Azərbaycan - Polşa münasibətləri


 

                                                                          

     

  
Münasibətlərin tarixi: Azərbaycan - Polşa münasibətlərinin tarixi XV əsrə gedib çıxır. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. XIX əsrin ortalarında Azərbaycanın qəhrəmanlıq dastanı olan "Koroğlu" polyak Xodzko tərəfindən tərcümə edilərək ingilis və fransız dillərində nəşr olunub. Polyak Ledinski və azərbaycanlı Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk milli ordusunun qərargah rəisi milliyətcə polyak olan general Sulkeviç olub. Birinci dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib. Hazırda təkcə Bakıda iki mindən çox polyak yaşayır.

İkitərəfli siyasi münasibətlər: Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb və 1992-ci il fevralın 21-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 2001-ci ildə Polşanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Polşada səfirliyi təsis edilib.

1997-ci il avqustun 26-28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvətilə bu ölkədə ilk dəfə rəsmi səfərdə olub. Səfər zamanı prezidentlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq aləmdə vəziyyət barədə müzakirələr aparıblar. Azərbaycan - Polşa danışıqlarından sonra prezidentlər Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Səfər zamanı aşağıdakı sənədlər imzalanıb: İki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannamə; ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya; hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol; mədəni və elmi əməkdaşlıq haqqında, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında, mülki hava daşımaları haqqında, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər.

Səfər çərçivəsində Prezident Heydər Əliyev Polşa Seyminin marşalı (sədri) Yuzef Zix ilə də görüşüb. Söhbət zamanı Heydər Əliyev Azərbaycanın Polşanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramındakı mövqeyini yüksək qiymətləndirdiyini və ona Avropada özünün mühüm tərəfdaşı kimi baxdığını bildirib. Azərbaycan Prezidenti Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Polşa Seyminin sədrinə bu barədə ətraflı məlumat verib. O, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, həmçinin, Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu Seym sədrinin diqqətinə çatdırıb.

Sonra Prezident Heydər Əliyev Polşa Ticarət Palatasında ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Görüşdə Prezident Heydər Əliyev nitq söyləyib.

1998 - ci il noyabrın 25-də ATƏT-in o vaxt fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Bronislav Geremek Azərbaycana səfər edib. Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşündə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupunun son təklifləri və Azərbaycan - Polşa münasibətləri müzakirə mövzusu olub. Geremek Heydər Əliyevə ATƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün fəaliyyət göstərəcəyini söyləyib.

1999-cu il oktyabrın 27-29-da Polşa Prezidenti Aleksandr Kavsnevski Azərbaycan Prezidenti Heydər Əliyevin dəvətilə Azərbaycanda ilk rəsmi səfərdə olub.

Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda Heydər Əliyev nitq söyləyib. O, bildirib: "1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair sənədin qəbul olunması məsələsi böyük çətinliklə həll edilərkən, Polşa Azərbaycanı fəal dəstəkləmiş və ATƏT-in bu məsələ barəsində məlum bəyanatına səs vermiş 53 ATƏT ölkəsindən biri olmuşdur". Səfər çərçivəsində Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib. Görüş zamanı ölkələrarası əlaqələr, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq aləm, o cümlədən Qafqazda vəziyyətə, beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. Səfər zamanı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşa Respublikasının Neft və Qaz Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu və Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası Prezidenti Aleksandr Kvasnevskinin Birgə Bəyanatı imzalanıb. Polşa prezidenti Azərbaycan Milli Məclisində olub, deputatlar qarşısında çıxış edib. Bakı Dövlət Universitetində olan Aleksandr Kvasnevskiyə universitetin fəxri doktoru adı və yubiley medalı təqdim edilib.

Azərbaycan-Polşa münasibətləri 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da uğurla inkişaf edib. 2005-ci il martın 30-da Prezident İlham Əliyev Polşa Respublikasına rəsmi səfər edib. Səfər zamanı, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişlə birlikdə 7 sənəd imzalanıb.

2006-cı il mayın 22-23-də GUAM-ın Kiyevdə keçirilən növbəti Sammiti zamanı qonaq qismində Polşa prezidenti Lex Kaçinski də iştirak edib. O, GUAM-ın regional təşkilat kimi genişlənməsində və Azərbaycan da daxil olmaqla təşkilatın digər üzv dövlətləri ilə sıx əlaqələr qurulmasında maraqlı olduğunu bildirib.

2007-ci il martın 30-da isə Polşanın yeni seçilmiş prezidenti Lex Kaçinski Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşündə siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan - Polşa əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Polşa Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi imzalanıb.

2007-ci il iyunun 18-də Polşa Prezidenti Lex Kaçinski Azərbaycana növbəti dəfə GUAM- ın Zirvə görüşündə iştirak etmək üçün gəlib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Lex Kaçinski bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan - Polşa əlaqələrindən danışıb, iki ölkə arasında faydalı əməkdaşlığın genişlənməsində GUAM-ın rolunu vurğulayıb.

2008-ci il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya növbəti səfəri olub. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski arasında görüş olub. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi imzalanıb. Bəyannamədə beynəlxalq məsələlərdə əməkdaşlıq da daxil olmaqla, Azərbaycan və Polşa arasında ümumi maraq kəsb edən sahələrdə ikitərəfli əlaqələr və əməkdaşlığın vəziyyəti və inkişaf istiqamətləri, münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət və riayət əsasında, BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədikləri qeyd edilib.

2008-ci il iyulun 1-də Batumidə keçirilən GUAM-ın sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski arasında görüş keçirilib. Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olunub.

2009-cu il iyulun 2-də Polşa Prezidenti Lex Kaçinski Azərbaycana növbəti rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski "Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi"ni imzalayıblar. Həmçinin, "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşanın "Grupa Lotos" Səhmdar Cəmiyyəti arasında niyyət haqqında Protokol", "Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün əməkdaşlıq cədvəli" imzalanıb.

Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Polşa Respublikasının Prezidenti Lex Kaçinski ölkəmizin ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilib. Polşa Prezidenti Lex Kaçinskinin Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları mətbuat üçün bəyanat veriblər.

İqtisadi əlaqələr: Son illər Azərbaycan - Polşa iqtisadi-ticari əlaqələr sahəsində ciddi uğurlar əldə olunub. 2008-ci ildə iqtisadi münasibətlər tariximizdə ilk dəfə olaraq Azərbaycan müsbət saldoya nail olub və iki ölkə arasındakı mal dövriyyəsi 166,9 milyon ABŞ dollarına çatıb. Azərbaycandan ixrac olunan məhsulun tərkibində neft və neft məhsulları üstünlük təşkil edir. Enerji sahəsində əməkdaşlıqda daböyük perspektivlər gözlənilir. Artıq uzun illərdən bəri əfsanə kimi görünən Bakı-Odessa-Brodı-Plotsk (Qdansk) neft kəmərinin texniki-layihə sənədlərini hazırlamaq üçün "Sarmatiya" konserni yaradılıb. Bu isə Polşanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətinin yaxın illərdə daha da artacağını göstərir.

Mədəni əlaqələr: Azərbaycan - Polşa mədəni əlaqələrinin çoxəsrlik tarixi var. 1827-ci ildə böyük polyak şairi Adam Mitskeviçin "Krım sonetləri"ni fars dilinə azərbaycanlı şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov tərcümə edib. XIX əsr Azərbaycan ədəbiyyatının Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı kimi qüdrətli nümayəndələri Polşa torpağında olublar. Bakıxanovburada silsilə poetik əsərlər və Kopernik təlimini şərh edən "Əsrarül-mələkut" traktatını qələmə alıb. İ.Qutqaşınlının dünyəvi Azərbaycan nəsrinin ilk nümunəsi sayılan "Rəşid bəy və Səadət xanım" povesti də 1835-ci ildə Varşavada işıq üzü görüb.

Azərbaycan memarlığının tarixində polyaklar mühüm rol oynayıblar. Bakı şəhərinin mərkəzindəki bir neçə memarlıq tikililərinin müəllifləri olan mühəndis Qoslavski, Ploşko Azərbaycanda yaxşı tanınırlar. Mühəndis Pototski Xəzər dənizinin şelfində ilk dəfə neft çıxarılmasının layihəsini verib və onun hasil olunmasını təşkil edib.

Azərbaycan - Polşa münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Polşa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması mövqeyindən çıxış edir.

Ümumi tarixi arayış 5 aprel 2010-cu il tarixdə tərtib olunub.