"Kürdaşı dəniz blokunun və "Cənub-Qərbi Qobustan" , "Kürsəngi-Qarabağlı" bloklarının birgə işlənilməsi haqqında ARDNŞ ilə xarici neft şirkətləri arasında müqavilələr imzalanarkən Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 2 iyun 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün Azərbaycanda böyük bir gündür. Azərbaycanda, Bakıda dalbadal beşinci ildir ki, Beynəlxalq "Xəzərneftqaz" sərgisi keçirilir. Bu gün biz bu sərginin açılışında sizinlə birlikdə iştirak etmişik, ötən beş il müddətində sərginin nə qədər inkişaf etməsinin şahidi olmuşuq. Beş il müddətində sərginin iştirakçıları 1994-cü ildəki 120 şirkətdən 1998-ci ildə 400 şirkətə çatmışdır. Bu gün açılan sərgidə 29 ölkənin şirkətləri təmsil olunur. Ancaq məsələ təkcə şirkətlərin sayının artması ilə əlaqədar deyildir. Bu gün biz sərginin eksponatları ilə tanışlıq zamanı gördük ki, ötən bu illər ərzində dünyanın neft şirkətləri, xüsusən bu sərgidə təmsil olunan və neft, qaz sənayesi ilə əlaqədar şirkətlər texnika, texnologiya sahəsində nə qədər inkişaf ediblər.

Bu işlərin əsası 1994-cü ilin mayında qoyulubdur. Həmin o il - 1994-cü il, dörd il bundan əvvəl Azərbaycan öz təbii sərvətlərindən səmərəli istifadə etmək, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri ilə əlaqələr qurmaq üçün, respublikamıza məxsus neft və qaz yataqlarından dünyanın böyük neft şirkətləri ilə birlikdə səmərəli istifadə etmək məqsədi ilə çox böyük və cəsarətli addım atmışdır.

Dörd il bundan əvvəl sentyabrın 20-də Azərbaycanda, Bakıda, bu möhtəşəm "Gülüstan" sarayında Azərbaycan Dövlət Neft Şirkəti dünyanın 11 neft şirkətinin yaratdığı konsorsiumla böyük bir müqavilə imzalamışdır. O vaxt bu müqaviləyə "Əsrin müqaviləsi" adı verilmişdir.

Bu müqavilə əsasında Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" neft yataqlarında və "Günəşli" yatağının dərin hissəsində müştərək iş görülməyə başlandı. Ötən illərdə müştərək işlər sayəsində yaxşı nəticələr əldə olunmuşdur. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti çox səmərəli fəaliyyət göstərir və bunun nəticəsində "Çıraq" neft yatağında müasir texnikaya və texnologiyaya əsaslanan çox gözəl bir platforma yaranıbdır. Aparılan qazma işləri nəticəsində keçən ilin noyabrında ilkin neft hasil olunubdur. Ancaq bu platformanı qurmaq, quyular qazmaq və neft əldə etməklə bərabər, hasil ediləcək neftin istifadə olunması üçün neft və qaz kəmərləri çəkilibdir, Səngəçalda böyük bir neft terminalı tikilibdir, böyük infrastruktur yaranıbdır. "Çıraq" yatağından hasil olunan neft borular vasitəsilə Səngəçal terminalına çatdırılır, oradan isə tikilmiş və istifadəyə verilmiş Bakı-Novorossiysk neft kəməri vasitəsilə dünya bazarlarına ixrac olunur.

Bizim gördüyümüz işlər əvvəlcədən nəzərdə tutulduğundan da çox yaxşı nəticələr veribdir. "Çıraq" neft yatağında bu günədək beş quyu qazılıbdır. Həmin beş quyudan gündə 9 min ton neft hasil olunur.

Bu gün səhər sərginin açılışı zamanı mən bəyan etdim ki, dörd quyu qazılıbdır və gündə 7 min ton neft hasil olunur. Amma indi deyirəm ki, beş quyu qazılıbdır və gündə 9 min ton neft hasil edilir. Mən səhv etmirəm. Səhər də düz demişəm, indi də düz deyirəm. Səhər dediyim sözlər məndə olan dünənki məlumatlara əsaslanırdı. Bu gün isə sərgini gəzərkən, Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərləri ilə görüşərkən onlar böyük sevinclə bildirdilər ki, beşinci quyu da qazılıb istismara verilibdir və həmin quyudan gündə 2 min ton neft alınır. Mən ona görə deyirəm ki, gündə 9 min ton neft hasil edilir. Görürsünüz, quyular nə qədər sürətlə qazılır ki, hətta mən onların qazılıb istifadəyə verilməsi haqqında vaxtında məlumat ala bilmirəm. Bu, sevindirici haldır.

Xatirinzdədir, 1994-cü ildə biz müqaviləni imzalayanda ayrı-ayrı ölkələrdən, yerlərdən bu işin əleyhinə çıxanlar çox oldu. Bəziləri də hesab edirdilər ki, bu müqavilə imzalanıbsa da, işləməyəcək, nəticə verməyəcəkdir. Çünki hansı ölkələrsə, kimsə bu müqavilələrin mövcud olmasını istəmirdilər. Bəziləri isə bizə deyirdilər ki, siz bu yolla nahaq gedirsiniz, çünki Qərb şirkətlərinin, o cümlədən Amerika şirkətlərinin xasiyyəti belədir ki, onlar gəlib müqaviləni bağlayırlar, yatağı ələ keçirirlər, amma ondan sonra işləmirlər. Onlar onu saxlayırlar, nə vaxt lazım olsa, onda da işlədirlər.

Ancaq bu gün sevinc hissi ilə demək olar ki, bütün bu bədxah fikirlərin hamısı bədxah fikirlər kimi də qaldı. Biz müqaviləni cəsarətlə imzaladıq və onun həyata keçirilməsinə səmərəli işlə nail olduq. Biz bu gün bunun nəticələrini gördük. Müqavilə imzalanarkən həmin neft yataqlarından 510 milyon ton neft gözlənilirdi. Bu, müqavilədə də öz əksini tapıbdır. İndi isə məlumat verirlər ki, həmin yataqlardan 630 milyon ton neft gözlənilir. Güman edirəm ki, bir ildən sonra bu rəqəm dəyişiləcək və daha da artacaqdır.

Ancaq biz bu müqaviləni yerinə yetirərək, eyni zamanda bu təcrübədən istifadə edərək Xəzərin Azərbaycan sektorunda olan başqa neft yataqlarında da dünyanın böyük neft şirkətləri ilə müştərək iş görmək üçün lazımi tədbirlər həyata keçiririk. Bunların nəticəsində biz ötən illər ərzində - birinci müqavilədən sonra əlavə 8 böyük müqavilə imzaladıq. Bu müqavilələrin hər birinin çox böyük perspektivi vardır. Onların əksəriyyəti üzrə artıq əməli iş aparılır. Məsələn, bu gün sərgidəki görüşlərim zamanı "Şahdəniz", "Qarabağ", "Lənkəran-dəniz", "Talış-dəniz" yataqlarında görülən işlər barədə mənə məlumat verdilər.

Xəzərin Azərbaycan sektorundakı yataqlardan gözlənilən neftin miqdarı daha da artır. Məhz buna görə də biz qərb istiqamətində Bakı-Supsa marşrutunun, ikinci neft kəmərinin tikilməsi ilə məşğuluq. Əminəm ki, 1999-cu ilin əvvəlində bu neft kəməri hazır olacaqdır. Bu müddətdə biz əsas neft kəmərinin - böyük neft borusunun tikilməsi məsələləri ilə ciddi məğuluq. Hesab edirəm ki, bu ilin sentyabr ayında bu barədə son qərar qəbul olunacaqdır. Azərbaycan dövləti, hökuməti bütün mümkün marşrutların hamısını təhlil edərək hesab edir ki, Bakı-Ceyhan ən əlverişli marşrutdur. Güman edirəm ki, biz bu ilin sonunadək bu sahədə də əməli işə başlayacağıq.

Ancaq Xəzərin Azərbaycan sektorundakı yataqların çoxu hələ işlənməyibdir. Bu neft yataqlarında Azərbaycan Dövlət Neft Şirkəti ilə müştərək iş görmək üçün dünyanın bir çox ölkələrindən xeyli neft şirkətləri respublikamıza fəal surətdə müraciət edirlər. Yenə də bildirmək istəyirəm ki, belə müraciətlər çoxdur. Ona görə də Azərbaycan Dövlət Neft Şirkəti indi tender keçirmək, müsabiqə aparmaq imkanına malikdir. Nəticədə ən yüksək iqtisadi göstəricilər təklif edən şirkətlər Xəzərin Azərbaycan sektorunda və ölkəmizin quruda olan yataqlarında müştərək iş görmək hüququ qazanırlar.

Mən tam əsasla deyə bilərəm ki, Azərbaycan Respublikasının son illər bu sahədə apardığı işlər Xəzər dənizinin dünya iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli, Xəzər dənizi hövzəsinin neft və qaz yataqları ilə nə qədər zəngin olduğunu açıq göstərmişdir. Mən hesab edirəm ki, bu, müstəqil Azərbaycan Respublikasının ən böyük nailiyyətidir.

Azərbaycan qədim neft diyarıdır və dünyada ilk dəfə neft fontanı bizim ölkəmizdə olubdur. Dənizdə, suyun dibində olan neft yataqlarının istifadə edilməsində, neft hasilatında da Azərbaycan birinci yerdədir. 50 il bundan əvvəl - 1949-cu ildə Xəzərdə, Neft Daşları adlanan yerdə böyük neft yataqları açılıb istifadəyə verilmişdir və bununla da bütün dünyaya bəyan edilmişdir ki, dənizdə, suyun dibindən neft və qaz hasil etmək mümkündür. Bir daha qeyd edirəm ki, indi -XX əsrin sonunda Azərbaycan Xəzər dənizinin böyük potensialını, yəni mineral ehtiyatlar, neft və qaz potensialını aşkara çıxararaq dünyaya bəyan edibdir.

Bizə yaxşı məlumdur ki, Xəzərin digər sektorlarında da zəngin neft və qaz yataqları vardır. Xəzəryanı hər bir ölkə özünə məxsus olan sektorlarda bu neft və qaz yataqlarını istifadə edib işlədə bilər. Məmnuniyyətlə qeyd edirəm ki, artıq bu işlərə başlanıbdır. Azərbaycan isə Xəzərin ona məxsus olan sektorunda öz iş dairəsini genişləndirir və vaxtilə kəşf olunmuş yataqlarından indi müştərək istifadə edilməsi üçün əməli tədbirlər görür.

Bununla bərabər, Azərbaycanın ərazisinin quru yerlərində də ölkəmizin hələ çox zəngin neft yataqları vardır. Hesab edirik ki, Azərbaycanın yer altında olan neft və qaz məhsulunun hələ tam əksəriyyəti çıxarılmayıbdır. Ona görə də Azərbaycanın quru yerlərdə olan yataqlarından da dünyanın neft şirkətləri ilə müştərək istifadə edilməsi indi böyük əhəmiyyətə malikdir. Biz bu sahədə də təkliflər alırıq və onların əsasında müəyyən işlər görürük.

Bütün bu işlərin nəticəsində bu gün biz buraya, üç neft yatağı ilə əlaqədar müqavilələrin, sənədlərin imzalanması mərasiminə toplaşmışıq. Onlardan biri Xəzərin Azərbaycan sektorunda olan "Kürdaşı" neft yatağıdır. Bu, çox zəngin neft yatağıdır. İlkin məlumata görə, buradan 100 milyon tondan artıq neft çıxarılması proqnozlaşdırılır. Şübhəsiz ki, orada qaz vardır. Azərbaycan neftçiləri, alimləri, geoloqları tərəfindən bu neft yatağı təxminən 1940-1950-ci illərdə kəşf olunubdur. Vaxtilə orada müəyyən işlər aparılıbdır. Sonra həmin işləri davam etdirməyə imkan olmayıbdır. Bu yatağa dünyanın bir çox böyük neft şirkətləri maraq göstəriblər. Verilən təkliflərin təhlili nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti bu yataq üzrə müqavilənin layihəsini hazırlayıbdır. Bu yataqda işlər Azərbaycan Dövlət Neft Şirkəti ilə bərabər İtaliyanın "ACİP", Yaponiyanın "Mitsui" və Türkiyənin "Türk Petrolları" şirkətləri ilə yaranan konsorsium vasitəsilə aparılacaqdır. Bunun üçün müəyyən müqavilə layihəsi hazırlanıbdır və bu gün burada bu müqavilə imzalanacaqdır.

Mən qeyd etdim ki, Azərbaycanın quru ərazisində olan neft yataqlarına da çox böyük maraq vardır. Bunlardan biri Cənub-Qərbi Qobustan ərazisində yerləşən yataqlardır. Verilən təkliflər əsasında "Cənub-Qərbi Qobustan" yatağının müştərək işlənməsi üçün də müqavilə layihəsi hazırlanıbdır. Burada Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının "Yunion Teksas", Böyük Britaniyanın və Kanadanın "Komonvels Oyl ənd Qaz" şirkətləri birlikdə iş görmək haqqında qərar qəbul ediblər.

Azərbaycanın quruda yerləşən çox zəngin yataqlarından biri də "Kürsəngi-Qarabağlı"dır. Bu yataqda da Azərbaycan Dövlət Neft Şirkəti Amerika Birləşmiş Ştatlarının "Frontera Resourses", "Amirada Hess" və Səudiyyə Ərəbistanının "Delta" şirkətləri ilə birlikdə konsorsium yaradıb müştərək iş görmək üçün lazımi sənəd hazırlamışlar.

Məlumdur ki, ölkəmizin bütün neft yataqları Azərbaycan xalqına, dövlətinə mənsubdur. Ona görə də bunlar hamısı Azərbaycan Dövlət Neft Şirkətinin sərəncamındadır. Xarici şirkətlərlə hər bir belə müştərək iş görmək üçün şübhəsiz ki, Azərbaycan dövlətinin xüsusi sərəncamı, qərarı olmalıdır. Mən bu təkliflərə baxmışam, onları Azərbaycan üçün səmərəli hesab edirəm. Ona görə də bu təkliflər əsasında dediyim yataqlarda müştərək iş görülməsi üçün lazımi qərarlar qəbul etmişəm.

Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir.

Biz müxtəlif ölkələrin neft şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti ilə respublikamızda müştərək iş görməsini səmərəli hesab edirik. Şübhəsiz ki, bu, hər iki tərəf üçün - həm ayrı-ayrı ölkələrdən gəlib respublikamızda iş görmək istəyən şirkətlər və onların təmsil etdiyi ölkələr üçün, həm də Azərbaycan üçün eyni dərəcədə faydalıdır. Biz bunların nəticəsində Azərbaycana xarici ölkələrdən böyük miqyasda investisiya gəlməsinə,dövlətimizə məxsus təbii sərvətlərdən səmərəli istifadə etməyə, respublikamızın neft və qaz sənayesinə müasir texnikanın və texnologiyanın gəlməsinə nail oluruq. Bunlar hamısı ali məqsədə- Azərbaycan xalqının, respublikamızın vətəndaşlarının rifahının yaxşılaşmasına xidmət edir.

Mən bu prinsipləri rəhbər tutaraq bu barədə qərarlar qəbul edirəm. Bu gün burada təqdim olunan müqavilələr haqqında da qərar qəbul etmişəm və onların bu gün imzalanmasını məqsədəuyğun hesab edirəm.

Beləliklə, biz dünyanın böyük neft şirkətləri ilə, bir çox ölkələrlə iqtisadi əlaqələrin inkişaf etməsi sahəsində yeni addımlar atırıq. Mən ümidvaram ki, bu addımlar uğurlu olacaqdır. Mən bu münasibətlə sizi təbrik edirəm. Sağ olun.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft müqavilələri