Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondan Bakıya yola düşməzdən əvvəl Rusiya İctimai Televiziyasının (ORT) Böyük Britaniyadakı xüsusi müxbirinə müsahibəsi - 29 sentyabr 2000-ci il


Müxbir: Azərbaycan prezidenti Heydər Əliyev ABŞ-da ürəyində mürəkkəb cərrahiyyə əməliyyatı aparıldıqdan sonra, ötən ilin mayında məhz Londonun "Klaric" mehmanxanasında ilk dəfə televiziya kameraları qarşısında görünmüşdü. Azərbaycan prezidenti Amerikadan qayıdarkən bu dəfə də yolüstü Britaniya paytaxtında dayanmışdır. Azərbaycan prezidenti ABŞ-ın Nyu-York, Vaşinqton şəhərlərində bir sıra işgüzar görüşlər, o cümlədən ölkənin sabiq prezidenti Buşla görüş keçirmişdir. Prezident Heydər Əliyev özünün vəfatı barədə xəbəri də ötən il ürəyində cərrahiyyə əməliyyatının aparıldığı Klivlenddə - əvvəlcədən planlaşdırılmış müayinədə olarkən eşitmişdir.

Heydər Əliyev: Cərrahiyyə əməliyyatından sonra özümü necə hiss etdiyimi müəyyənləşdirmək üçün 3-4 saatlıq müayinə lazım idi. Amma oraya yüksək hərarətlə gəldim. Odur ki, müayinə sonraya qaldı. Məni pnevmoniyadan müalicə etməyə başladılar. Buna görə də orada ləngidim. Amma, gördüyünüz kimi, bəzi yaramaz adamlar var, onlar müxtəlif şayiələr yaymışdılar... Bununla əlaqədar həmin gün çoxlu zənglər oldu, Azərbaycanda böyük narahatlıq yaranmışdı.

Müxbir: Siz bunu təsadüfi səhv hesab edirsiniz, yoxsa bu kimlərəsə sərfəlidir?

Heydər Əliyev: Xeyr, bu, təsadüfi bir səhv deyildir. Biz bunun haradan, necə baş verdiyini araşdıracağıq. Biz bəzi şeyləri bilirik.

Müxbir: Rusiyada belə bir inanc var: kimi ki, səhvən ölmüş hesab edirlər, onun ömrü uzun olur. Bu, Rusiyada özünü doğrultmuş inancdır.

Heydər Əliyev: Elə Azərbaycanda da belə bir inanc var ki, əgər kiminsə haqqında bu cür şayiələr yayırlarsa, deməli, onun ömrü xeyli uzanır. Bilirsinizmi, prinsipcə, mən bu şayiələrə sakit yanaşdım. Ona görə ki, sağlamam, mən sadəcə olaraq, öz xalqıma görə narahat idim. Ümumiyyətlə isə, dedim, qoy düşünsünlər ki, mən o dünyadayam, amma yenə qayıdacağam.

Müxbir: Azərbaycan prezidenti 20 dəqiqəyədək suallara cavab verdi. O, ikitərəfli əlaqələrin inkişafına nikbinliklə baxır və Rusiya prezidentinin Bakıya səfərini gözləyir.

Heydər Əliyev: Mən xəstəxanada olarkən Vladimir Vladimiroviç mənə zəng vurdu. Biz bəzi məsələləri müzakirə etdik, o cümlədən bir daha təsdiqlədik ki, o, noyabrda Azərbaycana rəsmi səfərə gələcəkdir.

Tarixi arayış

MÜSAHİBƏLƏR