Xalq yazıçısı, məşhur kino xadimi Rüstəm İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə çıxış - "Gülüstan" sarayı, 5 fevral 1999-cu il


Əziz Rüstəm, 60 illik yubileyinlə əlaqədar, bu münasibətlə mən sənə təbrik məktubu göndərmişəm və məktub bu gün mətbuatda dərc olunubdur. Ancaq bu mərasimdə mən məktubda yazdığım sözlərə əlavə olaraq bir neçə kəlmə də demək istəyirəm.

Rüstəm İbrahimbəyov Azərbaycan ədəbiyyatına, mədəniyyətinə 60-cı illərin əvvəllərində gəlmiş böyük yaradıcılar dəstəsinin parlaq nümayəndəsidir. Rüstəm İbrahimbəyov o zamandan indiyə qədər öz yaradıcılığı ilə - nəsr əsərləri, kino əsərləri, səhnə əsərləri ilə Azərbaycan mədəniyyətini zənginləşdirmiş, dünya mədəniyyətinə layiqli töhfələr vermişdir. Rüstəm İbrahimbəyov çox məhsuldar yazıçıdır, dramaturqdur, kinossenaristdir, rejissordur. Onun yaradıcılığının çoxşaxəli, çoxistiqamətli olması da fitri istedadından irəli gəlir. Rüstəm İbrahimbəyovun yaratdığı əsərlər Azərbaycan oxucularını, keçmiş Sovet İttifaqının oxucularını və dünyanın bir çox ölkələrinin oxucularını sevindirmiş, onlara Azərbaycan həqiqətləri haqqında və ümumiyyətlə, müasir həyatımızın həqiqətləri haqqında çox gözəl məlumatlar vermişdir.

Rüstəm İbrahimbəyovun yaradıcılığı haqqında şübhəsiz ki, bizim alimlər, jurnalistlər, teatr, kino sənətinin tədqiqçiləri çox yazıblar və bundan sonra da çox yazacaqlar. Çünki Rüstəm İbrahimbəyov indiyə qədər daim yazdığı-yaratdığı kimi, bu gün də yazır - yaradır və bu enerji ilə, bu istedadla hələ çox illər, on illər yazacaq, yaradacaqdır, Azərbaycan mədəniyyətini daha da yüksəklərə qaldıracaqdır.

Rüstəm İbrahimbəyovun ilk addımları çox uğurlu olmuşdur. Şübhəsiz ki, mən Rüstəm İbrahimbəyovun əsərlərindən özümə çox əziz olan əsərləri xüsusi qeyd edirəm.

Məsələn, 1968-ci ildə çəkilmiş və təqdim olunmuş "Bir cənub şəhərində" filmi o vaxt Azərbaycan mədəniyyəti üçün, Azərbaycan kino sənəti üçün böyük bir hadisə oldu. Əgər nəzərə alsaq ki, bu, Rüstəm İbrahimbəyovun birinci kino əsəri idi, yəni ssenarisini Rüstəm yazmışdı və Eldar Quliyevlə birlikdə bu filmi çəkib yaratmışdılar, təsəvvür etmək olar ki, ilk addımında Rüstəm İbrahimbəyov cəmiyyətə özünü çox gözəl təqdim etmişdir. Ancaq bəzən yaradıcılarda belə olur ki, onlar parlayırlar, sonra müəyyən qədər solurlar. Yaxud da ki, bir də qalxırlar, bir də düşürlər. Ancaq Rüstəm o vaxtdan indiyə qədər demək olar ki, yüksəlib irəli gedibdir. Rüstəm İbrahimbəyovun bütün əsərlərində əsas məzmunu, mənanı təşkil edən budur ki, o, həmişə həyatın reallığını təsvir edibdir. Amma o dövrdə, sovet ideologiyası çərçivəsində bu o qədər də asan deyildi. Çünki bəzən bu istiqamətdə yazanlar bir az da kənara çıxanda dissident olurdular. Ancaq Rüstəm İbrahimbəyovun həyatı olduğu kimi təsvir etməsi və həyatın hər tərəfini - həm müsbət tərəfini, həm mənfi tərəfini olduğu kimi göstərməsi onun yaradıcılığının ən gözəl cəhətidir və əsərlərinə böyük şöhrət gətirən amildir. Mən qeyd etdim ki, bu o dövrdə bir o qədər də qəbul olunmurdu.

Elə "Bir cənub şəhərində" filmi də ilk dəfə qəbul edilməmişdi. Onun ekrana buraxılması qadağan olunmuşdu. Ancaq məlumdur ki, o vaxt mən bu işə qarışandan sonra, - o vaxt mən hələ Azərbaycanın rəhbəri deyildim, Təhlükəsizlik Nazirliyinin başçısı idim, - mən bu işə qarışandan sonra o filmin yolu açıldı və film həm Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqının hər yerində böyük rəğbətlə, böyük maraqla qarşılandı. Rüstəm bu yolu o vaxtdan indiyə qədər davam etdiribdir.

Məsələn, bəlkə də "Ad günü" filmi zahirən adi bir mövzuya aid olan bir əsərdir, - nə siyasi xarakter daşıyır, necə deyərlər, nə də bir böyük mövzu iddiasındadır. Amma mənəviyyatımızı, müasir həyatımızı, həyatımızın qüsurlarını nə qədər gözəl əks etdiribdir. Xatirimdədir, mən bu filmə təsadüfən baxarkən heç bilmirdim ki, bu film nədir və kimindir. Ancaq mənə o qədər böyük təsir bağışladı ki, mən sonra bu filmin təbliğatçısına çevrildim. O vaxtkı dövrdə bu məsələni bilən adamlar xatırlamalıdırlar ki, mən bir neçə dəfə rəsmi müşavirələrdəki çıxışlarımda bu filmi təbliğ etdim. Hətta onu başqa ölkələrin bir neçəsinə göndərdim.

Yaxud, "İstintaq" filmi. Bunun da taleyi əvvəlcə o qədər uğurlu olmamışdır: film çəkilmişdi, ancaq onun ekrana buraxılmasının qarşısı alınmışdı. Xatirimdədir, mən bunu biləndən sonra gördüm ki, bizim Azərbaycanın rəhbərliyində bu barədə çox ciddi fikir ayrılığı var. Mən büro üzvlərini dəvət etdim, - o vaxt Azərbaycanın rəhbərliyi Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosundan ibarət idi, - birlikdə bu filmə baxdıq. Rüstəm, sənin xatirindədir, Nizami adına kinoteatrın binasında o vaxt Kinematoqrafiya İdarəsi yerləşirdi.

Rüstəm İbrahimbəyov: Bəli, yaxşı xatirimdədir, indi də orada yerləşir.

Heydər Əliyev: Orada kino zalı var idi, filmə orada baxdıq. Filmə baxıb qurtarandan sonra gördüm ki, mənim həmkarlarım çox narahatlıq keçirirlər. Birindən soruşdum, başını buladı. O birisi dedi ki, yox, bu filmə baxmaq lazımdır. Hamısını dinlədim. Ancaq axırda bu filmin tək Azərbaycan üçün yox, bizim o vaxtkı ölkəmiz üçün çox dəyərli olduğunu bildirdim və bu film çox böyük uğurla o vaxt Sovetlər İttifaqının bütün respublikalarında göstərildi, nəhayət, Sovet İttifaqının dövlət mükafatına layiq görüldü.

Bu filmlərdə, - tək bu filmlərdə yox, başqa səhnə əsərlərində də, başqa nəsr əsərlərində də, - dediyim kimi, Rüstəm İbrahimbəyov daim həqiqəti, reallığı əks etdiribdir. Ancaq o dövrdə bu təşəbbüsdə bulunmaq, bu yolla getmək və beləliklə, əsərləri yaymaq, yaxud da əsərlərə uğur qazandırmaq asan deyildi. Buna baxmayaraq, Rüstəm İbrahimbəyov nə qədər çətinlikləri də olsa, nə qədər əziyyət də çəksə, heç vaxt öz iradəsindən dönməmişdir, bu yolla getmişdir. Amma hər dəfə qalib gəlmişdir. Nəhayət, bu əsərlər bəzən rəsmi dairələr tərəfindən qəbul olunmadığı halda ictimaiyyət tərəfindən, tamaşaçılar tərəfindən, oxucular tərəfindən çox böyük hörmətlə, ehtiramla, məmnuniyyətlə qəbul edilmişdir. Beləliklə, Rüstəm İbrahimbəyov həm nəsr əsərlərində, həm səhnə əsərlərində, həm kino əsərlərində özünəməxsus bir yolla getmiş və bu gün də bu yol ilə gedir. Bu, bütün başqa cəhətlərlə bərabər, Rüstəm İbrahimbəyovun ən böyük nailiyyətlərindən biridir.

Xatirimdədir, o vaxtlar Azərbaycanda bəzi yazıçılar, şairlər, bəzi tənqidçilər çalışırdılar ki, Rüstəm İbrahimbəyovu və Maqsud İbrahimbəyovu sovet ideologiyasının əleyhinə çıxan adamlar kimi ifşa etsinlər və belə cəhdlər də göstərilmişdi. Ancaq həqiqət bundan ibarətdir ki, mən o vaxtlar bunların qarşısını həmişə almışdım. Məni düzgün başa düşün, mənim dəstəyim, köməyim olmasaydı, necə ki, o vaxt bəzi belə gözəl yazıçıları, yaradıcıları sıxışdırırdılar, məhv edirdilər, onda bunlara da bəlkə belə bir ziyan dəyə bilərdi.

Bir dəfə - 1989-cu ildə Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycanın keçmiş dövrü haqqında, yəni 70-ci illərdə mənim Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, sizdə, Azərbaycanda vaxt dissident var idi, yoxsa yox idi? Dedim ki, yox idi. Dedi, nə üçün? Dedim ki, biz dissidentləri axtarmırdıq. Təbiidir, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Amma biz axtarmırdıq. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin dissident sayılanların əsərlərini biz qəlbən qəbul edirdik və onların özünə yol tapması üçün imkanlar yaradırdıq. Beləliklə, həmin müəlliflərə öz həmrəyliyimizi bildirirdik. Ancaq geniş təbliğ etmirdik ki, biz bununla həmrəyik.

Məsələn, əgər o illər - 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Bahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq.

Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə də onlar indi heyfslənirlər ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi bəlkə hörmətimiz daha da artıq olardı. Yaxud, götürək Anarı. O da dissident idi. Məsələn, "Qobustan" jurnalının yaranması və o jurnalın səhifələrində yayılan əsərlər şübhəsiz ki, dissident xarakteri daşıyırdı.

Mənim xatirimdədir, 1970-ci ildə Leninin 100 illiyi qeyd olunurdu. Azərbaycanda da biz Nəriman Nərimanovun 100 illiyini hazırlayırdıq. Çünki onlar eyni ildə - Lenin də, Nərimanov da 1870-ci ildə anadan olublar. O vaxt Moskvadan gəlirdilər və mənə deyirdilər ki, bəs burada millətçilik var, burada antisovet var, burada filan var. Hər dəfə baxırdım və onlara izah edirdim.

Bir dəfə Moskvadan nümayəndə gəldi ki, belə şey olarmı, - Qobustan" jurnalında yazılıbdır ki, Nərimanov Lenindən də böyük adamdır. Dedim, a kişi, belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin baxım. Gətirdilər baxdım. "Qobustan" jurnalında yazıçı İsa Hüseynovun Nəriman Nərimanov haqqında bir yazısı getmişdi. Orada yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil, Lenindən də üstün bir adamdır. Mən dedim, bilirsiniz nə var, indi bu yazıçıdır, yazıbdır, sərbəst adamdır. Bu o demək deyil ki, bizim də fikrimiz belədir. Bizim fikrimiz belə deyil. Mən birtəhər bu məsələni sovuşdurdum. Amma sonra bunlara dedim ki, yaxşı, daha ağını çıxarmayın. Yəni təkcə o deyil. Hələ mən bir faktı xatırlayıram. Amma həmin jurnalda belə yazılar çox gedirdi. Mən həmin jurnalı o vaxtlar daim oxuyurdum, izləyirdim. Görürdüm ki, yaxşı yazılardır. Bu yazılar nə idi? Bizim milli mədəniyyətimizi, milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi. Bizim rəsmi jurnallardan fərqli olaraq, bu jurnal bunları təbliğ edirdi və insanlarda milli ruhu oyadırdı, öz tarixinə, öz keçmişinə, öz mədəniyyətinə hörmət və ehtiramı yaradırdı. Çünki o dövr belə idi - hesab edilirdi ki, oktyabr inqilabına qədər heç bir şey olmayıbdır, hamısı oktyabr inqilabından sonra olubdur. Bax, o illər bu cür oyanış bizim yazıçılarımızın çox əsərlərində olmuşdur. O cümlədən "Qobustan" jurnalında. Beləliklə, Azərbaycanda bu gənc insanlar həqiqəti deyirdi, düzü deyirdi və insanları həqiqətə çağırırdı. Bu sahədə Rüstəm İbrahimbəyovun xidmətləri çoxdur. Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov - bu iki qardaş Azərbaycanda ədəbiyyatın, mədəniyyətin inkişafında böyük xidmətlər göstərmiş, eyni zamanda yeni bir hadisə meydana çıxarmışlar. Azərbaycanda bir ənənə yaranıbdır: atası şair, yazıçı, oğlu da şair, yazıçı. Əgər keçmiş Sovetlər İttifaqına nəzər salsaq, başqa respublikalarda mən buna rast gəlməmişəm. Məsələn, Səməd Vurğun - oğulları Yusif, Vaqif yazıçılar, şairlərdir. Rəsul Rza, Nigar Rəfibəyli - oğlu Anar. İlyas Əfəndiyev - oğlu Elçin. Bu barədə daha da çox faktlar gətirmək olar. Yaxud da ki, Bülbül - oğlu Polad Bülbüloğlu. Bunlar ata-oğuldurlar. Amma iki qardaşın ikisinin də ədəbiyyat, mədəniyyət, kino sənətində eyni səviyyədə böyük fəaliyyət göstərməsi - bunlar Azərbaycan üçün yenidir. Bəlkə heç kəs buna fikir verməyibdir, amma mən bir az keçmişimizə baxanda bunu xüsusi qeyd edirəm. Maqsud, Rüstəm - paralel olaraq ikisi də bizim ədəbiyyatımıza, kinoya, teatra, mədəniyyətimizə gəlib və ikisi də çox uğurlu yol keçib. Bu gün də yazırlar və gələcəkdə də yazacaqlar. Rüstəm İbrahimbəyovun yaradıcılığının əsas xüsusiyyətlərindən biri də odur ki, o öz yaradıcılığı ilə milli çərçivədə qalmayıbdır, keçmiş Sovetlər İttifaqında çox məşhurlaşıbdır və dünyada məşhurlaşıbdır. Bu, hər bir xalq üçün çox böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, biz öz mədəniyyətimizi, öz ədəbiyyatımızı, incəsənətimizi, kino sənətimizi yüksək qiymətləndiririk və özümüz içərimizdə bununla fəxr edirik. Ancaq bizim mədəniyyətimizin nümunələri, Azərbaycan yaradıcılarının yaratdığı əsərlər Azərbaycanın hüdudlarından kənara çıxanda bu, Azərbaycan mədəniyyətini dünyaya da yayır. Bizim yazıçılarımızın, şairlərimizin, alimlərimizin əsərlərinin çoxu başqa dillərə çevrilib və yayılıbdır. Ancaq Rüstəm İbrahimbəyov öz əsərlərini həm Azərbaycan dilində, həm də rus dilində yazaraq, əsərlərinin çoxunu keçmiş Sovetlər İttifaqının oxucularına, tamaşaçılarına orijinalda təqdim edibdir, tərcümədə yox. Bu, birinci cəhət. İkinci cəhət də ondan ibarətdir ki, ümumiyyətlə, Azərbaycan həqiqətlərini daha da geniş yayıbdır. Bu da Rüstəm İbrahimbəyovun Azərbaycan xalqı qarşısında böyük xidmətləridir. Rüstəm İbrahimbəyovun kino sahəsində fəaliyyəti həm də son illər Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrinin Kino İttifaqları Konfederasiyasının yaradılmasıdır və onun həmin konfederasiyaya başçılıq etməsidir. Biz bununla fəxr edirik və təbii ki, Azərbaycan yazıçısının, Azərbaycan kino sənətinin bu konfederasiyanın başında durması bizim üçün böyük iftixar hissi doğurur. Ümumiyyətlə, Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Azərbaycandan kənarda fəaliyyət göstərməsi bizim üçün çox əhəmiyyətlidir. Bu baxımdan Maqsud və Rüstəm İbrahimbəyovların fəaliyyətini qeyd etmək olar, Tahir Salahovun fəaliyyətini qeyd etmək olar, Müslüm Maqomayevin fəaliyyətini qeyd etmək olar, Polad Bülbüloğlunun fəaliyyətini qeyd etmək olar və bir çox başqalarının fəaliyyətini qeyd etmək olar ki, onlar Azərbaycanda olduğu kimi, keçmiş Sovetlər İttifaqıda da bilavasitə öz əsərləri ilə və öz yaradıcılıqları ilə məşhurlaşmışlar. Bunlar hamısı Rüstəm İbrahimbəyovun yaradıcılığının nə qədər zəngin, nə qədər çoxşaxəli olduğunu göstərir. Təbii, biz fəxr edirik ki, Rüstəm İbrahimbəyovun əsəri "Oskar" mükafatını alıbdır. Fəxr edirik ki, keçmiş Sovetlər İttifaqının dövlət mükafatını alıbdır. Ancaq mənim üçün ən əzizi odur ki, Rüstəm İbrahimbəyovun əsəri Azərbaycanın dövlət mükafatına layiq görülübdür. Burada bəzi filmlərin, əsərlərin adları çəkildi. Hamısı dəyərlidir. Ancaq mənim üçün ən dəyərlisi "Bir cənub şəhərində", "Ad günü" və "İstintaq" əsərləridir. Çünki bunlar bilavasitə Azərbaycanın həyatı ilə bağlıdır. Beləliklə, Rüstəm, bu günlər biz sənin 60 illik yubileyini böyük sevinclə qeyd edirık. Mən məmnunam ki, bizim bu gözəl "Gülüstan" sarayının salonu sənin dəvətinlə Azərbaycanın ziyalıları ilə, mədəniyyət xadimləri ilə dolubdur. Bu da sevindirici haldır. Burada Anar Məmmədxanov dedi ki, indi yubileylər keçirmək mümkün olubdur, cürbəcür mədəniyyət, kino əsərlərinin baxışını keçirmək mümkün olubdur. Bəli, bu, müstəqil Azərbaycanın bugünkü reallığıdır. Əgər bu gün möhtəşəm "Gülüstan" sarayında Azərbaycan ziyalılarının böyük bir dəstəsi, demək olar ki, bütün sahələrdən olan ziyalıların nümayəndələri bir yerə toplaşıblarsa, dostluq, mehribanlıq şəraitində bizim dəyərli dostumuz Rüstəm İbrahimbəyovun 60 illik yubileyini qeyd edirlərsə, bu, çox əlamətdar bir hadisədir. Azərbaycanın prezidenti kimi və həyatını Azərbaycan xalqının həyatının inkişafına sərf etmiş bir adam kimi, bu məni çox sevindirir. Azərbaycanın çox problemləri var. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının bir qismi işğal olunubdur. İşğal edilmiş torpaqlarımızdan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşübdür, ağır vəziyyətdə çadırlarda yaşayırlar. Biz Ermənistanla gedən müharibədə çox şəhidlər, itkilər vermişik. Bunlar Azərbaycan reallığıdır və Azərbaycanın bu gününün bir hissəsidir. Digər hissəsi isə ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır, inkişaf edir, Azərbaycanın mədəniyyəti inkişaf edir, Azərbaycanın iqtisadiyyatı inkişaf edir və Azərbaycan müstəqil dövlət kimi artıq Dünya Birliyində özünə layiq yer tutubdur. Bu da Azərbaycanın reallığıdır. Əgər bu illər Azərbaycanın ziyalıları, mədəniyyət xadimləri, alimləri artıq bir yerə toplaşa bilirlərsə, bir-biri ilə görüşürlərsə, fikir mübadiləsi aparırlarsa, bir-birilə yubileylərini təbrik edirlərsə, şad günlərini bir yerdə qeyd edirlərsə, bu, Azərbaycanın həm reallığıdır, həm də Azərbaycanın inkişaf mərhələsində olmasını göstərir. Bax, bu hissiyyatlarla, bu duyğularla mən bu gün, Rüstəm, sənin 60 illik yubileyinə gəlmişəm. Doğrudur, mən Ankarada xəstəxanada olduğum zaman xatırladım ki, fevralın 5-də Rüstəmin 60 yaşı tamam olacaqdır. Ancaq heç şübhə etmirdim ki, mən o vaxta qədər qayıdıb gələcəyəm və bu yubileydə Bakıda olacağam. Rüstəm, mən səni bir daha təbrik edirəm. Sənə cansağlığı arzu edirəm. Sənin ailənə, həyat yoldaşına, uşaqlarına, Maqsuda - sənin qardaşına, onun ailəsinə cansağlığı, xoşbəxtlik arzu edirəm. Sənə gələcək yaradıcılığında yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT