Azərbaycan Prezidenti Heydər Əliyevin Bi-Bi-Si televiziyasının müxbiri ilə müsahibəsi - 21 iyul 1998-ci il


Sual: Cənab prezident, bu gün imzalanmış sazişlərin, sənədlərin əhəmiyyəti nədən ibarətdir?

Cavab: Bu gün imzalanmış sənədlərin əhəmiyyəti böyükdür. Birincisi, Birləşmiş Krallığın baş naziri cənab Toni Bleyr ilə Azərbaycan prezidenti Heydər Əliyev iki ölkə arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışlar. Bu siyasi bəyannamə bizim əməkdaşlığımızın demək olar ki, bütün sahələrini - siyasi, iqtisadi, elmi, mədəni sahələri əhatə edir. Ona görə də bu, çox böyük əhəmiyyət daşıyır. Mən bunu yüksək qiymətləndirirəm.

Bununla yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti ilə "Bi-Pi", "Statoyl", "Remko", "Monument oyl ənd qaz" şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft yataqlarının müştərək işlənilməsi haqqında sazişlər imzalanıbdır.

Sual: Cənab prezident, Siz Böyük Britaniyanın Azərbaycan ilə əlaqələrinə necə qiymət verirsiniz? Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyətini və gələcək münasibətlərinizi necə görürsünüz?

Cavab: Bilirsiniz, ötən dörd il müddətində Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr yaxşı inkişaf edibdir. Mən əlaqələrin bugünkü səviyyəsindən razıyam. Ancaq mənim buraya rəsmi səfərim, apardığım danışıqlar və imzalanan sənədlər gələcəkdə bu əlaqələrin daha da genişlənməsi və inkişaf etməsi üçün yaxşı əsas yaradır.

Böyük Britaniya ilə əlaqələri inkişaf etdirmək bizim üçün çox faydalıdır. Biz buna xüsusi əhəmiyyət veririk. Güman edirəm, Böyük Britaniya da Azərbaycanla əlaqələrini faydalı hesab edir.

Sual: Cənab prezident, Siz neft istehsal edən bir region kimi XXI əsrdə Xəzər dənizi hövzəsinin necə böyük əhəmiyyət daşıyacağını söyləyə bilərsinizmi?

Cavab: Mən bunu aydın görürəm. XXI əsrdə Xəzər dənizi hövzəsi dünyanın neft hasil edən ən böyük regionlarından biri olacaqdır. Bunun əsasını qoyan və onu bütün dünya üçün açan da Azərbaycandır. 1994-cü ildə imzaladığımız ilk müqavilə ilə biz bu böyük eranı başlamışıq. İndiyədək Azərbaycan Dövlət Neft Şirkəti Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün dünyanın böyük neft şirkətləri ilə 15 müqavilə imzalayıbdır. Bunların böyük gələcəyi vardır.

Sual: Sonuncu sualımı vermək istəyirəm. Cənab prezident, Azərbaycanın neftdən əldə edəcəyi böyük sərvətlərlə, gəlirlərlə siz nəyə nail olmaq istəyərdiniz? Əgər bir şeyə nail olmaq istəsəydiniz, həmin şey nə olardı?

Cavab: Yox, biz bir yox, çox şeyə nail olmaq istəyirik. Şübhəsiz ki, mən birinci növbədə, Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişaf etdirilməsinə nail olmaq istərdim. Mən bunları Azərbaycanın iqtisadi cəhətdən güclü, qüdrətli bir dövlət olması üçün edirəm. Bu vasitələrlə mən bunları Azərbaycanın hər bir vətəndaşının rifah halının yaxşılaşdırılması üçün edirəm. Mən inanıram ki, biz bunlara nail olacağıq.

Müxbir: Cənab prezident, bizə vaxt ayırdığınıza görə Sizə çox böyük təşəkkürümüzü bildiririk.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 22 iyul 1998-ci il