Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvana səfərini başa çatdıraraq Bakıya qayıdarkən Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibəsi - 19 iyun 2002-ci il


Heydər Əliyev: Salam, axşamınız xeyir. Mənim sizə deyiləsi bir sözüm yoxdur. Çünki mən hansısa bir ölkəyə getməmişəm, Azərbaycanın bir bölgəsində, Naxçıvan Muxtar Respublikasında olmuşam. Mənim orada olduğum müddətdə bura məlumat verilibdir. Televiziya, radio və başqa mətbuat vasitələri ilə verilən məlumatların hamısını bilirsiniz. Buna görə də mən bundan ötrü vaxt itirmək istəmirəm. Orada böyük bir Olimpiya İdman Kompleksi açdıq. Çox gözəl, çox yaraşıqlı olan bu kompleks Naxçıvan üçün çox lazımlıdır. Sonra mən orada hərbi hissədə oldum, bir neçə başqa görüşlərim oldu. Bu səfərimdən çox məmnunam, razıyam, çox şadam.

Naxçıvanın çox problemləri var. Orada çətin vəziyyətdə yaşayırlar. Onlar təkcə təyyarə vasitəsilə əlaqə saxlaya bilirlər. Gediş-gəliş üçün başqa vasitələri yoxdur. Ona görə də ora xüsusi diqqət lazımdır. Mən bu barədə orada - Naxçıvanda çıxışımdada da demişdim. İndi burada bizim Təhlükəsizlik Şurasının üzvlərinə, başqalarına da öz fıkirlərimi dedim. Biz bu işləri aparacağıq.

İndi sizin mənə doğrudan da vacib bir sualınız varsa verin, yoxdursa, sual naminə sual verməklə nə öz vaxtmızı, nə də mənim vaxtımı alın.

Sual: Cənab Prezident, Siz orada ən çox əsgərlərlə görüşüb danışdınız və belə ifadə - «Ali Baş Komandanın əmrinə hazır olun», «zərbə endirib zəfər çalmağa qadir ordu» ifadələri işlətmisiniz. Bu, Ermənistan-Azərbaycan münaqişəsi baxımından yeni strategiya kimi qiymətləndirilə bilərmi?

Cavab: Bilirsiniz, bəs ordu nə üçündür? Mən orada tək bunu deməmişəm. Mən demişəm ki, hər bir dövlətin, hər bir ölkənin özünü etibarlı müdafiə etməyə qadir olan güclü ordusu olmalıdır. Bizdə də neçə ildir ki, ordu quruculuğu prosesi gedir. Deyə bilərəm ki, çətinliklərlə rastlaşsaq da, amma uğurla gedir. Bizim bəzi müxalifət dairələri var, onların dünyada heç nədən xəbərləri yoxdur, ancaq hay-küy salırlar: «ay, nə bilim, ordu zəifdir», «ordunun vəziyyəti pisdir» və sair. Mən bunları eşidirəm, heç fikir vermirəm, cavab vermirəm. Çünki prezident kimi, Ali Baş Komandan kimi, mən vaxtımın böyük hissəsini ordu quruculuğuna sərf edirəm. Amma mən bunu mətbuatda deməməliyəm, qəzetlərdə yazmamalıyam, televiziyada çıxış etməməliyəm. İndi oraya getdim. Orada bizim yaxşı, etibarlı hərbi hissələrimiz yaranıbdır. Gözəl zabitlərimiz, komandanlarımız, yaxşı əsgərlərimiz var. Siz yəqin onları televiziyada gördünüz. Bu elə Azərbaycanın özünün hərbi gücünü göstərir. İndi bu konteksdə, əlbəttə ki, ordu daim hazır olmalıdır. Lazım olan an ordu Ali Baş Komandanın göstərişini yerinə yetirməlidir.

Sual: Cənab Prezident, Siz Naxçıvanda olanda belə fikirlər səsləndi ki, Ermənistan prezidenti Robert Köçəryanla görüşünüz gözlənilir. Bu proses baş tutmalı idi, guya Robert Köçəryan görüşə gəlməyibdir. Belə bir görüş nəzərdə tutulmuşdumu?

Cavab: Mənim planımda belə bir şey yox idi. Robert Köçəryanla hələ bu yaxınlarda görüşmək fikrində deyiləm. Mən demişəm ki, görüşəcəyəm, indi görək, hər iki tərəfin razılığı olsa, bunu iyul ayında etmək olar. Mən Naxçıvana yalnız muxtar respublikanın həm iqtisadi, həm sosial problernləri ilə daha yaxından tanış olmaq, lazımi tədbirlər görmək, həm də bizim oradakı hərbi hissə ilə tanış olmaq, bir də bilirsiniz, orada böyük Olimpiya İdman Kompleksi açmaq üçün getmişdim.

Sual: Cənab Prezident, Robert Köçəryan bildiribdir ki, Paris prinsiplərində Mehri dəhlizinin adı çəkilməyibdir. O, bu fikri təkzib edibdir...

Cavab: Qoy təkzib etsin.

Sual: Cənab Prezident, mənim sualım seçki ilə bağlıdır. Siz 2003-cü ilin seçkilərinə Naxçıvanda rəsmi start verdiniz. Birincisi, nə üçün bunu Naxçıvanda etdiniz? Bunun hansısa mənası varmı, yoxsa təsadüfdür? Siz seçkilərdə özünüzə layiq rəqib kimi görürsünüz?

Cavab: Bu mənim birinci dəfə dediyim fıkir deyildir. Mən bunu bizim Yeni Azərbaycan Partiyasının qurultayında da demişəm. Siz hafizənizi bir qədər araşdırın.

Müxbir: O, rəsmi deyildi...

Heydər Əliyev: Orada bildirilən fikir rəsmi deyildi? O da rəsmi idi, mən onu Bakıda demişəm, Naxçıvanda yox. Yeni Azərbaycan Partiyasının qurultayında demişəm. Demişəm ki, bizim partiya da bunu istəyir və bilirəm ki, təkcə bizim partiyada yox, ümumiyyətlə, ictimaiyyətdə də belə fikir çox genişdir. Ona görə də mən bunu o vaxt demişdim, indi də seçkilər yaxınlaşır, elə buna görə bir də yada saldım ki, bəli, seçkilər olaraq, demokratik keçirilməlidir və Heydər Əliyev öz namizədliyini yenidən irəli sürəcəkdir.

Sual: Cənab Prezident, Siz prezidentliyə layiq kimi görürsünüz?

Cavab: Bilirsiniz, seçki başlananda prezidentliyə öz namizədliklərini verəcəklər. Mən baxacağam, görüm onların içərisində, ümumiyyətlə, kim var.

Sual: Cənab Prezident, sahibkarlarla görüşün nəticəsi olaraq müşavirə nə vaxt keçiriləcəkdir?

Cavab: Olacaq.

Sual: Cənab Prezident, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Sizin həmsədrlərlə və Ermənistanın Xarici işlər naziri Vardan Oskanyarda görüşəcəyiniz bildirildi. Bu nə dərəcədə doğrudur?

Cavab: Vardan Oskanyanla man görüşməyəcəyəm. Köçəryan oraya gəlmir. Həmsədrlər məxsusi olaraq mənimlə görüşmək üçün oraya gələcəklər.

Sual: Cənab Prezident, Özbəkistanın GUÖAM-dan çıxmasına münasibətinizi bilmək istərdik.

Cavab: Bu, Özbəkistanın öz işidir. Hər bir ölkə müstəqildir. Özbəkistan GUAM-a daxil olanda kiməsə elan etmişdimi? Biz Vaşinqtonda olduğumuz zaman heç bunu gözləmirdik. Gəlib bəyan etdi ki, GUAM-a daxil olmaq istəyir, oldu. İndi də çıxır, bu onun öz işidir.

Sual: Cənab Prezident, bundan sonra belə fikirlər səslənir ki, Moldova da öz mövqeyinə yenidən baxa bilər. Ümumiyyətlə, bu, GUÖAM-ın tənəzzülü kimi qiymətləndirilə bilər. Sizcə, bu təşkilatın perspektivləri necədir?

Cavab: Tələsməyin.

Sual: Cənab Prezident, dünən bütün Azərbaycan Türkiyə ilə birlikdə bu ölkənin yığma futbol komandasının dünya birinciliyində uğurunu bayram etdi. Sizin fikirlərinizi bilmək olarmı?

Cavab: Mən də bayram etdim. Amma kim necə bayram edir, mən bilmirəm, mən orada yaxşı bayram etdim, yaxşı çay içdim, Naxçıvan meyvələrindən yedim. Türkiyə futbolçularına gələcəkdə uğurlar arzuladım.

Sual: Cənab Prezident, Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan belə ifadə işlədibdir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə razılaşacaq və özü də bu, daha ağır şərtlərlə olacaqdır. Deyirsiniz ki, ATƏT-in həmsədrləri Sizinlə görüşəcəklər. Ümumiyyətlə, Robert Köçəryanla görüşünüzdə münaqişənin mərhələli həllinin bir variant kimi yenidən müzakirəyə çıxardacağını gözləmək olarmı?

Cavab: Qızım, vallah elə suallar verirsiniz ki. Siz real olan məsələlərdən danışmırsınız, deyirsiniz ki, bu belə olsa nə olacaq, o belə olsa nə ola bilər? Siyasət belə getmir. Hansı məsələ meydana çıxacaqsa, o da müzakirə olunacaqdır. Ona görə də xahiş edirəm ki, mənə belə suallar verməyəsiniz. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR