Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında nitqi - Respublika sarayı, 31 avqust 1998-ci il


Əziz dostlar!

Xanımlar və cənablar!

Güman edirəm, bu görüş həm sizin üçün, həm də mənim üçün tarixi bir görüşdür. Biz çox illər bundan əvvəl bu möhtəşəm sarayda, salonda dəfələrlə görüşmüşük. Ancaq həmin görüşlər sonra kəsilmişdir və böyük fasilədən sonra biz bir daha görüşürük.

Mən çox həyəcanlıyam və eyni zamanda böyük sevinc hissi keçirirəm. Çünki, bugünkü - 1998-ci ildəki bu toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsası qoyulmuş görüşlərin nəticəsidir. Mən həmin görüşlərin təşəbbüskarı, təşkilatçısı olmuşam. Bu görüşlər, o vaxt görülmüş həmin işlər barədə və bunların sizin hər birinizin taleyində oynadığı rol haqqında burada kifayət qədər deyildi. Mən ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoyduğum xeyirxah işin gözəl bəhrələrini görürəm.

Əziz dostlar, siz artıq böyümüş, kişi olmusunuz. Vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar - siz ötən illərdə böyük həyat yolu keçmisiniz, formalaşmısınız, püxtələşmisiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsiniz. Bunların hamısının əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm.

Mən sizi səmimi qəlbdən salamlayıram, bu gözəl, məzmunlu görüş münasibətilə təbrik edirəm. Hər birinizə cansağlığı arzu edirəm və gələcək işlərinizdə böyük uğurlar diləyirəm.

Mən 16 il bundan əvvəl - 1982-ci ilin avqust ayının ya 29-da, ya da 30-da bu salonda Azərbaycandan kənarda olan ali məktəblərə göndərilən gənclərlə son görüşü keçirmişdim. Bilirsiniz ki, mən ondan sonra Moskvaya işə dəvət olundum, orada çalışdım. Mənim həyatımın sonrakı səhifələri də sizə məlumdur. Nəhayət, 1993-cü ildə yenidən Bakıya gəldim. Son görüşümüzdən 16 il keçibdir. Düzü, mən belə görüşlər üçün çox darıxmışdım. Çünki o vaxt, o illər bu görüşlər artıq ənənəyə çevrilmişdi. Burada danışan gənc qızlardan biri dedi ki, Heydər Əliyev 1974-cü ildən başlayaraq respublikadan kənara gedən tələbələrlə görüşürdü. Yəqin bir balaca dəqiqsizliyə yol verildi. Mən həmin tələbələrlə ilk dəfə 1969-cu ildə görüşmüşdüm. Ancaq ola bilər ki, bu səhvin də əsası vardır. Çünki mən 1969-cu ildə görüşərkən nə bu saray, nə bu salon var idi, nə də görüşmək üçün bu qədər adam var idi.

Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumata malik idim. Ona görə də bizim təhsilin nailiyyətlərini də, qüsurlarını, nöqsanlarını da bilirdim. Şübhəsiz ki, respublikanın başçısı kimi məsuliyyətimi də dərk edirdim. Ona görə də mən birinci növbədə təhsil məsələlərinə ciddi fikir verdim.

Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikanın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən maraqlandım ki, bəs nə üçün bu qədər azdır? Çünki respublikamız geniş inkişaf yoluna başlamışdı və iqtisadiyyatımızın bir çox sahələrində mütəxəssislər çatışmırdı, bizim ali məktəblərimizdə də belə mütəxəssislər hazırlanmırdı. Yəni o vaxt respublikamızda belə fakültələr, kafedralar yox idi. Buna çox böyük ehtiyac var idi. Soruşdum ki, bəs nə üçün 50 nəfərlik yer ayrılıb? Mənə məlumat verdilər ki, respublikamıza hər il 50 nəfərlik limit verirlər. Ona görə də biz bundan artıq bir şey edə bilmərik. Onda mən maraqlandım ki, respublikadankənar ali məktəblərə kimlər gedir və nə yolla gedir?

Bu, müsabiqədənkənar qəbuldur. Demək, o vaxtkı mərkəzi şəhərlərin, yəni Moskva, Leninqrad və başqa şəhərlərin ali məktəblərinə qəbulun hamısı müsabiqə əsasında keçirdi. Müttəfiq respublikalara bəzi ixtisaslar üzrə mütəxəssislər hazırlanması üçün kadrlara güzəşt edərək, onlara müsabiqədən kənar limit verilirdi. Məsələn, Azərbaycana 50 nəfərlik limit verilmişdi.

Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim və bu məsələ ilə ciddi məşğul olmağın lazım gəldiyini bir daha dərk etdim. Çünki, birincisi, avqustun sonları idi, sentyabrın 1-də dərslər başlanmalı idi, amma hələ 50 nəfər toplaya bilməmişdilər. İkincisi, siyahıya baxanda gördüm ki, təyin olunmuş namizədlərin içərisində azərbaycanlılar azlıq təşkil edirlər, çoxluğu isə başqa millətlərdən olan gənclər təşkil edirlər. Yenə də maraqlandım ki, nə üçün belədir? Mənə məlumat verdilər ki, bilirsiniz, indi artıq Azərbaycanda ali məktəblər çoxdur, valideynlər öz övladlarını respublikadan kənara göndərmək istəmirlər. Ona görə də kim istəyirsə onu göndəririk. Beləliklə, milli tərkib bu cür olubdur.

Şübhəsiz ki, əgər biz respublikamızın gələcəyi haqqında həqiqətən düşünürdüksə, bu vəziyyət məsələyə səthi, bəlkə də biganə münasibətdən irəli gəlirdi.

Həmin il, 1969-cu il avqustun sonunda mən ilk dəfə sayı 50 nəfərdən az olan gənclərlə o vaxt işlədiyim iş yerindəki kiçik bir salonda görüşdüm, danışdım, onlara öz tövsiyələrimi verdim. Ancaq bu, mənim üçün də böyük bir siqnal oldu ki, bu işlə məşğul olmaq, həm də çox ciddi məşğul olmaq lazımdır.

Mən bu işlə məşğul oldum. Həmin sahədə o vaxt əldə olunmuş göstəricilər haqqında sizə dedilər. Mən bu mövzuya sonra bir daha qayıdacağam. Ancaq onu da aydınlaşdırmaq istəyirəm ki, bu iş, bu təşəbbüs yalnız və yalnız ondan irəli gəlirdi ki, mən istəyirdim biz özümüzün, ölkəmizin, respublikamızın ali təhsil ocaqlarının, eyni zamanda o vaxt yaşadığımız ölkənin mərkəzi və daha yüksək səviyyəli ali məktəblərinin imkanlarından səmərəli istifadə edərək Azərbaycanın gələcəyi üçün lazım olan kadrlar hazırlayaq. Bu təşəbbüsün doğulmasının səbəbi və məqsədi bundan ibarət olmuşdur.

Bilirsiniz ki, ümumiyyətlə, Azərbaycan xalqı həmişə biliyə, elmə böyük maraq göstərmiş xalqdır. Çoxəsrlik tariximizdə xalqımız bəşər mədəniyyətinə, elminə böyük töhfələr vermiş, xalqımızın içərisində böyümüş görkəmli alimlər, ixtiraçılar, şairlər, yazıçılar dünya mədəniyyətini, elmini öz əsərləri ilə zənginləşdirmişlər.

Ancaq bununla yanaşı, orta əsrlərdə, hətta XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan əhalisinin əksəriyyəti savadsız idi. XX əsr bütün dünya üçün, o cümlədən Azərbaycan üçün tarixi hadisələr və böyük dəyişikliklər əsri olmuşdur. Azərbaycan xalqı, ölkəmiz üçün də XX əsrin çox ağrılı-acılı, faciəli səhifələri də, eyni zamanda xalqımıza böyük nailiyyətlər gətirmiş, onu yüksəltmiş gözəl səhifələri də vardır. XX əsrdə Azərbaycan xalqının əldə etdiyi böyük nailiyyətlərdən biri də xalqın savadsızlığının ləğv olunması və xalqın maariflənməsi olmuşdur.

Bu gün biz fəxr edə bilərik ki, regionumuza mənsub olan başqa ölkələrlə müqayisədə xalqımızın bilik, savad, elm, mədəniyyət səviyyəsi bir çoxundan yüksəkdir. Birincisi, bu, xalqımızın istedadlı xalq olduğunu bir daha nümayiş etdirir, qədim dövrlərdən indiyə qədər xalqımızın içində zəkalı, elm və təhsil ilə məşğul olan mütəfəkkir insanların olması ilə bağlıdır. Şübhəsiz ki, bunlarla yanaşı, XX əsrin 20-30-cu illərindən sonra Azərbaycanda kütləvi surətdə təhsil müəssisələrinin yaranması və bunun nəticəsində xalqımızın maariflənməsi, savadsızlığın ləğv edilməsi ilə bağlıdır. Bu, böyük nailiyyətdir. Biz bununla fəxr edə bilərik və fəxr də etməliyik.

1919-cu ildə Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti yaranmışdır. Bakı Dövlət Universiteti Azərbaycanda ali məktəblərin yaranmasının bünövrəsini qoymuşdur. Ondan sonra bir sıra ali məktəblər yaranmış və onların vasitəsilə biz Azərbaycanda ölkəmizə lazım olan kadrların hazırlanmasına nail ola bilmişik.

1970-ci illərdə Azərbaycanda 17 ali məktəb - universitet, institut fəaliyyət göstərirdi, 100 mindən artıq gənc ali məktəblərdə təhsil alırdı. Məhz bunların nəticəsində bu gün Azərbaycanın böyük kadr potensialı - ali təhsilli kadr, böyük elm, intellektual potensialı vardır. Bunlar hamısı əvvəlki dövrün, illərin, onilliklərin nəticəsində mümkün olmuşdur.

Beləliklə, biz 1969-cu ildə azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması işləri ilə ciddi məşğul olarkən ölkəmizdə ali məktəblər də var idi, kadrlar da hazırlayırdıq. Ancaq nə üçün bu sahəyə belə ciddi fikir verdik və bunu böyük bir iş etdik? Nə üçün bununla çox ciddi məşğul olduq və nə üçün onunla bilavasitə Azərbaycanın birinci rəhbəri məşğul olurdu?

Yenə də deyirəm, birincisi, ona görə ki, bizə bir çox ixtisaslar üzrə mütəxəssislər lazım idi, onlar Azərbaycanın ali məktəblərində hazırlana bilmirdi. İkincisi, şəxsən mən bu təşəbbüsü göstərərkən Azərbaycan gənclərini öz çərçivəsindən çıxıb dünyaya daha geniş baxış etmək yoluna salmaq istəyirdim.

Keçmiş dövrlərdə də Azərbaycanda istedadlı gənclərin başqa ölkələrdə təhsil almaq ənənəsi olmuşdur. Orta əsrlərdə Azərbaycanda zəkalı, istedadlı gənclər adətən İranda, İraqda, Türkiyədə, Misirdə və başqa Şərq ölkələrində təhsil alırdılar. Amma onlar çox az idilər və şübhəsiz ki, onlar ali təhsil alıb, böyük biliyə malik olub öz istedadları, zəkaları ilə Azərbaycan xalqının tarixində əks olunmuş dəyərli əsərlər yaratmışdılar. Ancaq onlar xalqımızın savadsızlığının aradan götürülməsinə, maariflənməsinə böyük təsir etməmişlər.

XIX əsrdə, XX əsrin əvvəllərində Azərbaycanda imkanlı insanlar öz övladlarını təhsil almaq üçün Rusiya, Avropa ölkələrinə göndərirdilər. Onların bir çoxu yüksək təhsil alaraq gəlib Azərbaycanda öz xalqına xidmət edirdi.

XIX əsrin sonu, XX əsrin əvvəllərində, hətta 1939-cu, 1940-cı, 1950-ci illərə qədər yaşamış, yaratmış bir çox mütəxəssislərimiz, alimlərimiz, mühəndislərimiz və başqa sahələrdən olan mütəxəssislər məhz əvvəlki dövrlərdə Rusiyada, Avropa ölkələrində təhsil almış və Azərbaycana qayıtmış azərbaycanlılar da Bakı Dövlət Universitetinin yaranmasında və fəaliyyət göstərməsində fəal iştirak etmişlər.

Həmin illərdə, o dövrdə bəzi imkanlı adamlar xeyriyyəçilik fəaliyyəti göstərərək ayrı-ayrı gənc, istedadlı azərbaycanlıları Rusiyaya, Avropa ölkələrinə təhsil almağa göndərmişdilər. Onlardan bir çoxlarının adları məlumdur. 1918-ci ildə Azərbaycanda ilk Xalq Cümhuriyyəti yaranan zaman onun qurucularının bir çoxu, o cümlədən Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov məhz Moskvada, Sankt-Peterburqda yüksək təhsil almış insanlar idilər. Amma o vaxt da mütəxəssislər çatmırdı. İlk Xalq Cümhuriyyəti hökumətinin tərkibinə azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri - ruslar, polyaklar, yəhudilər də cəlb olunmuşdular. Çünki müəyyən ixtisaslara malik olan ali təhsilli insanlar lazım idi.

Yəni bu ənənə keçmişdə də - orta əsrlərdə də, XIX əsrdə, XX əsrin əvvəllərində də olmuşdur. Bu ənənə Azərbaycan xalqına həmişə xeyir gətirmişdir. 1969-1970-ci illərdə mən bu təşəbbüsü irəli sürərək və bunu inadla, ardıcıl surətdə həyata keçirərək, bir də onu əsas tuturdum və hiss edirdim ki, təxminən 1940-1950-ci illərdə respublikamızda ali məktəblər yaranandan sonra Azərbaycan ictimaiyyətində yalnız öz respublikasında, öz şəhərlərində yaşamaq, təhsil almaq meylləri əvvəlki dövrə nisbətən müəyyən qədər artmışdır. Şəxsən mən belə bir meyllə razı deyildim.

Bilirsiniz, əgər insan bir kənddə doğulursa və ömrü boyu həmin kənddə yaşayırsa, yaxud bir qəsəbədə doğulursa, həmin qəsəbədə ömrü boyu yaşayırsa, yaxud bir şəhərdə doğulursa və ömrü boyu o şəhərdə yaşayırsa, təhsil almaq, işləmək üçün başqa bir yerə getmirsə, nə qədər kitab oxusa da, başqa vəsaitlərdən istifadə etsə də onun dünyagörüşü o çərçivədən çox kənara çıxa bilməz. Ancaq insan öz baxış dairəsini nə qədər genişləndirərsə, öz ölkəsindən, şəhərindən, kəndindən çıxıb başqa ölkələrdə, şəhərlərdə olanları nə qədər görüb-götürürsə və öyrənirsə, insan daha da zənginləşir. Bax, o illər mən bu prinsipi nəzərə alırdım.

Şübhəsiz, bizim gənclərin əksəriyyəti Azərbaycanın çox yüksək səviyyəli ali məktəblərində təhsil alırlar, - o vaxt da, indi də təhsil alırlar və bizim ali məktəblərimiz çox dəyərli kadrlar hazırlamışdır. Həmin kadrlarımız indi müstəqil Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərirlər və ölkəmizin inkişafını təmin edirlər. Amma bununla bərabər, Azərbaycandan kənarda olan ali məktəblərin imkanlarından istifadə edib, beləliklə, respublikamızda verilən biliklərlə Moskvada, Leninqradda, Kiyevdə, başqa şəhərlərdə verilən bilikləri bir-birinə bağlamaqla biz həm ali təhsilimizin, həm də elmimizin, həm iqtisadiyyatımızın, həm də mədəniyyətimizin müxtəlif sahələri üçün daha da yüksək səviyyəli kadrların hazırlanmasına nail olurduq.

Bu gün burada çıxış edənlər və buraya toplaşanlar artıq bunu əyani surətdə sübut ediblər. Ona görə də mənim bunu sübut etməyimə ehtiyac yoxdur. Mən sadəcə, bu məsələnin başlanğıcında bu təşəbbüs üçün olan əsasları, prinsipləri sizə bir daha çatdırıram.

Bir məsələ də vardır. Azərbaycanda təhsil alanların əksəriyyəti Azərbaycan dilində təhsil alır. Doğrudur, Azərbaycanda rus bölməsi də olmuşdur. Ancaq o vaxtlar bizə Sovetlər İttifaqı məkanında xalqımızın səviyyəsini artırmaq üçün rus dilində təhsil alan kadrlar da lazım idi. O illərdə Azərbaycandan kənara göndərilən tələbələrin hamısı, şübhəsiz ki, rus dilində təhsil alırdı.

Beləliklə, biz doğma ana dilimizdəki təhsillə o vaxt çərçivəsində yaşadığımız Sovet İttifaqının hakim dili olan rus dilini birləşdirirdik. Bu da təbiidir ki, respublikamızda bir çox sahələr üzrə Azərbaycan dilində ədəbiyyat, lazımi təhsil vasitələri yox idi. Bir çox elmi jurnalları, kitabları o vaxt yalnız rus dilində oxuyub öyrənmək mümkün idi. Ona görə də Moskva, Leninqrad və başqa şəhərlərin institutlarında, universitetlərində hazırlanan kadrlar respublikamızda elmi ədəbiyyatın çatışmazlığı sahəsində olan boşluğu da müəyyən qədər doldururdular.

Sonra mən bu işi başladım genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışam. Bu, nədən ibarətdir? 1969-cu ildə biz respublikadan kənara oxumağa heç 50 nəfər də göndərmədik, 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bunu ilbəil artırdıq. Nəhayət, biz 1975-ci ildə gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə hər il 800-900 nəfər gənci respublikadan kənar ali məktəblərə göndərirdik.

Ali təhsil sahəsində işləyənlər bilirlər - hər bir ali məktəbin illik qəbulu 700-800 nəfər olur. Beləliklə, əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz, Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq.

Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə biz Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq. Burada doğru deyildi ki, buna da çox qısqanclıqla yanaşırdılar. Doğrudur, biz bu işə çox vaxt sərf etdik. Amma bu gün elə bir gündür ki, hamı hər şeyi bilməlidir. Bu, asan bir iş deyildi. Məsələn, 50 nəfərlik limiti 100 nəfərə qaldırmaq üçün mən nə qədər danışıqlar aparmalı oldum. Ondan sonra bunu 200, 300, 400 etmək asan deyildi. Bu danışıqlar sadə danışıqlar deyildi. Mən bu barədə təkliflərimi Sovet hökumətinin ən yüksək nöqtəsinə qədər verirdim və hər il artımı təmin edirdim, buna da nail olurdum.

Onu da bilməlisiniz - məsələn, mən 1976-1980-ci illəri götürürəm - o illərdə müttəfiq respublikalardan yalnız Qazaxıstana 400 nəfərlik limit verilmişdi. Başqa respublikalara 100-150 nəfərdən artıq limit verilmirdi. Ona görə verilmirdi ki, onlara, necə deyərlər, pis baxırdılar, sadəcə, belə təşəbbüs göstərilmirdi. Başqa respublikalarda vaxtilə bizdə olduğu kimi, hesab edirdilər ki, hər bir respublikanın ərazisində istənilən qədər ali məktəb vardır, kim harada istəyirsə oxusun, niyə bunun üçün özümüzə əlavə iş yaradaq, bu işlə məşğul olaq... Lakin bizim təşəbbüsümüzlə Azərbaycandan Sovet İttifaqının yüksək ali məktəblərinə - Moskvada, Leninqradda və başqa şəhərlərdə olan ali məktəblərə göndərilən tələbələrin sayı bütün digər respublikalardan göndərilən tələbələrin sayından artıq idi.

Mən bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Bu da ondan ibarətdir ki, məsələn, 17-18 yaşında olan azərbaycanlı gənc üçün Moskva Dövlət Universitetində müsabiqədən keçmək çətin idi. Onlardan bəzilərinin biliyi çatmırdı, digərlərinin isə dil bilməməsi çətinlik törədir. Olan-olub, keçən-keçib, indi açıq demək lazımdır ki, xalqımıza, millətimizə qarşı ayrı-ayrı şəxslər tərəfindən o vaxt mənfi münasibət var idi. İmkan vermirdilər ki, azərbaycanlılar bu universitetlərə girsinlər. Belə hallar da var idi.

Ancaq biz nəyə nail olduq? Məsələn, vaxtilə Moskva Universitetində təhsil almış adamlardan neçə nəfəri burada çıxış etdi. Onlar Moskva Dövlət Universitetinə daxil olmaq üçün müsabiqədən keçirdilər. Onlar burada müsabiqədən keçəndən sonra artıq Moskva Universitetinə qəbul olunmuş hesab edilirdilər. Eləcə də Leninqrad və digər şəhərlərin universitetlərinə qəbul belə idi.

Bəziləri rus dilini yaxşı bilmirdilər ona görə də biz qəbulu öz respublikamızda keçirməklə bu dil çətinliyini də aradan götürdük. Beləliklə, bu gün açıq demək lazımdır - doğrudur, bunlar tarixdə qalıbdır - bu 800-900 nəfər adam ali məktəblərə müəyyən güzəştlərlə qəbul olunurdu. Güzəşt də ondan ibarət idi ki, onlar müsabiqədən həmin universitetlər, institutlar çərçivəsində yox, Azərbaycanda keçirdilər. Məsələn, abituriyentlər müsabiqədən texniki sahələr üzrə Politexnik, yaxud Neft-Kimya institutlarında, başqa sahələr üzrə Azərbaycan Dövlət Universitetində keçirdilər. Beləliklə, onlar hər şeyi burada edirdilər, avqust ayının axırınadək bütün sənədlər hazır olurdu. Avqustun 28, 29 və ya 30-da biz adətən buraya toplaşırdıq.

Burada doğru deyildi ki, mən həmin tələbələri ilk dəfə bu salona 1974-cü ildə dəvət etdim. Çünki onların sayı artdı. Onlar artıq əvvəlki illərdə görüş keçirdiyimiz salonlara yerləşmirdilər. Ona görə də mən onları bu salona dəvət etdim. Bir də bilirsiniz ki, bu saray da 1972-ci ilin dekabrında tikilibdir. 1972-ci ilin dekabr ayına qədər bu saray da yox idi. Beləliklə, 1974-cü ildən biz görüşləri bu salonda keçirdik.

Bilirsiniz, həmin görüşlər mənim üçün çox əziz idi. Mən sizə bildirmək istəyirəm, - bəzən avqustun sonunda mən Bakıda olmurdum: ya iş üçün harasa gedirdim, yaxud da - o illər bəzən olurdu - mən yalnız avqust ayının ikinci yarısında 10-15 gün istirahətə gedə bilirdim. Bir neçə dəfə elə olubdur ki, mən istirahətə təzəcə getmişəm, aradan bir həftə, yaxud 10 gün keçibdir, hələ bir az da istirahət etmək lazımdır, ancaq məlumat almışam ki, avqustun 28-də, ya da 29-da görüş var.

İstirahəti də, hər şeyi də buraxaraq görüşə gəlmişəm.

1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, mən tələbələrlə görüş keçirməyim. Bunun ən böyük nəticələrindən biri də nə idi? Məsələn, o vaxt Moskvada oxuyan tələbələrlə MXAT teatrının binasında keçirdiyimiz görüş barədə burada kiçik bir kinoxronika göstərdilər. Mən onu xatırladım. Bəli, o vaxtlar mən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində tələbələrlə bir neçə dəfə görüşmüşdüm. Ancaq onların sayı artdı, daimi nümayəndəlikdə görüş keçirmək imkanı olmadı. Bilmirəm, 1977-ci il, yoxsa 1978-ci il idi, ola bilər, 1979-cu il idi, - mən xahiş etdim ki, görüş keçirmək üçün bir salon götürək. Biz danışıb Moskvada MXAT teatrını götürdük, tələbələr oraya toplaşdılar. Mən oraya getdim. Ölkənin çox yüksək vəzifəli şəxsləri - SSRİ-nin təhsil naziri və yüksək vəzifəli başqa şəxsləri də oraya gəldilər. Biz orada görüş keçirdik, danışdıq.

Məsələn, orada bir hadisə mənim yadımdadır. Bir gənc - Moskva Dövlət Universitetinin 4-cü kursunda oxuyan bir tələbə çıxış edirdi. Həmin gənc özü deyirdi ki, Cəbrayıl rayonundandır. Mənim xatirimdədir, danışırdı, - indi burada çıxış edən o fermer də dedi ki, kəndli ailəsindən, kasıb bir ailədən olmuş bir adamdır, - həmin teatrda çıxış edən gənc də deyirdi ki, kasıb ailədən olubdur, indi gəlib Moskva Universitetinin riyaziyyat fakültəsinin 4-cü kursunda yaxşı qiymətlərlə oxuyur. O, rus dilində yaxşı danışırdı. Kənd məktəbini bitirmişdi və müsabiqədən keçəndə riyaziyyatdan yaxşı cavab vermişdi, amma rus dilini bilmirdi. Ancaq gedib Moskva Universitetində dörd il oxuduğu, orada yaşadığı vaxt rus dilini mükəmməl mənimsəmişdi və həmin dildə çox səlis danışırdı. O cümlədən Ukraynaya, Rusiyanın vilayətlərinə oxumağa gedənlər xalqımıza məxsus olan mədəniyyəti, adət-ənənələri qoruyub saxlayaraq, eyni zamanda, Rusiyanın, Ukraynanın, Özbəkistanın, Latviyanın, Litvanın, o vaxtkı başqa respublikaların adət-ənənələrini, oradakı əhval-ruhiyyəni də öyrənir, bunlardan özləri üçün maraqlı olanları götürürdülər.

Mən sizə dedim ki, 1969-cu ildə respublikadan kənara oxumağa göndərilənlərin siyahısına baxanda gördüm ki, onların əksəriyyəti azərbaycanlı deyildir. Sonrakı illərdə də, bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən 2-3 ildən sonra hər il respublikadan kənara oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum.

Yaxud, bir xüsusiyyəti də deyim. Hər şey göz qabağındadır, açıq demək lazımdır. 1969-cu ildən sonra mən təkcə bu iş üçün yox, Azərbaycanın ali təhsil sistemində ədalətin təmin olunması üçün də çoxlu tədbirlər gördüm. Düzdür, sonralar bunların bəziləri pozuldu. Hətta bəzilərinə görə sonralar mənə irad tutdular ki, nə üçün Heydər Əliyev bu cür sərt qərarlar qəbul etmişdir. Ancaq bunlar o dövr üçün lazım idi. Mən istəyirdim ki, hər bir azərbaycanlı gənc atasının, anasının kimliyindən, ailəsinin maddi vəziyyətinшn səviyyəsindən asılı olmayaraq, əgər istedadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin.

Ancaq mən nə ilə rastlaşdım? Vəzifəli, yaxud imkanlı şəxslərin hamısının övladları ali məktəblərə daxil olurdu, amma kasıb insanların, vəzifəsi olmayan çoxlu valideynin uşaqları ali məktəbə daxil ola bilmirdi. Xatirinizdədir, biz bu məsələlərlə o illər çox məşğul olurduq. Nəhayət, bir neçə ildən sonra mən buna nail oldum ki, Azərbaycanda ali məktəblərə - deyə bilmərəm tamamilə, əksərən, çünki o vaxt bəzən ədalətsizliklər baş verirdi - gənclərin əksəriyyəti ədalətli qəbul edilsin.

İndi bəzən ayrı-ayrı mütəxəssislərlə rastlaşıram. Deyirlər ki, məhz Sizin o vaxtkı siyasətiniz nəticəsində heç kəsi olmayan, atası-anası kasıb bir adam kimi mən gəlib filan ali məktəbə girdim, təhsil aldım və sairə. Mənə deyirlər ki, bunlar hamısı Sizin siyasətiniz nəticəsində olubdur. Bilirsiniz, mənim üçün bundan artıq mükafat ola bilməz. Mən belə xeyirxah işlər çox görmüşəm.

Azərbaycandan kənarda oxumağa göndərilənlərin arasında da birinci illərdə xüsusən valideynləri vəzifədə olanların, yaxud da ki, imkanlı adamların uşaqları çox idi. Amma sonralar mən ona nail oldum ki, həmin gənclər bütün təbəqələri təmsil etsinlər. Mən xüsusən ona nail oldum ki, həmin gənclər valideynlərinin heç bir vəzifəsi olmayanlar arasından seçilsin və burada istedad əsas meyar kimi götürülsün, başqa bir şey meyara çevrilməsin.

Xatirinizdədir, o vaxt mən qərar qəbul etmişdim ki, hüquq fakültəsinə rəhbər vəzifəli adamların və hüquq-mühafizə orqanlarında işləyənlərin övladları qəbul olunmasın. Doğrudur, mən istefaya gedəndən sonra, Moskvada yaşayanda bu barədə məni günahlandırırdılar ki, Heydər Əliyev kiminsə hüquqlarını pozubdur. O vaxt mən heç kəsin hüququnu pozmamışdım. Mən, sadəcə, o axının qarşısını alırdım. Çünki əgər hüquq-mühafizə orqanlarında çalışanlar da, onların övladları da orada işləyəcəksə, onda axı başqa adamlara yer qalmayacaqdır. Axı belə şey olmaz.

Bilirsiniz, siz öz taleyinizdə də görmüsünüz ki, mən həmişə, bizim loru dildə deyildiyi kimi, kasıb- kusubun təəssübkeşi olmuşam. Mən həmişə belə olmuşam.

Sizin bu alqışlarınız onu göstərir ki, doğrudan da bu belə olubdur. Yəqin ki, sizin əksəriyyətiniz də onlardansınız, ona görə də belə alqışlayırsınız.

Əziz dostlar, bax, beləliklə o illər biz böyük iş başlamışıq və indi də onun gözəl nəticələrini görürük. Doğrusu, mən bu gün sizin hamınızı burada öz doğma övladlarım kimi görürəm. Mən bir dəfə bunu demişəm, o illər sizlərin - hər il respublikadankənar ali məktəblərə qəbul olunanların siyahısından bir neçə nüsxəlik böyük bir kitab düzəldirdilər. Həmin kitablardan birini də gətirib mənə verirdilər. Mən o kitabları o vaxtdan indiyədək öz şəxsi kitabxanamda, arxivimdə saxlayıram. Çünki bu iş mənim üçün o qədər əziz olubdur ki, bəzən işləmədiyim zaman, Moskvada yaşayarkən çox darıxırdım, kitab, qəzet, jurnal oxuyurdum, bəzən də kitab rəfindən onu çıxarıb vərəqləyirdim ki, bax, bu filankəsdir, atası, anası budur, yaşı filandır, filan rayondandır. Onların heç birisini şəxsən tanımıram. Amma bütün bunları oxuyurdum. Çünki orada hər birinin valideyni də, valideynin hansı vəzifədə işlədiyi də yazılmışdı. Mən bunları oxuyub təsəlli alırdım ki, düzdür, indi işləmirəm, mənə qarşı belə ədalətsizlik var, amma mən bu işləri görmüşəm və həmin adamlar məni heçə vaxt unutmayacaqlar, mənim zəhmətimi qiymətləndirəcəklər.

Məhz bunlara görə də mən sizə, təkcə sizə yox, ümumiyyətlə, o vaxt bu salondan təhsil almağa göndərdiyimiz və tövsiyələrimi, sözlərimi dediyim gənclərin hamısına, o cümlədən sizə bir doğma övladım kimi baxıram. Mən bu gün çox böyük iftixar hissi keçirirəm ki, siz artıq böyümüsünüz. Burada danışırdınız, 17 yaşınız var idi. İndi 17-nin üstünə 20-25 də qoy, gör neçə olur. Yaşınız da artıbdır. İş yaşda deyildir, iş ondadır ki, sizin hər biriniz cəmiyyətdə öz yerinizi tutmusunuz, alimlik dərəcəsi almısınız, böyük mütəxəssis olmusunuz, işləyirsiniz. Ailə qurmusunuz, ailəniz, övladlarınız vardır. Siz bu gün müstəqil Azərbaycana lazımsınız, gərəklisiniz. Demək, o illər biz müstəqil Azərbaycanın bu günü üçün işlər görmüşük və bu da öz nəticəsini veribdir.

Müdafiə nazirliyinin nümayəndəsi burada çıxış etdi, o illərdə ali hərbi məktəblərə elə bu cür münasibətlə azərbaycanlıların göndərilməsi barədə də məlumatlar verdi. Güman edirəm ki, bu məktəbləri bitirənlərlə mənim ayrıca görüşüm olacaqdır. O, rəqəmləri dedi, mən bunları təkrar etmək istəmirəm. Bəli, o illərdə mən Azərbaycanda təhsilin, respublikamızda ali məktəblərin işini təkmilləşdirmək yolunda həddindən artıq çalışarkən, Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən və Azərbaycan gənclərinin o vaxtlar Sovetlər İttifaqının çoxsaylı ali hərbi məktəblərinə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm.

O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər.

O vaxt gəlib çatdı. Azərbaycan artıq öz dövlət müstəqilliyinin 7-ci ilini yaşayır. Son beş ildə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənib, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi inkişaf edir. Azərbaycan demokratiya, bazar iqtisadiyyatı yolu ilə gedir. Azərbaycan Dünya Birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dünya miqyasında hörməti qalxıb, ölkəmiz tanınıb və Azərbaycan müstəqillik yolu ilə bundan sonra da gedəcəkdir.

Əziz dostlar, siz Azərbaycanın bu müstəqillik yolu ilə getməsində fəal iştirak edirsiniz və bundan sonra da iştirak etməlisiniz. Bəli, indi müstəqil Azərbaycana gənc, yüksək bilikli, ali elmi dərəcələri olan kadrlar, yaxşı mütəxəssislər lazımdır. Onlar Azərbaycanda çoxdur, siz də onların bir hissəsiniz. Ancaq sizinlə birlikdə bizim vəzifəmiz ondan ibarətdir ki, bax, bu çoxsaylı kadrların içərisindən ən istedadlılarını, bacarıqlıları seçib, çox məsul vəzifələrə təyin edib Azərbaycanın müstəqilliyini daha sürətlə inkişaf etdirək.

Mən vaxtilə apardığım işlərin bəhrəsini görürəm. Mən o vaxt sizi təhsil almaq üçün göndərmişəm. Bu gün belə hesab edirəm ki, mən və ümumiyyətlə, bizim hamımız - indi hakimiyyətdə olanlar sizin imkanlarınızdan, biliyinizdən, bacarığınızdan, istedadınızdan istifadə etməliyik. Biz sizdən kadr kimi səmərəli istifadə etməliyik.

İndi burada danışanlar dedilər, - biri elmlə məşğuldur, digəri ali məktəbdə dərs deyir, başqa işlə məşğuldur. Yəni hərə öz yerini tapıbdır. Ancaq sizlərdən dövlət işləri ilə məşğul olmaq istəyənlər, - ümumiyyətlə, bu gənc kadrlardan olan insanlar, - əgər istəsələr müraciət etməlidirlər. Mən tapşıracağam ki, bu müraciətlər qeydə alınsın. Kimin dövlət işində işləyib, indi Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək istəyi, arzusu varsa, mən sizlərdən - azərbaycanlı kadrlardan istifadə olunmasını çox vacib hesab edirəm.

Əziz dostlar, dedim ki, bu gün mənim üçün çox həyəcanlı bir gündür. Mən 16 ildən sonra sizinlə bir daha görüşürəm. Güman edirəm ki, mənim sizə olan səmimi hissiyyatlarımı və məhəbbətimi hiss edirsiniz. Çünki əgər mən bu iş üçün çalışmışamsa və o, nəticə veribsə, bu mənim üçün doğma, əziz işdir. Siz də mənim üçün doğmasınız, əzizsiniz.

Mən hesab edirəm ki, biz bundan sonra da Azərbaycan təhsilini inkişaf etdirməliyik və kadrlar hazırlamaq üçün müxtəlif imkanlardan istifadə etməliyik. Təhsil naziri məlumat verdi ki, islahatların layihələri hazırlanıbdır. Mən qısa bir müddətdə bu layihələrə baxacağam və onların həyata keçirilməsi təmin olunacaqdır.

İndi bizdə dövlət ali məktəbləri ilə bərabər özəl ali məktəblər də yaranıbdır. Mən çox arzu edərdim ki, həm dövlət ali məktəbləri, həm də özəl ali məktəblər birinci növbədə gənclərə təhsil verməyi və yüksək təhsil verməyi öz qarşılarında vəzifə kimi qoysunlar. Təəssüf ki, bəziləri bu özəl məktəbləri qazanc məqsədi ilə yaradırlar. Bu yolverilməzdir. Təhsildən heç vaxt qazanc kimi istifadə etmək olmaz. Doğrudur, indi biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Özəl, pullu, yəni ödənişli təhsil sahələri genişlənir və genişlənəcəkdir.

Ancaq eyni zamanda dövlət ali məktəblərini də qoruyub saxlayacağıq. Çünki lazımdır ki, pulu, ödəmək imkanı olmayan hər bir istedadlı Azərbaycan övladı, Azərbaycan gənci ali təhsil almaq hüququ ala bilsin və ona layiq ola bilsin. Mən çox arzu edərdim ki, həm dövlət universitetləri, ali məktəbləri, həm də özəl ali məktəblər təhsilin keyfiyyətinə xüsusi fikir versinlər və indiki bu çətinliklərə baxmayaraq, - bilirəm, maddi, sosial çətinliklər var, - təhsilin səviyyəsini və müəllim adını yüksək saxlasınlar.

Mən eşitmişəm ki, sentyabr ayında Azərbaycanda müəllimlərin qurultayı keçiriləcəkdir. Müəllimlər buna hazırlaşırlar. Güman edirəm, orada müəllimlər qarşısında söhbət aparılacaq, əgər imkan olsa, mən də iştirak edəcəyəm. Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Orta məktəb olsun, yaxud ali məktəb, fərqi yoxdur, hamısında təhsil verən müəllimdir. Ona görə həyatımda ən çox sevdiyim adamlar mənim müəllimlərim olubdur. Mənə ilk təhsil verən, birinci sinifdən başlayaraq təhsil verən müəllimlərin hamısını böyük minnətdarlıqla xatırlayıram və bu fürsətdən istifadə edib müəllim peşəsinə bir daha yüksək hörmət-ehtiramımı bildirirəm. Sizə tövsiyə edirəm ki, müəllim adını həmişə yüksək tutasınız.

Təhsil naziri burada məlumat verdi ki, indi xarici ölkələrdə 3 minə qədər azərbaycanlı oxuyur. Bu vasitədən bundan sonra da səmərəli istifadə etmək lazımdır. Şübhəsiz ki, bu sahədə həm dövlət proqramı olmalıdır, həm də insanlar öz imkanlarından istifadə edərək övladlarını təhsil almaq üçün ayrı-ayrı ölkələrə göndərirlər, yaxud gənclər cürbəcür sponsorlar tapıb təhsil alırlar. Bunlar indinin tələblərinə, dövrün şəraitinə görə mümkün olan vasitələrdir və hamısından istifadə etmək lazımdır.

Bir sözlə, Azərbaycanın ali məktəblərinin, təhsil sisteminin səviyyəsini qaldırmalıyıq. Eyni zamanda dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik.

Təhsil almış və indi ayrı-ayrı ölkələrdə yer seçmiş, yaşayan dostlarımız da burada iştirak edirlər və çıxış etdilər. Azərbaycana qayıtmadıqlarına görə onların heç birinə iradım yoxdur. O vaxt onları göndərəndə də hesab edirdim ki, bir qismi təhsilini qurtarandan sonra ayrı-ayrı şəhərlərdə qalacaqdır, - ya aspiranturada, ya da doktoranturada təhsilini davam etdirmək üçün, yaxud hansısa evlənərək, özünə ailə quracaq, ya da başqa səbəbdən qalacaqdır. Bu təbiidir və mən bunu normal, Azərbaycanın bu günü üçün çox xeyirli hesab edirəm. Çünki Azərbaycanda kadr çoxdur, onların hamısı gəlsə, yer də olmayacaqdı. Ona görə bir qisminin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərməsi, hesab edirəm ki, respublika üçün də əlverişlidir.

Ancaq onun əsas mənası bundan ibarət deyildir. Əsas mənası ondan ibarətdir ki, onlar Azərbaycanın yüksək intellektə malik olan diasporunu yaradırlar. Bu, bizə çox lazımdır. Biz Sovetlər İttifaqının tərkibində olanda bu barədə o qədər də düşünmürdük. Hesab edirdik ki, Moskvadan başqa millətlərlə bərabər, azərbaycanlının da səsi gəlsin. Nə üçün Moskvada azərbaycanlı olmasın? Nə üçün Leninqradda, Kiyevdə olmasın? Mən bunu çox istəyirdim. Sadəcə, milli qürur hissim məni həmişə buna yönəldirdi. Mən millətimi sevən adamam, o vaxt da sevmişəm, bu gün də sevirəm. Bilirəm ki, mənim millətimdən olan insanlar çox yüksək istedada malikdirlər, onlar üçün sadəcə, şərait yaratmaq lazımdır. Mən bu şəraiti yaratdım və bu şəraitdən səmərəli istifadə edib Rusiyada, Ukraynada, başqa ölkələrdə özlərinə yer tapmış həmvətənlərimizə uğurlar, xoşbəxt həyat arzulayıram. Əminəm ki, beləliklə, ayrı-ayrı ölkələrdə, o cümlədən Rusiyada, Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrdə müstəqil Azərbaycanın diasporu formalaşacaqdır. Bu da müstəqil Azərbaycan üçün böyük dayaq olacaqdır. Bu, bizə lazımdır və buna ehtiyacımızı indi də duyuruq, hiss edirik.

Ancaq indi Azərbaycandan kənarda yaşayan azərbaycanlılara yeganə tövsiyəm var - Azərbaycanı heç vaxt unutmasınlar. Burada çıxış edənlər çox gözəl danışdılar. Bu, məni sevindirdi. Xatirimdədir, o illər burada, bu salonda sizləri yola salarkən mən bir çox tövsiyələr verirdim. Verdiyim tövsiyələrdən biri o idi ki, rus dilini mükəmməl öyrənin. O vaxt rus dilinin öyrənilməsinə ehtiyac var idi, çünki siz həmin ali məktəblərdə yaxşı təhsil almalı idiniz. Təhsil aldınız, öyrəndiniz - bu, sizin qazancınızdır. İnsan nə qədər çox dil bilsə, bir o qədər də zəngin olar. Amma Azərbaycan dilini nəinki unutmayın, müasir Azərbaycan dilini öyrənin. Bütün diasporlarda Azərbaycan dili hökm sürməlidir. Çünki dilini unudan adam, şübhəsiz ki, milli keyfiyyətlərini də xırda-xırda unudur. Buna yol vermək olmaz.

Əziz dostlar, bilirsiniz, bu, 29 illik bir tarixdir. Bu, mənim üçün o qədər əzizdir ki, bu barədə sizinlə saatlarla danışa, keçmişlərdən çox şey deyə bilərəm. Bu gün demədiklərimi, ola bilər, gələcək görüşlərimdə deyəcəyəm. Ancaq hesab edirəm ki, bu, bu gün üçün yetərlidir. Sizinlə görüşməyimdən çox məmnunam. Hamınıza cansağlığı, yeni-yeni uğurlar arzu edirəm. Hesab edirəm ki, siz artıq formalaşmış bir cəmiyyət kimi bir-birinizlə sıx əlaqə saxlamalı və Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanda demokratiyanın inkişafı, bazar iqtisadiyyatının inkişafı üçün öz səylərinizi qoymalısınız. Sizə cansağlığı, bütün işlərinizdə uğurlar arzu edirəm. Sağ olun.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 17-ci cild, səh. 209