Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Respublika Sarayı, 10 sentyabr 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Hörmətli alimlər, müəllimlər!

Yusif Məmmədəliyevin 90 illik yubileyi münasibətilə sizi təbrik edirəm, cansağlığı, səadət, Azərbaycan elminə yeni uğurlar arzulayıram.

Yusif Məmmədəliyevin 90 illik yubileyinin respublikamızda geniş miqyasda keçirilməsi, yubileyə həsr olunmuş bu təntənəli mərasim xalqımızın öz tarixində olan hörmətli, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə verilən qiyməti göstərir, xalqımızın, millətimizin Azərbaycan elminə hörmətini göstərir.

Yusif Məmmədəliyev 1905-ci ildə Azərbaycanın gözəl guşələrindən biri Ordubad şəhərində anadan olub, öz fitri istedadı, fədakarlığı, vətənpərvərliyi ilə qısa bir müddətdə dünyada, xalqımızın arasında, respublikamızda görkəmli yer tutub və tarixi şəxsiyyətlərdən birinə çevrilmişdir. Xalqımız Yusif Məmmədəliyev kimi şəxsiyyətlərlə tanınır və fəxr edir. Çünki belə insanlar, şəxsiyyətlər Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, daxili mənəviyyatını dünyaya nümayiş etdirir. Elə bunun özü Yusif Məmmədəliyev kimi şəxsiyyətlərin də xalq qarşısında olan böyük xidmətidir.

Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir. Yusif Məmmədəliyevin elmi fəaliyyəti, alimliyi həm geniş nəzəri xarakter, eyni zamanda çox əməli, tətbiqi xarakter daşıyır. Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur. Yusif Məmmədəliyev məhz belə alim olmuşdur.

Onun elmi axtarışları böyük ixtiralara, yeni elmi konsepsiyaların, əsərlərin yaranmasına gətirib çıxarmışdır. Yusif Məmmədəliyev ixtiraları, elmi tapıntıları, fikirləri Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaratmışdır. O, təkcə Azərbaycanın yox, Sovetlər İttifaqı adlanan böyük ölkənin neft kimyası sənayesində böyük inqilab yaratmış, hadisəyə çevrilmiş və bütün bunlar da neftdən yeni yüksək keyfiyyətli məhsulların istehsal olunub ölkənin istifadəsinə verilməsi kimi əməli nəticəyə gətirib çıxarmışdır. Yusif Məmmədəliyevin alimliyinin, elmi xidmətinin, elmə verdiyi faydanın mənası bundan ibarətdir.

Azərbaycan neft diyarıdır. Bizim alimlərimiz neft sahəsində - neft yataqlarının axtarılması, tapılması, kəşf olunması, neftin hasilatı və xüsusən neftdən, onun emalından məhsullar alınması sahəsində daim işləmişlər. Hesab edirəm ki, bu, sənayenin ən əsas hissəsidir. Çünki yerin altında olan neft təbiətin yaratdığı sərvətdir. Amma neftdən alınan cürbəcür məhsullar, şübhəsiz ki, insanların elmi ixtiralarının, istedadının nəticəsidir. Yusif Məmmədəliyevin nəinki Azərbaycanda, keçmiş Sovetlər İttifaqında, böyük bir ölkədə bu sahədə - neft kimyası sənayesində gördüyü işlər böyük fayda vermişdir, yenə də deyirəm, yüksək qiymət almışdır.

Xüsusən İkinci dünya, Böyük Vətən müharibəsi zamanı, faşizmlə ölüm-dirim mübarizəsi zamanı Azərbaycan neftinin nə qədər əhəmiyyətli və hansı xidmətləri olduğunu bütün dünya artıq bilir, İkinci dünya müharibəsi zamanı - faşist Almaniyası Sovetlər İttifaqına hücum edəndən, Böyük Vətən müharibəsi başlanandan sonra dörd il gedən müharibədə Azərbaycan nefti olmasaydı, faşizm üzərində qələbə çalmağın necə, hansı səviyyədə olacağını demək çətin olardı. O vaxt Sovetlər ölkəsində hasil edilən neftin 70-80 faizi Azərbaycanda, Bakıda çıxarılırdı. Ancaq iş təkcə bu neftin çıxarılması deyildi, əsas məsələ bundan neft məhsulları alınması və o məhsulların keyfiyyəti idi. Bax, bu sahədə Yusif Məmmədəliyevin xidmətləri həddindən artıq qiymətlidir və tarixi əhəmiyyət kəsb edir.

Böyük Vətən müharibəsi zamanı o böyüklükdə ölkənin neft təchizatının 70-80 faizi Azərbaycandan gedirdi. Müharibə aparan motorların - təyyarələrin, tankların, avtomobillərin, zirehli maşınların, cürbəcür digər döyüş texnikasının işləməsi üçün istifadə edilən neft məhsullarının hamısı respublikamızda istehsal olunurdu. Onların keyfiyyətindən çox şey asılı idi. Bəli, bu gün biz tarixdə qeyd edə bilərik ki, o illərdə Azərbaycanda on milyon tondan artıq yüksək keyfiyyətli, yüksək oktanlı benzin istehsal olunub, Vətənin müdafiəsi, müharibənin aparılması üçün göndərilibdir. Bunların hamısı Yusif Məmmədəliyevin icad etdiyi, axtarıb tapdığı, tətbiq etdiyi, elmi nəticələr əsasında olmuşdur. Ona görə də Yusif Məmmədəliyevin elm sahəsindəki xidmətlərini onun təkcə elmi məqalələri, başqa əsərləri ilə yox, bax, bunlarla qiymətləndirmək lazımdır. Yusif Məmmədəliyev həqiqətən, sözün əsl mənasında çoxsahəli fəaliyyəti olan böyük bir alimdir.

Yusif Məmmədəliyev böyük maarifçi olubdur. O, ilk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Ordubadda, Gəncədə, Bakıda, Yerevanda və başqa yerlərdə müəllim işləyib. Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir. Yusif Məmmədəliyev də ilk addımları müəllimliklə atıb. Ancaq onun maarifçiliyi müəllimlik fəaliyyəti ilə bitmir. Bəli, o, Ordubadda, Gəncədə də müəllim olubdur. Ancaq o, Azərbaycan Dövlət Universitetində, Dövlət Neft və Kimya İnstitutunda, başqa institutlarda da, Moskva ali məktəblərində də müəllimlik edibdir. Eyni zamanda o, çox böyük maarifçi olubdur. Azərbaycan maarifinin inkişaf etdirilməsində onun böyük xidmətləri vardır. Onun mühazirələri, tələbələrə verdiyi biliklər, göstərdiyi qayğı Yusif Məmmədəliyevin həqiqi mənada müəllim olduğunu nümayiş etdiribdir. Ona görə də hafizəmizdə, xatirəmizdə o böyük müəllim kimi yaşayır və müəllim kimi də yaşayacaqdır.

Yusif Məmmədəliyev Azərbaycanda elm təşkilatçılığında da böyük rol oynayıbdır. Ayrı-ayrı alimlər öz əsərləri ilə tanınır. Amma elmi təşkil edənlər, elmi inkişaf etdirənlər öz əsərlərindən savayı, xidmətləri ilə də tanınır və qiymətləndirilir. Yusif Məmmədəliyev daim elmin təşkilatçısı olubdur. O, kafedra müdiri olanda da elmin təşkilatçısı olmuş, ətrafına yığdığı adamlara elmi öyrətmişdir.

O, Elmlər Akademiyasının prezidenti, universitetin rektoru işləyərkən də Azərbaycan elminin böyük təşkilatçısı olmuşdur. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası yaranarkən Yusif Məmmədəliyev Elmlər Akademiyasını təsis edən 15 görkəmli şəxsiyyətlərdən biri olubdur. Ona görə də onlar Azərbaycanın ilk akademikləri hesab ediliblər. Mirəsədulla Mirqasımovla, Mustafabəy Topçubaşovla, Səməd Vurğunla, Şirokoqorovla, Yesmanla, Mikayıl Hüseynovla birlikdə Yusif Məmmədəliyev Azərbaycan Elmlər Alademiyasının təsisçisi olmuşdur. Amma eyni zamanda, Elmlər Akademiyası təşkil olunandan cəmi iki il sonra, yəni Azərbaycanda Elmlər Akademiyası ilk addımlarını atmağa başlayarkən Yusif Məmmədəliyev respublika EA-nın prezidenti seçilmiş, prezident kimi çox böyük işlər görmüşdür. Burada onun həyat yolu haqqında danışanlar bu barədə dedilər. Ancaq qeyd etmək istəyirəm ki, indi artıq 50 il yaşı olan Azərbaycan Elmlər Akademiyasının elmi tədqiqat institutlarının əksəriyyəti məhz Yusif Məmmədəliyevin Elmlər Akademiyasının prezidenti işlədiyi zaman təşkil olunubdur. Bax, elmin təşkilatçısı budur. Buna görə də Yusif Məmmədəliyev çox yüksək qiymətə layiq bir alimdir.

Yusif Məmmədəliyev 1947-ci ildən 1950-ci ilə qədər, sonra da 1958-ci ildən 1961-ci ilədək akademiyanın prezidenti olmuşdur. Akademiyanın prezidenti vəzifəsinə bu görkəmli alimin ikinci dəfə dəvət edilməsi onu göstərmişdir ki, Yusif Məmmədəliyev 1950-ci ildə subyektiv səbəblərə görə vəzifədən azad olunmuşdur. O, akademiyanın tərkibində öz işini davam etdirmiş, sonra universitetin rektoru işləmiş və Elmlər Akademiyası Yusif Məmmədəliyevə yenidən ehtiyac duymuşdur. O, 1958-ci ildə Elmlər Akademiyasına prezident seçilmiş və ömrünün sonuna qədər prezident kimi yaşamışdır.

Elmlər Akademiyasının prezidenti, Azərbaycan elminin ən yüksək zirvəsində duran bir alim kimi, şəxs kimi Yusif Məmmədəliyev respublika elminin bütün sahələrinin inkişaf etdirilməsində xidmətlər göstərmişdir. Onun bu xidmətləri unudulmur və bu gün də, gələcəkdə də yad ediləcəkdir.

Dedim ki, Yusif Məmmədəliyev böyük maarifçi olmuşdur. Onun maarifçiliyi görkəmli alimin Azərbaycan Dövlət Universitetinə rektorluq etdiyi zaman özünü ən yüksək səviyyədə, bariz şəkildə göstərmişdir. Yusif Məmmədəliyev Azərbaycan Dövlət Universitetinə rəhbərlik etdiyi zaman çox işlər görmüş, universiteti genişləndirmiş, inkişaf etdirmiş, yeni kafedralar açılmışdır. Ən önəmlisi odur ki, o, universitetin elmi, ümumi mədəni səviyyəsini qaldırmışdır.

Elm xadimi kimi, ictimai-siyasi xadim kimi Azərbaycan elmində görkəmli yer tutan və respublikamızın ziyalıları içərisində çox böyük hörmət qazanan Yusif Məmmədəliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında da əvəzsiz xidmətlər göstərmişdir. O, Üzeyir Hacıbəyovla, Səməd Vurğunla çiyin-çiyinə respublikamızın incəsənətini, mədəniyyətini irəliyə aparmaq üçün çox işlər görmüşdür. O, humanitar sahələrə, elmin mədəniyyətlə, ədəbiyyatla, tarixlə əlaqədar sahələrinə həddindən artıq fikir vermiş və onlarla bilavasitə məşğul olmuşdur. Buna görə də Yusif Məmmədəliyev bir alim kimi bir insan kimi, hərtərəfli yüksək keyfiyyətlərə malik şəxsiyyət kimi tanınmışdır.

Mən Yusif Məmmədəliyevin 41-45-ci illərdəki elmi nailiyyətləri nəticəsində neft kimyası sənayesində baş vermiş böyük dəyişikliklərdən danışdım. Ancaq qeyd etmək istəyirəm ki, Yusif Məmmədəliyevin elmi əsərləri, ixtiraları, qoyduğu elmi iz və yaratdığı elmi-texniki müəssisələr Azərbaycanda sonrakı dövrdə neft kimyası elminin və xüsusən neft kimyası sənayesinin inkişafında əvəzsiz rol oynamışdır. Burada məndən öncə çıxış edən natiqlər bu barədə məlumat verdilər. 70-80-ci illərdə Azərbaycan sənayesində aparıcı və çox böyük əhəmiyyətli sahələrdən biri olan neft kimyası sənayesini biz sürətlə inkişaf etdirməyə nail olduq. Bilindiyi kimi, o vaxtlar Bakıda da, Sumqayıtda da, Azərbaycanın başqa bölgələrində də nəhəng neft kimyası kompleksləri tikildi. Onların əksəriyyəti Yusif Məmmədəliyevin əsərləri, onun qoyduğu elmi irs və onun tələbələrinin əsərləri əsasında yaradılmışdır. Xatirimdədir, 70-ci illərin əvvəllərində mən Azərbaycanda neft emalının tamamilə yenidən qurulmasına dair məsələləri Moskvada qaldırarkən, Azərbaycanda yeni neft kimyası sənayesinin yaranması haqqında təkliflər irəli sürərkən və çox böyük müqaviməti dəf edərək həmin təklifləri həyata keçirməyə nail olarkən respublikada yaranmış elmi-texniki potensiala əsaslanırdım, Azərbaycanda Yusif Məmmədəliyevin və onun tələbələrinin, silahdaşlarının qoyduğu elmi irsə əsaslanırdım və onların nəticəsində Azərbaycan kimyasının, neft kimyasının inkişaf etdirilməsi üçün yeni-yeni böyük sənaye müəssisələrinin yaradılmasına nail olmağa çalışırdım. Biz buna nail olduq.

Bu gün iftixar hissi ilə demək olar ki, biz o vaxt bütün neft emalı sənayesini yenidən yaratdıq, yüksək keyfiyyətə nail olduq, Sumqayıtda müasir tələblərə cavab verən böyük kimya kompleksləri yaratdıq. Bu barədə burada məlumat verildi. Bunların hamısı, bir tərəfdən Azərbaycanın iqtisadi potensialının güclənməsinə, digər tərəfdən isə, Azərbaycan xalqının rifahının yüksəlməsinə gətirib çıxarmışdır. Burada da Yusif Məmmədəliyevin xidmətləri həmişə xatırlanıbdır və biz bunu heç vaxt unutmamışıq, unutmayacağıq da. Bütün bunlara görə də Yusif Məmmədəliyev təkcə Azərbaycanda yox, o vaxtlar keçmiş Sovet İttifaqında da tanınmış böyük alim idi və ölkədə Azərbaycanı layiqincə təmsil etmişdir. 1945-46-cı illərdə Sovet İttifaqının Neft Sənayesi Nazirliyinin elmi-texniki şurası yaradılanda bu şuraya rəhbərlik Yusif Məmmədəliyevə həvalə olunmuşdur. Bu, heç də təsadüfi bir hal deyildi. Amma eyni zamanda bilmək lazımdır ki, bu, adi, bir şey də deyildi. Çünki o zaman, o dövrdə Sovet İttifaqının sənaye sistemində neft sənayesi ən görkəmli yer tuturdu, ən böyük sənaye kompleksi idi. Orada, Moskvada böyük bir dövlətin yüksək sənaye kompleksinin elmi-texniki şurasının rəhbəri Yusif Məmmədəliyevin -azərbaycanlının, Azərbaycan xalqının nümayəndəsinin olması təkcə Yusif Məmmədəliyev üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün iftixar hissi doğururdu. Bunları da heç vaxt unutmaq lazım deyil.

Yusif Məmmədəliyev 1958-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçildi. Bu da Azərbaycan elminin tarixində ilk hadisə idi, yəni ilk azərbaycanlı elə mötəbər elm ocağının üzvü seçildi. Bilirsiniz, zaman dəyişir, bəzən insanlar ayrı-ayrı məsələlərə cürbəcür qiymət vermək istəyirlər. Amma elə məfhumlar var ki, onlar heç vaxt dəyişməyəcəkdir. SSRİ Elmlər Akademiyası 250 il tarixi olan, dünyada ən məşhur Rusiya Elmlər Akademiyasının davamı idi, dünyada tanınmış elm mərkəzi və dünyanın ən tanınmış alimlərinin toplandığı bir yer idi. Bəli, Azərbaycan elmi gənc elmdir. O vaxtlar Azərbaycanda da alimlər vardı. Amma Yusif Məmmədəliyev ilk Azərbaycan alimi idi ki, həmin akademiyanın müxbir üzvü seçildi. Mən heç şübhə etmirəm ki, vaxtsız ölüm onu bizim əlimizdən almasaydı, o, akademiyanın mütləq həqiqi üzvü də olacaqdı, Azərbaycanı elm sahəsində daha yüksək səviyyələrdə də təmsil edəcəkdi.

Dediyim kimi, Yusif Məmmədəliyevin alim kimi, ictimai-siyasi xadim kimi fəaliyyəti çoxşaxəli, çoxsahəli olmuşdur. Bu da onun təkcə sırf alim olduğundan irəli gəlmirdi. Bu, onun şəxsi keyfiyyətlərindən, şəxsi xüsusiyyətlərindən irəli gələn bir hal idi. Çünki Yusif Məmmədəliyev hərtərəfli hazırlıqla malik bir adam idi. Bir tərəfdən o, fitri istedadına görə cəmiyyətdə, təbiətdə olan hər bir şeyi çox yüksək səviyyədə dərk edirdi və bunlardan istifadə edirdi. Digər tərəfdən isə, öz üzərində çox işlədiyinə görə, öz bilik sahəsini daim genişləndirdiyinə görə belə keyfiyyətlərə malik bir adam idi.

Yusif Məmmədəliyev çox mədəni bir insan idi. Mən onu şəxsən tanıyırdım, onunla dəfələrlə görüşmüşdüm və buna görə də mənim bu sözlərim kitablardan oxuduğum, yaxud kimdənsə eşitdiyim sözlər deyildir. Bunlar onunla şəxsi təmasdan aldığım təəssüratlardır. O, həddindən artıq mədəni və eyni zamanda çox təvazokar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi. Təkcə biliyinə görə yox, davranışına görə də, zahiri görünüşünə görə də, insanlarla danışıq tərzinə görə də, münasibətlərinə görə də ziyalı idi. Ona baxdıqda insan onun nə qədər yüksək mədəniyyətə malik olduğunu hiss edirdi. Mən yenə də bu ifadəni tam dolğunluğu ilə sizə çatdırmaq üçün demək istəyirəm ki, o, sözün əsl mənasında ziyalı idi.

Mən onun təvazökarlığını da şəxsən dəfələrlə hiss etmişəm. Xatirimdədir, bizim hamımızın, Bakı sakinlərinin çox sevdiyi Dənizkənarı bulvarda bazar günü gəzişərkən mən onunla dəfələrlə görüşmüşəm, birlikdə gəzişmişik. Bazar günü o, bulvara çıxanda adətən özü ilə fotoaparat da götürər, şəkillər çəkərdi. O vaxtlar akademiyanın prezidenti kimi adamlara yaxın gəlmək də çətin idi. Lakin buna baxmayaraq, Yusif Məmmədəliyev insanlara o qədər mehriban münasibət göstərirdi ki, onlar istər-istəməz ona yaxınlaşır, onunla söhbət edirdilər.

Onun həyatı çox zəngin olubdur. Az yaşasa da çox xoşbəxt həyat sürübdür. Ancaq onun həyat yolu o qədər də hamar olmayıbdır. Məsələn, 1950-ci ildə, akademiyanın işini güclü surətdə inkişaf etdirdiyi bir zamanda heç bir səbəb olmadan o, akademiyanın prezidenti vəzifəsindən azad edildi. Amma bu, onu əsla sıxmadı və sındırmadı. Akademiyanın tərkibində bir şöbəyə akademik katib kimi rəhbərlik etməkdə davam etdi. Amma sonra hiss etdilər ki, o, lazımdır və onu Azərbaycan Dövlət Universitetinə rektor vəzifəsinə dəvət etdilər. Nəhayət, hiss etdilər ki, o, akademiyaya yenə də lazımdır. Buna görə də onu Elmlər Akademiyasına prezident vəzifəsinə yenə də dəvət etdilər.

Qəfil ölüm onun həyatını dayandırdı. Xatirimdədir, 1961-ci ildə onun vəfatı haqqında məlumat yayılarkən Azərbaycan böyük kədərə büründü. Bu dəfə də o, təvazökarlıq etmişdi. Bir xəstəliyə görə cərrahiyyə əməliyyatı aparmaq lazım imiş. Ona təklif etmişdilər ki, bəlkə Moskvaya getsin və bu əməliyyatı Moskva cərrahları aparsınlar. Amma o demişdi ki, yox, mən öz cərrahlarımıza inanıram və öz Vətənimə inanıram. Ancaq təəssüflər olsun ki, cərrahiyyə əməliyyatından sonra o, qəflətən həyatdan getdi.

Qeyd edim ki, o kədərli günlər mənim xatirimdədir. Mən onun dəfn mərasimində əvvəldən axıradək iştirak etdim və bir vətəndaş kimi, Yusif Məmmədəliyevə böyük hörməti olan bir insan kimi kədərli günləri xalqla birlikdə yaşadım. Yusif Məmmədəliyev 35 ildir həyatdan gedib. Ancaq onun irsi yaşayır, tələbələri onun işini davam etdirirlər, onun adı xalqımızın qəlbində yaşayır. Onun xatirəsi əbədiləşdirilib. Bu barədə deyildi. Ordubadda onun doğulduğu evi 70-ci illərdə biz Yusif Məmmədəliyevin ev-muzeyinə çevirdik, orada ev-muzeyi təşkil olundu. Mən o evi bir-iki dəfə ziyarət etmişdim. İlk dəfə oraya gedərkən çox maraqlanırdım ki, görüm, Yusif Məmmədəliyev hansı evdə doğulub. Ondan sonra isə mənim sərəncamımla orada ev-muzeyi yaradıldı.

Doğrudur, Azərbaycanda bu qarmaqarışıqlıq illərdə o ev-muzeyi də unudulmuşdu. Mən 90-cı ildə Naxçıvana gedəndə bununla dərhal maraqlandım. Sonra o ev-muzeyi bərpa olundu və Ordubadda Yusif Məmmədəliyevin doğulduğu ev indi ev-muzeyi kimi fəaliyyət göstərir. Bu gün mən bir qərar da qəbul etdim: İstiqlal küçəsində, yəni akademiyanın köhnə binasının yanında Yusif Məmmədəliyevin heykəli qoyulsun.

Yusif Məmmədəliyev kimi şəxsiyyətlər daim yaşayırlar. Bu gün bu möhtəşəm salona toplaşanların hamısı Vətənini sevən insanlardır, buraya gəliblər ki, öz millətinə, öz tarixinə olan hörmətini və Yusif Məmmədəliyev şəxsiyyətinə olan hörmətini bildirsinlər.

Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalıqnın tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər.

Biz bu gün buraya məhz Yusif Məmmədəliyevə, Azərbaycan elminə olan hörmət və ehtiramımızın hökmü ilə gəlmişik. Yusif Məmmədəliyevin gördüyü işlər, onun siması, onun xatirəsi qəlbimizdə daim yaşayacaq və Azərbaycan xalqının dövlət müstəqilliyi yolu ilə irəli getməsinə kömək edəcəkdir. Sağ olun.