Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına təbriki - 30 dekabr 1994-cü il


Əziz soydaşlarımız!

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Azərbaycan xalqı uzun əsrlər boyu yadelli işğalçıların zülmlərinə məruz qalmış, öz şərəfli tarixini şəhidlərinin al qanı ilə yazmışdır. Bu ağır zərbələrə ləyaqətlə sinə gərən soydaşlarımız bir çox hallarda doğma torpaqlarından uzaq düşmüş, Vətənindən ayrı yaşamağa məcbur olmuşlar. Lakin öz xalqının taleyini, gələcəyini düşünən qardaş və bacılarımız Azərbaycanın istiqlal mücadiləsini bir an belə yaddan çıxarmamış, müstəqil dövlətçiliyimiz uğrunda fəal mübarizə aparmışlar.

Xaricdə yaşayan həmvətənlərimiz bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai həyatı ilə dərindən maraqlanır, Vətənimizin çiçəklənməsi naminə əllərindən gələni əsirgəmirlər. İşğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda apardığımız mübarizə, ölkədəki iqtisadi və sosial dəyişikliklər, respublikamızın yeritdiyi ardıcıl müstəqillik xətti daim onların diqqət mərkəzindədir.

Bu əlamətdar gündə bütün Dünya Azərbaycanlılarını Milli Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycan dövlətinin daha işıqlı gələcəyi, xalqımızın birliyi və həmrəyliyi naminə hamınıza uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 31 dekabr 1994-cü il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər