Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun təntənəli açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 12 oktyabr 1999-cu il


Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Əziz naxçıvanlılar!

Əziz ziyalılar!

Mən bu gün Naxçıvan Dövlət Universitetinin müəllim, professor və tələbə kollektivi ilə burada bu görüşümdən həddən ziyadə şadam. Sizin hamınızı səmimi qəlbdən salamlayıram və sizə - Naxçıvan Muxtar Respublikasının ziyalılarına, gənclərinə, tələbələrinə, müəllimlərinə öz hörmət, ehtiramımı bildirirəm.

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədənyiyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur. Naxçıvan həmişə böyük şəxsiyyətlərlə fərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər, şairlər, memarlar, dövlət xadimləri, siyasi xadimlər olmuşlar. Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur. Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının, inkişafının məntiqi nəticəsidir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir. Universitetin yaranma tarixi haqqında burada artıq deyildi. Siz hamınız bunları bilirsiniz. Çox xoşbəxtəm ki, mən - bu universitetin yaranmasının təməlini qoyan insanlardan biri və onun təşəbbüskarı 30 il ondan sonra yenə də buradayam, sizinləyəm, bu universitetin ötən bu müddətdə nə qədər böyüməsini, inkişaf etməsini öz gözlərimlə görürəm.

Naxçıvan Muxtar Respublikasının Yusif Məmmədəliyev adına Dövlət Universitetinin bu günü məni bəlkə sizdən də çox sevindirir. Təbiidir, burada zəhmət çəkmiş hər bir insan, universitet yaranandan burada çalışanlar bu gün öz zəhmətinin bəhrəsini görürlər. Bu universitetdə vaxtilə təhsil alıb, indi müəllimlik edənlər də öz zəhmətlərinin nəticəsini görürlər.

Mən buraya gələrkən universitetin qocaman müəllimləri, professorları ilə görüşdüm. Köhnə dostlarımı - Səfərəli Babayevi, Yunis Qasımovu və başqalarını bir daha gördüm. Mən onları xatırlayıram. Mən nəinki 30 il bundan öncəni, 50 il bundan öncəni də xatırlayıram.

Mən 40-cı illərdə Naxçıvanda işləyərkən həmin bu ali məktəbdə bu gün gənclərə yüksək təhsil verənlərin çoxu mənimlə bir yerdə idilər. Biz Naxçıvanda onlarla bir yerdə çalışırdıq, Naxçıvanı inkişaf etdirmək istəyirdik. Onda biz gənc idik, ancaq əlimizdən gələni edirdik. Biz çox işlər gördük. Naxçıvanın siması nə qədər dəyişilibdir! Bu dəyişikliyin ən gözəl nümunəsi Naxçıvan Muxtar Respublikasının Yusif Məmmədəliyev adına Dövlət Universitetidir.

Yaşlı adamlar bilirlər ki, vaxtilə, keçmişdə bu yer Çar Rusiyasının kazaklarının, ordusunun yerləşdiyi ərazi olubdur. Sonra buradakı binaları 41-ci Naxçıvan sərhəd dəstəsinə vermişdilər. Onlar burada yerləşirdilər. Uşaqlıq illərimi yadıma salıram. Mən hələ gənc ikən bəzən buraya gəlirdim, buradakı rus sərhədçilərinin at çapmalarına, yaxud at üstündə qılınc oynatmalarına baxırdım. Burada bir xəstəxana da var idi. Naxçıvanın mərkəzindən həmin xəstəxanaya gəlmək üçün xeyli yol vermək lazım idi. Biz indi bu yolu avtomobillə tez gəlirik. Ancaq o vaxt piyada gəlib, piyada gedirdik. Bəzən yay vaxtı da buraya gəlib-getmək çox çətin olurdu.

Xatirimdədir, demək olar ki, 8-10 yaşımda mənim burnumdan qan açıldı. Anam nə qədər çalışdısa da ki, bu qanı saxlaya bilmədi. Anam məni yanına aldı, burnumdan qan axa-axa biz burada olan xəstəxanaya piyada gəldik. Buradakı həkimlər mənə kömək etdilər, yoxsa qan məni tamamilə aparırdı. O günlər yadımdadır. Mən bunları nə üçün xatırlayıram? Çünki bu yer keçmişdən, hələ qədim zamanlardan böyük bir məskən olmuşdur. Bura əvvəl rus ordusunun, sonra sovet ordusunun, sovet sərhəd dəstələrinin olmuşdur.

Bu universiteti, sonra isə onun filialını yaradanda fikirləşdik ki, bu, harada yerləşsin. O vaxt o, buradakı binaların bəzilərində yerləşidirildi. Bəli, amma universiteti yerləşdirmək üçün burada olan sərhəd dəstəsini köçürmək lazım idi. Mən təşəbbüs göstərdim. Sərhəd dəstələri binalarının tikilməsinin respublika büdcəsindən keçməməsinə - o vaxt bu, İttifaq budcəsindən keçirdi - baxmayaraq, mənim xüsusi qərarımla Azərbaycan büdcəsindən pul ayrıldı. Mən indi sizə məlum olan yerdə o vaxt sərhəd dəstəsi üçün qərargah, bina tikdirdim, buranı boşaltdırdım və Naxçıvan Dövlət Pedaqoji İnstitutuna verdim.

Ancaq təbiidir ki, yeni yaranmış ali məktəb bu köhnə binalarda çox yaşaya bilməzdi. Ona görə də burada universitet şəhərciyi tikilməsi barədə qərar qəbul etdik. Bu universitet şəhərciyinin baş planı vardır. Buradakı tədris korpusları, yataqxana və bu böyük sahənin hamısı Naxçıvan Dövlət Universitetinə verilibdir.

Şübhəsiz ki, bizim gördüyümüz işlər öz nəticəsini verdi. Naxçıvan Dövlət Universiteti artıq özü üçün müəyyən şərait əldə etdi. Amma biz bununla kifayətlənmədik. Biz universiteti daha da genişləndirmək istəyirdik. Ona görə də bir neçə yeni binanın tikilməsi haqqında qərar qəbul edilmişdir. Bu binaların biri də indi biz açılışına toplaşdığımız binadır.

Bəli, mən istəyirdim ki, bu bina qısa vaxtda tikilsin. Amma sonrakı hadisələr bunların hamısını dağıtdı. Mən 1990-cı ildə Moskvadan yenidən Naxçıvana gələrkən bu işlə dərhal maraqlandım. Ancaq o vaxt elə bir imkanım yox idi. Mən 1991-ci ilin sentyabr ayında naxçıvanlıların iradəsi ilə Naxçıvan Muxtar Respublikasına rəhbər, Ali Məclisə sədr seçildim. O vaxt da bu barədə bir iş görməyə çalışdım. Xatirinizdədir, o zaman sadəcə, lazım idi ki, Naxçıvanda insanlar yaşaya bilsinlər, soyuqdan donmasınlar, elektrik enerjisi, vaxtlı-vaxtında su, ərzaq ala bilsinlər. Çünki o vaxt Ermənistanın blokadası nəticəsində Naxçıvan Azərbaycandan Naxçıvana gələn bütün xətlər - elektrik, qaz xətləri, avtomobil yolları, dəmir yolu kəsilmişdi. Demək, o vaxt yaşamaq uğrunda mübarizə aparmaq lazım idi və biz mübarizə aparırdıq.

İndi qaz haqqında danışanda nə yadıma düşür? Mən Azərbaycanın bütün kəndlərini qazlaşdırdım, o cümlədən, Naxçıvan Muxtar Respublikasına da qaz xətti çəkdirdim. Mən həmin kəməri Dağlıq Qaradağdakı, Sisyandakı hündür dağların başından gətirdib Naxçıvana qaz çəkdirdim və muxtar respublikanın hər yerini qazlaşdırdım.

Mən 1990-cı ildə buraya gələndə Şahbuz rayonundakı Keçili kəndinə getdim. Onda hələ bura qaz gəlirdi. Mən yaşlı adamlarla görüşdüm. Bir yaşlı kişinin o vaxtkı sözü indi yadıma düşür. O dedi ki, oğlum, mən Keçilidə hər gün səhər durub kibriti çəkərək bu qazı yandıranda həmişə sənə dua etmişəm. Bu faktı nə üçün yada salıram? Bəli, o vaxtlar ki, Azərbaycanda, məndə imkanlar var idi, mən həmin imkanlardan tamamilə istifadə edib, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmağa çalışırdım. Ancaq sonra bunların hamısı kəsildi, Naxçıvan qazsız, elektrik enerjisiz, susuz, yolsuz qaldı.

Buna baxmayaraq, mən yenə də universitet haqqında düşünürdüm, əlaqə saxlayırdım. Ancaq o zaman çox iş görməyə imkan yox idi. Lakin mən 1993-cü ildə yenidən Azərbaycana rəhbər seçiləndən sonra Azərbaycanın hər yerinə, hər bir universitetinə, o cümlədən Bakı Dövlət Universitetinə göstərdiyim qayğı kimi, Naxçıvan Muxtar Respublikasının Universitetinə də qayğı göstərməyə başladım. İndi blokada şəraitində yaşayan, yolu olmayan, Bakı ilə ancaq təyyarə vasitəsilə əlaqə saxlayan Naxçıvan belə bir binanın tikilib başa çatmasını təmin edib və burada yeni bir tədris korpusu yaradıbdır. Bu, böyük hadisədir.

Amma bu, son illər Naxçıvanda gedən quruculuq işində yeganə hadisə deyildir. Biz dünən bir Ticarət-Tədris Mərkəzinin binasını açdıq. O, çox gözəl binadır. Bilirsiniz ki, dünən biz vaxtilə mənim təşəbbüsümlə tikintisinə başlanmış böyük məscid binasını da açdıq. İndi Naxçıvanda məktəblər tikilir. Azərbaycanın çox yerlərində məktəblər tikilmir, amma Naxçıvanda tikilir. Muxtar respublikada xəstəxanalar tikilir. Yəni Azərbaycanın başqa bölgələrinə nisbətən Naxçıvanda ən çətin şəraitdə yaşayan insanlar quruculuq işləri ilə məşğul olurlar, zəhmət çəkirlər, fədakarlıq, vətənpərvərlik göstərirlər. Sağ olun.

Güman edirəm ki, bunlar Naxçıvanda quruculuq işlərinin hələ yeni mərhələsidir. Bundan sonra da çox işlər görüləcəkdir. Naxçıvan yaşayıb, yaşayır, Naxçıvan blokada şəraitində əyilməyibdir, dözübdür, bundan sonra da yaşayacaqdır.

Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il bundan öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir. Qonşu ölkələrdən - Türkiyədən, İrandan dünyanın başqa universitetləri ilə elmi, təhsil və başqa əlaqələri vardır. Bunlar hamısı bir daha onu sübut edir ki, Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstərilir, yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir olduqlarını dünyaya həmişə nümayiş etdiriblər.

Əziz dostlar, bu gün Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin yeni təhsil binasının açılışı münasibətilə mən sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, siz bu gözəl binadan universitetdə təhsilin, elmin inkişaf etməsi üçün daha da səmərəli istifadə edəsiniz.

Universitetin professor-müəllim heyətinə ali təhsilin, elmin, mədəniyyətin inkişafında yeni-yeni uğurlar arzulayıram. Universitetin tələbələrinə, Naxçıvan Muxtar Respublikasının bütün tələbələrinə, gənclərinə cansağlığı, yüksək vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram. Naxçıvan gənclərinə hərbi vətənpərvərlik hisslərini daha da yüksəltməyi arzulayıram. Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər.

Biz XXI əsrə qədəm qoyuruq. XXI əsr gənclərin əsridir. Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini, müstəqil Azərbaycanı gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir. Gənclərin vəzifəsi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, elmini inkişaf etdirməkdir.

Ümidvaram ki, Azərbaycanın bugünkü gəncləri, o cümlədən Naxçıvanın gəncləri, Naxçıvan Dövlət Universitetinin tələbələri bunların hamısına qadirdir və biz gələcəkdə onların gözəl işlərinin nəticələrinin şahidi olacağıq.

Mən sizi bir daha təbrik edirəm. Sizin hamınıza cansağlığı, səadət, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 13 oktyabr 1999-cu il.