Azərbaycan Prezidenti Heydər Əliyevin Polşadakı Azərbaycan icmasının nümayəndələri ilə görüşdə çıxışı - Varşava, 27 avqust 1997-ci il


Mən çox məmnunam ki, azərbaycanlılar başqa ölkələrdə yaşayarkən artıq öz vətənləri haqqında düşünürlər və ona xidmət etməyə çalışırlar. Öz Vətəninə, yəni müstəqil Azərbaycan Respublikasına kiçik bir xidmət edən hər bir soydaşımızı biz Azərbaycanda çox böyük hörmətlə qarşılamağa hazırıq. Çünki indi Azərbaycan müstəqil dövlət kimi bir çox problemlərlə rastlaşır.

Birincisi, bilirsiniz ki, 1988-ci ildə Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımızın bir qismi işğal olunmuşdur. İşğal edilmiş yerlərdən bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb, ağır vəziyyətdə yaşayırlar. Ancaq bu münaqişə başlanandan, təəssüf ki, xarici ölkələrdə ermənilərin təbliğatı çox güclü olduğuna görə, onlar bu hadisələri Azərbaycanın əleyhinə çevirmişdilər. Guya ki, bütün bu işlərdə azərbaycanlılar günahkardırlar, guya onlar erməniləri qırırlar, ermənilərə zülm edirlər, guya azərbaycanlılar erməniləri blokadaya salıblar.

Əslində isə belə deyil. Bilən bilir, amma ermənilər gedib Amerikada, yaxud Fransada, başqa bir ölkədə bu təbliğatı yayırlar. Hətta 1992-ci ilin oktyabrında Amerika konqresində Azərbaycana qarşı bir ədalətsiz qərar qəbul olunub, Amerika Birləşmiş Ştatlarının Azərbaycana hər bir yardımına qadağa qoyulubdur. Ona görə ki, guya Azərbaycan Ermənistanı blokadaya alıb və Dağlıq Qarabağda olan ermənilərin hüququnu pozur. Amma əksinə, ermənilər gəlib Azərbaycanı dağıdıblar, ərazimizin 20 faizini işğal ediblər, bir milyondan artıq vətəndaşımızın hüququ pozulubdur. Bunlar qalıb bir kənarda, amma 1992-ci ilin oktyabrında Amerika Konqresində belə qərar qəbul ediblər. Biz beş ildir çalışırıq, mən Amerikada olduğum zaman bütün görüşlərdə də çalışmışam ki, o qərarı ləğv etdirək.

Son illər gördüyümüz işlər nəticəsində dünyada - beynəlxalq təşkilatlarda, çox ölkələrdə, böyük imkanları olan ölkələrdə fikir dəyişib. Amerika Birləşmiş Ştatlarında fikir tamamilə dəyişibdir. Əgər konqresdə beş il öncə belə bir qərar qəbul ediblərsə, mən orada olarkən 40 nəfərlə - senatorlar, yaxud konqresmenlərlə danışdım, hamısı da deyir ki, bu qərar ədalətsizdir və ləğv olunmalıdır. Bunu Prezident Klinton da, Dövlət katibi Olbrayt da, viztse-prezident Qor da deyibdir.

Bunlar hamısı görülən işlərin nəticəsidir və bu işdə bizə kömək lazımdır. Kömək də odur ki, hər bir ölkədə kim nə edə bilərsə, onu etməlidir. Amma Azərbaycanın həqiqətlərini də çatdırmalıdır.

Polşa bizim üçün uzaq bir ölkədir. Məsafəcə uzaq deyil, amma keçmişdə o qədər də əlaqəmiz olmayıbdır. İndiyə qədər də elə bir geniş əlaqəmiz yoxdur. Amma Polşanın Prezidenti Aleksandr Kvasnevski bir il əvvəl məni buraya rəsmi səfərə dəvət etmiş və bu dəvəti bir neçə dəfə təkrarlamışdı.

Nəhayət, mən dünən gəlmişəm, burada rəsmi səfərdəyəm. Biz dünən çox əhəmiyyətli sənədlər imzalamışıq. Xüsusən iki prezident - Polşa və Azərbaycan prezidentləri - Polşa ilə Azərbaycan arasında dostluq münasibətlərini və əməkdaşlığı inkişaf etdirmək haqqında birgə bəyannamə imzalamışıq. Başqa sənədlər də imzalanıbdır. Bu, indiyə qədər gördüyümüz işlərin nəticəsidir və Polşanı da özümüz üçün böyük bir tərəfdaş hesab edirik. Polşanın da Azərbaycana münasibəti çox yaxşıdır və hesab edirik ki, Polşa Azərbaycan əlaqələrində yeni bir mərhələ açdıq.

Bu yaxınlarda biz Polşaya səfir təyin edəcəyik və Polşa da bu yaxınlarda Azərbaycana öz səfirini təyin edəcəkdir, güman edirəm, əlaqələrimiz inkişaf edəcəkdir.

Bu baxımdan Polşada yaşayan azərbaycanlılar, əlbəttə, yaxşı olar ki, birləşsinlər, bir olsunlar, bir-birinə yardım, kömək etsinlər, eyni zamanda Azərbaycanın həqiqətlərini Polşa ictimaiyyətinə çatdırsınlar.

Mən belə başa düşürəm ki, sən 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar oradan çıxıb buraya gəlmisən. Bildirim ki, 1990-cı ildən 1994-cü ilə qədər yanvar hadisələrinə siyasi qiymət verilməmişdi. Aydındır ki, 1990-cı ildə yanvar hadisələrinə siyasi qiymət verilə bilməzdi, çünki 1990-cı ildə Azərbaycanın başında duran, rəhbərlik edən adamlar yanvar hadisələrinin günahkarları idilər. Onlar buna nə cür siyasi qiymət verə bilərdilər? Bu hadisələri onlar - Vəzirov, Mütəllibov və onların yaxın silahdaşları, həmkarları təşkil etmişdilər.

1992-ci ildə Mütəllibov hakimiyyətdən gedəndən sonra Xalq Cəbhəsi hakimiyyətə gəldi, bir il hakimiyyətdə oldu. Mütəllibov hakimiyyətdə olanda Xalq Cəbhəsi müxalifətdə idi və kommunist rejimini, o cümlədən Mütəllibov rejimini yanvar hadisələrinə görə ittiham edirdi. Ancaq Xalq Cəbhəsi bir il hakimiyyətdə oldu, yanvar hadisələrini qətiyyən müzakirə etmədilər.

Yanvar hadisələrini Azərbaycanın parlamentində ilk dəfə 1994-cü ilin yanvarında şəxsən mənim təşəbbüsümlə müzakirə etdik.

Biz iki ay müzakirə apardıq və nəhayət, yanvar hadisələri ilə əlaqədar çox böyük qərar qəbul etdik və kimin günahkar olduğunu göstərdik. Qeyd etdik ki, bu, Sovet İttifaqının rəhbərliyi, xüsusən Qorbaçov, onun dəstəsi tərəfindən Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdür. Biz buna siyasi qiymət verdik, Qorbaçovu və onun bütün dəstəsini ittiham etdik, Azərbaycanın o vaxtkı rəhbərliyini - Vəzirovu, Mütəllibovu və onlarla birlikdə olan adamları ittiham etdik və cəzalandırdıq.

Yəni siyasi cəza verdik.

Ona görə də o hadisələrdə kim iştirak edibsə, onların heç biri hökumət tərəfindən təqdim olunmur. Odur ki, sən narahat olma, nə vaxt istəsən Azərbaycana gələ bilərsən. Əksinə, biz o vaxtkı hakimiyyəti günahlandırdıq, xalqı günahlandırmadıq. Dünən mən Prezident Kvasnevskiyə də demişəm ki, 1990-cı ilin yanvarında Azərbaycana qarşı böyük bit təcavüz olmuşdur. Bu, xalqımıza qarşı olan təcavüz idi.

Bəlkə də sən bilirsən, ya bilmirsən, - o vaxt mən Moskvada yaşayırdım. O hadisədən sonra yanvarın 21-də Moskvadakı daimi nümayəndəliyimizə getdik. Orada Moskvada yaşayan beş mindən artıq azərbaycanlı yığışmışdı. Biz matəm etdik, böyük mitinq oldu. Mən o vaxt Moskvada ağır vəziyyətdə yaşadığım zaman mitinqdə çıxış etdim, Azərbaycana qarşı bu cür ədalətsiz hərəkət etdiyinə görə kommunist rejimini ittiham etdim. Nəhayət, 1994-cü ildə də öz siyasətimi davam etdirdim və Azərbaycanın parlamenti bu barədə xüsusi qərar qəbul etdi. Biz yanvar faciəsini hər il qeyd edirik, xalqımız bunu heç vaxt unutmayacaqdır. Qanlı yanvar, yanvar faciəsi xalqımızın tarixində həmişə yaşayacaqdır, - Azərbaycan xalqının azadlığa, müstəqilliyə olan cəhdi və eyni zamanda bu cəhdə qarşı edilmiş hərbi təcavüz kimi yaşayacaqdır.

O ki qaldı, - sən deyirsən, 1993-cü ildə Azərbaycana gəlmişdin, - Gəncə hadisələri həqiqətən Azərbaycanda vəziyyəti çox gərginləşdirmişdi və Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. İş təkcə Surətdə, ya Rəhim Qaziyevdə deyildi. Bəs Rəhim Qaziyev kim idi? Rəhim Qaziyev Xalq Cəbhəsinin üzvü idi, onun liderlərindən biri idi. Xalq Cəbhəsinin vaxtında Rəhim Qaziyev Azərbaycanın müdafiə naziri idi. Azərbaycana bədbəxtlik gətirən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasının günahkarlarından biri Rəhim Qaziyev idi.

Surət Hüseynov kim idi? O da Xalq Cəbhəsinin himayəsində böyümüş bir adam idi. Xalq cəbhəsinin hakimiyyəti zamanı - Əbülfəz Elçibəy, İsa Qəmbər hakimiyyəti zamanı Surət Hüseynova milli qəhrəman adı verilmişdi və Qarabağda olan qoşunların hamısı Surət Hüseynova tabe edilmişdi. Amma Surət Hüseynovun nə hərbi təcrübəsi, nə də siyasi təcrübəsi var idi. O, sadəcə bir yun zavodunun müdiri olmuş və qeyri-qanuni zənginləşmiş, heç bir savadı, biliyi, təcrübəsi olmayan adam idi.

Amma təkcə o deyildi. Azərbaycanda bizim mətbuat Lənkəran hadisələrinin dörd illiyini qeyd edir. Nə idi Lənkəran hadisələri? Əlikram Hümbətov da Xalq Cəbhəsi məclisinin üzvü idi. Xalq Cəbhəsi onu böyütmüşdü, Rəhim Qaziyev gətirib onu müdafiə nazirliyində böyük bir idarənin rəisi qoymuşdu. Ona görə də Sovet Ordusu Azərbaycandan çıxıb gedən zaman Lənkəran bölgəsində olan bütün silah-sursat - tanklar, toplar, zirehli maşınlar hamısı Əlikram Hümbətova verilmişdi. 3 min nəfərlik ordu onun sərəncamına verilmişdi. 1993-cü ilin iyununda Gəncədə Surət qalxdı və həmin ayda da Lənkəranda Əlikram Hümbətov qalxdı. Bütün Lənkəran zonasını - yeddi rayonu ələ keçirdi, iki ay o rayonlara hakimlik etdi.

O vaxt, vətəndaş müharibəsi zamanı, Azərbaycanda dövlət böhranı yaranan zaman hakimiyyətdə olan adamlar qaçdılar, istefa verdilər. Məni Bakıya dəvət etdilər. İsa Qəmbərov istefa verdi, 1993-cü il iyunun 15-də məni parlamentə sədr seçdilər. Xahiş etdilər ki, bu vəzifəni üzərimə götürüm.

Əbülfəz Elçibəy iyunun 17-də gecə xəlvətcə Bakını tərk etdi, indiyə qədər dağda, Kələkidə yaşayır. O birisi - İsa Qəmbərov istefa verdi, getdi. Baş nazir Pənah Hüseynov istefa verdi, getdi. Azərbaycan qaldı hakimiyyətsiz. Əlbəttə ki, belə bir hakimiyyətsizlik zamanı öz dəstələri ilə Surət Hüseynov bir tərəfdən, Rəhim Qaziyev, Əlikram Hümbətov bir tərəfdən Azərbaycanda vətəndaş müharibəsinə başladılar. Azərbaycanı parçalamağa başladılar.

Onun üstündən indi dörd il keçir. Bu dörd ildə biz Azərbaycanda addımbaaddım sabitlik yaradırıq. Üç ildən artıqdır ki, Ermənistanla müharibəni dayandırmışıq. Atəşkəs əldə etmişik.

Artıq atəş yoxdur. Qan tökülmür. İnsanlar qırılmır. Danışıqlar aparırıq ki, Azərbaycanın işğal olunmuş torpaqlarını sülh yolu ilə azad edək. Sən deyirsən, çox sevindiniz ki, Rəhim Qaziyevlə Surət Hüseynovu həbs edib Moskvadan gətirdik. Ancaq Surət Hüseynovu doğanlar, dünyaya gətirənlər, yaradanlar Surət Hüseynov, Rəhim Qaziyev elə bir balaca başını qaldıran kimi hökuməti, xalqı özbaşına qoyub qaçdılar!

Elman Mustafazadə: O zaman belələri Xalq Cəbhəsinə soxulmuşdular.

Heydər Əliyev: Bu, bizim işimiz deyil. İş sadəcə ondadır ki, əgər hansısa bir ölkədə kimsə hakimiyyəti ələ alırsa, yaxud onu seçirlərsə, demək, o, xalqın qarşısında məsuliyyət daşıyır. Məsuliyyətini axıra qədər daşımalıdır.

1993-cü ildə mən elə bir ağır vəziyyətdə gəldim. Məni Prezident seçdilər. Həmin Surət Hüseynov sadəcə olaraq qaçıb Moskvaya getməmişdi. 1994-cü ilin oktyabrında o, Azərbaycanda yeni bir çevriliş başladı, bunu unutmusunuz?

Elman Mustafazadə: Biz onun əleyhinə çıxmışdıq.

Heydər Əliyev: Siz əleyhinə çıxdınız-çıxmadınız, bunun əhəmiyyəti yoxdur. İş ondadır ki, mən Surət Hüseynovun o çevrilişinin qarşısını aldım. Surət Hüseynov da ona görə də qaçdı və Moskvada olan havadarları onu gizlətdilər. Biz Rəhim Qaziyevi həbs etdik, amma havadarları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından onu Moskvaya apardılar.

1995-ci ilin martında bunlar hamısı - Moskvada Mütəllibov, Azərbaycanda müxalifətdə olan qüvvələr, o cümlədən Əbülfəz Elçibəyin adamları və müxalifətdə olan başqa adamlar birləşdilər. Bizdə XTPD var idi, ona Rövşən Cavadov başçılıq edirdi, onu qızışdırıb ortaya saldılar ki, hakimiyyəti silahla ələ keçirsin, prezidentə sui-qəsd etsin və hamısı birləşib yeni bir hakimiyyət yaratsınlar. Bunlardan xəbəriniz var? Deyəsən yoxdur?

Elman Mustafazadə: Az-çox var.

Heydər Əliyev: Hə, görürsən, az-çox. Bəs əgər Azərbaycan səni maraqlandırırsa, nə üçün bunu bilmirsən?

Elman Mustafazadə: Bunların hamısı bizi sarsıdır.

Heydər Əliyev: Təkcə sarsıtmamalıdır, bunları bilməlisiniz. Bəli, 1994-cü ilin oktyabrında Surət Hüseynov və onun dəstəsi Rəhim Qaziyevlə birlikdə böyük bir çevriliş cəhdi etdi. 1995-ci ilin martında isə hamısı birləşdi. Orada Surət Hüseynov da Rəhim Qaziyev də, Moskvada oturan Mütəllibov da, Azərbaycanda müxalifətdə olan Xalq Cəbhəsi də, Kələkidə dağda oturan Əbülfəz Elçibəy də və Türkiyənin, Rusiyanın xüsusi xidmət orqanları da var idi. Hamısı birləşdi ki, Azərbaycanı yenidən dağıtsınlar.

Ancaq nə o vaxt, nə də 1994-cü ilin oktyabrında mən hakimiyyəti qoyub heç yerə qaçmadım və televiziya ilə bəyan etdim ki, Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyıram. Ya xalqımı qoruyub saxlayacağam, ya da həlak olmağa hazıram. Canını qurtarıb qaçmaq böyük bir qəhrəmanlıq deyil, qorxaqlıqdır. Hakimiyyətdə olan adam gərək heç vaxt canı haqqında düşünməsin, xalq haqqında düşünsün və əgər lazım olsa, özünü xalqın yolunda şəhid etsin, qurban versin.

Ona görə də əgər Polşada Azərbaycanın həqiqətlərini yaymaq istəyirsinizsə, bax, bunları yayın! Bunları bilmirsinizsə, Azərbaycana gəlin, öyrənin, bunların hamısı Azərbaycanın mətbuatında, televiziyasında var. Bunları edin. Mənim sizə birinci məsləhətim budur.

İkinci məsləhətim. Dediniz ki, bir jurnal, dərgi buraxırsınız. "Dərgi" bizim dilimizdə deyil, xahiş edirəm, Azərbaycan sözlərindən istifadə edin. Dərgi deyirsiniz, adını da "Xudafərin" qoymusunuz. Mən bu gün ona baxmışam. Bunun müstəqil Azərbaycan Respublikasına heç bir xeyri yoxdur. Bu, müstəqil Azərbaycana başdan-ayağa zərərdir. Əgər siz Azərbaycana belə xidmət etmək istəyirsinizsə, deməli, Azərbaycanın əleyhinə yaşayıb-işləyirsiniz. Azərbaycanda olan müxalifət qüvvələrinin bütün yalan, uydurma, böhtan sözləri burada yazılıbdır.

Əziz oğlum, əziz qardaşım, bu, Azərbaycana xidmət deyildir. Bilirsiniz, Azərbaycanın içərisində olanlar Azərbaycandadır. Azərbaycan demokratik hüquqi dövlət qurur. Azərbaycanda demokratiya bərqərar olubdur. Demokratiya olan yerdə müxalifət olmalıdır və müxalifət də var. Azərbaycanda 30-dan artıq siyasi partiya qeydiyyata alınıbdır. Müxalifət qəzetləri var, - Xalq Cəbhəsinin bir neçə qəzeti var, Müsavatın bir neçə qəzeti var, başqa partiyaların qəzetləri var. Hamısı dərc olunur, bunlar müxalifət kimi öz fikirlərini bildirirlər. Əlbəttə, müxalifət iqtidara qarşı öz fikrini bildirməlidir. Amma bu, doğru-düzgün, ədalətli olmalıdır. Böhtan yox! Böhtan yox, yalan yox, uydurma yox, saxtalaşdırma yox!

O ki qaldı Azərbaycandan xaricdə olan təbliğata, burada Azərbaycanın nailiyyətlərini təbliğ etmək lazımdır. Jurnalda yazırsınız ki, Azərbaycan əhalisinin 90 faizi aclıq işindədir. Ayıb deyilmi belə şeylər yazırsınız? Sən deyirsən 1993-cü ildən Azərbaycanda olmamısan, - dörd ildir. Müxalifətdə olan adamlar oradan sənə yalan məlumat göndərirlər, sən də dərc edirsən. Kimə xidmət edirsən, kimə? Bizə belə xidmət lazım deyildir!

Bizə belə cəmiyyət lazım deyildir! Burada yazılan faktlar tamamilə iftiradır, yalandır.

Deyirsən ki, mənim Amerika Birləşmiş Ştatlarına səfərim səni çox sevindirdi. Bu, adi səfər deyildir. Əgər 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayandan Amerikada daim Azərbaycanın əleyhinə təbliğat getmişdisə və əks ictimai fikir yaranmışdısa, dörd ildir ki, biz addımbaaddım bu ictimai fikri dəyişdirməyə çalışmışıq və dəyişdirmişik. Məhz bunun nəticəsidir ki, Amerikanın prezidenti Bill Klinton Azərbaycan prezidentini rəsmi səfərə dəvət edib və Ağ evdə, bütün başqa yerlərdə məni çox böyük hörmət-ehtiramla, təmtəraqla qarşılayıblar. Biz böyük sənədlər imzalamışıq. O cümlədən Amerika Prezidenti Bill Klinton və Azərbaycan Prezidenti Heydər Əliyev Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanat imzalayıblar. Orada yazılıb ki, Azərbaycanda iqtisadi islahatlar keçirilməsində və iqtisadi artımın əldə olunmasındakı nailiyyətləri Amerika Prezidenti alqışlayır və bu nailiyyətlərdə Prezident Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edir. O yazır ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycanın demokratik inkişafında əldə olunan nailiyyətləri alqışlayır, dəstəkləyir.

Bir çox başqa fikirlər də var. Deyərəm, o bəyanatı sənə verərlər, oxu. Bu Amerika Birləşmiş Ştatlarıdır, Amerika Birləşmiş Ştatlarının parlamentidir, senatıdır. Dünyada demokratiyaya ən yüksək qiymət verən bir ölkədir. Təkcə ölkə yox. Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda Beynəlxalq Valyuta Fondu, Dünya Bankı yerləşir. Dünyanın hər bir yerində iqtisadi vəziyyətə, iqtisadi islahatlara ən doğru-düzgün, ədalətli qiymət verən orqandır. Bəli, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanın 1995, 1996, 1997-ci illərdə həyata keçirdiyi iqtisadi islahatlara, əldə etdiyi nailiyyətlərə yüksək qiymət verir.

Mən dünən burada danışırdım. Burada illik inflyasiya 14 faizdir. Əgər iqtisadiyyatdan başınız çıxırsa, bunu bilməlisiniz, - 1994-cü ildə Azərbaycanda inflyasiya 1600 faiz, 1995-ci ildə 84 faiz, 1996-cı ildə 6 faiz olmuşdur. Bu ilin keçən aylarında inflyasiya sıfıra enibdir, burada isə 14 faizdir. Sən başa düşürsən, ya yox? Budur iqtisadi göstərici! Bu göstərici ilə yazmaq olarmı ki, Azərbaycan əhalisinin 90 faizi aclıq içərisindədir? Bunu düşmənlər, Azərbaycanın düşmənləri yazır.

Sən burada İsgəndər Həmidovun haqqında məqalə yazmısan ki, Azərbaycanın həbsxanalarında siyasi məhbuslar var. Hansı siyasi məhbusdur? Surət Hüseynovu, Rəhim Qaziyevi, İsgəndər Həmidovu siyasi məhbus hesab edirsən? İsgəndər Həmidov bir il daxili işlər naziri vəzifəsində olarkən Azərbaycana vurduğu zərbəni heç kəs vurmayıbdır. Cavan oğlan, bunları bilmirsiniz, ona görə də bilmədiyiniz məsələlərdən yazmayın. Müxalifət qüvvələri sadəcə olaraq sizdən istifadə edirlər, sizin əlinizlə Azərbaycanın əleyhinə belə şeylər yazırlar. Mən görürəm. Siz səmimi adamlarsınız, cavan adamlarsınız, amma sizin məlumatınız, biliyiniz, bu barədə təcrübəniz yoxdur. Sizdən sadəcə olaraq alət kimi istifadə edib Azərbaycan haqqında bu cür yalanlar yazırlar.

Bu sözləri Azərbaycanda deyirlər, - qoy desinlər. Onların cavabı verilir və çox vaxt da onların cavabını biz vermirik, xalq verir, görülən işlər, əldə olunan nailiyyətlər verir. İndi Azərbaycan dünyanın bütün ölkələrinin iqtisadi maraq mərkəzinə çevrilibdir. Bəs Amerika Birləşmiş Ştatlarının o qədər neft şirkətləri Azərbaycana nədən ötrü gəliblər? Azərbaycanda siyasi sabitlik, iqtisadi qanunlar, xarici sərmayənin gəlməsi üçün imkanlar olmasaydı, onlar Azərbaycana gələ bilərdilərmi? Onlar bizdən xahiş edirlər, bizə müraciət edirlər.

Amerikanın "Ağ ev"in tarixində belə hadisə olmamışdı - orada Azərbaycanın neft və qaz yataqlarının Amerika şirkətləri ilə müştərək işlənməsi haqqında dörd müqavilə imzalanmışdır. Bu dörd müqaviləyə görə Amerika Birləşmiş Ştatları Azərbaycana 8 milyard dollar sərmayə qoyacaqdır. Ondan əvvəl də müqavilələr imzalanmışdır. Məhz buna görə də mən Prezident Bill Klinton ilə ilk dəfə 1994-cü ilin sentyabrında Nyu-Yorkda görüşdüm. Ondan sonra 1995-ci ildə yenə Nyu-Yorkda görüşdüm. Neçə dəfə beynəlxalq təşkilatlarda görüşmüşük, təkcə onunla yox, vitse-prezident Albert Qor, Dövlət katibi Olbrayt və başqaları ilə də görüşmüşəm. Bunlar hamısı Azərbaycanı yüksək səviyyəyə gətirib çıxarıbdır.

İndi sən isə burada yazılanları yaymaqla, hansı azərbaycanlılar oxuyacaqsa, onlara yalan, böhtan yayacaqsan.

Yenə deyirəm, bunu yazan adamlar bu sözləri Azərbaycanda deyirlər. Onlar Azərbaycanda cavablarını alırlar. Əgər onların milli mənliyi, milli düşüncəsi olsaydı, bu sözləri Azərbaycanda deyərək xaricdə yaymazdılar. Biz bir tərəfdən Azərbaycanın imicini qaldırmağa, hər yerdə ermənilərə qarşı yönəltməyə çalışırıq. Amma daxildə isə müxalifətdə olan qüvvələr sizin kimi sadəlövh adamların əli ilə düşmən qüvvələrə - ermənilərə xidmət edirlər.

Həmin bu sözləri mən Amerika Birləşmiş Ştatlarına səfərə gedərkən eşitmişəm. Elə ki, elan olundu, - Amerikanın Prezidenti Azərbaycanın Prezidenti Heydər Əliyevi dəvət edibdir, Amerikada olan bütün erməni icmaları Prezident Bill Klintona məktub yazdılar və etirazlarını bildirdilər ki, Heydər Əliyevin Amerikaya səfəri ləğv olunsun. Mən Madriddə Bill Klinton ilə görüşdüm. O dedi ki, belə məktublar gəlib, amma onların heç birinin sözünə baxmayacağam, mən sizi səbirsizliklə gözləyirəm.

Bunu mənə Bill Klinton deyibdir.

Amma ermənilər bununla qane olmadılar. Üzərində mənim şəklim və əleyhimə yazılar olan 150 min kart düzəldib ermənilər arasında yaydılar ki, hər bir erməni imzalayıb Klintona göndərsin, fikir yaratsın ki, ermənilər Azərbaycan Prezidentinin əleyhinədirlər. Prezident deyəndə, onlar Azərbaycan xalqının, Azərbaycan Respublikasının əleyhinədirlər. Ermənilər yaydıqları materiallarda, kağızlarda həmin bu sözləri də yaydılar, sizin jurnalda yazdığınız şeylərdə Azərbaycanı günahlandırırlar. Ermənilərlə sizin nə fərqiniz var? Mən Vaşinqtonda olanda onlar yığışıb mənim əleyhimə mitinq keçirmək istədilər, heç bir şey çıxmadı. Ermənilərlə sizin nə fərqiniz? Ona görə də siz ağlınızı başınıza yığın, cavan adamlarsınız, öz işinizlə məşğul olun. Əgər təbliğat işi ilə məşğul olursunuzsa, Azərbaycan dövlətinin, hökumətinin siyasətini, Azərbaycanın nailiyyətlərini təbliğ edin. Amma bu jurnalda başdan-ayağa Azərbaycan ən çirkin vəziyyətdə əks olunubdur. Ona görə buna baxandan sonra mənim köməkçilərim dedilər ki, prezidentin onları qəbul etməsi lazım deyildir. Çünki bu işi görürlərsə, layiq deyillər ki, prezident onları qəbul etsin. Mən isə dedim ki, yox, onları görmək, onlarla tanış olmaq istəyirəm, əgər onlar həqiqətən belə fikirdədirlərsə, qoy olsunlar. Mən onlara öz fikrimi demək istəyirəm. Bəlkə onlar aldanıblar, onları başa salmaq istəyirəm.

Mən sözlərimi sizə dedim. Bir daha deyirəm, bu işləri qurtarın. Əgər belə gedərsə, siz azərbaycanlı adından məhrum olacaqsınız. Əgər bu jurnalı buraxırsınızsa, Azərbaycanı təbliğ edin. Əgər edə bilmirsinizsə, qurtarın bu işləri, gedin ticarətinizlə məşğul olun. Sağ olun.

"Azərbaycan" qəzeti, 29 avqust 1997-ci il