Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Dədə Qorqud" qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mitinqdə nitqi. 24 avqust 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, əziz neftçilər!

Hörmətli dostlar!

Sizi, Azərbaycanın bütün vətəndaşlarını, xalqımızı bugünkü əlamətdar hadisə - "Dədə Qorqud" qazma qurğusunun işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Bu gün biz tarixi hadisənin şahidiyik. 1994-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox xarici ölkələrin böyük neft şirkətləri arasında imzalanmış müqavilənin - "Əsrin müqaviləsi"nin əməli surətdə həyata keçirilməsinin yeni və çox mühüm bir mərhələsini qeyd edirik. Bu gün "Dədə Qorqud" adı verilmiş Yarımdalma qazma qurğusu müqavilənin əsasında qazma, gələcəkdə isə Azərbaycanda suyun çox böyük dərinliyində və yerin dərinliyində olan yataqlardan neft çıxarılması işinin başlanmasını təmin edəcəkdir.

Gördüyünüz kimi, "Dədə Qorqud" qazma qurğusu nəhəng, həddindən artıq mürəkkəb və çox müasir texnologiyaya malik olan, Azərbaycan neft sənayesində görkəmli yer tutan böyük bir istehsal müəssisəsidir.

Azərbaycan neftçiləri Xəzər dənizindən neft çıxarmaqla, hasil etməklə 1949-cu ildən məşğuldurlar. Onlar dəniz neftçiləri kimi, dünyada dənizin dərinliyindən neft çıxarmaq sahəsində yüksək nailiyyətlər əldə etmiş neftçilər kimi böyük şöhrət qazanmışdır. Azərbaycan neftçilərinin, alimlərinin, geoloqlarının, mühəndislərinin, texniklərinin, mütəxəssislərinin 1949-cu ildən indiyədək gördükləri iş, əldə etdikləri nailiyyətlər Azərbaycan xalqına xidmət etmiş, respublikamızın sərvətlərini zənginləşdirmiş və ölkəmizin neftçilərinə, xalqımıza dünyada böyük şöhrət gətirmişdir.

Azərbaycanın dəniz neftçilərinin fəaliyyəti tarixinə nəzər salsanız görəcəksiniz ki, onlar 1949-cu ildən başlayaraq ilbəil öz təcrübələrini artırmış, ilbəil sahildən dənizin ortalarına getmişlər. Əvvəl suyun dərinliyi 20-30 metr olan yerlərindən neft çıxarılırdısa, 1970-ci illərdə artıq suyun 150 metr dərinliyindən neft çıxarmağa nail ola bilmişlər. Azərbaycan neftçilərinin keçmiş illərdə əldə etdiyi nailiyyətlər, iş təcrübəsi, elmi ixtiraları dünyanın bir çox ölkələrində tətbiq edilmiş, onlardan istifadə olunmuşdur. Beləliklə, Azərbaycan neftçiləri, alimləri dənizin dərinliyindən neft hasil etmək sahəsində dünya təcrübəsinə öz böyük töhfələrini vermişlər. Məhz Azərbaycan neftçilərinin gərgin fəaliyyəti, elmi axtarışları nəticəsində Xəzər dənizində böyük neft yataqları kəşf edilmiş, onların neft potensialı ilbəil öyrənilmiş, dəqiqləşdirilmişdir. İndi biz onlardan geniş miqyasda istifadə etmək imkanı əldə etmişik.

1994-cü ilin sentyabrında imzalanmış böyük neft müqaviləsində Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" yataqlarından və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən 30 il müddətində neft hasil edilməsi nəzərdə tutulubdur. Xatırlatmaq istəyirəm ki, bu yataqlar Azərbaycan neftçiləri, geoloqları tərəfindən 1970-ci illərdə kəşf olunmuşdur. Neft potensialı müəyyən edilmiş və həmin neft yataqları bundan sonra daha da dərindən öyrənilmiş və Azərbaycan xalqının böyük sərvətinə çevrilmişdir. Məhz bunlar mövcud olduğuna görə də 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmışdır.

İndi biz ətrafına toplaşdığımız və bu gün təntənə ilə yeni həyat verəcəyimiz qazma qurğusu da məhz 1970-ci illərdə görülən işlərin nəticəsində 1981-ci ildə fəaliyyətə başlamış, Xəzər dənizinin bir çox yerlərində qazma işi aparmış, neft çıxarmış, Azərbaycanda neft hasilatını artırmışdır.

Bu gün biz Azərbaycanın, Bakının gözəl bir guşəsində toplaşmışıq. Xəzər dənizinin sahilindəki bu gözəl mənzərə Azərbaycanın təbiətinin nə qədər gözəl olduğunu əyani surətdə nümayiş etdirir. Bu gün bu mərasimə gələn qonaqlar və Azərbaycan Respublikasının dövlət orqanlarının, neft sənayesinin nümayəndələri görürlər ki, bu yerlər cəmi 15-20 il içərisində nə qədər dəyişilibdir. Burada Azərbaycanın sənayesini, neft sənayesini nümayiş etdirən nəhəng bir şəhərcik yaranıbdır.

Respublikamızın neft sənayesini inkişaf etdirmək, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarından səmərəli istifadə etmək üçün 1970-ci illərdə burada, durduğumuz bu yerdə dərin özüllər zavodunun, yəni belə böyük, nəhəng qurğular qurub yaratmaq üçün iri bir zavodun tikilməsi haqqında qərar qəbul etdik. Belə bir zavodun tikilməsi üçün biz çox axtarışlar apardıq, çox layihələrə baxdıq. Nəhayət, 70-ci illərin sonunda Amerika Birləşmiş Ştatlarının bir şirkətindən bu zavodun texnologiyasını, qurğularını almaq üçün 400 milyon ABŞ dolları məbləğində vəsaitdən istifadə edərək məhz burada, Xəzərin sahilində belə bir zavodu tikməyə başladıq. İndi biz bu nəhəng zavodun binalarını, burada yaranmış istehsal sahələrini böyük iftixar hissi ilə görürük.

Mən bu gün buraya gələrkən, Xəzərin sahilində, vaxtilə tamamilə boş olan bir yerdə böyük zavod korpuslarını və nəhəng qurğuları, sahili və bu sahənin ətrafında artıq yüksəklərə qalxmış yaşıl ağacları görüb bir daha iftixar hissi keçirdim. Mən bu gün çox xoşbəxtəm, çox sevinirəm. Xoşbəxtəm, sevinirəm ona görə ki, bütün burada gördüklərimizin əsasını qoyanlardan biriyəm, onun təməlini qoyanlardan biriyəm, onun təşəbbüskarıyam. Vaxtilə bu işlərin görülməsi üçün illərlə zəhmət çəkmişəm, illərlə fəaliyyət göstərmişəm, bunların reallığa çevrilməsi üçün illərlə çox çətin yollardan keçmişəm. Azərbaycan neftçiləri ilə, öz həmkarlarımla birlikdə xalqımız, millətimiz üçün, respublikamızın böyük sənayesini qurmaq üçün, neft sənayesini gələcəkdə inkişaf etdirmək üçün bunları yaratmağa çalışmışam. Nəhayət, bunlar yaranıb. Mən bunları görməkdən, bunları seyr etməkdən özümü həddindən artıq xoşbəxt hiss edirəm.

Beləliklə, 1994-cü ilin sentyabrında böyük neft müqaviləsini imzalayarkən biz böyük təmələ əsaslanırdıq. Yəni biz bu müqaviləni boş yerdə imzalamamışdıq. Bizim əlimizdə böyük sərvətlər var. Həm Xəzər dənizində olan böyük neft yataqları, həm burada yaranmış bu böyük sənaye kompleksi, həm də bu gün üzərində durduğumuz, ətrafına toplaşdığımız bu qazma qurğusu Azərbaycan xalqının sərvətidir. Məhz bu sərvətlərimizi hiss edərək, bu sərvətlərimizin sahibi olaraq biz xarici ölkələrin neft şirkətləri ilə danışığa getmişik və onlarla neft müqaviləsi imzalamışıq. Bu müqaviləni imzalayarkən həmişə onu dərk etmişik ki, bizim sərvətimiz var, bu sərvətimizin sahibiyik və bu sərvətimizdən xarici ölkələrin neft şirkətləri ilə müştərək istifadə etmək üçün bu addımları atmağa bizim haqqımız var.

Xarici ölkələrin neft şirkətləri də Azərbaycan ilə böyük neft müqaviləsini bağlamaq istəyərkən və bu müqaviləni imzalayarkən çox yaxşı bilirdilər ki, Azərbaycanın böyük imkanları var. Əgər onlar xalqımızın, Azərbaycan Respublikasının bu imkanlarının mövcud olduğunu dərk etməsəydilər, tək bir yataqlara görə gəlib bizimlə bu böyük müqaviləni bağlamazdılar, yaxud buna çox ehtiyat edərdilər. Məhz Azərbaycanın belə təbii sərvətləri olduğuna görə, respublikamızın bu böyüklükdə sənaye potensialı, ölkəmizin yüksək səviyyəli mütəxəssisləri, neftçiləri olduğuna görə və burada sərbəst şərait yarandığına görə xarici ölkələrin neft şirkətləri Azərbaycan ilə bu böyük və tarixi əhəmiyyətə malik müqaviləni imzaladılar.

Hörmətli dostlar, bu gün bu cəsarətli addımları atmaq üçün görürsünüz, keçmiş illərdə nə qədər böyük işlər aparılıbdır. Eyni zamanda, o işlər həmin vaxtlarda görülməsəydi biz bu gün bu addımları da ata bilməzdik, şübhəsiz ki, böyük işləri də başlaya bilməzdik. Bu da onu göstərir ki, 1970-ci illərdə görülən işlər, yaranan bu böyük iqtisadi, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Əgər onlar olmasaydı biz bu gün dövlət müstəqilliyini əlimizdə bu qədər möhkəm saxlaya bilməzdik. Əgər onlar olmasaydı biz bu gün dövlət müstəqilliyimizə nail ola bilməzdik. Demək, o illərdə görülən işlər həmin bu illər üçün, Azərbaycanın müstəqil yaşaması üçün yaranan əsasdır. Bu gün sizə bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır.

Məmnuniyyət hissi ilə qeyd edirəm ki, konsorsiumun yaratdığı əməliyyat şirkəti qəbul olunmuş proqramı ardıcıl surətdə həyata keçirir. Müqavilə yaşayır, öz bəhrələrini verir və əməli surətdə yerinə yetirilir. Bugünkü gün, bu mərasim müqaviləyə görə opponentlərimizə, xarici ölkələrdə və respublikamızın daxilində bizə müxalif olan qüvvələrə, hesab edirəm ki, çox kəsərli cavabdır. Məlumdur ki, bu müqaviləni imzalamaq üçün biz nə qədər çətin yollardan keçdik. Məlumdur ki, bu müqaviləni imzalamaq üçün bizə çox maneçiliklər oldu. Müqavilə imzalanandan sonra biz cürbəcür təzyiqlər aldıq. Bəyanatlar verildi ki, bu müqavilənin işləməsinə yol verilməyəcəkdir. Ayrı-ayrı qüvvələr müxtəlif ölkələrdə indiyədək də bu müqavilənin həyata keçirilməsinə mane olurlar. Məlumdur ki, respublikamızın daxilində də bəziləri - o bədxah insanlar, qüvvələr bu müqavilənin kağız üzərində qalacağı haqqında sözlər deyirdilər və çox çalışırdılar ki, onların fikirləri doğru olsun. Bu gün onların hamısına cavab verilir. Müqavilə işləyir, öz proqramını yerinə yetirir. Bir daha deyirəm, müxalif olan bütün qüvvələrin hamısına bugünkü mərasim çox əyani cavab verir.

Konsorsiuma daxil olan şirkətlərin nümayəndələri Beynəlxalq Əməliyyat Şirkətində təmsil olunublar. Hesab edirəm ki, onlar cənab Terri Adamsın başçılığı ilə çox işlər görüblər və onların qarşısında çox böyük vəzifələr durubdur. Azərbaycan Dövlət Neft Şirkəti Beynəlxalq Əməliyyatlar Şirkəti ilə birlikdə çox ahəngdar çalışır. Onların hamısının birlikdə gördükləri işlərin nəticəsində biz bu gün bu mərasimə toplaşmışıq. Əmin olduğumu bildirmək istəyirəm ki, nəzərdə tutulmuş proqram bundan sonra da vaxtında, ardıcıl surətdə həyata keçiriləcəkdir.

"Dədə Qorqud" qazma qurğusu bu gün işə başlayır. Biz bu gün onun ayrı-ayrı bölmələri, cihazları ilə tanış olduq və ondan sonra buraya sizinlə görüşə gəlmişik. Tanış olduğumuz bu qurğunun müasir vəziyyəti onu göstərir ki, əvvəlki qurğunun üzərində çox işlər görülübdür. Doğrudan da qurğu müasir texnologiya prinsiplərinə əsasən modernləşdirilibdir, müasir səviyyəyə çatdırılıbdır. Verilən məlumatdan mən belə görürəm ki, bu qurğu bu gündən sonra sahili tərk edib, sahildən uzaq neft yataqlarımıza yola düşəcək və nəzərdə tutulmuş proqram əsasında orada qazma işlərinə başlayacaqdır.

Bu qurğunu modernləşdirib "Dədə Qorqud" adına layiq səviyyəyə çatdırdıqlarına görə konsorsiumun Beynəlxalq Əməliyyat Şirkətinə, onun modernləşdirilməsi ilə məşğul olan "Sante-Fe" şirkətinə və Azərbaycan Dövlət Neft Şirkətinə, bu qurğunun müasir vəziyyətə gətirilməsi üçün çalışmış bütün mütəxəssislərə, fəhlələrə və bu sahədə fəaliyyət göstərən insanların hamısına mən səmimi təşəkkürümü bildirirəm.

"Sante-Fe" şirkətinə və onun başçısına xüsusi təşəkkür edirəm. Onlar çox işlər görüblər. Bu işin bir nəticəsi də ondan ibarətdir ki, burada xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərlə yanaşı, yerli, azərbaycanlı mütəxəssislər də çalışıb, hazırlaşıblar və burada birgə işləyirlər. Mən bu gün bu qurğunu gəzərkən, seyr edərkən, onun ayrı-ayrı hissələrinə baxarkən hər yerdə iki nəfəri gördüm. Onlardan biri xarici ölkədən gəlmiş mütəxəssisdir, şübhəsiz ki, o, xarici dildə danışır; o biri isə bizim yerli mütəxəssisdir, Azərbaycan dilində danışır. Bunun özü də gözəl bir haldır.

Bu qurğudakı işlər bir də onu göstərir ki, Azərbaycan Respublikasının mütəxəssisləri - neftçiləri, mühəndisləri, fəhlələri xarici neft şirkətlərinin mütəxəssisləri ilə yanbayan, bərabər işləməyə qadirdirlər və müştərək iş görməyə hazırdırlar. Bizim bundan sonra da görəcəyimiz müştərək işlərimiz çox müvəffəqiyyətli olacaqdır. Müsbət hal bir də ondan ibarətdir ki, bu müştərək işlərin nəticəsində xaricdən gələn mütəxəssislər Azərbaycan dilini, dövlət dilimizi öyrəniblər, mənimsəyiblər.

Cənab Terri Adamsın tərcüməçisi bir il bundan əvvəl tərcümə zamanı ancaq ingilis dilindən rus dilinə tərcümə edirdi və rus dilində danışırdı. Amma bu gün o, Azərbaycan dilində danışır və cənab Terri Adamsın nitqini Azərbaycan dilinə çox gözəl tərcümə edib bizə çatdırdı.

"Sante-Fe" şirkətinin başçısının da öz çıxışının ilk cümlələrini Azərbaycan dilində söyləməsi məni çox sevindirdi. Bunlar hamısı onu göstərir ki, dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda, müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir.

Bu qazma qurğusuna "Dədə Qorqud" adı verildi. Bu adın verilməsi haqqında da biz müzakirə aparmışdıq. Bu mərasimə hazırlaşarkən cənab Terri Adams və Natiq Əliyev bu tədbir və görülən işlər haqqında mənə ətraflı məruzə etdilər. Biz bir çox məsələləri müzakirə etdik. Xüsusən, bundan sonra görüləcək işlər haqqında, nəhayət, bu qurğunun adı haqqında da geniş müzakirə apardıq. Bilirsiniz ki, bu qurğunun adı indiyədək "Kaspmorneft" olubdur. Şübhəsiz ki, bu da bizim bugünkü həyatımıza uyğun olmayan bir addır. Eyni zamanda, bu qurğu yenidən doğulubdur. Ona görə də onun yeni adı olmalıdır. Deyə bilərəm ki, mənə Azərbaycan xalqının tarixinə, ənənələrinə və ayrı-ayrı tarixi yerlərə məxsus 10-a qədər cürbəcür adlar təqdim olundu. Təqdim olunan adların hamısı doğrudan da dəyərli idi. Ancaq mən bu qurğuya "Dədə Qorqud" adı verilməsi barədə qərar qəbul etdim. Hesab edirəm ki, hər bir azərbaycanlı üçün bu, müqəddəs və əziz ad, bu qurğu üçün ən dəyərli, görkəmli addır.

"Dədə Qorqud" qurğusuna böyük uğurlu yol arzulayıram!

"Dədə Qorqud" qurğusunun əmək kollektivinə, bu qurğuda çalışanlara - Azərbaycan vətəndaşlarına, xaricdən gəlmiş mütəxəssislərə müştərək, müvəffəqiyyətli iş arzu edirəm!

Bu qurğuda çalışanların hamısına cansağlığı və yeni-yeni uğurlar arzulayıram!

Yaşasın "Dədə Qorqud" qurğusu!

"Dədə Qorqud" qurğusunun açılması, işə başlaması münasibətilə sizi təbrik edirəm.

"Azərbaycan" qəzeti, 25 avqust 1996-cı il

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış