Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının birgə işlənməsi haqqında sazişin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 4 iyun 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün 1996-cı il iyunun 4-ü Azərbaycan Respublikasının həyatında neft və qaz istehsalına, neft və qaz sənayesinə həsr olunmuşdur. Azərbaycanda, Bakıda biz bu gün səhər böyük beynəlxalq neft-qaz sərgisi açdıq. Ardıcıl olaraq, dalbadal üç ildir ki, Azərbaycanda belə böyük neft-qaz sərgisi təşkil olunur, açılır və bu sərginin iştirakçılarının sayı ilbəil artır, sərginin miqyası genişlənir.

Biz hamımız bu gün eyni fikrə gəldik ki, beynəlxalq neft-qaz sərgisi bundan sonra Azərbaycanda hər il açılacaq, fəaliyyət göstərəcək və bu, bir ənənəyə çevriləcəkdir. Bu, Azərbaycan Respublikasında zəngin neft-qaz yataqlarının bundan sonra da işlənməsi üçün respublikamıza göstərilən maraqdır, eyni zamanda neft ölkəsi kimi Azərbaycana verilən yüksək qiymətdir. Eyni zamanda bu, müstəqil Azərbaycan Respublikasının dünya ölkələri, şirkətləri ilə müstəqil əlaqə qurmasını nümayiş etdirən əlamətdar bir hadisədir.

Azərbaycanda neft qədim zamanlardan hasil olunur. Azərbaycan hələ ötən əsrdən dünyada neft ölkəsi kimi məşhurlaşıbdır. Ancaq son illərə qədər ölkəmizin həyatında belə sərgi heç vaxt olmamışdır.

Bu gün bu möhtəşəm "Gülüstan" sarayına biz eyni zamanda, yeni bir əlamətdar hadisə münasibətilə yığışmışıq. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" neft-qaz yatağının müştərək işlənməsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə böyük neft şirkəti arasında müqavilənin imzalanması mərasiminə toplaşmışıq.

Son iki il ərzində üçüncü dəfədir ki, biz böyük neft müqaviləsi imzalayırıq. Üçüncü dəfədir ki, bu əlamətdar hadisə münasibətilə buraya - "Gülüstan" sarayına toplaşırıq. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış böyük neft müqaviləsi - Azərbaycan Respublikası ilə dünyanın nüfuzlu neft şirkətləri arasında müqavilə artıq yaşayır, işləyir və öz nəticələrini verir. "Əsrin müqaviləsi" adlandırılan bu müqavilə Xəzər dənizinin Azərbaycana məxsus olan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının müştərək işlənməsi ilə əlaqədardır.

Xəzər dənizinin Azərbaycana aid sektorundakı "Qarabağ" neft yatağının müştərək işlənməsi ilə istifadə olunması üçün keçən ilin noyabrında ARDNŞ dünyanın bir neçə böyük neft şirkəti ilə ikinci neft müqaviləsini imzalamışdır. Bu müqavilə də işləyir, yaşayır və ümidvaram ki, öz nəticələrini verəcəkdir.

Bu gün imzalanmaq üçün hazırlanmış müqavilə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı "Şahdəniz" neft-qaz yatağının müştərək işlənməsinə, istifadə edilməsinə həsr olunubdur. "Şahdəniz" yatağı Azərbaycanın geoloqları, alimləri, neftçiləri tərəfindən açılmış, kəşf edilmiş çox zəngin yataqlardan biridir. Bu yataq geoloqlarımıza, alimlərimizə hələ on illər bundan əvvəl məlum olmuş, 80-ci illərdə açılmışdır. Nəhayət, biz bu yataqdan əməli surətdə istifadə edilməsi üçün böyük bir addım atırıq.

Deyilənlərə görə, təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar.

Son illərdə ARDNŞ ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının neft-qaz ehtiyatlarından, mövcud yataqlardan səmərəli istifadə edilməsi üçün lazımi işlər görmüşdür. Azərbaycan Dövlət Neft Şirkəti, alimlərimiz, geoloqlarımız, neftçilərimiz "Şahdəniz" yatağında son illər müəyyən tədqiqatlar aparmış, işlər görmüşlər. Bunların nəticəsində, 1995-ci ilin oktyabrında ARDNŞ "Şahdəniz" yatağının dünyanın böyük neft şirkətləri ilə birlikdə, müştərək işlənməsini zəruri hesab etmiş və bu barədə təklif irəliyə sürmüşdür. Həmin təklif əsasında bu sahədə iş görülməsi üçün mən onlara həm səlahiyyət, həm də lazımi tapşırıqlar vermişəm. Aparılan işlər nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti "Şahdəniz" yatağının dünyanın bir sıra neft şirkətləri ilə birgə işlənməsi, istifadə olunması haqqında müqavilə layihəsi hazırlayıb mənə təqdim etmişdir.

Bu müqavilə layihəsini hazırlayarkən, "Şahdəniz" yatağından əməli surətdə istifadə edilməsi üçün tədbirlər görərkən ARDNŞ "Britiş Petroleum", "Statoyl", "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkətləri ilə bərabər, dünyanın başqa neft şirkətlərinin bu neft yatağının işlənməsinə cəlb edilməsi haqqında təkliflər irəli sürmüş və bu təkliflərin həyata keçirilməsinə nail olmuşdur. Beləliklə, bu neft-qaz yatağının işlənməsinə Rusiya Federasiyasının "LUKoyl", Fransanın "Elf Akiten" şirkətləri və İran İslam Respublikasının neft şirkəti də qoşulmuşdur. Hazırlanmış müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın "Britiş Petroleum", Norveçin "Statoyl", Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı", Rusiyanın "LUKoyl", Fransanın "Elf Akiten" şirkətləri və İranın neft şirkəti arasında müştərək iş görmək barədə müqavilədir.

Mən bu neft-qaz yatağının və eyni zamanda bu müqavilənin bir neçə göstəriciləri haqqında da söhbət açmaq istəyirəm. Verilən məlumatlara görə, "Şahdəniz" yatağından 400 milyard kubmetr qaz çıxarılması, 200 milyon ton qaz-kondensat əldə olunması və 100 milyon ton neft hasil edilməsi gözlənilir. Beləliklə, bu, çox böyük bir sərvətə malik olan neft-qaz yatağıdır və belə bir yatağın işlənməsi və istifadə edilməsi, şübhəsiz ki, həm Azərbaycan Respublikasına, həm də bu müqavilənin iştirakçısı olan şirkətlərə, həmin şirkətlərin mənsub olduğu ölkələrə çox böyük faydalar verəcəkdir.

Müqavilədə nəzərdə tutulmuş layihəni həyata keçirmək üçün dörd milyard ABŞ dolları məbləğində vəsait qoyulması planlaşdırılmışdır və müqavilə 30 il müddətinə yerinə yetiriləcəkdir. Beləliklə, bu müqavilə həm Azərbaycan Respublikası üçün, həm də müqavilənin həyata keçirilməsində iştirak edəcək şirkətlər və onların mənsub olduğu ölkələr üçün iqtisadi cəhətdən çox səmərəlidir.

Bütün bu göstəriciləri nəzərə alaraq mən bu müqaviləni bəyənmişəm və həmin layihə əsasında müqavilənin imzalanması haqqında fərman vermişəm. Məhz bunların da nəticəsində biz bu gün buraya bu müqavilənin imzalanması mərasiminə toplaşmışıq.

Mən məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın yeni neft-qaz yatağının istifadə olunmasında bizimlə artıq bir neçə il əməkdaşlıq edən Böyük Britaniya Krallığının hökuməti və bu ölkənin "Britiş Petroleum" şirkəti yenə də bizimlə bir yerdədir. Bu baxımdan mən Böyük Britaniya Krallığının energetika və sənaye naziri cənab Tim Eqqarı xüsusi salamlayıram və onun bu işlərdə xidmətlərini qeyd edirəm. Mən bunu xüsusi qeyd edirəm ki, biz bu işlərə başlayarkən - ilk müqaviləni imzaladıqdan indiyədək cənab Tim Eqqar bizimlə birlikdədir və bu gün də bu tədbirdə iştirak edir.

Azərbaycan ilə Norveç arasında əməkdaşlıq da çox sabit xarakter daşıyır. Norveçin "Statoyl" şirkəti bizim birinci böyük müqavilənin iştirakçısıdır və bu gün də yenidən bu müqavilənin fəal iştirakçısıdır. Bu münasibətlə mən Norveç hökumətinin Azərbaycana olan diqqətini, marağını və Norveç dövlətinin, hökumətinin sənaye və energetika naziri cənab Stoltenberqin burada olmasını xüsusi qeyd edirəm. O, sərgidə iştirak etdi və vacib məsələ olduğu üçün indi öz ölkəsinə qayıtmalı oldu. Ancaq o, bizimlə bərabərdir. "Statoyl" şirkətinin rəhbərləri və Norveçin Sənaye və Energetika Nazirliyinin nümayəndələri də indi burada bizimlə birlikdədirlər, bu müqavilənin imzalanmasında iştirak edirlər. Mən onları salamlayıram.

Xəzər dənizinin Azərbaycana məxsus neft-qaz yataqlarının dünya şirkətləri ilə müştərək işlənməsi prosesinə başlayarkən biz ilk əvvəldən indiyədək Rusiya Federasiyası ilə əməkdaşlıq edirik. 1993-cü ilin oktyabrında Rusiya Federasiyasının yanacaq və energetika naziri cənab Yuri Şafrannik böyük nümayəndə heyəti ilə Azərbaycanda olmuşdur. Xəzər dənizinin Azərbaycana məxsus olan sektorundakı neft yataqlarının müştərək işlənməsi haqqında o vaxt biz Azərbaycan Respublikasının hökuməti ilə Rusiya Federasiyasının hökuməti arasında saziş imzalamışıq. Rusiya Federasiyası və onun böyük neft şirkəti "LUKoyl" bizim indiyədək imzaladığımız müqavilələrin hamısının - 1994-cü ilin sentyabrında imzalanmış müqavilənin, 1995-ci ilin noyabrında "Qarabağ" neft yatağının birgə işlənməsi ilə əlaqədar imzalanmış müqavilənin üzvüdür. Rusiya Federasiyasının "LUKoyl" şirkəti bu gün "Şahdəniz" yatağının müştərək işlənməsi barədə hazırlanmış müqavilənin də üzvüdür. Mən bunu çox müsbət hal hesab edirəm. Mən bunu Azərbaycan ilə Rusiya arasında olan iqtisadi əməkdaşlığın nümayişi kimi qeyd edirəm. Bu münasibətlə Azərbaycana gəlmiş nümayəndə heyətini və xüsusən Rusiyanın yanacaq və energetika nazirinin birinci müavini cənab Vladimir Kostyunini xüsusi salamlayıram.

Bu gün imzalanan müqavilənin xüsusiyyətlərindən biri də odur ki, neft-qaz sənayesi sahəsində biz yeni ölkələrlə əməkdaşlığa başlayırıq. Həmin ölkələrdən biri Fransadır, bu ölkənin məşhur "Elf akiten" şirkətidir. Mən Fransa ilə bu sahədəki əməkdaşlığımızı müsbət qiymətləndirirəm və bundan məmnun olduğumu bildirmək istəyirəm. Bu münasibətlə Fransadan Azərbaycana gəlmiş nümayəndə heyətinin başçısı, Fransa Respublikasının sənaye və energetika nazirinin müavini cənab Gi Arleti və "Elf Akiten" şirkətinin prezidenti cənab Filip Jofreni xüsusi salamlayıram.

Mən qeyd etdim və bir daha bildirmək istəyirəm ki, Türkiyə Cümhuriyyətinin "Türk petrolları" şirkəti neft-qaz sənayesi sahəsində bizimlə sıx əməkdaşlıq edir. Onlar "Şahdəniz" yatağı barədə müqavilənin işlənib hazırlanmasında "Britiş Petroleum" və "Statoyl" şirkətləri ilə birgə bir neçə ildir ki, məşğuldurlar. Məhz bunların nəticəsində "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti indi imzalanan müqavilənin fəal iştirakçısıdır. Türkiyədən bizə daim yüksək səviyyəli nümayəndələr gəlir. Hörmətli səfir bu gün bildirdi ki, Türkiyənin daxili vəziyyəti ilə əlaqədar enerji naziri bu gün buraya gələ bilməyibdir. Ancaq biz onu da burada hesab edirik. Bu gün mən Türkiyə Cümhuriyyətinin və onun "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkətinin müqavilədə iştirak etməsini xüsusi qeyd edirəm. Türkiyə Cümhuriyyətindən Azərbaycana gəlmiş nümayəndə heyətini, "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkətinin prezidenti cənab Sidqi Səncəri və Türkiyədən gəlmiş qonaqlarımızın hamısını salamlayıram.

İran Azərbaycanın yaxın qonşusu, dostudur, Azərbaycan ilə İran arasında əməkdaşlıq gündən-günə inkişaf edir. İndi biz İran ilə neft-qaz sənayesi sahəsində də əməkdaşlığımızı gücləndiririk. Qeyd etmək istəyirəm ki, bizim bu əməkdaşlığımız var. Xəzər dənizinin İran sektorunda Azərbaycan neftçiləri iki quyu qazma barədə sifariş alıblar və orada işləyirlər. Biz bunu İran ilə əməkdaşlığımızın bir nümunəsi hesab edirik. Xəzər dənizində İranın öz sektoru var. Amma eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda olan - "Şahdəniz" yatağının işlənməsinə İranın da cəlb edilməsini mən müsbət hadisə kimi qeyd edirəm. Güman edirəm ki, bu, əməkdaşlığımızı daha da inkişaf etdirəcəkdir. Bu gün imzalanan müqavilədə İran İslam Cümhuriyyətinin OİEK şirkəti də iştirak edir. Mən İran İslam Cümhuriyyətindən gələn qonaqlarımızı salamlayıram, milli neft şirkətinin birinci vitse-prezidenti cənab Seyid Əli Əkbər Haşimini salamlayıram.

İmzalanmaq üçün təqdim olunan müqavilə Azərbaycanın neft yatağında yeddi ölkənin şirkətlərinin müştərək işi üzərində qurulubdur: Azərbaycan Respublikası, Böyük Britaniya Krallığı, Norveç, Rusiya, Türkiyə, Fransa, İran. Bu, çox əlamətdar bir haldır.

Mən sizi, bütün Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə, yeni neft müqaviləsinin imzalanması münasibətilə ürəkdən təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, iqtisadi əməkdaşlıq, iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində atdığımız bu böyük addım Azərbaycan xalqının rifahı naminə yeni uğurlar gətirəcəkdir.

Bu müqavilənin imzalanması münasibətilə bu salona toplaşanları - xarici ölkələrdən gəlmiş qonaqlarımızı, xarici ölkələrin Azərbaycandakı səfirlərini, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrini, bütün qonaqlarımızı ürəkdən salamlayıram, ümidvar olduğumu bildirmək istəyirəm ki, biz gələcəkdə belə böyük hadisələrin yenə də şahidi olacağıq.

Hamınızı bir daha təbrik edirəm. Hesab edirəm ki, müqavilənin imzalanmasına başlamaq olar. Buyurun.

"Azərbaycan" qəzeti, 6 iyun 1996-cı il.