında" saziş və "Gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında" ikitərəfli saziş imzalayıblar.

Prezident İlham Əliyev Baş nazir Gi Verhofstadta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair aparılan danışıqlar barədə məlumat verib. Belçika hökumətinin başçısı bu məsələnin həllində ölkəsinin səylərini əsirgəməyəcəyini bildirib. Prezident 1995-ci ildən Brüsseldə Azərbaycanın səfirliyinin uğurla fəaliyyət göstərdiyini xatırladaraq Belçikanın da Bakıda səfirliyinin açılması zəruriliyini bildirib.

7 aprel 2005-ci il tarixdə İlham Əliyev Belçika parlamentinin nümayəndələr palatasının sədri Herman de Kroonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İlham Əliyev "Sülh naminə tərəfdaşlıq" proqramında Azərbaycanın fəal iştirak etdiyini nəzərə çarpdırıb. Hazırda Fərdi tərəfdaşlığın fəaliyyət planı ilə əlaqədar ölkəmizin NATO ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. Prezident Avropa Birliyinin "Yeni qonşuluq siyasəti"ndə də Azərbaycanın fəal iştirak etdiyini bildirib. İlham Əliyev bu siyasət çərçivəsində ölkəmizin Avropa Birliyi ilə müxtəlif sahələrdə əlaqələrinin daim inkişaf etdiyini söyləyib.

Cənab Herman de Kroo Belçikanın Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, Avropa Birliyinə inteqrasiya prosesində Azərbaycanı daim dəstəklədiyini bildirib. O, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının energetika və digər sahələrdə daim genişləndiyini qeyd edib.

Prezident İlham Əliyev 7 noyabr 2006-cı ildə Belçikanın əsas düşüncə mərkəzlərindən sayılan Kral Beynəlxalq Əlaqələr İnstitutunda keçirilən siyasi brifinqdə iştirak edib. Brifinqdə İlham Əliyev Azərbaycanın açıq qapı siyasəti yürütdüyünü, xarici sərmayələr üçün ölkədə əlverişli şərait yaradıldığını xatırladıb. Prezident iqtisadiyyatın inkişaf sürətinə görə ölkəmizin dünyada ən yüksək göstəriciyə nail olduğunu, Azərbaycanın regionda lider dövlətə çevrildiyini söyləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı söhbət açan Prezident İlham Əliyev bildirib ki, problemin həll olunmamasının səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi, separatçılığı dəstəkləyən siyasət yeritməsidir.

Səfər dövründə Prezident İlham Əliyev Belçika Senatının sədri xanım Ann-Mari Zizen, ATƏT-in sədri, Belçikanın Xarici İşlər Naziri Karel de Quxt, Belçika parlamenti Nümayəndələr Palatasının sədri Herman de Kroo və Belçikanın Baş naziri Gi Verhofstadt ilə görüşüb. Görüşlərdə Azərbaycan-ATƏT münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub, Azərbaycanla Avropa Birliyi arasında energetika sahəsində əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsi üçün Belçika şirkətlərinin respublikamıza cəlb olunmasının əhəmiyyəti, biznes forumlarının keçirilməsinin vacibliyi vurğulanıb. Bu səfər Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar açdı. 

Azərbaycan-Belçika münasibətlərinin inkişafında parlamentlərarası işçi qruplarının fəaliyyəti xüsusi vurğulanmalıdır. Hələ 24 noyabr 2001-ci il tarixdə Prezident Heydər Əliyev Belçika Krallığı Parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul edib.

2011-2012-ci illərdə isə həmin işçi qruplar dəfələrlə Azərbaycana və Belçikaya səfərlər edərək, müxtəlif nazirlər, dövlət adamları ilə görüşlərdə perspektiv əməkdaşlıq imkanlarını araşdırıblar.

Cari ilin mart ayında Belçika Parlamentinin Nümayəndələr Palatasında “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda müzakirələrin təşkil olunması da Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfdən sədri, deputat Elxan Süleymanovun və Belçika tərəfdən sədri Filip Blanşarın səyi nəticəsində mümkün olub.

İqtisadi münasibətlər: İki ölkə arasında siyasi münasibətlərdə müəyyən uğurlar əldə olunsa da, iqtisadi münasibətlər hələlik istənilən səviyyədə deyil. Yuxarıda qeyd edildiyi kimi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi-normativ baza olsa da, ticarət dövriyyəsinin həcmi çox aşağıdır. Lakin tərəflər iki dövlət arasında iqtisadi münasibətlərin genişləndirilməsinin marağındadır və bu istiqamətdə səyləri daha da genişləndirirlər. Mövcud tendensiya da bu sahədə dönüş olacağından xəbər verir. İqtisadi münasibətlər yeni-yeni inkişaf edir və bu proseslər inkişafa doğru gedir.

Azərbaycan təmsilçilərinin iştirakı ilə 24 sentyabr 2009-cu il tarixində Brüssel şəhərində Belçikanın Flandriya regionunun Sərmayə və Ticarət Agentliyi tərəfindən təşkil olunmuş “Azərbaycan və Gürcüstan: biznes imkanları” adlı seminar keçirilib. Seminar çərçivəsində Azərbaycanın sərmayə və ticarət imkanlarına dair təqdimatlar nümayiş olunub, Belçika şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Bunun davamı olaraq, 23 noyabr 2010-cu il tarixində Bakı şəhərində Azərbaycan və Belçika şirkətlərinin iştirakı ilə Azərbaycan-Belçika biznes forumu təşkil edilib. Foruma hər iki tərəfin təmsilçiləri, habelə Belçikanın Flandriya regionunun əsasən kənd təsərrüfatı, sənaye, nəqliyyat və daşıma, konsaltinq sahələrində ixtisaslaşmış şirkət və qurumlarının nümayəndələri, eləcə də Azərbaycandan müvafiq şirkətlərin nümayəndələri qatılıblar.

Hazırda Azərbaycanda ticarət, nəqliyyat, daşıma, rabitə, habelə kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalı, layihə işləri, tikinti və quraşdırma və s. sahələrdə fəaliyyət göstərən Belçika şirkətləri mövcuddur. Azərbaycandan Belçikaya qaz və neft ixrac edilir. Belçikadan Azərbaycana isə müxtəlif avadanlıq, maşınlar, elektrik materialları gətirilir.

Mədəni münasibətlər: İki ölkə arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq imkanları genişdir. 2004-cü ilin mayında Brüsseldə, Dünya Gömrük Təşkilatı binasının qarşısında Azərbaycan xalqının qədim tarix və mədəniyyət qaynaqlarından olan “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorquda abidənin ucaldılması  ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm hadisə oldu.

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Emin Eyyubovun qeyd etdiyi kimi, bu və ya digər tədbirlər çərçivəsində Belçikada hər il Azərbaycan incəsənət xadimlərinin konsertləri təşkil olunur və tanınmış rəssamların sərgiləri keçirilir. Bu tədbirlərin təşkilində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Yalnız 2010 və 2011-ci illərdə Azərbaycan incəsənət ustalarının konsertlərini, Azərbaycanın gənc rəssamlarının sərgisini və s. qeyd etmək olar. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “Euronews” kanalında və digər KİV-də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı reportajlar da öz töhfəsini verib.

Təhsil sahəsi ilə bağlı qeyd etmək lazımdır ki, son illərdə Belçikada təhsil alan tələbələrimizin sayı artıb. Bura həm fərdi qaydada, həm də dövlət xətti ilə gələnlər aiddir. Lakin digər imkanlar da var ki, bu da iki ölkənin universitet və institutları arasında birbaşa münasibətlərin yaradılmasına xidmət edir. Belçikanın fransızdilli Valoniya regionunun Xarici Əlaqələr Baş Komissarlığı ilə əldə edilmiş razılığa əsasən biri müəllim və biri tələbə olmaqla hər il iki azərbaycanlıya təqaüd ayrılır və onlar Brüssel Azad Universitetində və Lövən Universitetində yay kurslarında iştirak edirlər.

Belçika Azərbaycan diasporunun aktiv fəaliyyət göstərdiyi ölkələrdən biridir. Belçikada Avropa Azərbaycanlılar Mərkəzi, Belçika Azərbaycan Evi Cəmiyyəti, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti kimi qurumlar fəaliyyət göstərir. Bu qurumlar Azərbaycan mədəniyyətinin, tarixinin Belçika ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlər təşkil edir, Belçikada yaşayan azərbaycanlılarla mütəmadi olaraq əlaqə saxlayırlar.

Belçika Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə əsaslanaraq, dövlətlərin ərazi bütövlüyü prinsipinə və beynəlxalq tanınmış sərhədlərinin zor gücü ilə dəyişdirilməsini qəbul etmir.

Deyilənlərə yekun vurarkən qeyd etmək lazımdır ki, Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri cənab Luk Truyensin də vurğuladığı kimi, hazırda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var və Azərbaycanla Belçika arasında əməkdaşlıq bu potensialın səviyyəsinə yüksəldilməlidir. Hər iki ölkə yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, qanunverici və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Belçikanın 2007-ci ildə Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycanda daimi əsasda fəaliyyət göstərən səfirliyinin açılması da bu münasibətlərin inkişafına olan marağın göstəricisidir.

Tərəflər BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirirlər.