Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədə yaşayan azərbaycanlılarla görüşdə çıxışı - 1 noyabr 1994-cü il


Hörmətli cənablar, xanımlar!

Hörmətli dostlar, qardaşlar, həmvətənlər!

Bildiyiniz kimi, bu gün mən və mənimlə bərabər Azərbaycandan bir qrup ziyalı, dövlət adamları böyük şairimiz, böyük insan Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Türkiyədə keçirilən yubiley mərasimlərində iştirak etmək üçün buraya, Ankaraya gəlmişik. Bu böyük bir hadisədir. Yəni Azərbaycanın və bütün türk dünyasının böyük şairi, yazıçısı, mütəfəkkir insanı Məhəmməd Füzulinin yubileyinin həm Azərbaycanda, həm Türkiyədə, həm də başqa türk dövlətlərində keçirilməsi onu göstərir ki, biz keçmişimizə, ədəbi irsimizə böyük hörmət və ehtiramla yanaşırıq, eyni zamanda milli köklərimiz, birgə tariximiz əsrlər boyu bizi bir-birimizə yaxın edib, bir-birimizə bağlayıb, indi daha da sıx bağlayır.

Bu bayram münasibətilə, - bu, bizim üçün bayramdır, - mən sizi və bütün Türkiyə xalqını ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Məhəmməd Füzulinin yaratdığı əsərlər bundan sonra gələn nəsilləri də xalqa, millətə, torpağa, Vətənə sədaqət ruhunda tərbiyə edəcək, hazırlayacaqdır. Şübhəsiz ki, bu münasibətlə mənim burada dövlət başçıları ilə görüşlərim olacaqdır. Bunlar hamısı Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin günü-gündən inkişaf etməsinə yönəldilməlidir.

Bildiyiniz kimi, Azərbaycan oktyabrın 18-də öz müstəqilliyinin üçüncü ildönümünü qeyd etdi. Üç ildir ki, Azərbaycan müstəqil bir dövlətdir. Bu illər ərzində Azərbaycan böyük, çətin bir yol keçmişdir və həmin yol ilə getməkdədir. Müstəqilliyini əldə edən gündən indiyədək Azərbaycanın ən yaxın dostu, bizə ən yaxın ölkə, ən yaxın qardaş Türkiyə xalqı, Türkiyə Cümhuriyyəti olub. Dünya dövlətləri içərisində Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə Cümhuriyyəti olub. Azərbaycanın müstəqilliyinə yardım edən də Türkiyə Respublikasıdır. Biz bu dostluq, qardaşlıq əlaqələrinin bəhrələrini bu gün də görürük və gələcəyə də böyük ümidlə baxırıq. Ona görə də biz həmişə buraya gələndə elə bilirik ki, öz doğma torpağımıza, öz məmləkətimizə gəlirik. Eyni zamanda mən belə hesab edirəm ki, Türkiyədən Azərbaycana gələn hər bir adam da orada özünü öz məmləkətində, öz doğma torpağında olduğu kimi hiss edir.

Bütün Türkiyə bizim qardaşımız, dostumuzdur. Amma eyni zamanda burada Azərbaycandan çıxmış, yəni kökləri, əcdadları, dədə-babaları Azərbaycan torpağından olan insanlar da yaşayırlar. Onlar Azərbaycana daha çox maraq göstərirlər. Çünki dədələrini, babalarını, ulu babalarını görməyiblərsə də, nəsildən-nəsillərə keçən söhbətlər, sözlər onların qəlbində, ürəyində Azərbaycan torpağına bağlılığı həmişə saxlayıbdır.

Doğrudur, biz Sovet hakimiyyəti şəraitində yaşadığımız 70 ildə, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin olmadığı bir dövrdə çoxları belə hesab edirdi ki, bəlkə də insanlar bir-birini unudublar. Ancaq sərhədlər açılandan, əlaqələr düzələndən sonra məlum oldu ki, 70 il yox, heç 700 il də insanların bir-birinə bağlılığını qıra bilməz, insanlar bir-birini unuda bilməz. Ona görə də biz Türkiyəyə gələndə kökü Azərbaycandan olan buradakı soydaşlarımızla görüşməyi şübhəsiz ki, çox böyük bir hadisə hesab edirik.

Mənə dedilər ki, Ankarada yaşayan azərbaycanlıların, bizim dostlarımız, qardaşlarımızın bir qrupu buraya toplaşıb, mənimlə görüşmək istəyir. Mən bu təklifi çox məmnuniyyətlə qəbul etdim. Hamınızı ürəkdən salamlayıram, ulu babalarınızın torpağı olan Azərbaycandan sizə salamlar gətirmişəm, hamınıza ürəkdən, qəlbdən cansağlığı, xoşbəxtlik arzulayıram.

Yaxşı bilirik ki, Türkiyədə hər bir vətəndaş, xüsusən Azərbaycanla bağlı olan hər bir insan Azərbaycanın vəziyyətini həmişə izləyir, ölkəmizin müstəqilliyinin qorunması üçün rahatsızlığını bildirir, həmişə müəyyən düşüncələrlə yaşayır ki, görəsən Azərbaycanın müstəqilliyi davam edəcəkmi, bu müstəqillik gələcəkdə də olacaqmı, yeni bir şey olmayacaq ki? Mən bu hissləri başa düşürəm, bilirəm ki, bu suallar burada olan dostlarımızı, həmvətənlərimizi həmişə narahat edir. Bu da təbiidir. Çünki əvvələn, Azərbaycan öz müstəqilliyini hələ 1918-ci ildə əldə etdi və qısa müddətdən sonra itirdi. İkincisi də indi yenidən öz müstəqilliyini əldə edən Azərbaycanın başına ötən üç ildə o qədər bəlalar gəldi ki! Ermənistanın Azərbaycana qarşı təcavüzü altı ildir ki, davam edir. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal olunmuş bu torpaqlardan bir milyondan artıq qaçqın vardır. Bunlarla yanaşı, Azərbaycanın daxilində çoxlu gərgin, mürəkkəb ictimai-siyasi proseslər gedib, dəyişikliklər olub. Üç ildə üç dəfə hakimiyyət dəyişib. Ona görə də sizin narahatlığınız, əlbəttə ki, təbiidir.

Ancaq mən sizi əmin edə bilərəm ki, rahat olun, birincisi, Azərbaycanın müstəqilliyi əbədidir, heç kəsin buna şübhəsi olmasın. Yəni tarixin inkişafı artıq elə bir yoldadır ki, bu müstəqilliyi pozmaq, dağıtmaq mümkün deyil. O demək deyil ki, biz hamar yolla gedirik. O demək deyil ki, biz böyük bir qatara minib rahat oturmuşuq və bu da bizi müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparır. Yox, bu müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir. Ona görə də bu, sizə o qədər də asan gəlməsin. Ancaq mən sizə deyə bilərəm ki, Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarının, azərbaycanlıların tam əksəriyyəti, - deyə bilmərəm ki, hamısı, çünki ürəyində başqa fikirlərlə yaşayan adamlar da var, - tam əksəriyyəti bu müstəqilliyi əldən vermək istəmir. Bu, xalqın fikridir, xalqın rəyidir. O ki qaldı bizim iradəmizə, bir prezident kimi şəxsən mənim iradəmə, arxayın ola bilərsiniz, - Azərbaycanın müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq və heç kəs bizim bu müstəqilliyimizi əlimizdən ala bilməyəcəkdir. Buna əmin ola bilərsiniz.

200 il ərzində böyük bir dövlətin tərkibində olan bir xalqın içində bəzi adamlar var ki, o tərəfə meyl edir, yəni ürəyində o keçmiş hissləri yaşadır. İkinci tərəfdən, 200 il Azərbaycanı öz pəncəsi altında saxlayan imperiya Azərbaycanın müstəqilliyinə heç cür razı ola bilmir: necə də ola bilər ki, Azərbaycan onun tərkibindən çıxsın, müstəqil olsun? Ola bilər ki, iki il, üç il dözsün...

Yəni bizim qarşımızda belə ağır, çətin yol var. Mən sizi rahatsız etmək istəmirəm, sadəcə, real vəziyyəti sizə deyirəm. Ancaq nə qədər çətin, ağır olsa da biz bu müstəqillik yolu ilə gedəcəyik. Mən sizə xalqın iradəsini, öz iradəmi deyirəm. Nə qədər çətin olsa da, biz bu yolla gedəcəyik. Buna arxayın olun. Müstəqilliyimizi əlimizdən verməyəcəyik. Mən bilirəm ki, bu yolda Türkiyə həmişə bizim dayağımız olub, olacaq. Türkiyədə yaşayan həmvətənlərimiz, soydaşlarımız daim bizimlə olacaq, bizə yardımçı olacaq, bizə mənəvi dayaq göstərəcəklər və hamımız birlikdə bu yolu başa çatdıracağıq.

Mən sizin qarşınızda bir neçə saat məlumat verə bilərəm. Ancaq o qədər vaxt yoxdur. Ona görə də qısa olaraq bir neçə kəlmə demək istəyirəm. Bizim ən böyük dərdimiz Ermənistanın Azərbaycana təcavüzüdür. Altı il davam edən müharibədə, deyə bilmərəm ki, Azərbaycan xalqı, necə deyərlər, fərsiz, yaxud da aciz olub, ona görə də torpaqları işğal edilib. Yox, Azərbaycan xalqı əsrlər boyu öz qəhrəmanlığını, cəsurluğunu göstərib, öz mənliyini sübut edib, dünyaya nümayiş etdirib. Ancaq bu altı il müddətində çoxlu mürəkkəb proseslər gedib, çətinliklər yaranıb. Bir tərəfdən Azərbaycana rəhbərlik edən adamların bəzilərinin fərsizliyi, fəaliyyətsizliyi, satqınlığı, ikinci tərəfdən Ermənistana müxtəlif yerlərdən göstərilən kömək, yardım və s. - bunlar hamısı bizi gətirib bu bəlaya çıxarıbdır.

Keçmiş haqqında çox danışmaq istəmirəm. Bunu tarix təhlil edəcək, göstərəcək, bugünkü gün də göstərəcək. Bizdən sonra gələn nəsillər də bunu təhlil edəcək. Hər halda Azərbaycan gərək bu vəziyyətə düşməyəydi, öz torpaqlarını əldən verməyəydi, gərək Ermənistanın təcavüzünün qarşısını alaydı. Azərbaycan xalqı bunlara qadir idi. Ancaq bunlar əldən verilib. İndi Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır, bir milyondan artıq qaçqın var. Qaçqınların çoxu çadırlarda yaşayır. Qarşıdan qış gəlir, vəziyyət ağırdır. Onlar belə çətin vəziyyətdə yaşayırlar.

Azərbaycanın iqtisadi vəziyyəti ağırdır. Bilirsiniz ki, bu 70 ildə biz bir-birimizdən ayrı olmuşuq. Bu 70 ilin mənfi cəhətləri də var. Amma nailiyyətləri də var. Azərbaycan xalqı bu 70 il ərzində təhsillənib, elmlənib, biliklənib. Bax, görürsünüz, onların bir çoxu burada oturub, bizim şairlərdir, alimlərdir. Bunlar hamısı 70 il ərzində yetişən adamlardır. Dahi Füzulini yaşadan bu adamlardır. Azərbaycanda Füzuli haqqında nə qədər əsərlər yazılıb. Mən cəsarətlə deyə bilərəm ki, heç bir ölkədə Füzulinin yaradıcılığı, onun dünya mədəniyyətinə verdiyi töhfələr Azərbaycandakı kimi təhlil olunmayıb. Bunlar hamısı həyata keçib.

Ötən 70 ildə Azərbaycanın elmi potensialı yaranıb, respublikamızın böyük iqtisadi potensialı da yaranıb. Azərbaycan qurulub, yaşayıb, yəni Azərbaycan xalqı bu rejimi qəlbdən qəbul etməsə də, bu rejimin içərisində öz işini görüb, irəliyə gedib, inkişaf edib. Ancaq Azərbaycanın bu böyük iqtisadi potensialından istifadə etmək imkanları indi çox məhdudlaşıbdır. Biz bir sistemdən o biri sistemə keçmişik. Bir çox iqtisadi islahatlar həyata keçirməliyik. Son altı ildə Azərbaycan iqtisadiyyatında quruculuq prosesləri yoxdur, dağıdıcı proseslər gedir. Bizim yüksək texnologiyaya malik fabrik və zavodlarımız var, lakin onlar indi dayanmışdır. Biz onları işlədə bilmirik. Xammal yoxdur, yaxud da Rusiya ilə, başqa ölkələrlə əlaqələr qırıldığına görə ayrı-ayrı mallar alınmır. Digər tərəfdən, yollarımız da bağlıdır.

Bizim əsas dəmir yolumuz Şimali Qafqazdan keçir. Çeçenistanda baş verən hadisələrlə əlaqədar üç aydır ki, dəmir yolu bağlıdır. Azərbaycan blokada şəraitindədir. Dəmir yolu bağlanıb. Başqa dəmir yolumuz da yoxdur. Xəzər dənizində nəqliyyat əlaqələrimiz, əlbəttə ki, dəmir yolu qədər deyil, məhduddur. Təsəvvür edin, əgər biz indi Rusiyadan çətinliklə buğda gətirmək istəyiriksə, gərək onu Rusiyadan Qazaxıstana keçirək, ORADAN Özbəkistana, Türkmənistana aparılsın, bundan sonra Krasnovodsk limanına və buradan da gəmi ilə gətirilib Bakıya çatdırılsın. Bu buğdanın nəqliyyat xərcləri onun öz qiyməti qədərdir. Bax, Azərbaycan belə bir ağır vəziyyətdə yaşayır.

Azərbaycan xalqı bu ağır şəraitdə də öz müstəqilliyini, öz torpaqlarını qorumaq əzmindədir. Müharibə şəraitində iqtisadi böhrandan çıxmaq üçün biz bir çox tədbirlər görürük. Danışıqlar nəticəsində beş aydan artıqdır ki, atəşin kəsilməsinə nail olmuşuq. Altı il davam edən müharibədə bu, ilk hadisədir. Yəni ilk elə bir dövrdür ki, beş aydan çox atəş, müharibə yoxdur. Amma bundan əvvəl biz hər gün şəhidlər verirdik. Bizim vətəndaşlar hər gün həlak, şəhid olurdular. İndi müharibə dayanıb, qan tökülmür. Ancaq bu o demək deyil ki, biz buna dözə bilərik. Bizim torpaqlarımız işğal altındadır. Bir milyondan artıq qaçqın var. Biz bu işğalın davam etməsinə imkan verə bilmərik. İmkan verə bilmərik ki, ermənilər bu torpaqların elə həmişə onların olacağını düşünsünlər. Yox! Biz siyasi tədbirlər görürük ki, sülh yaradaq. İşğalçı qüvvələri sülh yolu ilə oradan çıxardaq. Qaçqınlar öz yerlərinə qayıtsınlar. Bu barədə bir çox tədbirlərimiz var. Biz beynəlxalq təşkilatlar - BMT, ATƏM, onun Minsk qrupu ilə sıx əlaqədəyik. Bu yaxınlarda BMT-nin Baş katibi Butros Qali üç gün Bakıda səfərdə oldu. Onunla danışıqlar apardıq. Bu işləri görürük.

Mən bir neçə saat bundan əvvəl burada iş adamları ilə görüşdüm. Azərbaycan Türkiyə üçün ən yaxın bir ölkə olduğu halda, Türkiyənin iş adamları indi Azərbaycanda az iş görürlər. Amma keçmiş Sovet İttifaqının digər respublikalarında daha çox iş görürlər. Ola bilər ki, bunun günahları bəzən Azərbaycandadır. Bu gün mənə məlumat verdilər ki, bu məsələlərin həll olunmasında əngəllər vardır. Biz buna baxacağıq. Ancaq Azərbaycan ilə Türkiyənin iqtisadi əlaqələri inkişaf etməlidir. Biz bunun üçün lazımi tədbirlər görürük. Azərbaycan iqtisadiyyatının inkişafı üçün bu, bizim əsas yollarımızdan biridir.

Mən dedim ki, ötən üç ildə müstəqil Azərbaycan Respublikasında müəyyən dəyişikliklər olub, üç dəfə hakimiyyət dəyişib. Bu isə insanlarda ümidsizlik yaradıb. Adamların bəzilərində biganəlik əmələ gəlib. Ancaq siz əmin ola bilərsiniz ki, buna da son qoymuşuq.

Keçən ilin iyun ayında Azərbaycanda hərbi çevrilişə cəhd olundu, vətəndaş müharibəsi baş verdi. Bununla əlaqədar mən Bakıya gəldim. O vaxtdan Azərbaycanın rəhbərliyini öz üzərimə götürdüm. Bu il oktyabrın əvvəlində respublikada yenə də belə bir çevriliş cəhdi baş verdi. Bunu siz bilirsiniz, qəzetlər yazıb və oxumusunuz. Burada geniş məlumat verməyə ehtiyac yoxdur. Ancaq bu, xalqımızın içindəki cinayətkar, mafioz qrupların öz şəxsi məqsədlərini ümummilli, ümumxalq, ümumvətən, ümumölkə mənafelərindən üstün tutduqlarını göstərdi. Bu adamlar siz deyən qədər də bacarıqlı şəxslər deyil. Son illərdə Azərbaycanın daxilində vəziyyət elə olub ki, ziyalı, bilikli adamlar kənarda qalıblar (bax, burada oturan ziyalılar kənara çəkiliblər, bəziləri öz başlarını saxlamaqla məşğul olublar), Azərbaycan üçün yararlı olmayan adamlar meydana çıxıb, silah, pul toplayıb, hakimiyyət iddiasında olublar.

Bax, belə bir hadisə bu il oktyabrın əvvəlində yenə də başlandı və bunlar əvvəlcədən qurulmuş, planlaşdırılmış hadisələr idi. Bilirsiniz ki, uzun illər gedən danışıqlar nəticəsində sentyabrın 20-də Azərbaycan Respublikası Xarici Ölkələrin Neft Şirkətləri Konsorsiumu ilə müqavilə bağladı. Bu konsorsiuma Türkiyənin şirkəti də daxildir. Otuz il müddətinə bağlanan bu müqavilə tarixi bir hadisədir, yəni "Əsrin müqaviləsi" kimi qiymətləndirilir. Bir halda ki, bu müqavilə otuz ilə bağlanıbdır, demək, gələcək nəsillər üçün də çox faydalı bir müqavilədir. Bu müqavilə imzalandıqdan sonra nə oldu? İki gün sonra ölkəmizin bir həbsxanasından Azərbaycana qarşı cinayət etmiş dörd nəfər canini çıxardılar. Tarixdə bu, birinci dəfə olubdur. Demək, bunu professional qüvvələr təşkil etmişlər. O caniləri çıxardılar, qaçırdılar. Bunlar Azərbaycanın bütövlüyünün əleyhinə çıxan, Azərbaycanı parçalanmağa çalışan adamlardır. Onlar vaxtilə Azərbaycanda hakimiyyət iddiasında idilər. Düzgün başa düşün, bu adamları əvvəl də həbs etmək, xalqdan təcrid etmək lazım idi. Amma bunu etməmişdilər. Mən bunu etdim, bu adamların həbs edilməsinə nail oldum. Onların üzərində məhkəmə quruldu. Məhkəmə onları artıq Vətən xaini kimi ifşa edirdi, ancaq bu mərhələdə bəzi adamların satqınlığına görə onlar həbsxanadan qaçırıldı.

Bundan sonra mən Nyu-Yorka getdim. O hadisəni bunun qarşısını almaq üçün etmişdilər. Amma buna baxmayaraq mən Nyu-Yorka getdim, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində çıxış etdim. Amerikanın prezidenti Bill Klintonla görüşdüm. Bir çox səmərəli görüşlərimiz, danışıqlarımız oldu. Mən Amerikada olarkən bizim iki nəfər çox dəyərli dövlət xadimini - Ali Sovet sədrinin müavini Afiyəddin Cəlilovu və xüsusi idarənin rəisi polkovnik Şəmsi Rəhimovu qətlə yetirdilər, xaincəsinə öldürdülər, terrora əl atdılar.

Bunu Azərbaycanda qarışıqlıq yaratmaq üçün etdilər. Mən bunu eşidəndə hiddətləndim, tezliklə ölkəyə qayıtmaq istədim. Ancaq bəziləri şayiə yaymışdılar ki, Heydər Əliyev artıq Amerikadan geri qayıtmayacaq, Heydər Əliyev orada qaldı, biz də burada dövlət devirəcəyik. Lakin mən qayıtdım. Demək, bu da baş vermədi. Bundan sonra onlar dövlət çevrilişinə başladılar. Bunun da qarşısı alındı. Şübhəsiz ki, böyük qanlar tökülə bilərdi. Çünki böyük silahlı qüvvələr hazırlanmışdı, vətəndaş müharibəsi olacaqdı.

Ancaq mənim xalqa müraciətimdən sonra gecə yarısı xalq ayağa qalxdı - gənci də, qocası da, cavanı da, kişisi də, qadını da, cocuğu da - hamısı Prezident sarayının önündəki meydana toplaşdı, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini, qanuni seçilmiş dövlət rəhbərliyini qorudu. Cinayətkarların bir qismi yaxalandı, həbs olundu. Mən rəhmdarlıq, insanpərvərlik etdim. Bu işin təşkilatçılarından biri olan Surət Hüseynovu o gün də həbs etmək olardı. Mən bunu etmədim. Çünki mən, ümumiyyətlə, rəhmdar adamam. Ancaq o bunu anlamadı, üç-dörd gündən sonra başına bir dəstə topladı, qaçdı. İndi biri deyir respublikanın xaricindədir, o birisi deyir daxilindədir. Ancaq o, xalqın məhkəməsindən qaça bilməyəcək. Şübhəsiz ki, o da, onun ətrafında olan adamlar da, Moskvada oturmuş Mütəllibov da, Rəhim Qazıyev də, Surət Hüseynov da, Azərbaycanı parçalamaq, cənub zonasını ayırmaq istəyən Əlikram Hümbətov da, - onların heç birisi qaça bilməyəcək, xalq ədalət məhkəməsi onların hamısının cavabını verəcəkdir.

Böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, o gərgin günlərdə, xüsusən o gecə Türkiyə Cümhuriyyəti bizimlə oldu. Türkiyənin prezidenti, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl bir neçə dəfə mənə telefonla zəng etdi, məsələ ilə maraqlandı, vəziyyəti öyrəndi, bəyanat verdi. Ondan sonra başqa dövlətlər, dünyanın böyük dövlətləri bəyanat verdilər ki, Azərbaycanda sabitliyin qorunmasının, qanuni seçilmiş dövlət rəhbərliyinin tərəfdarıdırlar, qanuni seçilmiş prezidenti dəstəkləyirlər. Demək dünya ictimaiyyəti də bizim tərəfimizdə oldu.

O günlər Türkiyə, şübhəsiz ki, böyük gərginliklə Bakıdakı hadisələri izləyirdi. Amma gördünüz ki, biz bunları asanlıqla. Bir-iki günə yerinə qoyduq. Xalq ayağa qalxdı. Xalqımız cinayətkarları indiyədək lənətləyir. Biz minlərlə, on minlərlə məktublar, teleqramlar alırıq, cinayətkarları məhkum etmək, vətən xaini kimi cəzalandırmaq barədə xalq öz sözünü deyir, yazır və onların hərəkətini pisləyir. Bir tərəfdən də bu hadisə bəlkə də olmamalıydı, amma bu hadisənin olması belə adamları üzə, aşkara çıxardı. Bir çox adaların da canı qurtardı.

Məsələn, o cinayət edənlərin yuvası Gəncə şəhəridir. Gəncə şəhərindən indi mənə məlumatlar gəlir, insanlar deyirlər ki, biz artıq rahat nəfəs ala bilirik. Bu qeyri-qanuni silah saxlayan, oğru, quldur, cinayətkar adamlar insanları terror edir, gəlib camaatın uşaqlarını oğurlayır, hətta evdən adamları oğurlayır, cürbəcür başqa cinayətlər edirdilər. Camaat müəyyən qədər rahatlandı. Deyə bilmərəm ki, tamam rahatlanıb, çünki içərimizdə belə cinayətkarlar hələ var. Siz heç güman etməyin ki, biz bununla qurtarmışıq. Yox, indi bu cinayətkarların bəzisi yaxalanıb, bəzisi qaçıb, bəzisi gizlənib. Ancaq bu gün bir şey məlumdur ki, Azərbaycan xalqı öz müstəqilliyinin keşiyindədir. Azərbaycan xalqı öz dövlətini dəstəkləyir, müdafiə edir və bu xalqımızın əbədi müstəqilliyinin təminatıdır.

Azərbaycanda xalqın çörəklə təminatında çətinliklər vardır. Çünki həmin Surət Hüseynovu və onun yanında olan adamların bir neçəsini mən işdən çıxardım, bir neçəsi həbs olundu - onlar Azərbaycanı taxılla təmin etmək məsələləri ilə vaxtında məşğul olmadıqlarına görə, indi bizim yollarımız bağlandığına görə, bir tərəfdən də vəsaitimizin çatışmamasına görə bu sahədə böyük gərginlik əmələ gəlmişdir. Biz Türkiyəyə müraciət etmişik. Kredit hesabına və başqa vasitələrlə buradan təcili buğda, un alıb aparmalıyıq ki, əhalini təmin edək. Ölkənin rəhbərləri ilə mənim bu barədə bu gün də, sabah da danışıqlarım olacaq. Ümidvaram ki bu sahədə bizə kömək olunacaqdır.

Ancaq bilirsiniz, xalqımız nə deyir. Məsələn, BMT-nin Baş katibi Butros Butros-Qali Bakıda olarkən, gedib qaçqınlarla görüşəndə ona dedilər ki, biz aclığa da dözərik, bax bütün bu ağır günlərə də dözərik, təki müharibə qurtarsın, torpaqlarımız azad olsun və biz öz doğma yerlərimizə qayıdaq. Bu, xalqımızın ən böyük arzusudur və bu da Azərbaycan prezidenti kimi mənim qarşımda ən böyük vəzifədir. Əmin ola bilərsiniz ki, mən bu vəzifəni həyata keçirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu yolda çalışmışam və həyatımın son dəqiqəsinə qədər çalışacağam.

Mən bu görüşdən məmnun olduğumu bir daha bildirmək istəyirəm. Sizin hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Kim Azərbaycana nə vaxt gəlmək istəyirsə, gözümüz üstə yeri var. Gəlsinlər, Azərbaycan sizin öz doğma torpağınızdır, doğma vətəninizdir. Sağ olun.

"Azərbaycan" qəzeti, 2 noyabr 1994-cü il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər