Xalq artisti Azər Rzayevə - 14 iyul 2000-ci il


Hörmətli Azər Rzayev!

Sizi - Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz böyük sənətkarlar ailəsində dünyaya göz açaraq musiqiyə sonsuz bağlılıq ruhunda tərbiyə alıb yetişmiş bir bəstəkar və ifaçı kimi hələ gənc yaşlarınızda respublikamızın musiqi ictimaiyyətinin diqqətini cəlb edə bilmisiniz. İnstrumental musiqinin müxtəlif janrlarında bəstələdiyiniz əsərlər, habelə kinoya və teatr tamaşalarına yazdığınız musiqi Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmiş gözəl sənət nümunələridir. Qanlı Yanvar faciəsinə həsr etdiyiniz "Bakı-90" simfoniyası sizin vətəndaş mövqeyinizi musiqi dili ilə açıqlayır.

Azərbaycan Dövlət Opera və Balet Teatrına rəhbərlik etdiyiniz dövrdə Azərbaycan bəstəkarlarının bir sıra yeni opera və balet əsərlərinin uğurla tamaşaya qoyulması sizin təşəbbüsünüz və səyləriniz sayəsində mümkün olmuşdur. Dövri mətbuatda çap etdirdiyiniz məqalələr, radio və televiziyada apardığınız verilişlər sizi ölkəmizdə Azərbaycan musiqi mədəniyyətinin yorulmaz təbliğatçısı kimi də yaxşı tanıtmışdır.

Azərbaycanda yeni ifaçılar nəslinin yetişdirilməsində də sizin böyük xidmətləriniz vardır. Bu gün müxtəlif musiqi kollektivlərində çalışan ifaçıların bir çoxunun sənət aləminə vəsiqə alması sizin yarıməsrlik pedaqoji fəaliyyətinizin konkret nəticəsidir. Bakı Musiqi Akademiyasının professoru, simli alətlər kafedrasının müdiri kimi siz bu gün də əzmlə çalışır, Azərbaycan ifaçılıq məktəbinin inkişaf etdirilməsi üçün səmərəli iş aparırsınız. Son illərdə yaratdığınız uşaq simfonik orkestrinin çıxışları musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bədii rəhbəri və dirijoru olduğunuz bu unikal orkestrin yaradılması ölkəmizin musiqi həyatında mühüm hadisə kimi qiymətləndirilmişdir.

Siz musiqi xadimi kimi yaradıcılığınızın müdrik bir dövrünə qədəm qoyursunuz. İnanıram ki, musiqi mədəniyyətimizin inkişaf etdirilməsi üçün zəngin təcrübənizi və bacarığınızı bundan sonra da əsirgəməyəcək, musiqisevərləri yeni əsərlərinizlə sevindirəcək və gənc ifaçı kadrların hazırlanması işinə var qüvvənizi sərf edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 iyul 2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT