Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbulda mətbuat nümayəndələri ilə görüşdə bəyanatı - 7 may 1997-ci il


Hörmətli mətbuat nümayəndələri!

Siz bilirsiniz ki, Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirəlin dəvətilə mən üçüncü gündür Türkiyədə rəsmi səfərdəyəm. Burada keçirdiyim görüşlərin hamısını izləyir, bilirsiniz. Ona görə də mən bu barədə ətraflı danışmaq fikrində deyiləm. Ancaq onu bildirmək istəyirəm ki, Ankarada və bu gün İzmirdə, - indi İstanbula gəlmişik, - görüşlərimizin hamısı çox yüksək səviyyədə, dostluq və mehribanlıq şəraitində keçibdir. Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı, ölkənin dövlət, hökumət rəhbərləri tərəfindən Azərbaycan prezidentinə, Azərbaycan nümayəndə heyətinə çox böyük diqqət və maraq, qonaqpərvərlik göstərilir.

Belə bir dostluq və qardaşlıq şəraitində biz hesab edirəm ki, çox səmərəli işləyə bilmişik və çox yaxşı nəticələr əldə etmişik. Nəticələr ondan ibarətdir ki, həm Türkiyə tərəfi, həm də Azərbaycan tərəfi müəyyən etmişik ki, dostluğumuz, qardaşlığımız indiyə qədər hər iki ölkə üçün faydalı olmuşdur və bu dostluq, qardaşlıq əlaqələrini bundan sonra da irəliyə aparmalıyıq. Bu məqsədlə biz Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə, anlaşma imzalamışıq. Hesab edirəm ki, bu anlaşma çox tarixi əhəmiyyət daşıyır, əlaqələrimizi daha yüksək səviyyəyə çatdırır, onun məzmununu, keyfıyyətini daha da irəli aparır. Bununla yanaşı, bir neçə başqa müqavilə də imzalamışıq. Bunlar hamısı iqtisadi əlaqələrimizin daha səmərəli aparılması məqsədi daşıyır. İndiyə qədər Azərbaycan ilə Türkiyə arasında çox müqavilələr, anlaşmalar, sazişlər imzalanıbdır. Bu günlərdə imzalanmış sazişlər də Türkiyə ilə Azərbaycan arasında əlaqələr üçün çox geniş normativ-hüquqi baza yaradıbdır. Güman edirəm ki, əməkdaşlığımız üçün normativ-hüquqi sənədlər var, sadəcə olaraq biz əməli işlə bu əməkdaşlığı daha da irəliyə aparmalıyıq. Bir daha deyirəm, bu danışıqların, görüşlərin məqsədi Türkiyə-Azərbaycan əlaqələrini daha yüksəklərə qaldırmaqdır. Hesab edirəm ki, biz buna nail olmuşuq. Çünki bu, həm Türkiyə tərəfinin, həm də Azərbaycan tərəfinin istəyi, arzusudur. Bunlar da Türkiyə prezidentinin və Azərbaycan prezidentinin imzaladıqları müqavilədə öz əksini tapıbdır.

Biz bu günlərdə Türkiyədə olmağımızdan, keçirdiyimiz görüşlərdən çox razıyıq. Bir də qeyd edirəm, bizə çox gözəl qonaqpərvərlik, çox hərarətli münasibət, dostluq, qardaşlıq münasibəti göstərilir. Bunlara görə də Türkiyənin cümhur başkanına, Türkiyə hökumətinə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bu günlərdə Türkiyənin mətbuat nümayəndələri daim yanımızdadır, görüşlərimizi izləyirlər. Oxuya bilməmişəm, amma eşitdiyimə görə qəzetlərdə məqalələr yazıblar, televiziyada verilişlər verilib. Bunlara görə təşəkkür edirəm. İndi isə suallarınıza cavab verməyə hazıram.

Sual: Birinci sualım belədir: Din azadlığı haqqında qanun son ildə üç dəfə dəyişmişdir. Müsəlman icmaları bundan şikayətlənirlər, bu qanun praktikada onların dini azadlıqlarına toxunur. Deyə bilərsinizmi, bu qanun hansı dəyişikliklərə uğrayıb və nə üçün?

Cavab: Hörmətli dostum, siz səhv edirsiniz. Azərbaycanda din azadlığı haqqında qanun heç vaxt dəyişməyibdir. Sadəcə olaraq din haqqında qanun qəbul edilib və bu qanuna əsasən Azərbaycanda bütün dinlər azaddır. Vicdan azadlığı bizim Konstitusiyamızda əks olunub, qanunlarımızda da öz əksini tapıbdır. Bilirsiniz ki, Azərbaycanda əhalinin əksəriyyəti islam dininə itaət edir. Eyni zamanda Azərbaycanda xristianlar, xristian konfessiyası və iudaizmə itaət edənlər, sinaqoq da var. Beləliklə, Azərbaycanda nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur. İslam dini, xristian dini və yəhudi dini birlikdə, yəni hərəsi öz sahəsində fəaliyyət göstərirlər. Din tamamilə azaddır və Azərbaycanda dinə qarşı heç bir qeyri-qanuni hərəkət yoxdur.

Sual: Cənab Əliyev missionerlərin hərəkətlərindən narahatdırmı?

Cavab: Missionerlərin nə hərəkəti ola bilər? Mən hiss eləmirəm ki, Azərbaycanda missionerlərin elə bir hərəkəti var.

Sual: Sayın Əliyev, Ankaradakı çıxışlarınızda bütünlükdə türk ordusunu çox təriflədiyinizi gördük. Bunun nə ilə əlaqədar olduğunu bir qədər açıqlaya bilərdinizmi?

Cavab: Bilirsiniz, bu heç bir şeylə əlaqədar deyildir. Türkiyə Cümhuriyyəti bizim üçün dost, qardaş ölkədir. Siz mənim danışıqlarımı izləmisinizsə, hər yerdə, o cümlədən Böyük Millət Məclisindəki çıxışımda, nitqimdə Türkiyənin cümhuriyyət dövründə keçdiyi şanlı, çox şərəfli yol haqqında danışmışam. Türkiyə Cümhuriyyətinin 70 ildən artıq bir dövrdə yaşamasında Türkiyə xalqının yüksək səviyyələrə çatmasında, şübhəsiz ki, türk ordusunun mühüm rolu var. Buna görə də mən Türkiyə Cümhuriyyətinə çox böyük hörmət, ehtiram bəsləyərək eyni zamanda onun həyatının, cəmiyyətinin, dövlətinin bütün sahələrinə hörmət və ehtiramımı bildirirəm. Mən quru qoşunları məktəbinə getmişdim, bilirsiniz ki, oraya həm Azərbaycan diasporu toplaşmışdı, həm də polis akademiyasında quru qoşunları məktəbində təhsil alan azərbaycanlılar var idi. Onların hamısını salamladım, hörmət və ehtiramımı bildirdim. Bunun heç bir başqa səbəbi yoxdur.

Sual: Bu sahədə Azərbaycanda qayğılarınız varmı?

Cavab: Azərbaycanda qayğılarımız çoxdur. Ona görə də sualınızı birbaşa belə versəydiniz özünüzün də, mənim də vaxtımı almazdınız. Qayğılarımız çoxdur, on böyük qayğımız odur ki, - mən bunu bu günlərdə hər yerdə deyirəm və bu gün də sizə çatdırnıaq istəyirəm, - Azərbaycan qonşu Ermənistan tərəfindən 1988-ci ildən başlayaraq hərbi təcavüzə məruz qalmışdır. Bu hərbi təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri bəzi ölkələr tərəfindən onlara göstərilən yardımdan istifadə edərək, eyni zamanda Azərbaycan daxilində olan bəzi səbəblərə görə Azərbaycan torpaqlarının, ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla yerindən-yurdundan qovulub, didərgin düşübdür. İndi onların əksəriyyəti Azərbaycanın müxtəlif bölgələrində çadırlarda yaşayır. İnsan ola bilər bir ay, iki ay çadırda yaşasın, ancaq illərlə - dörd, beş il çadırda yaşamaq nə qədər dəhşətlidir, bunu təsəvvür edə bilərsiniz.

Şübhəsiz ki, Ermənistanın təcavüzünə qarşı Azərbaycan öz torpaqlarını qorumaq məcburiyyətində olmuşdur. Döyüşlər getmiş, qan tökülmüşdür, şəhidlər vermişik. Ancaq Azərbaycan sülhsevər dövlət olduğuna, sülh tərəfdarı olduğuna görə üç il bundan öncə atəşin dayandırılması haqqında təşəbbüs irəli sürmüşdük. Ermənistan tərəfindən də bu təşəbbüs olmuşdu və 1994-cü il mayın 12-də atəşkəs haqqında saziş imzalanıbdır. O vaxtdan indiyə qədər, - bir neçə gündən sonra üç il tamam olacaqdır - atəş yoxdur, yəni savaş yoxdur, müharibə getmir. Amma eyni zamanda sülh, barış da yoxdur, torpaqlarımız işğal altında qalır. Biz bu üç il müddətində məsələnin sülh yolu ilə həllinə çalışmışıq, bu sahədə çox səylər göstərmişik.

Bu məsələdə cürbəcür beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışmışıq. Amma bu məsələ ilə ən çox ATƏT-in Minsk qrupu məşğul olur, onun vasitələrindən istifadə etməyə çalışmışıq. Nəhayət, keçən ilin dekabrında Lissabonda ATƏT-in Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün bəyanat qəbul edilib, yəni bunu sülh yolu ilə həll etməyin prinsipləri orada əks olunubdur. ATƏT-in bütün üzvləri - 53 ölkənin dövlət başçıları bəyanatın qəbul olunmasına səs verib, ona tərəfdar çıxıblar. Amma Ermənistan əleyhinə çıxıb, bunu qəbul etməyibdir. Buna baxmayaraq, 54 dövlətdon 53-ü bunu qəbul edib, belə bir sənəd qəbul olunubdur. İndi Mınsk qrupu yeni bir mərhələdə işə başlayıbdır. Hazırda Minsk qrupunun üç həmsədri var - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Biz onlarla danışıqlar aparmışıq. Onlar da bu münaqişənin yalnız və yalnız ATƏT-in Lissabon Zirvə görüşündə əldə olunmuş prinsiplər əsasında həll edilməsini nəzərdə tuturlar. Şübhəsiz ki, əgər Ermənistan tərəfi konstruktiv mövqe tutsaydı, normal münasibət göstərsəydi bu məsələ həll oluna bilərdi. Çünki Lissabon Zirvə görüşündə qəbul olunan prinsiplər Ermənistanın xeyrinə olan prinsiplərdir. Biz burada bir çox güzəştlərə getmişik. Prinsiplər bundan ibarətdir ki, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bilirsiniz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü indiyə qədər tanımır. Bütün beynəlxalq təşkilatlarda, sənədlərdə separatçılıq pislənirsə, qınanırsa, qeyri-qanuni hesab olunursa, Ermənistan 6 sənədə qol çəkməyibdir.

Beləliklə, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq separatçılığa tərəfdar çıxır. Çünki Dağlıq Qarabağda olan ermənilər Ermənistanın köməyi ilə separatçılıq yolu ilə gedib Azərbaycanda məhz belə bir şərait yaradıblar. Ona görə də bu prinsiplərin birinci bəndi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü taınmasından ibarətdir. Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq və onun ərazisinin heç bir hissəsinə iddia etmirik. Baxmayaraq ki, Ermənistanın indiki ərazisindəki torpaqların çoxu keçmişdə Azərbaycana mənsub olubdur. Ancaq biz beynəlxalq hüquq normalarına tabe oluruq və 1991-ci ildə Azərbaycan və Ermənistan öz müstəqilliyini əldə edərkən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş, təsdiq olunmuş sərhədlər çərçivəsində həm Ermənistanın ərazi bütövlüyünü tanıyırıq, həm də istəyirik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın.

İkinci prinsip, ikinci bənd Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək səviyyəli muxtariyyət, özünüidarəetmə hüququ verilməsi barədədir. Bu, doğrudan da Azərbaycan üçün o qədər də münasib prinsip deyil, çünki biz öz torpağımızın, ölkəmizin, respublikamızın bir hissəsinə xüsusi status verməliyik. Ancaq biz münaqişəyə son qoymaq üçün sülh yolu ilə gedərək buna razı olmuşuq.

Üçüncü prinsip, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm azərbaycanlı əhalisinin gələcəkdə təhlükəsizliyini təmin etməkdir. Biz hesab edirik ki, bu üç prinsip əsasında 1997-ci ildə münaqişə həll oluna bilər. Ancaq bunun üçün çox iş görmək lazımdır. Fürsətdən istifadə edib demək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyə Azərbaycanın haqq, ədalət işini dəstəkləyib, müdafiə edibdir. Türkiyə Minsk qrupunun, ATƏT-in üzvü olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli işini daim dəstəkləyib, müdafiə edibdir. Lissabon Zirvə görüşündə də biz bu prinsiplərin qəbul olunmasına çalışarkən Türkiyə Cümhuriyyəti, xüsusən hörmətli prezident cənab Süleyman Dəmirəl ilə sıx əməkdaşlıq edirdik. Bu günlərdəki görüşlərimizdə də Türkiyə yenə öz mövqeyini çox qətiyyətlə saxlayır və hesab edirik ki, Türkiyə Minsk qrupunun üzvü kimi, eyni zamanda beynəlxalq aləmdə böyük nüfuzu, hörməti olan ölkə kimi bundan sonra da bu məsələlərin həllində daim bizimlə bərabər çalışacaq, iştirak edəcəkdir.

Ancaq təəssüflər olsun ki, bu məsələnin sülh yolu ilə həll edilməsinə maneçilik göstərən amillər də var. Bunlar təkcə Ermənistanın Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplərin əleyhınə çıxması deyildir. Bu amillərdən biri son iki-üç ayda aşkar olubdur. Bu da Ermənistanın qeyri-qanuni silahlanmasıdır. Üç ildir ki, biz atəşi dayandırmışıq. Demək yenidən silahlanmaya heç bir ehtiyac yoxdur. Ancaq iki-üç ay öncə Rusiyada, Moskvada aşkar oldu ki, bu müddətdə, son üç il içərisində Rusiyanın bəzi dairələri tərəfindən Ermənistana gizli olaraq, qeyri-qanuni yolla çoxsaylı silahlar, özü də ağır, çox dəhşətli silahlar verilibdir. Rusiya Ermənistana 1 milyard dollar dəyərində silahlar veribdir. Bunların içərisində 84 ədəd T-72 tankı, - onlar ən müasir tanklardır, - habelə zirehli maşınlar, uzaqvuran raketlər, - o raketlər ki, bunları Rusiya Kiprə satmışdı və bu, Türkiyədə böyük narahatlıq doğurmuşdu, - toplar var, hətta son vaxtlar aşkar olub ki, on kimyəvi silah kompleksi də verilibdir. Bu, çox böyük təhlükə doğurur. Azərbaycanda da təhlükə doğurur, ümumiyyətlə, Qafqazda sülhün, əmin-amanlığın saxlanması üçün çox təhlükəlidir. Hesab edirəm ki, təkcə Qafqaz ölkələri üçün yox, Türkiyə üçün də təhlükəlidir. Bilirsiniz ki, Ermənistanda Rusiyanın hərbi bazaları, ordu hissələri var. Bu ordu hissələri ola-ola, orada Rusiyanın özünəməxsus silahları mövcud olduğu halda Ermənistanın ordusuna da, Dağlıq Qarabağın silahh qüvvələrinə də çox güclü silahlar veriblər. Bu, bizi narahat edir, güman edirəm, Türkiyəni də narahat etməlidir və ümumiyyətlə, bizim bölgədə vəziyyəti çox gərginləşdirir. Şübhəsiz ki, bunlar hamısı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə mane olan amillərdir. Bunlara diqqət yetirmək lazımdır. Hesab edirəm ki, sizin sualınıza tam cavab verdim.

Sual: Rusiya Ermənistanı silahlandırır. Sizcə, bu işdə Rusiyanın uzunmüddətli məqsədi nə ola bilər?

İkinci sualım isə belədir: Siz Türkiyə ilə strateji əməkdaşlıq müqaviləsi imzaladınız. Belə müqavilə bölgədəki başqa ölkələrlə də imzalana bilərmi və bunun bar məqsədi də Ermənistanın, dolayısı ilə həm də Rusiyanın yolunu kəsməkdirmi?

Cavab: Bilirsiniz, Rusiyanın hədəfi nədir, - mənim üçün bunu sizə xırdalamaq lazım deyildir. Əgər Rusiya Ermənistanda hərbi baza, böyük ordu hissələri saxlayırsa, nə üçün saxlayır? Konsert vermək, yaxud da toy etmək, ticarət etmək üçün saxlamır ki! Əgər bir ölkə başqa bir ölkədə ordu saxlayırşa, bunun məqsədi aydındır, bunu sizə deməyimə ehtiyac yoxdur. Rusiya təkcə Ermənistanda yox, Gürcüstanda da böyük ordu hissələri saxlayır. Rusiyanın Ermənistanda olan ordu hissələrinə son zamanlar hərbi baza status verilibdir. Bu anlaşma da həm Rusiyanın parlamentində, həm də Ermənistanın parlamentində təsdiq edilibdir. Demək, Rusiya burada öz silahları ilə uzun müddət qalmaq fikrindədir. Bundan siz özünüz nəticə çıxarın.

O ki qaldı bizim Türkiyə ilə imzaladığımız strateji əməkdaşlıq haqqında anlaşmaya, belə anlaşmanı Gürcüstanla, Ukrayna ilə də imzalamışıq. Əgər bizim üçün başqa münasib tərəfdaş olsa onunla daimzalamağa hazırıq.

Sual: Böyük neftin nəqli üçün Bakı-Ceyhan boru kəməri barədə sual verəcəyəm. Bilirəm ki, sizin bu səfərinizə qədər heç bir hökumət qəti təklif verməmişdir. İndiki səfəriniz zamanı Türkiyə hökuməti Bakı-Ceyhan neft kəmərinin çəkilməsi haqqında dəqiq təklif veribmi?

Cavab: Sizin sualınız bir az aydın deyil, amma mən çalışaram buna cavab verim.

Sual: Məncə, Azərbaycan hökuməti özü qərara almalıdır ki, bu neft kəməri İrandan keçsin, yoxsa Türkiyədən. Bu barədə heç bir hökumət sizə qəti təklif verməmişdir. Bu görüşiər zamanı Türkiyə hökuməti sizə dəqiq təklif veribmi və əgər veribsə, bunu necə qiymətləndirirsiniz?

Cavab: Siz səhv edirsiniz, bizə təklif verənlər çoxdur. Böyük neft kəmərinin cürbəcür marşrutları barədə arzularını bildirənlər və müraciət edənlər də çoxdur. Ona görə də bu neft kəmərinin bir çox variantı var, ancaq biz isə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında imzaladığımız anlaşmada bunu əks etdirmişik, - çalışırıq və çalışacağıq ki, böyük neft kəməri Türkiyənin ərazisindən Ceyhan limanına keçsin.

Sual: Bakı-Ceyhan boru kəmərinin çəkilməsi üçün Türkiyədə yatırım qoyulmasını gözləyirsinizmi?

Cavab: Əgər Bakı-Ceyhan boru kəməri çəkiləcəksə, onun üçün böyük yatırım da qoyulacaqdır. Bu böyük layihəni yatırımsız həyata keçirmək olmaz.

Sual: Türkiyə ilə Ermənistanın əlaqələrinin genişləndirilməsini necə qiymətləndirirsiniz?

Cavab: Son vaxtlar Türkiyə ilə Ermənistanın əlaqələri genişlənibdir. Biz sülhsevər dövlətik və heç bir ölkə ilə düşmənçilik etmək istəmirik. Ermənistana qarşı heç vaxt nə hərbi təcavüz etmişik, nə də bir düşmənçilik hərəkəti etmişik. Ermənistan təcavüzkardır, Azərbaycana təcavüz edibdir. Azərbaycan övladlarının qanını töküb, işğal olunmuş torpaqlarda Azərbaycanın bütün varidatını dağıdıbdır. Əsrlərlə insanların yaratdıqları mülklər, Azərbaycanın mülkiyyəti dağıdılıbdır, o yerlərdə bizim tarixi abidələrimiz, müqəddəs dini abidələrimiz dağıddıbdır. Yəni Azərbaycana böyük həm maddi, həm də mənəvi zərər vurulubdur. Buna baxmayaraq, görürsünüz ki, biz üç ildir atəşkəs əldə etmişik və məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq bunun şərti var. Şərti də ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Belə olan halda, ümumiyyətlə, bu bölgədə iqlim tamamilə dəyişər və Ermənistan da bölgədəki bütün dövlətlərlə əməkdaşlıq edə, əlaqələrini genişləndirə bilər.

Türkiyə Azərbaycanın yaxın dostu, qardaşı olduğuna görə həmişə Ermənistanın bu təcavüzünün əleyhinə çıxıb və ona dəfələrlə deyibdir ki, siz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasanız, təcavüzə son qoymasanız Türkiyə heç vaxt Ermənistanla əlaqələrini bərpa etməyəcəkdir. Biz bunu məmnuniyyətlə qəbul edirik. Məmnuniyyətlə qəbul edirik ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, heç bir başqa dövlətlərarası əlaqələr yoxdur. Bu, belə də olmalıdır. Çünki Azərbaycanda qırılan insanlar sizin, türklərin bacıları, qardaşlarıdır. Azərbaycan torpağı, Türkiyə torpağı, xalqlarımız bir-biri ilə bağlıdır. Ermənistan gəlib Azərbaycan torpağında qan töküb, insanlarımızı qırıb və Türkiyə Ermənistanla əlaqə saxlasa bu, anlaşılmaz olar, türk xalqı özü buna yol verməz, Türkiyənin ictimai rəyi buna yol verməz, - bunu mən bilirəm.

Ancaq təəssüflər olsun ki, son vaxtlar Türkiyədə bəzi adamlar qazanc əldə etmək, yaxud başqa məqsədlər üçün cürbəcür yollarla Ermənistanla əlaqələr yaratmaq istəyirlər. Bir müddət öncə çox təkid etdilər ki, Ermənistanın "H-50" hava yolu var, ona imkan vermək lazımdır. Biz buna etiraz etdik. Amma Türkiyə hökuməti tərəfindən bizə müraciət etdilər ki, bunu açsaq bəlkə Ermənistan yumşalar, bəlkə belə olar, elə olar. Yaxşı, biz buna razılıq verdik, "H-50" yolu açıldı. Amma Ermənistanın mövqeyində heç bir müsbət dəyişiklik olmadı. İndi son zamanlar bizə məlumatlar gəlir, sizin qəzetlərdə yazırlar ki, Ermənistanın təyyarələri Trabzona gəlib-gedir. Biz buna etiraz edirik. Hesab edirik ki, bu, Türkiyə-Azərbaycan əlaqələrinə çox zərər gətirər və mən bu barədə fikrimi Türkiyənin dövlət, hökumət başçılarına demişəm.

Yaxud da ki, Türkiyənin bəzi adamları Ermənistanla ticarət qurmaq istəyırlər. Məsələn, İqdır vilayətinin valisi Ermənistanı ziyarət edib, hətta orada dini mərkəz var, ibadət edib, yaxud nə edib, - özü bilər, mən bilmirəm, sizin qəzetlərdə var idi. Ermənistan televiziyası da bunu veribdir, - biz Ermənistan televiziyasını izləyirik, seyr edirik. Bəzi tacirlər gedib-gəliblər, guya Ermənistanla ticarət edəndə kimsə nə isə qazanacaqdır. Ola bilər, kimsə nə isə qazanacaq, ancaq Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr qazanc, para üzərində qurulmamalıdır. Bizim ölkələrimizin böyük mənəvi kökləri var, bunları bir-birinə bağlayan milli köklər var. Bu milli, mənəvi mənafeyi ayrı-ayrı şəxslərin qazancına qurban vermək olmaz. Ona görə də mən bu barədə öz fikrimizi və etirazımızı Türkiyənin bütün dövlət və hökumət başçılarına bildirmişəm. Biz bildirmişik ki, buna yol vermək olmaz. Məsələn, buradan bəzi tacirlər Ermənistana gediblər, sonra gəlib burada təbliğ ediblər ki, Ermənistanla ticarət aparmaq lazımdır. Yaxud da mən dünən, srağagün danışarkən bəzi şəxslər deyirlər ki, bilirsiniz, Türkiyə tacirləri deyir ki, guya iranlılar bizim mallarımızı alır, sərhəddən keçirib Ermənistanda sataraq para qazanırlar. Yaxşı olar, elə özümüz aparıb sataq və paranı da qazanaq. Birincisi, bu, yanlış fikirdir. İranlılar özləri Ermənistanla çox geniş əlaqə yaradıblar, çox geniş ticarət aparırlar, ona çox yardım edirlər, oraya elektrik, qaz xətti çəkirlər, əməkdaşlıqları çox genişdir. Biz bu barədə İran hökumətinə öz etirazımızı bildirmişik. Ancaq təəssüflər olsun ki, İran hökuməti bizim bu sözlərimizə diqqət vermir və öz ticarətini, iqtisadi əlaqələrini aparır. Əgər Ermənistana getsəniz, - sizin bəzi müxbirlər bəzən Ermənistana gedirlər, türk, yaxud ermənidirlər, bilmirəm, bunu özünüz bilərsiniz, gedirlər, hətta Qarabağa da gedirlər, - əgər ədalətlidirlərsə, onlarda ədalət prinsipi və doğrudan türk qanı varsa görərlər ki, Yerevanın, Ermənistanın, Dağlıq Qarabağın bütün yollarında İran yük maşınları, avtomobilləri doludur. Yəni İran tacirlərinin Türkiyədən mal alıb, aparıb Ermənistanda satmağa ehtiyacı yoxdur. Onlar öz mallarını satırlar, çalışırlar ki, öz malları üçün xarici bazar tapsınlar. Niyə gəlib Türkiyənin malını alıb Ermənistanda satacaqlar? Sadəcə olaraq Türkiyənin ayrı-ayrı tacirləri gizli surətdə, - bunu bilirik, - Ermənistanla ticarət edir və sizin dövlət adamlarına deyirlər ki, guya bu malları iranlılar gəlib buradan alaraq aparırlar.

Sizə bir şeyi də demək istəyirəm. Biz İranın dövlət adamları ilə danışarkən onlar deyirdilər ki, niyə bizi qınayırsınız ki, mal aparıb Ermənistanda satırıq, gedin Ermənistanın, Yerevanın bazarlarına, görün, nə qədər türk malları var. Bunu bizə iranlılar deyirlər. İndi gəlin araşdırın, türk malları oraya necə gedib çıxır, - iranlılar aparırlar, yoxsa Türkiyə tacirləri özləri gizli olaraq satırlar. Bu fikirlər - guya İran tacirləri aparıb sataraq pul qazanırlar, amma Türkiyə tacirləri qazana bilmirlər, - yanlış, aldadıcı fıkirlərdir. Bunları qətiyyən qəbul edə bilmərik. Bir də deyirəm ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə əlaqələrinin mənəvi, milli kökləri var, bunları heç bir paraya, heç bir dollara, heç bir lirəyə dəyişmək olmaz. Mən xahiş edirəm, bunu biləsiniz.

Mən Türkiyədə olan insanların belə hərəkətlərini qınayıram, bunlara çox etiraz edirəm və güman edirəm ki, Türkiyədəki qardaşlarımız - türk xalqı özü, Türkiyənin ictimai rəyi gərək belə hallara yol verməsin. Bəzən belə danışıqlar gedir ki, Ermənistana qapı açaq. Nə üçün qapı açasınız? Qoy, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxsın, ondan sonra birlikdə oturub fikirləşək ki, qapını haradan açmaq lazımdır. Yaxud, bu yaxınlarda Gürcüstan tərəfındən bizə belə bir məlumat gəldi ki, Türkiyə ilə Gürcüstan arasında iki qapı var, Türkiyədən Gürcüstana təklif olunub ki, üçüncü qapı da açmaq lazımdır. Bizimlə məsləhət edirlər ki, bu işə siz necə baxırsmız? Biz soruşuruq ki, bu qapı haradadır? Bu qapı Gürcüstanda ermənilərin birgə yaşadığı Cavaxeti deyilən yerdədir, demək, onu - üçüncü qapını ermənilər üçün açırlar. Gürcülərdən soruşduq ki, sizə iki qapı yetərlidirmi? Üçüncüyə ehtiyacınız varmı? Dedilər ki, yetərlidir, ehtiyacımız yoxdur. Bəs, kimə lazımdır? Dedilər ki, Türkiyə tərəfindən bizə belə təklif gəlib. Biz buna da etiraz etdik. Çünki bu, Gürcüstan üçün deyildi, Gürcüstanda Cavaxetidə bir yerdə yaşayan ermənilər üçün idi.

Bilirsiniz, mən bunu açıq deyirəm, - bəzən siz jurnalistlər mənə sual verirsiniz ki, burada incimisinizmi, - əlbəttə, belə şeylərdən inciyərəm və dost dostdan, qardaş qardaşdan inciməlidir. Mənə yaxın olmayan başqa bir ölkədən, yaxud xalqdan inciməyə haqqım yoxdur. Çünki onun mənim qarşımda heç bir öhdəliyi yoxdur, mənim də onun qarşısında heç bir öhdəliyim yoxdur. Amma Türkiyədən, türk xalqından, Türkiyə lıökumətindən və Türkiyədə bu işlərə gedən bəzi insanlardan inçiməyə haqqım var. Bu, mənim inciməyim deyil, Azərbaycan xalqının inciməyidir, Azərbaycan xalqı bundan çox narahatdır. Ona görə də istərdim ki, bunlardan nəticə çıxarasınız. Yaxud qəzetlərdən bir müxbiriniz Dağlıq Qarabağa gedib və dünən elə biz burada olanda iki səhifəlik reportaj veribdir. Erməni təcavüzkarlarına yaxşı xidmət edirsiniz, eləyin.

Sual: Ermənistan-Azərbaycan sərhədində yenidən atəş başlayırmı? Bu, ilkin neft kəmərinin çəkilməsi ilə hansısa şəkildə əlaqədardımı?

Cavab: Belə hallar olur, bəzən atəşkəs pozulur. Son vaxtlar Ermənistan tərəfdən Azorbaycanın məhz Qazax, Tovuz bölgələrində atəşkəsi pozmağa cəhd edirlər. Sizə deyə bilərəm ki, sərhəddə atışmalar bəzən üç-dörd saat davam edir və o tərəfdən də, bu tərəfdən də insanlar həlak olubdur. Bu, o yerdir ki, indi biz Bakıdan Gürcüstandakı Supsa limanına oradan ikinci neft kəməri çəkirik. Bilirsiniz ki, birinci neft kəmərini Bakıdan Rusiya ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına çəkirdik. Bu, ilkin neftin ixracı üçündür. Supsa limanı Türkiyəyə çox yaxm limandır. Belə fikirlər söyləyirlər, mətbuatda belə yazılar gedib ki, məhz boru xəttinin çəkilməsinə mane olmaq üçün orada atəşkəsi pozurlar. Belə fikirlər var.

Sual: Cənab prezident, Türkiyə qəzetlərinin yazdığına görə, Levon Ter-Petrosyanın Türkiyəyə səfəri gözlənilir və o, işgüzar dairələrlə əlaqələri sıxlaşdırmaq istəyir. Ola bilərmi ki, işgüzar dairələr vasitəsilə Ermənistan rəsmi Ankaraya təsir göstərmiş olsun? Rəsmi Ankaradan nə kimi zəmanət aldınız?

Gürcüstan ilə Türkiyə arasında üçüncü qapı açılması məsələsi dövlətlərarası məsələdir. Rəsmi Ankaranın buna münasibəti necədir?

Cavab: Mən sizə dedim, gürcülər bizə müraciət etmişdilər. Biz etirazımızı bildirdik, sonra nə olacaq, - bu, Türkiyə ilə Gürcüstanın işidir. Amma biz buna etiraz edirik.

Ter-Petrosyanın səfəri barədə mənim məlumatım yoxdur və Türkiyənin dövlət və hökumət rəhbərləri mənim dediyim bu fikirlərlə razıdırlar. Söz verirlər ki, onlar heç bir hərəkətə yol verməyəcəklər, heç bir qapı açılmayacaq və belə halların qarşısını alacaqlar. Söz veriblər və ümid edirəm ki, verdikləri sözü yerinə yetirməlidirlər.

Sual: Mən yenə Türkiyə qəzetlərinə istinad edirəm. Vazırlar ki, İstanbulda keçirilən biznes forumunda Azərbaycan və Türkiyə tərəfindən Ermənistan prezidentinəneft kəmərinin Ermənistandan keçməsi təklif edilib ki, Ermənistan da öz qoşunlarını Azərbaycan ərazisindən çıxarsın. Bu fikirlərə sizin münasibətinizi bilmək istərdim.

Cavab: Türkiyə tərəfindən mənə belə təklif olmayıbdır. Qəzetlər haradan götürürlər, bunu bilmirəm.

Sual: Belə bir məsələ - neft kəməri və ərazi məsələsi reallaşa bilərmi?

Cavab: Bilirsiniz, neft kəməri və ərazi, - mən sözün belə qoyuluşu ilə razı deyiləm. Ancaq bizim bu neft kəməri haradansa keçəcəkdir, elədirmi? Əgər doğrudan da neft kəməri bölgədə sülhün yaranmasına kömək edə bilərsə, bunu müzakirə etmək olar. Bölgədə sülh təkcə bizim üçün deyil, hamı üçün lazımdır. Türkiyə üçün də lazımdır. Mən bunu Türkiyənin bütün ictimai rəyinə çatdırıram, - qoy Türkiyədə fikirləşməsinlər ki, bütün bu hadisələr Türkiyəyə toxuna bilməz. Əgər Ermənistanda o qədər silah toplanırsa, Türkiyə də düşünməlidir, fikirləşməlidir. Ona görə də bu bölgədə, Qara dəniz, Xəzər dənizi bölgəsində sülhü təmin etmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır.

Sual: Hörmətli prezident, atəşkəs haqqında sazişdən sonra Ermənistan silahlanmışdır. Buna qarşı Azərbaycan dövləti nə kimi tədbirlər görməkdədir?

Cavab: Azərbaycan dövləti Rusiyanın prezidentinə məktublar göndərib. Ermənistana gizli, qeyri-qanuni silah verildiyinə görə mən Rusiyanın prezidenti cənab Boris Yeltsinə üç dəfə məktub göndərmişəm, müraciət etmişəm. Xahişim də ondan ibarət olubdur ki, Rusiya dövləti tərəfindən təcili tədbirlər görülsün. Ermənistana qeyri-qanuni, gizli surətdə verilmiş silahlar Rusiyaya qaytarılsın. Mən Moskvada olarkən, martın 28-29-da Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin prezidentlərinin görüşü zamanı bu məsələ müzakirə edildi. Mən bu məsələni qaldırmışam və bütün dövlət başçılarına, o cümlədən Rusiyanın prezidentinə öz fikirlərimi bildirmişəm. Rusiya prezidenti ilə müzakirə etdiyimiz məsələlərdən biri də Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında Rusiyanın fəaliyyətinin artırılmasıdır, - çünki, sizə dediyim kimi, Rusiya Minsk qrupunun həmsədridir, - eyni zamanda Rusiyanın bəzi dairələri tərəfindən Ermənistana gizli, qeyri-qanuni olaraq silahların verilməsidir. Boris Yeltsin mənə bildiribdir ki, o, bu məsələni araşdırmaq barədə göstəriş veribdir. Moskvada mətbuat konfransında da biz - Boris Yeltsin, başqa respublikaların prezidentləri, o cümlədən mən bir yerdəydik. Orada sual veriləndə mən bildirdim ki, Boris Yeltsin söz verib ki, bu məsələnin araşdırılmasını nəzarət altında saxlayacaq və məsələ araşdırılan kimi lazımi tədbirlər görəcəkdir. Bilməlisiniz ki, Rusiya parlamenti bu məsələ barəsində qərar çıxarıb, onu Rusiyanın baş prokuroruna göndəribdir. İndi baş prokuror tərəfindən istintaq, araşdırma aparılır. Parlamentin qərarı Rusiya prezidentinə də göndərilibdir. Biz gözləyirik. Amma gözləməyimizin məqsədi bir o deyil ki, orada kimi isə cəzalandırsınlar, bu Rusiyanın daxili işidir. Məqsədimiz odur ki, Ermənistana qeyri-qanuni verilmiş silahlar geri qaytarılsın və bundan sonra Rusiya Ermənistana heç bir silah verməsin.

Sual: Hörmətli prezident, indiyə qədər Bill Klinton ilə üç dəfə görüşmüsünüz. Onu da bilirəm ki, Almaniyanın, İngiltərənin xarici işlər nazirləri Bakıya gəldilər, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə barədə sizin mövqeyinizə yaxın olan mövqelərini bildirdilər. Azərbaycan hökuməti Xəzər neft yataqlarının işlənməsinin böyük hissəsini Qərb şirkətlərinə vermişdir. Qərb ölkələri isə öz şirkətlərinin mənafeyini qorumağa çox həssasdırlar. Qərb ölkələri ermənilərə təsir göstərə bilirlər. Bu baxımdan Azərbaycan torpaqlarının işğaldan qurtarmasında ABŞ, Fransa və digər Qərb ölkələri nə üçün daha çox fəallıq göstərmir, bu işğala son qoymurlar?

Cavab: Birincisi, sən bunu onlardan soruş, onların əvəzinə cavab verə bilmərəm. Ancaq onu demək istəyirəm ki, bəli, mən Amerika prezidenti cənab Bill Klintonla da görüşərkən, onunla telefonla da danışarkən, Fransa prezidenti ilə görüşəndə də, - son üç ayda onunla iki dəfə görüşmüşəm, - artıq dedim ki, Rusiya prezidenti ilə bir ay öncə görüşmüşəm. Almaniyanın həm prezidenti, həm kansleri, həm də xarici işlər naziri ilə görüşmüşəm, - hamı söz veribdir. Xüsusən indi, Rusiya, Amerika, Fransa Minsk qrupunun həmsədrləri olduğu zaman üçü də söz verib ki, bu işə fəal qoşulacaqlar və bu məsələnin həlli ilə məşğul olacaqlar. Onlar bəyan ediblər ki, Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər bu danışıqların əsasını təşkil edəcəkdir.

Sual: Rusiya iqtisadi çətinliklər içərisindədir və böyük həcmdə silah satır, əl altından da satır. Siz Rusiyanın dövlət başçısının verdiyi sözə inanırsınızmı?

Cavab: Sizin qəzet niyə Ermənistanla belə əməkdaşlıq edir?

Jurnalist: Azərbaycanla da əməkdaşlıq edər, başqa yerlə də. Bizim əleyhimizə olan xəbərləri də veririk.

Cavab: Əgər sən Azərbaycanla Ermənistanı bir gözlə görürsənsə, bir münasibət göstərirsənsə, çox sağ ol. Sən türksən? Amma mən istəməzdim ki, türklər belə olsunlar, açıq danışıram. Rusiya, Rusiyanın prezidenti söz veribdir və güman edirəm ki, o, sözünü yerinə yetirməlidir. Əgər Türkiyənin qəzeti özünü bu cür aparırsa, onda mən Rusiyanın prezidentindən nə gözləyə bilərəm?

Sağ olun, təşəkkür edirəm.