Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Yaqub Məmmədova təbriki - Bakı şəhəri, 3 dekabr 2001-ci il


Hörmətli Yaqub Məmmədov!

Sizi - milli muğam sənətinin görkəmli nümayəndəsini yaradıcılığınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan xalq musiqisinin incəliklərini dərindən bilən və özünəməxsus ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardansınız. Siz dərin tarixi kökləri, zəngin ənənələri olan Azərbaycan xanəndəlik məktəbində özünüzü təsdiq edərək, zəhmətsevərliyiniz sayəsində orada layiqli yer tuta bilmisiniz. Bu yolda əldə etdiyiniz nailiyyətlər isə əlində bütün musiqi sənətimizin uğurları sayıla bilər. İfanızda səslənmiş bir cox muğamlar milli musiqi mədəniyyətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Muğam ifaçılığı ənənələrini, Azərbaycan xalq musiqisinin saflığını qoruyub saxlamaq və onu inkişaf etdirmək 50 illik sənət yolunuzun başlıca qayəsi olmuşdur. Ecazkar səsiniz, təkrarolunmaz ifaçılığınız, dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığınız sizə muğam biliciləri arasında böyük hörmət və nüfuz, musiqisevərlərin dərin məhəbbətini qazandırmışdr.

Xalqa yorulmadan xidmətlə, musiqi sənətinə hədsiz sədaqətlə səciyyələnən yaradıcılıqıq yolunuz gənc xanəndələr nəsli üçün tükənməz bir mənbə, böyük sənət məktəbidir. Siz muğam ustası kimi, topladığınız zəngin təcrübədən istifadə edərək, istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsi üçün bütün səy və bacarığınızı sərf edirsiniz. İnanıram ki, muğam ifaçılığı məktəbi ənənələrinin layiqli davamçılarının hazırlanması işində əlinizdən gələni bundan sonra da əsirgəməyəcək, Azərbaycan musiqi mədəniyyətinin inkişafına yeni töhfələr verəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT