Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ dövlət katibinin birinci müavini, ATƏT-in Minsk Konfransının həmsədri Stroub Talbott və Minsk qrupunun həmsədri Linn Pasko ilə görüşdə söhbətindən. Vaşinqton, "Bleyer haus" iqamətgahı, 31 iyul 1997-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli cənab Talbott!

Hörmətli cənablar!

Mən, ilk əvvəl ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə cənab Talbotta minnətdarlığımı bildirirəm. Dərindən inanıram ki, Azərbaycan prezidenti kimi mənim ABŞ-a ilk rəsmi səfərim ölkələrimiz və xalqlarımız arasında münasibətlərin durmadan inkişaf etdirilməsinə güclü təkan verəcəkdir.

Dünyanın qüdrətli dövləti ABŞ-da son illər Azərbaycana xüsusi maraq göstərilməsindən, ölkəmizdə gedən demokratik proseslərin Amerikada izlənməsindən və müdafiə edilməsindən məmnun qaldığımı bildirir və ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Minsk qrupu həmsədrlərinin səylərinin artdığını məmnuniyyətlə qeyd edirəm.

Belə bir mühüm cəhəti də nəzərə çarpdırmağı lazım bilirəm ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabon Zirvə görüşündə qəbul olunmuş üç prinsip bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaxşı əsas yaratmışdır və bu məqsədlə Minsk konfransı həmsədrlərinin irəli sürdükləri təkliflər Azərbaycan tərəfindən ətraflı öyrənilir və bildirirəm ki, biz müharibə istəmirik, problemin danışıqlar vasitəsilə aradan qaldırılmasına xüsusi diqqət yetiririk.

Vurğulayıram ki, Minsk konfransına dünyanın üç nüfuzlu dövlətinin - ABŞ-ın, Rusiyanın, Fransanın həmsədrlik etməsinin böyük əhəmiyyəti vardır. Bu baxımdan prezidentlər Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Denverdə imzaladığı birgə bəyanatı bir daha yüksək qiymətləndirirəm.

Nəzərinizə çatdırıram ki, Rusiyanın Ermənistana qanunsuz olaraq külli miqdarda silah verməsi həm münaqişənin həllinə, həm də bütövlükdə regionda sülhün, sabitliyin bərqərar edilməsinə ciddi əngəllər törədir. Buna görə də ABŞ parlamenti və hökumətinin həmin məsələyə ciddi diqqət yetirməsinin vacibliyini xüsusi olaraq qeyd etmək istərdim.

Mən ABŞ Konqresinin 1992-ci ildə "Azadlığı müdafiə aktı"na qəbul etdiyi ədalətsiz 907-ci düzəliş üzərində xüsusi dayanmağı vacib sayıram. Çətinlikləri onsuz da hesaba gəlməyən, bir milyondan artıq qaçqını olan, ərazisinin 20 faizi Ermənistan ordusu tərəfindən işğal edilmiş Azərbaycan üçün bu düzəliş respublikamızı dövlət xətti ilə hər hansı maliyyə yardımından məhrum etməklə bu çətinlikləri yalnız ağırlaşdırır. Buna görə də düzəlişin aradan qaldırılmasının Azərbaycan üçün ədalətin bərpası və həyati zərurət olduğunu bir daha nəzərinizə çatdırmağı özümə borc bilirəm.

"Azərbaycan" qəzeti, 2 avqust 1997 - ci il