Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin SNN televiziya kanalının müxbirinə müsahibəsi - 31 oktyabr 1998-ci il


Sual: Çox hörmətli cümhur başqanı Heydər Əliyev! Demək olar ki, məhz Sizin şəxsi iradənizlə Bakı-Ceyhan layihəsinin son nöqtəsi artıq qoyuldu. Sizcə, bu layihə tam həyata keçiriləcəkmi?

Cavab: Dörd il ərzində Bakı-Ceyhan bu nöqtəyə asanlıqla gəlib çıxmayıbdır. Bakı-Ceyhanı bu nöqtəyə gətirmək üçün biz dörd ildir ki, çox işlər görmüşük və bir çox maneələrin qarşısını almışıq, buna müxalif olan qüvvələrin qarşısını almışıq. Nəhayət, Bakı-Ceyhan boru xəttinin yaranması, tikilməsi haqqında bəyannaməni imzalamışıq. Əgər biz indiyə qədər bu çətinliklərin öhdəsindən gələ biimişiksə, onları aradan götürə bilmişiksə, güman edirəm, bundan sonra da bunları edə biləcəyik.

Mən bu bəyannaməni hazırlayarkən, onu buraya gətirərkən və Ankarada imzalayarkən yaxşı dərk edirdim ki, konsorsium Bakı-Ceyhanı qəbul etmir. Onun da səbəbi yalnız kommersiya prinsiplərinə görədir. Yəni onlar bunu çox baha hesab edirlər. Hesab edirlər ki, əgər biz onların layihəsini qəbul etsək bu bir milyard dollar ucuz ola bilər. Ancaq mən hesab edirəm ki, onların bu barədə verdikləri rəqəmlər o qədər də doğru deyildir. Ona görə də mən Azərbaycan Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, onlar konsorsiumla birlikdə bunu hesablasınlar.

Bir də ki, başqa yol yoxdur. Konsorsiumun təklif etdiyi yol Türkiyə tərəfindən də qəbul olunmur. Yəni Qara dənizdən, Supsadan tankerlərlə bu nefti, petrolu Qarasu limanına daşımaq, oradan isə bir boru xətti ilə İzmirə, Mərmərə dənizinə çıxarmaq yolunu Türkiyə qəbul etmir. Ona görə də onlar başqa bir yol tapa bilməyəcəklər. Beləliklə, biz Bak-Ceyhanı real həyata keçirəcəyik.

Sual: Sayın cümhur başqanı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir irəliləyiş, görüş olacaqmı?

Cavab: Olmalıdır. Çünki biz ölkəmizi belə vəziyyətdə saxlaya bilmərik. Yəni Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarının yüzdə iyirmi faizini işğal ediblər. Bizim bir milyondan artıq vətəndaşımız köçkün vəziyyətində çadırlarda yaşayır. Ona görə biz bu məsələnin həllində irəliləyişə nail olmalıyıq.

Son altı ay içərisində bəzi obyektiv səbəblərə görə bu sülh danışıqları zəifləyibdir. Ancaq güman edirəm, yaxın vaxtlarda biz bu işə bir daha sürət verəcəyik, danışıqlar aparılacaqdır və bu məsələnin həllinə nail olacağıq.

Müsahibəni SNN televiziya kanalının müxbiri Ahu Özyurd aparmışdır.

Tarixi arayış

MÜSAHİBƏLƏR