Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 aprel 1999-cu il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi qəlbdən salamlayıram və sizinlə bugünkü görüşümü çox mühüm hadisə hesab edirəm.

Amerika Birləşmiş Ştatlarının çox məşhur Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində mənim bu çıxışıma toplaşmış insanların hamısına təşəkkürümü bildirir və bu auditoriyada çıxış etməyi özüm üçün şərəf hesab edirəm.

Hörmətli cənab prezident, Azərbaycan haqqında, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə təşəkkür edirəm. Onu deyə bilərəm ki, Siz bunların hamısını obyektiv izah etdiniz.

Azərbaycan Qafqazda yerləşən kiçik bir ölkədir. Siz yəqin ki, ölkəmiz haqqında ətraflı məlumata maliksiniz, ona görə bəzi detalları deyib vaxt almaq istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, Azərbaycan Sovetlər İttifaqı dağılan zaman - 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edibdir. Azərbaycan ilk dəfə öz dövlət müstəqilliyini XX əsrdə - 1918-ci ildə, Rusiya imperatorluğu dağılan zaman əldə etmişdir. Ancaq qısa bir müddətdə - 23 ay fəaliyyət göstərən ilk Azərbaycan demokratik dövləti Azərbaycanda sovet hakimiyyəti qurulması ilə əlaqədar süqut etmişdir. Azərbaycan 70 il müttəfiq respublika statusunda sovetlər birliyinin daxilində, sovet hakimiyyətinin idarəsi altında olmuşdur və qeyd etdiyim kimi, 1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar yenidən öz müstəqilliyini əldə etmişdir.

1991-ci ildən bu tərəfə olan illər Azərbaycanın həyatında çox mürəkkəb bir dövr olmuşdur. Mən deyə bilərəm ki, Sovetlər İttifaqına mənsub olmuş digər respublikalardan fərqli olaraq, Azərbaycanın daxili vəziyyəti olduqca gərgin, çətin və faciəli olmuşdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, hələ 1988-ci ildə, Azərbaycan Sovetlər İttifaqının tərkibində olarkən ölkəmizə qarşı əsassız torpaq iddiası ilə çıxış edən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini öz əlinə keçirib Ermənistana bağlamaq istəmişdir. Bununla əlaqədar Ermənistanla Azərbaycan arasında hərbi münaqişə başlamış, bununla da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlamışdır. Bilirsiniz ki, bu təcavüz indiyə qədər davam edir. Mən bu barədə sonra bir neçə kəlmə deyəcəyəm.

Azərbaycanın vəziyyətini mürəkkəbləşdirən ikinci səbəb ondan ibarət olmuşdur ki, Azərbaycan hələ Sovetlər İttifaqı zamanı onun rəhbərliyi tərəfindən çox ədalətsizliklərlə rastlaşmışdır. Bunun ən tutarlı sübutu ondan ibarətdir ki, 1990-cı ilin yanvar ayında sovet hökuməti Bakıya, Azərbaycana böyük qoşun hissələri yeritmiş və Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. 1990-cı ilin qanlı Yanvar faciəsi zamanı dinc, günahsız insanlar şəhid olmuşdur. Bu hadisə Azərbaycanın daxili ictimai-siyasi vəziyyətini çox gərginləşdirmişdi.

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi bu hadisələrin fonunda olmuşdur. Bu hadisələr Azərbaycanın daxilində müxtəlif qanunsuz silahlı qüvvələrin, müxtəlif qrupların hakimiyyət uğrunda mübarizə məqsədi ilə bir-biri ilə vuruşmasına gətirib çıxarmışdır. Bunların nəticəsində 1992-ci ildə və 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş vermişdir.

Daxili çəkişmələr, toqquşmalar 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi törətmişdi və Azərbaycan böyük fəlakət - parçalanmaq təhlükəsi qarşısında durmuşdu. Belə bir şəraitdə Azərbaycana həm Ermənistanın təcavüzü güclənmişdi, həm də xarici qüvvələrin təzyiqi artmışdı. 1993-cü ildə biz Azərbaycanın daxilində olan vətəndaş müharibəsinin qarşısını böyük çətinliklə aldıq. Ancaq daxildə yaranmış qruplaşmalar və qanunsuz silahlı dəstələr hakimiyyət uğrunda mübarizəni yenə də davam etdirirdilər. Məhz bu qanunsuz silahlı dəstələrin, ayrı-ayrı siyasi qrupların bu cür dağıdıcı fəaliyyəti nəticəsində 1994-cü ilin oktyabr ayında, 1995-ci ilin mart ayında Azərbaycanda silahlı dövlət çevrilişinə cəhdlər göstərilmişdir. Bunların qarşısı alınmışdır. Ancaq terrorist qruplar, dəstələr sonra da Azərbaycanda təxribatlar və terror aktları həyata keçirməyə cəhdlər etmişlər. Xarici ölkələrin xüsusi xidmət orqanları Azərbaycanda bir neçə təxribat əməliyyatı keçirmiş, 1994-cü ildə Bakı metropolitenində iki dəfə güclü partlayış törədilmişdir. Biz bunların hamısının qarşısını ala bilmişik.

1995-ci ilin oktyabr ayında Azərbaycanın ilk konstitusiyası qəbul olunub, Azərbaycan parlamentinə ilk dəfə çox demokratik prinsiplər əsasında seçkilər keçirilibdir.

İndi Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Biz bu sabitliyə, demək olar ki, 1995-ci ildən nail olmuşuq, Azərbaycan dövləti ölkə ərazisinə tam nəzarət edir.

Daxildəki bütün bu gərgin vəziyyətlə yanaşı, Ermənistanın Azərbaycana təcavüzü davam etmişdir. Ermənistan Silahlı Qüvvələri həm Azərbaycanın daxilindəki zəiflikdən, qeyri-sabitlikdən, həm də bəzi dövlətlərin onlara göstərdiyi böyük yardımdan istifadə edərək Azərbaycanın ərazisinin 20 faizini işğal etmişlər. İşğal edilmiş torpaqlarda bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalmış və köçməyə məcbur olmuşdur. Onlar Azərbaycanın başqa bölgələrində, çadırlarda yaşayırlar. Siz bu xəritədə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını görürsünüz. Burada qırmızı rənglə Dağlıq Qarabağın ərazisi rənglənibdir. Amma Dağlıq Qarabağın ərazisindən əlavə, onun ətrafında Azərbaycanın yeddi inzibati rayonu da işğal olunubdur. Bu torpaqlar indiyə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejimi əldə olunubdur, biz atəşkəs haqqında saziş imzalamışıq. Beş ildir ki, atəşkəs rejimini qoruyub saxlayırıq. Beş ildir çalışırıq ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Bunu həll etmək üçün 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə prinsiplər qəbul olunmuşdur. Biz o prinsiplər əsasında məsələni sülh yolu ilə həll etməyə çalışırıq. O prinsiplər bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarə statusu verilsin, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çəkilsin və yerindən-yurdundan didərgin düşmüş azərbaycanlılar öz torpaqlarına qayıtsınlar. Amma Ermənistan tərəfi bu prinsipləri qəbul etmir.

Bilirsiniz ki, bu məsələnin həll olunması üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıbdır. 1997-ci ilin əvvəlindən Minsk qrupuna dünyanın üç böyük dövləti - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa sədrlik edir. ATƏT-in Minsk qrupu məsələnin həll olunması üçün 1997-ci ildə - iyun ayında, sonra isə sentyabr ayında təkliflər irəli sürmüşdü. 1997-ci ilin sentyabrında Minsk qrupunun irəli sürdüyü təklif bundan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş altı rayonu işğaldan azad edilsin, ondan sonra Dağlıq Qarabağa özünüidarə statusu verilsin. İki rayonun - Laçın və Şuşa rayonlarının aqibəti isə bundan sonra həll edilsin.

Yəni bu, mərhələ xarakteri daşıyan təklifdir: birinci mərhələdə - işğal olunmuş rayonlar azad edilsin, ikinci mərhələdə - Dağlıq Qarabağın statusu müəyyən edilsin. Biz bu təklifi qəbul etdik. 1997-ci ilin sentyabr-oktyabr aylarında Ermənistan da bəyan etdi ki, onlar bu təklifi qəbul etmək istəyirlər. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bu təklifə tərəfdar çıxmış, onun qəbul olunmasını əsaslandırmış və bu barədə öz fikirlərini mətbuatda da bildirmişdi. Ancaq Ermənistanın daxilində gedən siyasi proseslər nəticəsində 1998-ci ilin fevral ayında prezident Ter-Petrosyan istefa verdi, Ermənistanda hakimiyyət dəyişdi. Beləliklə də bu təklif nəticəsiz qaldı.

Minsk qrupu, demək olar, 1998-ci ildən fəaliyyətsiz olmuşdur. 1998-ci ilin noyabr ayında Minsk qrupunun həmsədrləri Rusiyanın təşəbbüsü ilə yeni bir təklif irəli sürmüşlər. Bu təklifin də mənası ondan ibarətdir ki, Azərbaycanda "ümumi dövlət" qurulsun, onun çərçivəsində Azərbaycanın ərazisində Dağlıq Qarabağa "dövlət" statusu verilsin.

Birincisi, dünya təcrübəsində, beynəlxalq hüquq normalarında hələ indiyə qədər belə dövlət quruluşu forması yoxdur. Bunu Minsk qrupu yox, Minsk qrupundakı Rusiya nümayəndələri icad ediblər. Amma bizim üçün əsas cəhət ondan ibarətdir ki, bunu heç vaxt qəbul edə bilmərik. Çünki bu, Dağlıq Qarabağa üstüörtülü şəkildə dövlət müstəqilliyi statusu vermək deməkdir.

Bu təklifin müəllifi Minsk qrupunun tərkibində olan Rusiya nümayəndələridir. Biz onlara öz narazılığımızı bildirmişik. Təsadüfi deyil ki, Ermənistan tərəfi ilk dəfə olaraq Minsk qrupunun həmin bu "ümumi dövlət" konsepsiyası təklifini qəbul edibdir. Bildirmək istəyirəm ki, Ermənistan tərəfi indiyə qədər Minsk qrupunun bütün təkliflərini, o cümlədən 1997-ci ildə iki təklifini rədd edibdir. Amma onlar "ümumi dövlət" prinsipini dərhal qəbul ediblər, çıxış edirlər və bunu qəbul etməyi təklif edirlər.

Biz məsələnin Minsk qrupu vasitəsilə həll olunması üçün bundan sonra da çalışacağıq. Ümidvarıq ki, Minsk qrupu hər iki tərəf üçün münasib olan yeni təklif verəcəkdir.

Güman edirəm, bizim bölgədə, Azərbaycanda sizi maraqlandıran məsələlərdən biri də Azərbaycanın enerji ehtiyatlarından istifadə olunması, Xəzər dənizi problemidir. Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Azərbaycanın qurudakı ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda çox zəngin neft və qaz yataqları var. Bu enerji ehtiyatlarından həm Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq məqsədi ilə daha da geniş istifadə etməyə çalışmışıq, eyni zamanda dünyanın neftə və qaza olan tələbatını təmin etmək üçün bu işlərə başlamışıq.

1994-cü ilin sentyabr ayında ilk müqaviləni - "Əsrin müqaviləsi"ni imzalamaqla biz Xəzər dənizinin bütün ehtiyatlarını dünyaya təqdim etmişik. Məmnuniyyətlə deyə bilərəm ki, "Əsrin müqaviləsi" ardıcıl surətdə həyata keçirilir. 1997-ci ilin noyabr ayında biz ilkin neft almışıq. Ancaq eyni zamanda bu neftin ixracı üçün boru kəmərlərinin yaradılması ilə də məşğul olmuşuq. İlkin neftin ixracı üçün birinci kəməri - Rusiyanın Qara dənizdəki Novorossiysk limanına gedən Bakı-Novorossiysk neft kəmərini çəkmişik. Siz onu xəritədə görürsünüz. Ancaq eyni zamanda biz əvvəldən də nəzərdə tutmuşduq ki, alternativ neft kəməri çəkilsin. Onun üçün də Bakıdan Gürcüstanın Qara dənizdəki Supsa limanına ikinci, alternativ neft kəmərinin çəkilməsini qərara almışdıq. Bu kəməri də inşa edib aprel ayının 17-də istismara verdik. İndi artıq Qərb kəməri ilə neft axır və ilk tankerlər nefti Supsa limanından dünya bazarına çıxarırlar.

Eyni zamanda biz əsas neft kəmərinin hazırlanması və inşası ilə də məşğuluq. Bakıdan Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına neft kəmərinin çəkilməsi nəzərdə tutulur. Türkiyə hökuməti ilə aparılan son danışıqlarda nəzərdə tutulubdur ki, neft kəmərinin çəkilməsi üçün texniki və maliyyə məsələləri üç ay müddətində həll olunacaq və ondan sonra layihənin həyata keçirilməsinə başlanacaqdır.

Azərbaycan təkcə öz ehtiyatlarının deyil, Xəzər dənizində olan bütün enerji ehtiyatlarının dünya birliyi üçün istifadə edilməsində təşəbbüskar olmuşdur. Xəzər dənizinin Qazaxıstan, Türkmənistan, Rusiya, İran sektorlarında da işlər gedir və neft-qaz hasil etmək üçün lazımi tədbirlər həyata keçirilir.

1994-cü ildən indiyə qədər Azərbaycan dünyanın iri neft şirkətləri ilə 16 böyük müqavilə imzalayıbdır. Bu şirkətlər dünyanın 14 ölkəsini təmsil edirlər. O cümlədən, Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri də Azərbaycanda iş görürlər. Sabah burada, Vaşinqtonda üç yeni müqavilə imzalanacaqdır.

1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanın neft ehtiyatları dünyada çox böyük maraq doğurmuşdur. Bir tərəfdən dünyanın, o cümlədən Amerika Birləşmiş Ştatlarının neft şirkətləri Azərbaycana gəlib, ölkəmizin Xəzər dənizində olan yataqlarından istifadə etmək üçün təkliflər irəli sürüblər və bizimlə bərabər iş görürlər. İkinci tərəfdən, Azərbaycanın neft siyasətinə, neft strategiyasına etiraz edənlər, bunun əleyhinə çıxanlar, buna mane olan qüvvələr də çoxaldı.

Azərbaycanın neft strategiyası ondan ibarətdir ki, biz öz təbii sərvətlərimizi, enerji ehtiyatlarımızı dünyaya təqdim edirik və dünyanın hər bir ölkəsi ilə, xüsusən Qərb ölkələri, Amerika Birləşmiş Ştatları ilə bu sahədə geniş əməkdaşlıq təklif edirik. Amma bəzi ölkələr, bəzi dairələr isə bizim neft strategiyamızın əleyhinədir. Onlar belə hesab edirlər ki, Azərbaycanın neft ehtiyatları, Xəzər dənizi yalnız bu bölgədəki ölkələrin təsir dairəsində olmalıdır. Onlar Qərb ölkələrinin, Amerika Birləşmiş Ştatlarının Xəzər dənizinə gətirilməsinə etiraz edirlər.

Bizim neft strategiyamızın əleyhinə olaraq Xəzər dənizinin statusu məsələsi ortaya atıldı. Bəzi dövlətlərdən səslər gəldi ki, Xəzər dənizinin statusu müəyyən edilməmiş oradakı neft yataqlarından istifadə etmək olmaz. Bizim əleyhimizə bir çox başqa tədbirlər həyata keçirildi.

Tam əsasla deyə bilərəm ki, 1994-cü, 1995-ci illərdə Azərbaycanda dövlət çevrilişinə silahlı cəhdlər, terror aktları və təxribat əməlləri də məhz ölkəmizin sərbəst, müstəqil neft strategiyasının qarşısını almaq məqsədi ilə həyata keçirilmişdir. Ancaq bu təxribatların, bizim əleyhimizə yönəldilən müxtəlif əməllərin heç birisi bizi qorxuda, dayandıra bilməmişdir. Biz öz neft strategiyamızı ardıcıl surətdə həyata keçirmişik. Bildirmək istəyirəm ki, Qərblə, yəni Avropa ölkələri və xüsusən Amerika Birləşmiş Ştatları ilə bu sahədə əməkdaşlığımızdan çox razıyıq və bu əməkdaşlığa xüsusi əhəmiyyət veririk.

Bizim neft strategiyamızın əleyhinə aparılan bütün bu işlər nəticə vermədiyi halda, son vaxtlar bəzi ölkələrin mətbuatında, o cümlədən Amerika Birləşmiş Ştatlarında, Avropada, Rusiya mətbuatında Xəzərin Azərbaycan sektorunda neft ehtiyatlarının az olması və əvvəl verilən məlumatların guya yanlış olması haqqında müxtəlif məqalələr dərc edilmişdir. Bütün bu fikirlər, məqalələr uydurmadır, əlbəttə ki, bizim əleyhimizə yönəldilibdir. Deyə bilərəm ki, bunlar hamısı yanlışdır. Azərbaycanın neft ehtiyatları çox böyükdür. Xəzər dənizinin neft ehtiyatları həddindən artıqdır. Güman edirəm ki, Xəzər dənizinin, o cümlədən Azərbaycan neftinin böyük perspektivini gələcəkdə hamı görəcəkdir.

İlkin hesablamalara görə, Azərbaycanın neft ehtiyatları 4-10 milyard ton arasındadır. İndiyədək imzalanmış və sabah imzalanacaq müqavilələr hamısı birlikdə Azərbaycanın neft sənayesinə 50 milyard dollar miqdarında investisiya qoyulmasını nəzərdə tutur. Ötən üç il müddətində Azərbaycanın neft sənayesinə 2 milyard 200 milyon dollar həcmində investisiya qoyulub ki, bunun da 1 milyard dolları Amerika Birləşmiş Ştatları şirkətlərinin payına düşür. Güman edirəm, bunlar bizim neft strategiyamızın əleyhinə çıxanlara çox tutarlı cavabdır.

Azərbaycanın iqtisadiyyatı çoxsahəlidir. Biz Azərbaycanda iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə formalaşdırırıq. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur, özəlləşdirmə proqramı ardıcıl surətdə həyata keçirilir. Torpaq islahatı müvəffəqiyyətlə aparılır və torpaq, demək olar ki, tamamilə şəxsi mülkiyyətə, kəndlilərə verilibdir.

Keçmiş Sovetlər İttifaqına mənsub olan başqa ölkələr kimi, bizim ölkəmiz də keçid dövrünü yaşayır. Bir iqtisadi-siyasi sistemdən digər iqtisadi-siyasi sistemə keçirik. Şübhəsiz ki, keçid dövrünün iqtisadiyyata çox mənfi təsiri var. Biz bunların qarşısını alırıq. Baxmayaraq ki, Azərbaycanda bir milyondan artıq qaçqın var və onlar işsizdir, çadırlarda yaşayırlar. Son üç ildə Azərbaycanın iqtisadiyyatı inkişaf edir. 1990-cı ildən başlayaraq Azərbaycanda iqtisadiyyat tənəzzülə uğramışdı və hər il 20 faiz aşağı düşürdü. Biz bu tənəzzülün qarşısını aldıq və 1995-ci ildə sabitləşməyə nail olduq. Ondan sonrakı illərdə iqtisadiyyatımızda hər il artım müşahidə olunur. 1995-ci ildə inflyasiyanın qarşısını aldıq. 1994-cü ildə inflyasiya 1400 faiz idi. Amma 1997-ci ildən başlayaraq inflyasiya tamamilə azalıb, indi Azərbaycanda inflyasiya yoxdur. Azərbaycanın milli valyutasının - manatın dəyəri sabitdir.

Xarici şirkətlər, o cümlədən Amerika Birləşmiş Ştatlarının şirkətləri Azərbaycanda özəlləşdirmə proqramına çox maraq göstərirlər. Biz bunu alqışlayırıq və Azərbaycanda özəlləşdirmədə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının iş adamlarını dəvət edirik.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın münasibətləri müsbət istiqamətdə inkişaf edir. Biz ABŞ-la əlaqələrimizə xüsusi əhəmiyyət verir və bunu strateji tərəfdaşlıq əlaqələri hesab edirik. Eyni zamanda arzu edirik ki, Amerika Birləşmiş Ştatları Qafqaz regionunda öz təsirini daha da artırsın və Azərbaycanın dövlət müstəqilliyinin inkişafı, gördüyümüz işlər naminə bizə daha çox dəstək versin.

Bilirsiniz ki, mən buraya NATO-nun 50 illik yubileyi münasibətilə gəlmişəm. Bütün tədbirlərdə iştirak etmişəm. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edir. Biz öz tərəfimizdən bu işə çox böyük əhəmiyyət verir, "Sülh naminə tərəfdaşlıq" proqramını yüksək qiymətləndiririk. NATO-nun bu günlər Vaşinqtonda irəli sürdüyü yeni strateji konsepsiyasını da bəyənirik, alqışlayırıq.

Mən sizə çox söz deyə bilərəm, ancaq hesab edirəm ki, suallarınıza da vaxt ayırmaq lazımdır.

Sual: Cənab prezident, Ermənistanla Azərbaycan arasında hərbi münaqişəni nəzərə alsaq, Siz hansı tədbirləri görə biləcəksiniz ki, çəkiləcək boru kəmərləri sabotaja məruz qalmasın?

Heydər Əliyev: Bilirsiniz, boru kəmərlərini tək biz çəkmirik. Boru kəmərlərini Azərbaycanda bizimlə əməkdaşlıq edən neft şirkətləri birlikdə çəkirlər. Məsələn, həm Şimal istiqamətində olan neft kəməri, həm də bu ilin aprel ayında istifadəyə verilmiş Bakı-Supsa kəməri 11 şirkətin daxil olduğu konsorsium, - o, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıbdır, - tərəfindən çəkilibdir. Bakı-Supsa neft kəmərinin çəkilməsinə 590 milyon dollar vəsait qoyulubdur. Bu, həmin 11 şirkətin vəsaitidir. Ona görə neft kəmərləri təkcə bizə deyil, həm də bu şirkətlərə mənsubdur. Biz hamımız birlikdə bu kəmərlərin təhlükəsizliyini təmin edirik və güman edirəm ki, təmin də edəcəyik.

Sual: Cənab prezident, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün hökumət tərəfindən hansı tədbirlər görülür və Siz ölkənizdə ətraf mühitin qorunması problemləri ilə bağlı hansı tədbirləri həyata keçirirsiniz?

Heydər Əliyev: Biz bu barədə çox tədbirlər görürük. Birincisi, özəlləşdirmə proqramını həyata keçiririk. Özəlləşdirmə qeyri-neft sektorunda olan istehsal sahələrini daha da canlandıracaq və inkişaf etdirəcəkdir. Qeyri-neft sektorunun böyük bir hissəsini aqrar sahə təşkil edir. Azərbaycanda aqrar sektor çox böyük yer tutur. Mən dedim ki, biz torpaqları özəlləşdirmişik, şəxsi mülkiyyətə vermişik. Artıq bu torpaqlardan səmərəli istifadə edilməsinin nəticələrini görürük. Kənd təsərrüfatı məhsullarının emalı sənayesi də çox böyük sahədir. Biz onun müəssisələrini də özəlləşdirmişik. Bunun da müsbət nəticəsini görürük.

Telekommunikasiya çox böyük sahədir, yaxın vaxtlarda onu özəlləşdirəcəyik. Avtomobil nəqliyyatını özəlləşdiririk. Başqa nəqliyyat sahələri də özəlləşdiriləcəkdir.

Bizdə ağır sənaye çox böyük yer tutur. Kimya, metallurgiya, maşınqayırma sənayelərində özəlləşdirmə bir qədər çətin gedir. Ancaq biz çalışırıq ki, bunları da inkişaf etdirək.

Ətraf mühitin mühafizəsi bizim üçün əsas məsələlərdən biridir. Neft hasilatı prosesində buna xüsusi fikir veririk. İmzalanmış bütün müqavilələrdə ətraf mühitin mühafizəsi məsələləri xüsusi yer tutur.

Sual: Cənab prezident, Siz əminsinizmi ki, Türkiyə Bakı-Ceyhan boru kəmərinin reallaşması üçün əlverişli təkliflər irəli sürəcək? Bilmək istərdik ki, Türkiyənin son təkliflərində bir barel neftin ixracı üçün hansı tariflər nəzərdə tutulub və əminsinizmi ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bu təkliflərlə razılaşacaqdır?

Heydər Əliyev: Bilirsiniz, bu məsələ çox geniş müzakirə olunub. Çünki Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Bakı-Ceyhan neft kəmərinin ümumi dəyərini 3 milyard 700 milyon dollar müəyyən etmişdi. Bu isə iqtisadi cəhətdən səmərəli deyildi. Ancaq Türkiyə tərəfi özü bu barədə lazımi araşdırmalar, hesablamalar aparıbdır. Onların bildirdiklərinə görə, Bakı-Ceyhan neft kəmərini çəkmək üçün 2 milyard 400 milyon dollar vəsait lazımdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin fikrincə, əgər neft kəməri həqiqətən bu xərclə çəkilsə, buna etiraz etmirlər.

İndi əsas boru xəttinin qiyməti müəyyən olunur. Tariflər isə sonranın işidir. Türkiyə tərəfi bəyan edir ki, onlar Bakı-Ceyhan boru xəttinin çəkilməsi üçün bütün təminatları verəcəklər.

Sual: Cənab prezident, Siz öz nitqinizdə Transxəzər boru kəməri məsələsinə toxunmadınız. Türkmənistan qazının dünya bazarlarına ixracını nəzərdə tutan bu boru kəmərinin reallığa çevrilməsi ehtimalı necədir? Bu məsələ Türkmənistan ilə Azərbaycan arasında neft yataqları məsələsi barəsində mübahisələrə son qoyulmasına necə yardımçı ola bilər?

Heydər Əliyev: Mən bu məsələyə ona görə toxunmadım ki, bilirdim siz sual verəcəksiniz. İndi ki, sual verildi, bəli, biz Türkmənistan qazının Xəzər dənizindən, Azərbaycandan, Gürcüstandan Türkiyəyə nəqlinin tərəfdarıyıq. Bu barədə Azərbaycanla Türkmənistan arasında heç bir mübahisə yoxdur. Türkmənistan prezidenti Saparmurad Niyazov bu məsələ ilə əlaqədar mənə müraciət edib, məktub yazıbdır və Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycandan keçməsi haqqında mənim razılığımı istəyibdir. Mən buna Azərbaycan dövlətinin razılığını bildirmişəm və ona cavab məktubu göndərmişəm. Bu məsələ ilə əlaqədar bizim telefon danışıqlarımız olubdur. Heç bir problem yoxdur. Amerika Birləşmiş Ştatlarının bu məsələ ilə məşğul olan şirkətlərini qəbul edib razılığımızı onlara bildirmişəm. Güman edirəm ki, bu məsələ artıq reallaşıbdır.

Sual: Cənab prezident, Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bugünkü rolu nədən ibarətdir? Rusiya bu regionda hələ də sabitliyin pozulması xarakteri daşıyan siyasət aparır, yoxsa Abxaziya, Ermənistan-Azərbaycan münaqişələrinin həll olunmasında müsbət rol oynaya bilərmi?

Heydər Əliyev: Rusiya böyük dövlətdir, bizim şimal qonşumuzdur. Biz arzu edirik ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər normal olsun və həmişə müsbət istiqamətdə inkişaf etsin. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaranmış Minsk qrupunun həmsədrlərindən biridir. Ona görə biz həmişə arzu edirik ki, Rusiya bu missiyasını yerinə yetirsin. Təəssüf ki, hələ müsbət bir nəticə yoxdur. O cümlədən, Amerika Birləşmiş Ştatlarının, Fransanın da bu sahədəki missiyalarında müsbət nəticə yoxdur.

Bizi narahat edən odur ki, Ermənistan və Azərbaycan münaqişə vəziyyətində olduqları halda, Rusiya Ermənistanla xüsusi əlaqələr saxlayır. 1997-ci ilin əvvəlində aşkar oldu ki, Rusiya ötən üç il ərzində Ermənistana gizli surətdə, qanunsuz olaraq 1 milyard dollar dəyərində silah-sursat veribdir. Ermənistanda Rusiyanın hərbi hissələri yerləşdirilib və Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik haqqında müqavilə imzalanıbdır. Rusiyanın Ermənistandakı hərbi hissələrinə hərbi baza statusu verilibdir.

Son aylar Rusiya Ermənistanda yeni silahlar - C-300 raketləri, müasir MİQ-29 təyyarələri yerləşdirir. Bütün bunlar Qafqazda sabitliyi, sülhü pozur və Azərbaycan üçün böyük təhlükə doğurur. Biz Rusiyanın bu siyasətinə və hərəkətlərinə qəti etiraz edirik. Biz öz etirazımızı rəsmi bəyanatlarla bildirmişik və mən bu barədə Rusiya prezidenti Boris Yeltsinə xüsusi məktublar göndərmişəm. Aprel ayının 2-də Moskvada MDB ölkələri dövlət başçılarının görüşündə də mən Rusiyanın Ermənistana qanunsuz silah verməsi, Ermənistan ərazisində hərbi baza, yeni silahlar yerləşdirməsi barədə etirazımı bildirmiş və rəsmi bəyanat vermişəm.

Sübut etməyə heç də ehtiyac yoxdur ki, Rusiyanın bu cür siyasəti, hərəkəti onun Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək missiyasına olduqca böyük zərər gətirir, Cənubi Qafqazda sülhü, sabitliyi pozur. Ermənistanda hərbi baza yaradılmasına etirazımıza Rusiya belə cavab verir ki, bu, Azərbaycana qarşı deyil, ancaq NATO-ya qarşıdır. Biz bunların hamısını Rusiyanın Qafqazda qeyri-düzgün siyasəti kimi qiymətləndiririk. Görürsünüz ki, Rusiya Ermənistanla nə qədər sıx bağlıdır?

Sual: Sonuncu sual. Siz Müstəqil Dövlətlər Birliyinin gələcəyini necə görürsünüz və Azərbaycanın MDB ilə münasibətləri barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Onu deyə bilərəm ki, aprel ayının 2-də Moskvada Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin dövlət başçılarının görüşündə kollektiv təhlükəsizlik haqqında müqavilənin vaxtı keçdiyinə görə, onun müddətinin uzadılması məsələsi müzakirə edilirdi. Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Moldova bu müqavilənin vaxtının uzadılmasına razılıq vermədilər və biz müqaviləni imzalamadıq. Görürsünüz ki, beləliklə, kollektiv təhlükəsizlik haqqında müqavilədə cəmi 6 dövlət qaldı - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan.

Beləliklə, Müstəqil Dövlətlər Birliyi ötən dövr ərzində hələ ki lazımi qədər formalaşa bilməyibdir. Onun fəaliyyətinin səmərəli olmadığı indi artıq göz qabağındadır. Qalanını gələcək göstərəcəkdir.

K.Buş (Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin xüsusi proqramlarının rəhbəri): Bizə verdiyi böyük şərəfə görə Azərbaycan Prezidenti Əliyevə təşəkkürümüzü bildiririk.

Heydər Əliyev: Bir daha qeyd edirəm ki, sizinlə görüşümdən çox məmnunam. Sizin hamınızı - Azərbaycanı sevənləri də, sevməyənləri də Azərbaycana dəvət edirəm. Güman edirəm ki, Azərbaycana nə qədər çox gəlsəniz, Azərbaycan haqqında o qədər də doğru-düzgün, ədalətli məlumat əldə edə biləcəksiniz.

Sizə cansağlığı, səadət, Amerika xalqına, Amerika dövlətinə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 29 aprel 1999-cu il.