Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin TRT-1 Televiziya kanalının "Dünya düşüncələri Atatürkün gözü ilə" verilişinə müsahibəsi - 6 aprel 1999-cu il


Sevtar Yaşa (aparıcı): Salam. Dünyanın fikir mütəfəkkirlərindən biri olan Sartr demişdir: "Müasir cəmiyyətimizdə hər kəs hər şeyə görə məsuliyyət daşıyır. Ancaq məsuliyyətlərin yerinə yetirilməsi hər şeydən öncə və hər şeydən çox, məlumat sahibi olmaqla gerçəkləşdirilə bilər".

Bu məqsədlə bugünkü verilişimizdə daha bir dünya mütəfəkkirinin gözü ilə böyük öndərimiz Mustafa Kamal Atatürkü və onun qurduğu cümhuriyyəti gözünüz önünə gətirəcək və sizin müzakirələrinizə, fikir mübadiləsi aparmağa təqdim edəcəyik. Hörmətli professor, doktor Özer Ozankayanın hazırladığı bir müsahibəni izləyəcəksiniz.

Özer Ozankaya: Həmin şəxs böyük dövlət və siyasət adamı, eyni zamanda da qardaş türk xalqlarından birinin dövlət başçısı, yəni qonşu və qardaş Azərbaycanın cümhur başqanı hörmətli Heydər Əliyevdir. Bildiyiniz kimi, çox hörmətli Heydər Əliyev Sovetlər Birliyinin dağılması gedişində öz ölkəsində hadisələri diqqətlə izləyən və xalqını düzgün yola istiqamətləndirmiş bir şəxsdir.

Sevtar Yasa: Zənnimcə, Heydər Əliyev əvvəllər də böyük vəzifələrdə çalışmış bir dövlət adamı olmuşdur.

Özer Ozankaya: Bəli, hörmətli Heydər Əliyev Azərbaycanın çox dəyərli bir siyasətçisi, dövlət adamı, uzun müddət ictimai həyatda müəyyən vəzifələr daşımış, xalqının etimadını qazanmış bir şəxsdir. Təbii ki, belə bir şəxsiyyətin Atatürk və cümhuriyyətlə bağlı fikirlərini öyrənmək bizim üçün hər cəhətdən faydalı və yararlıdır.

Hörmətli Heydər Əliyev kiçik rahatsızlığı ilə əlaqədar müayinə və müalicə almaq üçün qısa zamanda Ankaraya gəlmişdi. O, tam sağaldıqdan sonra biz cənab Heydər Əliyevlə Çankayada onun üçün ayrılmış iqamətgahda görüşdük. Bir saata yaxın ətraflı söhbət etdik. Bu görüşün iki önəmli istiqaməti vardır. Birincisi, 75 illik sosializm quruculuğunu yaşayan və onun zəifləyərək dağılması zamanı da öz xalqına istiqamət verən bir şəxs kimi, Heydər Əliyevin Türkiyədə həyata keçirilən Mustafa Kamal Atatürkün demokratik inqilabı ilə bağlı fikirlərini dinləmək maraqlıdır.

Sevtar Yasa: İndi müstəqillik təcrübəsi və ona sahib olmaq qayğıları ilə yaşayan Azərbaycan üçün bu, çox maraqlı bir təcrübədir.

Özer Ozankaya: Türkiyə demokratik yolla inkişafını müstəqillik bayrağı altında, tam müstəqillik qazandıqdan sonra həyata keçirmişdir. Ancaq qonşu və qardaş Azərbaycan sovet imperiyası tərkibində, Rusiyanın böyük təzyiqi altında yaşamağa məcbur olmuşdu. Bunun doğurduğu səbəblər barədə hörmətli prezident Heydər Əliyevin bir dövlət adamı kimi söylədiyi maraqlı fikirləri də, şübhəsiz ki, verilişimizdə diqqətlə işləyəcək, şahidi olacağıq.

Sevtar Yasa: Siz müsahibə alarkən hörmətli Heydər Əliyevin fikirləri 6-7 illik, ya da elə bir neçə il əvvəl əldə edilən müstəqillik dövrü ərzində Atatürkü çox oxuması təəssüratı bağışladı, yoxsa uzun müddətdir onlar bu məlumatlara sahibdirlər?

Özer Ozankaya: Şübhəsiz ki, onun açıqlamalarından, suallara verdiyi cavablardan da aydın oldu ki, Azərbaycanın görkəmli xadimləri Türkiyə və Atatürk ilə çox yaxından maraqlanmış və onu anlamağa çalışmışlar. Təbii ki, Atatürkə çox böyük bir heyranlıq, çox dərin bir hörmət, çox yüksək duyğular bəsləyən bir qonşu və qardaş xalqdan söz gedir. İndi isə gəlin hörmətli Heydər Əliyevin bu düşüncə və duyğular içərisində söylədiyi fikirləri izləyək.

Sual: Hörmətli cümhur başqanım, bəllidir ki, Mustafa Kamal Atatürkün ölümündən 60 il keçdiyi halda, millətimiz bu gün də onu ehtiramla yad edir, ona ilham qaynağı kimi baxır. Baxmayaraq ki, onunla eyni dövrdə, XX yüzillikdə yaşayan Lenin kimi başqa şəxsiyyətlər də vardı. Onlarla müqayisədə Mustafa Kamal Atatürkün bu daimi dəyərini necə izah edərdiniz və bizə bu barədə nə deyə bilərsiniz?

Cavab: Bu təbiidir. Çünki Mustafa Kamal Atatürk XX əsrin dünyada ən böyük şəxsiyyətlərindən biridir. Dövlət adamı kimi, siyasət adamı kimi və dövlət başçısı kimi ölümündən 60 il sonra da Türkiyə xalqı qoyduğu yolla gedir. Görün yol nə qədər doğru - düzgün qurulub ki, o yoldan nə sağa, nə sola dönmək mümkün deyil. Bu Mustafa Kamal Atatürkün müdrikliyini göstərir, dahiliyini göstərir, öz xalqına böyük xidmətlərinin nəticəsini göstərir.

Mən istəməzdim ki, Böyük Mustafa Kamal Atatürkü digər şəxsiyyətlərlə müqayisə edim. Çünki Türkiyə qədim bir ölkədir, qədim bir dövlətdir, xalqdır. Osmanlı imperatorluğunun 700 - cü ildönümü olacaqdır. Bu dövlət 700 il yaşayıbdır və dünyanın böyük bölgələrinə öz təsirini göstəribdir, böyük izlər qoyubdur. Ancaq bütün imperatorluqlar kimi, Osmanlı imperatorluğu da dağılmağa məcbur edildi. Ola bilər bəzi imperatorluqlar daha da çox yaşadı, bəzisi ondan az yaşadı. Bunların səbəbləri çeşidlidir, fərqlidir.

Ancaq Birinci Dünya müharibəsindən sonra Osmanlı imperatorluğu dağıldı. Türkiyənin torpaqlarını əlinə keçirmək istəyən başqa ölkələr o vaxt çox idi. Yalnız Mustafa Kamal Atatürkün iradəsi, ağlı, zəkası, qəhrəmanlığı, müdrikliyi ona imkan verdi ki, türk xalqının içindən çıxaraq Osmanlı imperatorluğunun dağıntılarının, külünün yerində yeni bir çağdaş dövlət yaratsın. Onu da Mustafa Kamal Atatürk yaratdı.

Ancaq bundan öncə Türkiyə böyük sınaqlardan keçdi. Bilirsiniz ki, Türkiyəni o vaxt parçalamaq istəyirdilər. Mustafa Kamal Atatürkün başçılığı ilə, onun başqanlığı, rəhbərliyi ilə aparılan qurtuluş savaşı türk xalqını bütün bu ölkələrin Türkiyəyə qarşı yönəldilmiş cəhdlərindən xilas etdi. Burada, Türkiyənin torpağında yerləşən yunanlar, italyanlar, oradan ermənilər, onunla bərabər Rusiya Türkiyənin Şərq hissəsini əllərinə keçirmək istəyirdilər. Bunlarının hamısının qarşısı alındı və nəhayət, 1923 -cı ildə Türkiyə torpağında, 700 il imperatorluq tarixi olan bir ölkənin üzərində yeni bir dövlət - Türkiyə Cümhuriyyəti yarandı. Bu, çox tarixi bir hadisədir. Şübhəsiz ki, hər bir ölkənin həyatında tarixi hadisələr çoxdur. Şübhəsiz ki, hər bir ölkənin həyatında 700 il ömür sürən bir imperatorluq dağılan zaman Mustafa Kamal Atatürk belə bir zəka, ağıl göstərib, iradə, qəhrəmanlıq göstərib, xalqı bir yerə toplayıb, xalqın önündə gedib və cümhuriyyət yaradıbdır.

Siz bilirsiniz ki, cümhuriyyətin yaranması da o qədər asan olmayıbdır. Ondan sonra onun yanaşması da o qədər asan olmayıbdır. Ancaq Mustafa Kamal Atatürkün şəxsiyyəti bir də ona görə qiymətlidir ki, həm Türkiyə xalqı üçün, həm bütün türk dünyası üçün, həm d bütün dünya üçün o, qurub - yaratdığı cümhuriyyəti yaşada bilibdir.

Məsələn, 1918-ci ildə Rusiya imperatorluğu dağılan zaman, yəni orada bir inqilab - Oktyabr inqilabı olandan sonra Rusiya dağılmağa başladığı zaman Qafqazda Azərbaycan və digər Qafqaz ölkələri cümhuriyyət yaratdılar. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Amma o, cəmisi 23 ay yaşadı. Yaşaya bilmədi. Çünki Rusiya imperatorluğu yarandı. O imperatorluq da Rusiyanın torpaqları içərisində olmuş bütün ölkələri əlindən vermək istəmədi. Bir tərəfdən də Ermənistanla Azərbaycan arasında o vaxt gedən savaş, Azərbaycanın içində sabitliyin olmaması və yaranmış cümhuriyyətin içində böyük bir liderin olmaması, lider məsələsi var idi. Elə oldu ki, 23 aydan sonra bu cümhuriyyət dağıldı.

1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaranması bir də ona görə tarixi hadisədir ki, bu, müsəlman aləmində, türk dünyasında ilk yaşayan cümhuriyyətdir. Yenə də deyirəm, yaranması da çox əhəmiyyətlidir. Bu, tarixi bir hadisədir. Amma əgər yaranan şey yaşaya bilmirsə, davam edə bilmirsə, onun əhəmiyyəti də itir. Mustafa Kamal Atatürk cümhuriyyəti yaratdı, onun təsislərini yaratdı, cümhuriyyəti qaldırdı, xalqı qaldırdı və ondan sonra da cümhuriyyəti, ölkəsini etibarlı əllərə tapşırdı.

Sual: Çox hörmətli cümhur başqanım. Atatürkün qurduğu bu cümhuriyyətin bir dünyəviliyi də vardır. Bildiyiniz kimi, təkcə Azərbaycandan və bir - iki başqa türk cümhuriyyətlərindən savayı, bütün islam dünyasında, Pakistandan İndoneziyaya qədər və ərəb ölkələrində - heç birində belə bir dünyəvi dövlət yoxdur. Bu cümhuriyyətin əhəmiyyəti barədəki fikirlərinizi bilmək istərdik.

Cavab: Mustafa Kamal Atatürkün böyüklüyü bir də ondan ibarətdir ki, islam dininin altında yaşamış və islam dininin hakim olduğu bir dövlətdən çıxan yeni bir dövlət, məhz dünyəvi dövlət qurulubdur. Siz ona layiq dövlət deyirsiniz, biz Azərbaycan dilində buna dünyəvi dövlət deyirik. Bu da Mustafa Kamal Atatürkün o cümhuriyyəti qurarkən ən böyük nailiyyətlərdən biridir.

Şübhəsiz ki, o zaman, islam dini bütün islam aləmində, o cümlədən Türkiyə torpağında hakim olduğu bir dövrdə bu torpaqda əsrlər boyu islam dininin təsiri altında, onun hökmü altında yaşamış xalq üçün cümhuriyyət yaradaraq onu dünyəvi, layiq cümhuriyyət etmək böyük bir qəhrəmanlıqdır, böyük bir cəsarətdir. Eyni zamanda, çox uzaqgörənlikdir. Yəni o, xalqı üçün dünya sivilizasiyası yolunu açıbdır. Geriyə yox, irəliyə. Ona görə də Türkiyə Cümhuriyyətinin dünyəvi cümhuriyyət olması, şübhəsiz ki, onu bütün başqa cümhuriyyətlərdən fərqləndirir.

Mən sizə deyə bilərəm ki, Azərbaycanın da cümhuriyyəti dünyəvi cümhuriyyət olubdur. 1918-ci ildə də və indi, 1991-ci ildə biz müstəqilliyimizi, istiqlaliyyətimizi əldə edəndən sonra biz ancaq dünyəvi bir cümhuriyyətik. Bizim Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Bu, bizim Konstitusiyamızda yazılmış əsas prinsiplərdir.

Mustafa Kamal Atatürk bu barədə çox böyük iş görübdür. Hesab edirəm ki, ötən 75 il ərzində Türkiyə xalqı bu istiqamətdə böyük bir məsafə qət edibdir. Doğrudur, hələ bu gün də problemlər var. Biz də bunu bilirik, siz də bunu bilirsiniz. Bu dünyəvi cümhuriyyətə pis baxanlar, yəni onu qəbul etməyənlər də vardır. Amma mən hesab edirəm ki, onlar geridə qalacaqlar. Türkiyə xalqını bundan sonra da irəliyə yalnız Mustafa Kamal Atatürkün qoyduğu yol, onun müəyyən etdiyi prinsiplər aparacaq, o cümlədən Türkiyə cümhuriyyəti dünyəvi dövlət olaraq inkişaf edəcəkdir.

Sual: Bununla əlaqədar olaraq bizdə Mustafa Kamal Atatürkün dünyəvi bir cümhuriyyət qurmaqla həqiqətən islam dininin demokratiya ilə əlaqəliyini və heç də bundan kənara çıxmadığını sübut etdiyini göstərdiyini, eyni zamanda islam dininin etibarını yüksəltdiyini də söyləyirlər. Bu barədə fikrinizi bilmək olarmı?

Cavab: Bu da Mustafa Kamal Atatürkün dahiliyidir və eyni zamanda o, bütün islam dünyasına nümayiş etdirib, göstəribdir ki, islam dinindən imtina etmədən, islam dinini xalqın mənəvi dəyərləri hesab edərək dünyəvi bir dövlət qurmaq olar. Yəni bunlar heç vaxt bir - birinə zidd deyildir. Bunu yalnız islam dövlətçiliyini qoruyub saxlamaq istəyən adamlar o vaxt da, indi də sübut etmək istəyirlər ki, guya dünyəvilik islam dininə ziddir. Bu, doğru deyildir.

Azərbaycanda əsas prinsiplərimizdən biri, yəni bizim mənəvi, milli ideologiyamız milli - mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirməkdən, sintez etməkdən ibarətdir. Biz bu yolu gedirik. Mustafa Kamal Atatürk bu yolu qoyubdur. Yəni islam dinindən heç kəs imtina etmir. İslam dini bizim mənəvi mənbəyimizdir. Əsrlər boyu bizim xalqlarımız - Türkiyə də, Azərbaycan da islam dininə itaət edibdir.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra din tamamilə yasaq olundu. Təkcə islam dini yox, bütün dinlər, yəni ateizm siyasəti aparıldı. Azərbaycanda 70 il din yasaq olundu. Amma din ölmədi. İnsanlar dini saxladı, qorudu - qəlbində qorudu, bütün adət - ənənələrində qorudu. Amma sovet hakimiyyətindən sonra. Yəni o yasaq üzərindən götürüləndən sonra bir ilin içərisində bu din hər yerdə özünü göstərdi. İndi, son illərdə Azərbaycanda çoxlu məscidlər tikilibdir, yaradılıbdır. Özü də bunu xalq edir. Bu, çox gözəl bir haldır. Yəni biz dinimizi heç vaxt unutmamalıyıq. İslam dini bizim xalqımıza böyük dəyərlər veribdir. Amma bu da heç zidd deyil ki, biz bəşəri dəyərlərdən də istifadə edək və layiqli, öz xalqımız üçün daha da uyğun yol ilə gedək.

Sual: Bir misal çəkmək istəyirəm. Türkiyədə inqilabdan sonra cəmiyyət daxilində qadınlarla kişilər eyni hüquqa sahib oldular. İnqilabın bu töhfəsi barədə fikirlərinizi söyləyərsinizmi?

Cavab: Şübhəsiz ki, bu da Mustafa Kamal Atatürkün böyük xidmətlərindən biridir. Bilirsiniz, bizim üçün, azərbaycanlılar üçün burada qeyri - adi bir şey yoxdur. Çünki Azərbaycanda sovet hakimiyyətinin nə qədər zərərli cəhətləri olubsa, o qədər də xeyirli cəhətləri olubdur. Azərbaycanda 1920 - ci ildə bütün qadınlarla tam azadlıq verildi, qadınlarla kişilərin hüquqları bərabərləşdirildi. Qadınlar çadraları atdı. Bu, bir gündə olmadı. Bu proses 20 il getdi. Amma indi bizim qadınlar sərbəst, rahatdırlar. Bir indi deyil, 50 il bundan öncə də belə idi və onlar hər şeydə bərabərhüquqludurlar.

Məsələn, Azərbaycanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır. Səhiyyə sahəsində çalışanların - həkimlərin, başqa tibb işçilərinin 60 faizi qadınlardır. Yəni, bu bizim üçün yeni bir şey deyildir. Amma əgər biz bütün islam dünyasını, islam aləmini götürsək, o vaxt Mustafa Kamal Atatürkün islam aləminin içində qalaraq, cümhuriyyət quraraq, eyni zamanda islam dininin qadınlara qarşı qoyduğu yasaqları götürməsi də ən böyük, cəsarətli addımlarından biridir. Bu da özünü doğrultdu. İndi, Allaha şükür, Türkiyədə qadın, kişi - hamısı bərabərhüquqludur. Hətta bəzən baxırsan, Fransadan da irəliyə gedibdir.

Sual: Cənab prezident, Atatürkün iqtisadi siyasətinin üzərində dayanmaq istərdim. Bəllidir ki, Atatürk dövlətçilik siyasəti ilə həm kapitalizmdən, həm də sosializmdən, yəni kollektivləşmədən bəhrələnərək onların əsasında yeni, üçüncü iqtisadi yol yaratmış oldu. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bu da doğrudur. Bu, tamamilə doğrudur. Məsələn, biz o vaxt sovetlər birliyində yaşayan zaman belə düşüncələr var idi ki, Türkiyədə də Mustafa Kamal Atatürk sosializm qurur. Bilirsiniz ki, Mustafa Kamal Atatürkün Leninlə də ünsiyyəti olmuşdur və Sovetlər Birliyi ilə Türkiyənin münasibətləri İkinci Dünya müharibəsi başlayana qədər normal olmuşdur. Çünki burada da sosializm ideyaları yayılırdı və Mustafa Kamal Atatürkün həm siyasətində, həm dövlətçilik işlərində, həm də iqtisadiyyatın qurulmasında da bu prinsiplərdən istifadə olunurdu. Amma mən burada Mustafa Kamal Atatürkün müdrikliyini yenə də qeyd etmək istəyirəm. Bu, nədən ibarətdir? Sovetlər Birliyində kommunizm ideologiyası kapitalizmi tamamilə yox etməyə, yeni bir iqtisadi sistem qurmağa əsaslanırdı. Sosializm sistemi kapitalizmi dağıtdı, kapitalizmlə olan bütün kapitalı dağıtdı. Kəndlilərdən torpaqları alıb dövlətə verdi. Kəndlini torpaqsız etdi, kollektivləşdirdi. Bu, 30-40 il öz nəticəsini verdi. Amma nəticədə nə oldu?

Məsələn, Sovetlər Birliyində kollektivləşmə başlayanda bu kollektivləşməni həyata keçirmək üçün o qədər zor, güc işlədilirdi, o qədər insanlar repressiya olunurdu, o qədər öldürülürdü ki,- milyonlarla. Yəni sovet hakimiyyəti öz xalqına böyük zərbələr vurdu - o ideyasını həyata keçirmək üçün. Amma ideya da doğru ideya olmadı. Yəni bu cür ola bilməz. Atatürk isə burada yanlışlığa yol vermədi. O, bundan da istifadə etdi, ondan da istifadə etdi və düzgün yol tutdu, ölkəsinin iqtisadi nöqteyi - nəzərdən çox düz yol ilə apardı. Bu da onun böyüklüyüdür.

Məsələn, 1992-ci ildə mərhum Turqut Özal və mənim dostum, qardaşım hörmətli Süleyman Dəmirəl məni İzmir İqtisadi Konqresinə dəvət etdilər. Mən onda bildim ki, 1923-cü ildə Atatürk birinci iqtisadi konqresi keçiribdir. 1992 - ci ildə keçirilən üçüncü iqtisadi konqres idi. Ona görə iqtisadiyyat sahəsində, dövlətçilik sahəsində də o, çox ağıllı yollarla gedibdir.

Sual: Hörmətli prezident, Mustafa Kamal Atatürkün vaxtilə həyata keçirdiyi yazı, yəni əlifba məsələsi ilə bağlı fikirlərinizi öyrənə bilərikmi?

Cavab: Bu da bizim üçün yeni deyildir. Ancaq mən bunu başqa ölkələrlə müqayisədə deyə bilərəm.

Şübhəsiz ki, Mustafa Kamal Atatürkün ərəb əlifbasından imtina edib latın əlifbasına keçməsi də türk xalqı üçün böyük bir nailiyyət oldu, xalqın gələcəyi, mədəniyyəti üçün böyük bir yollar açdı. Ancaq mən sizə bildirmək istəyirəm ki, hələ XIX əsrin 70 -ci illərində Azərbaycanın böyük yazıçısı Mirzə Fətəli Axundov Azərbaycan xalqı üçün, türk xalqı üçün latın əlifbasına keçmək təşəbbüsünü irəliyə sürmüşdür. Sonra onu çox sıxmışlar. O, İstanbula gəlib, çünki o vaxt mərkəz İstanbul idi, - bütün bu alimlərin, üləmaların qarşısında bir neçə dəfə sübut etməyə çalışıb ki, biz artıq latın əlifbasına keçməliyik. Ancaq onu qəbul etməyiblər və Mirzə Fətəli Axundov da bir şey edə bilməyibdir. Yəni görün bu işin başlanğıcı haradandır. Ancaq o vaxt bunu həyata keçirmək olmadı.

Azərbaycanda sovet hakimiyyəti qurulanda Azərbaycan çox böyük bir təşəbbüs etdi. 1926-cı ildə Azərbaycanda türkoloji Konqres oldu və Türkiyədən də oraya böyük insanlar, o cümlədən Fuad Körpülüzadə gəlmişdi. Onlar Bakıda birinci türkoloji Konqresdə iştirak etdilər. 1926-cı ildə qəbul olundu ki, Azərbaycan latın əlifbasına keçir. Yəni bu bizim üçün yeni bir şey deyildir. Amma Mustafa Kamal Atatürkün Türkiyədə latın əlifbasına keçməsi - mən bilirəm, buna dindarlar tərəfindən nə qədər müqavimətlər olubdur, bu nə qədər çətin olubdur. Amma o, bunu həyata keçiribdir, - bu da böyük uğurdur.

Sual: Sayın cümhur başqanım. Mustafa Kamal Atatürkün liderliyi ilə aparılan bu inqilabların qardaş türk cəmiyyətlərinə, islam dünyasına, eləcə də Avropa cəmiyyətlərinə nə kimi təsirləri olmuşdur?

Cavab: Şübhəsiz çox təsir edibdir.

Məsələn, biz Azərbaycanda Mustafa Kamal Atatürkü həmişə böyük bir qəhrəman kimi tanımışıq. Baxmayaraq ki, Sovetlər Birliyinin içərisində olduğumuz zaman bizim sərhədlər bağlı, hər şey qapalı idi və Moskva Azərbaycanda pantürkizm ideyasının olduğunu daim irəliyə sürərək bizi Türkiyədən ayırmağa çalışırdı. Biz öz mədəniyyətimiz, ədəbiyyatımız haqqında bir həqiqəti deyəndə və yaxud öz xalqımıza xas olan bir yazı yazanda deyirdilər ki, bunlar pantürkistlərdir. Yəni Rusiyanı, Moskvanı bir tərəfdən ermənilər qızışdırdılar, bir tərəfdən də Rusiya qorxurdu ki, Azərbaycan Türkiyə ilə çox yaxın bir dövlətdir, ona görə bunların arasını o qədər kəsmək lazımdır ki, heç kəs qovuşa bilməsin.

Biz Mustafa Kamal Atatürkü o dövrdə - bizim tarixdə də var, mən özüm bunu çox kitablardan oxumuşam, - həmişə böyük bir şəxsiyyət, qəhrəman kimi tanımışıq. Ona görə indi Mustafa Kamal Atatürkü Azərbaycanda Türkiyədə də ox sevirlər. Mən bilirəm, bəlkə bəziləri, dünyəvi dövlətin əleyhinə çıxan adamlar buna etiraz da edirlər. Amma Azərbaycanda birmənalı şəkildə elə bir insan tapa bilməzsən ki, Mustafa Kamal Atatürkün haqqında pis bir söz desin. Hamı onu böyük sevgi və məhəbbətlə xatırlayır.

Şübhəsiz ki, Türkiyə kimi bir ölkədə dünyəvi cümhuriyyətin yaradılması başqa islam ölkələrinə də təsir edibdir. Ola bilər, birinə çox, birinə az. O cümlədən Avropaya da müəyyən təsir edibdir. Yəni orada da görüblər ki, bu dünyəvilik təkcə Avropaya məxsus deyildir, Şərq xalqlarında, islam dünyasında da bu ola bilər. Yəni avropalılar güman etməsinlər ki, bu ancaq onlarındır, onlara məxsusdur, başqalarında ola bilməz. Mustafa Kamal Atatürkün gördüyü işlər, şübhəsiz ki, burada da öz təsirini göstəribdir.

Sual: Cənab prezident, icazənizlə, son sualımı vermək istəyirəm. Mustafa Kamal Atatürkün bu inqilablarının və qurduğu cümhuriyyətin təmsil etdiyi düşüncələrin Türkiyə üçün, islam dünyası üçün ən böyük mirası nədir? - sualına necə cavab verərdiniz? Əvvəlcədən çox təşəkkürümü bildirirəm.

Cavab: Ən böyük miras Türkiyə Cümhuriyyətidir. O, 75 ildən çoxdur ki, yaşayır və şübhəsiz ki, Mustafa Kamal Atatürkdən sonra altmış il içərisində onun işinin davamçılarının fəaliyyəti nəticəsində, onların çox böyük işlərinin nəticəsində cümhuriyyət çox yüksəlmişdir. Türkiyə böyük, qüdrətli bir dövlətə çevrilmişdir. Budur Mustafa Kamal Atatürkün mirası! Qüdrətli, güclü, iqtisadi cəhətdən inkişaf etmiş, dünya miqyasında çox özəl bir yer tutmuş Türkiyə Cümhuriyyəti! Budur Mustafa Kamal Atatürkün mirası!

Təşəkkür edirəm. Mən bu görüşdən çox məmnunam.

* * *

Sevtar Yasa: Hörmətli Ozankaya, bu görüşdə sizin ən çox diqqətinizi çəkən nə oldu?

Özer Ozankaya: Doğrusu, dəyərli tamaşaçılarımıza ətraflı məlumat vermək keçən görüşdəki bəzi məqamları qeydə almışdım və hətta sonra onu kağıza köçürdüm. Atatürkün çox böyük imtahanlardan böyük uğurlarla çıxmış bir şəxsiyyət olaraq, Osmanlı imperatorluğunun süqutundan sonra, özünün dediyi kimi, imperiyanın külünün içindən yeni, yaşayan, müstəqil, canlı bir Türkiyəni çıxarmış və yaratmış olması çox təqdirəlayiqdir.

İkinci, islam və türk dünyasında ilk cümhuriyyətdir, deyir, yaranmış və cəmi 23 ay yaşamış bir respublikanı onlar daha əvvəl qurmuş olmaqla bərabər, tam müstəqillik ideyasına sahib olan türk inqilabı, türk mədəni inqilabı nəticəsində, Atatürkün deyimi ilə, sonsuzluğa qədər yaşaya biləcək qüdrətdə bir cümhuriyyət qurumuşdur. Bunun islam və türk dünyasında ilk cümhuriyyət olduğunu xüsusi vurğulaması önəmlidir.

Hörmətli Heydər Əliyev Atatürkün liderliyi altında gerçəkləşdirilən ictimai inqilabların mühüm bir hissəsinin Azərbaycanda çoxdan həyata keçirildiyini, sınandığı və bunların qeyri - adi bir şey olmadığını söyləyir. O, Türkiyədə bunların daha böyük miqyasda uğurla gerçəkləşdirildiyini bildirir və belə bir nəticəyə gəlir ki, 1918-ci ildə ilk dəfə Azərbaycanda qurulan respublika Qafqazda baş verən geosiyasi hadisələr axarında, sovetlər imperiyası daxilində müstəqillikdən məhrum olaraq yaşaya bilmədi. Eləcə də əlifba inqilabının zəruriliyini, ərəb əlifbasının dilimizə uymadığını və latın əlifbası ilə dəyişdirilməsi lüzumunu görürdük. 1926-cı ildə Bakıda keçirilən türkoloji Konqresdə latın qrafikasına keçmək barədə qərar qəbul edildi. Amma Stalinin təzyiqi nəticəsində Azərbaycan latın əlifbasından istifadə edə bilmədi. Çünki Türkiyə də 1928-ci ildə latın qrafikasına keçmişdi. Türkiyə - Azərbaycan mədəni əlaqələrinə mane olmaq üçün və dolayısı ilə Azərbaycanı sovet sərhədləri daxilində təcrid etmək məqsədi ilə Azərbaycana bu qrafikadan istifadə etməyə icazə verilməmişdi.

Dünyəvilik, qadın haqları sahəsində də mühüm uğurlar qazanılmışdır. Bunlar həqiqətən də müasir sivilizasiyanın mühüm ünsürləridir. Bunlar hörmətli Heydər Əliyevin çıxışlarında və açıqlamalarında bir leytmotiv kimi keçir və ümumən türk inqilablarına onun dərin ehtiramını nümayiş etdirir.

Cənab prezident iqtisadi sahədə də bir müqayisə aparır. Məsələn, dövlət və ictimai sektorlara yer vermək lüzumunun, Atatürkün etatizm siyasətinin Azərbaycan üçün gözlənilməz bir şey olmadığını söyləyir. Ancaq o vaxt Azərbaycanda, bütün sovet imperiyasında olduğu kimi, inzibati - amirlik üslubu, kollektivləşdirmə üsulu zorakılıqla həyata keçirildiyinə görə bunlar lazımi səmərə verməmişdi. Bu mənada Atatürkün həyata keçirdiyi demokratik islahatların tam müstəqilliyə xidmət etdiyi və düzgü olduğu hörmətli Heydər Əliyev tərəfindən açıqca qeyd olunur.

Cənab prezident maraqlı bir cəhətə də toxundu. Mən bunu ilk dəfə onun özündən eşitdim. Onun türk inqilabının dünyəvilik sahəsində Avropaya təsir göstərdiyi və dünyəviliyin yalnız Avropaya xas olmadığı, başqa millətləri, xüsusilə müsəlman xalqlarının da dünyəviliyi gerçəkləşdirmiş olması barəsində fikri son dərəcə qiymətlidir.

Pantürkizm və panislamizm ideyalarının Atatürk tərəfindən rədd edilməsinin Türkiyə və digər türkdilli cəmiyyətlər üçün nə qədər dəyərli olduğunu söyləyərkən prezident Heydər Əliyevin bu ideyaların bütün türk dünyasını çıxılmaz vəziyyətə saldığını, onlara qarşı rusların müdaxiləsi üçün şərait yaratdığını bildirməsi də maraqlıdır.

Zatən Atatürk də pantürkizmin və panislamizmin tarixdə heç vaxt həyata keçmədiyini və keçə bilməyəcəyini, bunun boş bir xəyal olduğunu, bundan türk millətinin, türk xalqının böyük ziyan çəkdiyini dəfələrlə söyləmiş, bunun düşmənlərimizin sayını artırmağa, bizə qarşı təzyiqləri çoxaltmağa səbəb olduğunu bildirmişdir. Hörmətli Heydər Əliyev də eyni şəkildə Atatürk kimi, panturanizm və pantürkizm ideyalarının, bu cür siyasətin zərərli olduğunu nəzərə çarpdırır.

Sevtar Yasa: Hörmətli Özer Ozankaya, sizə çox təşəkkür edirik. Ümid edirik ki, biz yeni bir düşüncə çiçəyi dərərək elm, sənət, fəlsəfə sahəsində görülən hər işdə olduğu kimi, dünyanın gözəlliyə, yaxşılığa , həqiqətə doğru dəyişməsinə kiçik bir addım da atdıq. Bu amalla sizinlə yenidən görüşənədək. Sağ olun.

Tarixi arayış