Azərbaycan prezidenti Heydər Əliyevin Avstriya jurnalistləri ilə müsahibəsi - 6 iyul 2000-ci il


Sabahınız xeyir olsun! Mən sizi dinləyirəm. Yəqin ki, siz mənim Avstriyaya səfərim haqqında təəssüratlarımı öyrənməyə gəlmisiniz.

Deyə bilərəm ki, təəssüratlarım çox yaxşıdır. Avstriyaya ilk rəsmi səfərim uğurlu olubdur. Bu səfərdə nəzərdə tutduğum məsələlərin hamısı həll edilibdir. Nəzərdə tutulmuş bütün görüşlər keçirilmişdir. Bu görüşlər çox işgüzar şəraitdə, dostluq, mehribanlıq şəraitində keçmişdir. Burada mənə çox gözəl, səmimi münasibət, mehribanlıq və qonaqpərvərlik göstərilmişdir. Səfərimdən razıyam.

Mən qeyd etdim ki, bu Avstriyaya ilk səfərimdir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Avstriya ilə Azərbaycan arasında əlaqələr yaranmış və müxtəlif səviyyələrdə inkişaf etmişdir. Nazirlər səviyyəsində, müxtəlif dövlət orqanları səviyyəsində həm Vyanada, həm də Bakıda görüşlər keçirilmişdir. İndiyə qədər Avstriya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq etmək üçün bir çox müqavilə, saziş və memorandum imzalanmışdır.

Amma Avstriyaya mənim rəsmi səfərim, təbiidir ki, bizim əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdı. Birincisi, federal prezident cənab Klestil ilə çox səmərəli, məzmunlu, ətraflı danışıqlarımız oldu. Biz bir çox əsas məsələləri müzakirə etdik. Bunların sırasında ikitərəfli Avstriya-Azərbaycan əlaqələri, beynəlxalq məsələlər və bizim üçün ən əsas məsələ olan Ermənistan -Azərbaycan münaqişəsinin həlli məsələləri var idi.

Bilirsiniz ki, bu il Avstriya ATƏT-də sədrlik vəzifəsini həyata keçirir. Buna görə də Vyanada olduğum zaman bütün görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsinə Avstriyanın təkcə ATƏT-in üzvü və dünyanın nüfuzlu dövləti kimi yox, eyni zamanda bu il ATƏT-də sədrlik edən dövlət kimi yanaşması baxımından danışıqlar aparırdım.

Biz başqa məsələləri də müzakirə etdik. Mənim digər görüşlərim də oldu. Federal Kansler cənab Şüssel ilə görüşdüm. Parlamentdə cənab Fişer ilə görüşüm oldu. Vyana meriyasını ziyarət etdim və orada da çox gözəl görüşlərimiz oldu.

Bilirsiniz ki, sizin ölkənin xarici işlər naziri indi ATƏT-in sədri vəzifəsini həyata keçirir. İyulun 16-17-də xarici işlər nazirinin bizim bölgəyə səfəri gözlənilir. Burada biz onunla Ermənistan -Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesinin mövcud vəziyyəti haqqında geniş müzakirə apardıq.

Bütün görüşlərdə - federal prezidentlə, federal kanslerlə və xarici işlər naziri ilə görüşlərdə mən təkidlə xahiş etdim ki, Avstriya həm öz dövlət nüfuzundan istifadə edərək, həm də bu il ATƏT-in sədri olmasından istifadə edərək Ermənistan -Azərbaycan münaqişəsinin həllinə daha artıq səy göstərsin və ən əsası - biz əməli nəticə əldə edək.

Mən bütün bu danışıqlarda hiss etdim ki, Avstriya dövləti, höküməti dünya birliyində tutduğu yerinə görə Azərbaycanın əhəmiyyətini həqiqətən çox qiymətləndirir, Azərbaycanla əməkdaşlığa çox maraq göstərir, Qafqazda Azərbaycanın coğrafi-strateji, coğrafi-siyasi vəziyyətini də qiymətləndirir və bunu Avstriya ilə əməkdaşlıq üçün çox əhəmiyyətli amil hesab edirlər. Mən hiss etdim ki, bizim barəmizdə çox yaxşı səmimiyyət var. Təbiidir ki, biz də və şəxsən mən də buraya ən səmimi hissiyyatlarla gəlmişik.

İqtisadiyyat Palatasında biz bir qrup biznesmenlə görüş keçirdik və iqtisadi əməkdaşlıq haqqında çox ətraflı danışıqlar apardıq. Mən onlara Azərbaycanın iqtisadiyyatı haqqında məlumat verdim, onları Azərbaycanla əməkdaşlığa dəvət etdim. Avstriya biznesmenləri üçün Azərbaycanda sərmayə qoyub yaxşı iş görmək imkanları olması haqqında məlumat verdim.

Bir də qeyd edirəm, mən buradakı görüşlərimdən çox razıyam. Təbiidir ki, Vyana şəhərində ilk dəfə olduğuma görə bu barədə də bir neçə kəlmə demək istəyirəm. Gözəl şəhərdir! Biz Vyananın, Avstriyanın tarixini yaxşı bilirik. Ancaq kitablardan oxuduğumuz o qədər də dərin təəssürat yaratmır. Ümumiyyətlə, şəhərin özü, xüsusən tarix-memarlıq, heykəltəraşlıq abidələri, çox əzəmətli saraylar və bu sarayların həm xarici, həm daxili gözəlliyi, həm də bu saraylarda olan qiymətli rəssamlıq əsərləri çox böyük təəssürat bağışladı.

Avstriya bitərəf ölkədir. O, iqtisadi cəhətdən çox inkişaf etmişdir. Mənə məlumat verdilər ki, Avropa Birliyindəki dövlətlər içərisində Avstriya öz iqtisadiyyatına görə təxminən beşinci yerdə durur. Əhalinin həyat, yaşayış səviyyəsi yüksəkdir. Burada keçmişdə olduğu kimi, yüksək mədəniyyət hiss etdik. Motsart orkestrinin konserti də məni çox heyran etdi.

Bilirsiniz ki, ayın 4-də mənim proqramım çox gərgin idi, bir dəqiqə də boş vaxt yox idi. Həddindən çox görüşlər, danışıqlar nəzərdə tutulmuşdu. Bəziləri təəccüblənirdilər ki, biz nə üçün belə gərgin proqram tərtib etmişik. Amma mən isə istəyirdim ki, mümkün qədər çox iş görüm. Bütün bu gərgin işdən sonra, axşam saat 8-də Hofburq sarayındakı konsert salonunda Motsart orkestrinin konserti mənim bütün yorğunluğumu çıxardı. Çox gözəl konsert idi.

Avstriyanın mədəniyyət sahəsində böyük, tarixi ənənələri var. Bunlar bizə yenə də kitablardan çox məlumdur. Hətta gərək ki, siz və ya kimsə mənə Bakıda sual vermişdi ki, "Avstriya" deyəndə birinci növbədə gözümün qarşısına nəyi gətirirəm. Dedim ki, İohann Ştraus! Ancaq Avstriyanın musiqi mədəniyyəti təkcə İohann Ştrausla bitmir. Motsart, Bethoven, Haydn, Ştraus - atası da, oğlu da...

Sizə bir şey demək istəyirəm. Hörmətli prezident bizə yemək verdiyi zaman süfrə arxasında sərbəst söhbət edirdik. Onda mən Ştrausun həyatına və musiqisinə həsr olunmuş bir filmi xatırladım. Bu, "Vyana meşəsinin nağılları" filmidir. Ancaq təəssüflər olsun ki, süfrə arxasında olan sizin adamlardan heç kəsin bu filmdən xəbəri yox idi. Ola bilər ki, o vaxt gənc olublar və bu filmə fikir verməyiblər.

Bilirsiniz ki, İkinci Dünya müharibəsi zamanı Sovet Ordusu müttəfiqlərin qoşunları ilə birlikdə Vyananı, Avstriyanı azad etmişdi, buradan bir çox qənimətlər götürmüşdü. Həmin film də bunların içərisində idi.

Xanım Liana Klinql: Mən həmişə elə bilmişəm ki, bu qənimətlərin içərisində saatlar da olmuşdur. Bizdə belə deyirlər ki, ruslar Avstriyaya gələndən sonra bütün saatları özləri ilə aparmışlar.

Heydər Əliyev: Ola bilər, qənimət çox aparıblar. Bunu nə ediblər, bilmirəm. Ancaq o filmi rus dilinə çevirib bütün Sovetlər İttifaqında göstərirdilər. Çox gözəl bir filmdir. Mən o zaman, gənc vaxtlarımda kinoteatrda bu filmə bəlkə də on-on beş dəfə baxmışam. Mən bu filmi xatırladanda gördüm ki, heç kimin xəbəri yoxdur. Amma bir-iki saatdan sonra mən parlamentə gələndə parlamentin sədri cənab Fişer mənə dedi ki, ziyafətdən çıxandan sonra əmr verdim ki, bütün arxivləri axtarıb o filmi tapsınlar. O, həmin filmin surətini mənə təqdim etdi. Düzdür, qutunu açmamışam, onun içərisindəkinin həqiqətən həmin film olub-olmadığını bilmirəm. Hər halda Bakıda açıb baxacağam, gördüyüm həmin film olmasa, çalışacağam ki, keçmiş Sovetlər İttifaqının kino arxivlərindən filmi tapıb cənab Fişerə göndərim.

Motsart orkestrinin konsertinin proqramı çox zəngin idi. Dirijor çox məharətlə, idarə edirdi, orkestr çox gözəl idi. Bizim xoşumuza gələn o idi ki, musiqiçilərin hamısı qədim formada, paltarlarda, parikdə idilər. İki vokalçı var idi, onlar da çox gözəl oxuyurdular. Ona görə də konsertdən qayıdandan sonra mən elə hiss etdim ki, sanki o gün heç işləməmişəm.

İkinci gün, dünən mən bütün günü beynəlxalq təşkilatlarla görüşlərə həsr etdim. Hesab edirəm, Vyananın dünyada ən böyük rolu bir də ondan ibarətdir ki, burada çox beynəlxalq təşkilatların Avropa mərkəzləri yerləşir. Mən onların hamısı ilə görüşdüm. Çünki hər bir təşkilatla danışıq aparıb müəyyən məsələləri həll etməyə ehtiyacımız var. Onlar da bu görüşlərdən razı idilər, mən də razı idim.

Dünən də axşama qədər işlədik. Bir şeyə təəssüf edirəm: heç olmasa on dəqiqə imkanım olmadı ki, Vyananın küçələrini avtomobilsiz, piyada gəzim, binalara baxım. Gördüklərimin hamısı avtomobilin pəncərəsindən gördüyümdür. Əlbəttə, saraylarda olduğum zaman onların içərisini gördüm.

Gözəl ölkəniz, gözəl tarixiniz var. Avstriya bu gün də çox inkişaf etmiş ölkədir. Ona görə də xoşbəxt adamlarsınız. Mən sizə uğurlar arzulayıram.

Sual: Cənab prezident, birinci sualım belədir: Sizin fikrinizcə, Azərbaycan Avropa Şurasına nə vaxt daxil olacaq? İkincisi, Siz mətbuat konfransında dediniz ki, Azərbaycan ümid edir ki, bu ilin sonunadək Qarabağ probleminin həllində müəyyən irəliləyiş ola bilər. Bununla əlaqədar ölkəmizin xarici işlər naziri Ferrero-Valdnerin regionunuza səfərindən real olaraq nə gözləyirsiniz?

Cavab: Mən unutdum, bağışlayın. İyun ayının 28-də Strasburqda Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın Ermənistanla birlikdə, eyni vaxtda Avropa Şurasına qəbul edilməsi haqqında qərar qəbul olunubdur. Parlament Assambleyasındakı Avstriya deputatlarının da hamısı Azərbaycanın qəbul olunmasına əsas veriblər, bizə yardım ediblər. Mən buna görə təşəkkürümü bildirdim.

Ancaq bir mərhələ də var. O da budur ki, Parlament Assambleyasından sonra Avropa Şurasının Nazirlər Komitəsi bu məsələyə baxmalıdır. Ola bilər ki, onlar məsələyə bu ay baxsınlar. Hər halda bizə deyiblər ki, sentyabr ayında Strasburqda, Avropa Şurasında Azərbaycanın bayrağını qaldıracağıq.

İkinci məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bilirsiniz ki, Minsk qrupu 1992-ci ildə yaranıbdır. 1993-cü ildən mən Azərbaycanın prezidentiyəm və o vaxtdan indiyə qədər müxtəlif səviyyələrdə həddən artıq görüşlər keçirilibdir. Məsələn, onu deyə bilərəm ki, ATƏT-in 1994-cü ildə Budapeşt zirvə görüşündə, 1996-cı ildə Lissabon zirvə görüşündə və 1999-cu ilin noyabrında İstanbul zirvə görüşündə bu məsələni ən yüksək səviyyədə müzakirə etmişik.

Biz xatırladıq ki, bütün bu zirvə görüşlərində prezident cənab Klestil də iştirak edib və həmişə Azərbaycanın mövqelərini dəstəkləyibdir. Ancaq məsələ indiyə qədər həll olunmayıbdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqe tutmasıdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə öz üstünlüyünü hiss edir və bundan sui-istifadə edir. Onlar mümkün olmayan, ATƏT-in qərarlarına, beynəlxalq hüquq normalarına zidd olan tələblər irəli sürüblər. Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu verilməsini istəyirlər. Təbiidir ki, bu, mümkün deyildir. Amma onlar bütün başqa təklifləri, - hansılar ki, ATƏT-in zirvə görüşlərində öz əksini tapıb, - qəbul etmirlər.

Sual: Cənab prezident, Siz Azərbaycanın mühüm coğrafi-strateji mövqeyindən danışdınız. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatlarının Azərbaycan nefti ilə bağlı xüsusi coğrafi-strateji maraqları var. Eyni zamanda, Rusiya ABŞ-ın regionda həm iqtisadi, həm də siyasi cəhətdən güclənəcəyindən qorxur. Sizcə, bu baxımdan Dağlıq Qarabağ probleminin, eləcə də digər vacib problemlərin həlli ABŞ-la Rusiya arasında razılıq olmadan mümkündürmü?

Cavab: Mümkün deyildir.

Sual: Siz nikbinsinizmi, bununla razılaşmaq mümkündürmü?

Cavab: Bəli nikbinəm.

Sual: Nə əsasla?

Cavab: Çünki dünyada heç bir münaqişə daimi ola bilməz. Hər bir münaqişənin sonu var. Məsələn, keçən il, nəhayət, Ermənistan prezidenti Robert Koçaryanla Azərbaycan prezidenti arasında bir neçə təkbətək görüş olmuşdur.

Bu görüşlər zamanı hər iki prezident belə fikrə gəlmişdir ki, məsələni həll etmək, çıxış yolu tapmaq üçün hər iki tərəf kompromislərə getməlidir. Əgər biz bu kompromisləri müəyyənləşdirə, iki prezident arasında müəyyən bir razılığa gələ bilsək, onda məsələnin həll olunması asanlaşar. Ancaq siz dediyiniz kimi, gərək böyük dövlətlərin də bu məsələlərə ədalətli münasibəti olsun.

Sual: Cənab prezident, Siz Avstriyada investisiyalar barədə də danışdınız. Siz inanırsınızmı ki, Dağlıq Qarabağ problemi mövcud olduqca, Azərbaycana sərmayə gəlməsi mümkündür?

Cavab: İnanıram, çünki Azərbaycana sərmayələr gəlir. Son beş ildə Azərbaycana 5 milyard dollardan artıq sərmayə gəlibdir. Biz dünyanın 32 böyük neft şirkəti ilə - bunlar 14 ölkəni təmsil edir - böyük müqavilələr imzalamışıq. Bu müqavilələrin icra müddəti 30 ildir. Amma hesab edirəm ki, bu müqavilələr XXI əsrin axırınadək və bəlkə sonra da davam edəcəkdir.

Bizim imzaladığımız bu müqavilələrə görə Azərbaycana 60 milyard dollar investisiya gəlməlidir. Əgər həmin ölkələr və dünyanın böyük neft şirkətləri arxayın olmasaydılar, təbiidir ki, Azərbaycana gəlməz, müqavilələri imzalamaz və böyük sərmayə də qoymazdılar.

Sual: Mən bildiyimə görə, 5 milyard dollar sərmayənin 3 milyard dolları neft sektoruna cəlb olunmuşdur. Eyni zamanda, Sizin dediklərinizdən belə başa düşdüm ki, Azərbaycan təkcə neft sektoruna deyil, qeyri-neft sektoruna da investisiyaların cəlb edilməsinə çalışır. Məsələn, turizm sektoruna və digər sahələrə investisiya qoyula bilər. Ona görə də soruşmaq istərdim: Ermənistanla Azərbaycan arasında hər hansı sülh sazişi imzalanmasa, digər sahələrə güclü investisiya axını mümkündürmü?

Cavab: Siz rəqəmləri dəqiq deyirsiniz: 3 milyard dollar neft sektoruna, 2 milyard dollar da qeyri-neft sektoruna gəlibdir. Əgər bu qısa müddətdə qeyri-neft sektoruna 2 milyard dollar sərmayə gəlibsə, demək, bundan sonra da gələcəkdir. Çünki bizim qeyri-neft sektorunda da çox cəlbedici sahələr var. Onlardan biri də turizmdir, siz bunu çox doğru dediniz.

Sual: Cənab prezident, mən planlaşdırılan neft kəməri haqqında sual vermək istəyirəm. Çərçivə sazişi imzalanmışdır. Lakin şübhələr var ki, əgər regionda vəziyyət sabitləşməsə, ABŞ sərmayəçiləri bu kəmərin çəkilməsinə vəsait ayırmayacaqlar. Siz isə dediniz ki, ola bilsin, bu kəmər üç-dörd il ərzində tikilib istifadəyə verilsin. Bu o deməkdirmi ki, əgər vəziyyət sabitləşməsə də, üç-dörd ildən sonra neft kəmərindən istifadə etmək olar.

Cavab: Bilirsiniz, indi iki neft kəməri işləyir: Bakı-Novorossiysk, Bakı-Supsa. Bu, birincisi. İkincisi, əgər Amerikanın, yaxud da Avropanın neft şirkətləri gəlib sərmayə qoyublarsa, neft yataqlarında iş görür və neft hasil edirlərsə, indi böyük qaz yataqları da aşkar olunmuşdur, - axı, bunu ixrac etməli, dünya bazarlarına çıxarmalıdırlar.

Bunun üçün də, təbiidir ki, artıq bizim müqavilə imzaladığımız Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlanmalıdır. Bilirsiniz ki, biz müqaviləni imzalamışıq və üç dövlətin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin parlamentləri bunu ratifikasiya ediblər.

Yəni, əgər xarici şirkətlər bunun inşasına başlamasalar, onda nəyə görə neft hasilatını artırmaq üçün geniş işlər görürlər? Bakı-Tbilisi-Ceyhan neft kəməri dünyada müzakirə mövzusuna çevrilibdir. Ola bilər, bəziləri real vəziyyəti bilmədiklərinə görə səhv fikirlər irəli sürürlər. Bəziləri isə, sadəcə, bu layihənin əleyhinə olduqlarına görə belə fikirlər söyləyirlər.

Amma sizə həqiqəti mən deyirəm, - bu məsələni mən bildiyim qədər heç kəs bilmir.

Sual: Bu kəmərin inşasına Ermənistanın cəlb olunması mümkündürmü? Çünki iqtisadiyyatı zəif olan Ermənistan buna cəlb edildiyi halda nə isə qazana bilər.

Cavab: İndi mümkün deyildir. Biz vaxtilə Ermənistana təklif etmişdik ki, neft kəməri Türkiyənin ərazisinə oradan keçsin. Biz bunu münaqişənin həll olunması üçün bir vasitə hesab edirik. Amma onlar razı olmadılar. İndi onlar "oyundankənar" vəziyyətdədirlər.

Sual: Siz şəxsi həyatınıza əsaslanaraq, Rusiyanın yeni seçilmiş prezidentinin siyasətini necə qiymətləndirirsiniz? O, özünün bəyan etdiyi kimi, həqiqətən güclü prezident ola biləcək, ya yox? Keçmiş Dövlət Təhlükəsizliyi Komitəsindəki həmkarları bəzi məsələlərdə ona kömək edə bilərlərmi?

Cavab: Bilirsiniz, son illər Rusiyada prezident çox zəifləmişdi. Yeltsin, demək olar ki, prezidentlik etmirdi. Ona görə cəmiyyət ölkəyə layiq prezident istəyirdi. Təbiidir, Rusiya elə bir ölkədir ki, orada insanlar, əhalinin əksəriyyəti istəyir ki, prezident güclü olsun. Yeltsindən sonra Putin meydana çıxdı və birinci addımları ölkədə tezliklə onun üçün populyarlıq yaratdı.

Jurnalist: Onun ilk addımları müharibə oldu.

Heydər Əliyev: Siz müharibə deyirsiniz, amma o, belə hesab edir ki, dövlətini möhkəmləndirir. Buna görə də əhalinin əksəriyyəti onu dəstəklədi. Rusiyanın bu həqiqətini bilmək lazımdır. Bəzən siz Qərbdə elə hesab edirsiniz ki, hər yerdə belə olmalıdır. Amma hər ölkənin öz xüsusiyyəti, hər xalqın öz mentaliteti var.

Jurnalist: Amma hər yerdə əsgərlər ölür.

Heydər Əliyev: Təbiidir, - harada ki, müharibə gedir, əsgərlər ölür. Biz istəyirdikmi Azərbaycanın əsgərləri ölsünlər? Biz istəyirdikmi Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunsun? Biz istəyirdikmi bir milyondan artıq vətəndaşımız qaçqın olsun və 7-8 ildir çadırlarda yaşasın? Biz bunu istəmirdik və bunun günahkarı deyilik. Amma Ermənistan bunu etdi. Ermənistan bu münaqişəni başlayanda Ermənistan da, Azərbaycan da hələ SSRİ-nin tərkibində idi. Ancaq güclü SSRİ hökuməti və şəxsən Qorbaçov bu münaqişənin qarşısını almadılar.

SSRİ dağılandan, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra da bu münaqişənin qarşısının alınması üçün, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün heç bir dövlət bütün beynəlxalq təşkilatlarda təsirli iş görmədi.

1992-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğal olunması ilə əlaqədar dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə göstərilirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Amma Ermənistan bunu etmədi, qətnamələri yerinə yetirmədi.

1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə bir qərar qəbul olundu. Bu, bizim üçün o qədər də əlverişli qərar deyildi, ancaq məsələnin sülh yolu ilə həllini müəyyən qədər təmin edirdi. ATƏT-in 54 üzvündən 53-ü bu qərarın lehinə səs verdi, təkcə Ermənistan buna etiraz etdi. Amma bu qərar da kağız üzərində qaldı və ATƏT heç bir şey etmədi ki, həmin qərar yerinə yetirilsin.

ATƏT-in Minsk qrupunun həmsədrləri üç böyük dövlətdir: Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Amma onlar indiyə qədər məsələni həll etmirlər. Nəinki həll etmirlər, hətta Ermənistanı Azərbaycana qarşı təcavüzkar kimi qiymətləndirmirlər.

Halbuki bu, hərbi təcavüzdür. Yəni silahlı qüvvələr müharibə edib, qonşu dövlətin - Azərbaycanın torpaqlarını işğal ediblər, işğal olunmuş torpaqlardan bir milyon azərbaycanlını zorla çıxarıblar. Bu, hərbi təcavüzdür. Hərbi təcavüzün buynuzu olmaz ki! Beynəlxalq hüquq normalarına görə, bu, hərbi təcavüzdür. Amma ATƏT bunu hərbi təcavüz kimi qiymətləndirmir. Ona görə də ədalət yoxdur.

Azərbaycanda bu qədər qan töküldü, insanlar qırıldı, amma bir dənə böyük dövlət, Avropa dövləti Azərbaycanın hüquqlarını qorumadı. Yaxud, indi bizim bir milyondan artıq vətəndaşımız çadırlarda ağır vəziyyətdə yaşayır, onların hüquqları tapdalanıbdır. Bir dövlət demir ki, onların hüquqları tapdalanıbdır.

Mən müharibənin, insanların qırılmasının tərəfdarı deyiləm. Ona görə də altı il bundan öncə, 1994-cü ildə Ermənistanla atəşin dayandırılması haqqında saziş imzalamışıq. Amma Azərbaycana qarşı ədalətsizlik də bizi incitmişdir.

Sual: Mən Putinlə bağlı suala bir daha qayıtmaq istərdim. Siz uzun müddət Rusiyada işləmisiniz, zəngin siyasi təcrübəniz var. Ona görə də soruşmaq istərdik: hazırda Rusiya Çeçenistanda apardığı müharibəni antiterror əməliyyatı kimi qiymətləndirir. Əslində isə bu, müharibədir, orada insanlar həlak olurlar. Sizcə, bunu müdafiə etmək mümkündürmü?

Cavab: Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini müdafiə etmək mümkündürmü? Mümkündürmü?

Jurnalist: Bunun mənə dəxli yoxdur.

Heydər Əliyev: Necə yəni dəxli yoxdur? Siz mənə sual verirsiniz. Niyə dünyada ikili standart var? Siz bir yerə ciddi maraq göstərirsiniz... Mən bunun əleyhinə deyiləm. Mən Çeçenistanda gedən müharibəni müdafiə etmirəm. Ancaq Avropada və bütün dünyada ikili standartın olmasından narazıyam.

Jurnalist: Mən nə Ermənistanın, nə də Rusiyanın təcavüzünü dəstəkləmirəm, sadəcə, müharibənin əleyhinəyəm.

Heydər Əliyev: Onda mən səninlə razıyam və xahiş edirəm, Ermənistanın təcavüzünə də Rusiyanın təcavüzü kimi qiymət verəsiniz.

Sual: Cənab prezident, Siz dediniz ki, həmkarınız Koçaryanla apardığınız danışıqlarda bəzi kompromislər barədə razılığa gəlmisiniz. Bunları açıqlaya bilərdinizmi?

Cavab: Yox, indi bunu açıqlamağa ehtiyac yoxdur. Çünki biz bu kompromisləri gərək tam razılaşdıraq. Gərək Minsk qrupu ilə başqası ilə razılaşdırıla. Qarşıda hələ çox işlər var.

Sual: Hazırda ATƏT-də sədrlik edən Avstriya Ermənistanın konstruktiv mövqe tutması üçün nə edə bilər?

Cavab: Bunu ATƏT-in sədrindən soruşun.

Sual: Siz ondan nə gözləyirsiniz?

Cavab: Mən onunla çox ətraflı danışdım. Sizin xarici işlər naziri çox gözəl bir qadındır. Amma eyni zamanda ağıllı qadındır. Güman edirəm, o, nəsə edə bilər. Bəzən qadınlar kişilərdən çox iş görə bilirlər.

Sual: İstərdim Putinlə bağlı suala bir daha qayıdam. Siz inanırsınızmı ki, Putin öz mövqeyini gücləndirəcək, güclü prezident olacaq və sizin regionda daimi, davamlı sülhə və əmin-amanlığa nail ola biləcəksiniz?

Cavab: Bilirsiniz, bunlar elə suallardır ki, birmənalı cavab vermək olmaz. Soruşursunuz ki, güclü prezident olacaq, Rusiyanı qaldıracaq, məsələləri həll edəcəkmi? Mən bunları arzu edirəm. Hesab edirəm, indiyə qədər gördüklərim məndə elə təəssürat yaradıb ki, prezident Putin belə keyfiyyətlərə malikdir. Sizin suallarınızın cavabını gələcək göstərəcəkdir.

Mənim protokolumdakı vaxt qurtardı. Sizinlə söhbət etmək mənim üçün xoşdur. Görürsünüz ki, suallarınıza da çox açıq cavab verirəm. Mənimlə söhbətdən razı qaldınızmı?

Jurnalistlər: Əlbəttə, çox sağ olun.

"Azərbaycan" qəzeti, 9 iyul 2000-ci il