"Qafqazın arxeologiya və etnologiyası" konfransının iştirakçılarına - Bakı şəhəri, 30 sentyabr 2002-ci il


Hörmətli konfrans iştirakçıları!

"Qafqazın arxeologiya və etnologiyası" konfransının iştirakçılarını ürəkdən salamlayıram və Sizin hamınıza işdə uğurlar, cansağlığı və firavanlıq arzulayıram.

Müasir dövrün mürəkkəb coğrafi-siyasi prosesləri Qafqazı dünyada nadir rol oynamağa qadir olan regiona çevirir. Hazırda burada həyata keçirilən Böyük ipək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi qlobal layihələr ölkələrimizin dünya iqtisadi sisteminə daxil olmasına kömək edir. Məhz buna görə Qafqaz xalqlarının tarix və mədəniyyətinin öyrənilməsi çox böyük elmi əhəmiyyətlə yanaşı, şübhəsiz siyasi məna da kəsb edir. Yaxın keçmişdə tarixi faktlar və ümumi tariximizin hadisələri ideologiyanın sərt çərçivəsinə tabe olunmuşdu. İndi tarixi keçmiş də, xalq ənənələri də, mədəni irs də qərəzsiz, ciddi elmi təhlil mövzusuna çevrilməlidir. Ümidvaram ki, belə məsul tarixi vəzifəyə xidmət etməli olan konfransınız Qafqazın arxeologiya və etnologiyasının öyrənilməsinəöz sanballı töhfəsini verəcəkdir.

Sizə uğurlar diləyirəm.

Ən xoş arzularla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 oktyabr 2002-ci il.