Əməkdar elm xadimi Sara xanım Aşurbəyliyə - 26 yanvar 1996-cı il


Hörmətli Sara xanım!

Sizi - Azərbaycanın görkəmli tarixçi alimini, anadan olmağınızın 90 illiyi münasibətilə səmim-qəlbdən təbrik edirəm. Xalqımız sizi bütün həyatını Azərbaycanda tarix elminin inkişafına həsr etmiş fədakar alim kimi tanıyır. Uzun illər apardığınız gərgin elmi axtarışların məhsulu olan, Azərbaycanın orta əsrlər tarixinə həsr olunmuş sanballı əsərləriniz sizə şöhrət gətirmişdir. Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir.

Əminəm ki, siz özündə milli və ümumbəşəri dəyərləri cəmləşdirən əsl Azərbaycan ziyalısı kimi nadir istedad və qabiliyyətiniz, fədakarlıq və təvazökarlığınızla yeni nəsillərə həmişə örnək olacaqsınız.

Əziz Sara xanım!

Sizə möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.