Azərbaycan Prezidenti Heydər Əliyevin Yunanıstanın xarici işlər nazirinin müavini İoannis Maqriotisi qəbul edərkən söhbətindən - 18 iyun 2003-cü il


Heydər Əliyev: Sizin Azərbaycana bu səfərinizi yüksək qiymətləndirirəm. Avropa Birliyində sizin sədrlik səlahiyyətləriniz başa çatır. Bu müddətdə Avropa Birliyi xeyli iş görüb. Təbii ki, bunda Yunanıstanın böyük rolu var.

İoannis Maqriotis: Cənab Prezident, Sizə təşəkkür edərək bildirmək istəyirəm ki, bizimlə, həm mənimlə, həm də həmkarlarımla yenidən görüşmək imkanı yaradırsınız. Sizinlə əvvəlki görüşdə mənə dediklərinizin hamısının qeydiyyatını apardım və bunların hamısına çox diqqətlə yanaşdım bizim birinci görüşümüzdən il yarım vaxt keçibdir. Bu müddət ərzində Bakı çox dəyişibdir. Siz, çox irəliyə getmisiniz. Avropa Birliyində Yunanıstanın sədrlik dövrü artıq başa çatır. Biz qərara almışıq ki, Qafqaz ölkələrinə səfərə çıxaq və bu müddət ərzində Yunanıstanın sədrliyi ilə görülən işlər barədə fikir mübadiləsi aparaq. Əziz cənab Prezident, Sizin bildiyiniz kimi, Yunanıstan sədrlik etdiyi dövrdə, ilk dəfə olaraq, Qafqaz ölkələri məsələsini Avropa Birliyinin gündəliyinə çıxardı. Baxmayaraq ki, bu müddət ərzində İraqda baş vermiş münaqişə çoxlu vaxt apardı, işimizin dinamikasına təsir göstərdi, ancaq biz hesab edirik ki, ötən dövrdə bir sıra işlər görülmüşdür. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqaz ölkələrinə Avropa Birliyinin xüsusi nümayəndəsi təyin olunmuşdur. Bu, bizim sədrliyimiz dövründə baş vermişdir. Onu da xatırlatmaq istəyirəm ki, Danimarka öz sədrliyi dövründə belə bir təkliflə çıxış etmişdir, amma onun bu təklifi Avropa Birliyi ölkələri tərəfindən qəbul olunmamışdır. Məhz bizim təklifimizi onlar qəbul etdilər. Həmin nümayəndə bir sıra məsələlər ətrafında və xüsusilə də bu regionda olan münaqişələr üzərində işləyir.

TASİS proqramını xüsusilə vurğulamaq istəyirəm. Bu proqram çərçivəsində gözəl iş görülmüş, proqram praktiki olaraq Azərbaycanın reallıqlarına, tələblərinə uyğun modernləşdirilmişdir. Artıq Azərbaycanla Avropa Birliyi nümayəndələri arasında energetika məsələlərinə dair dialoq başlamışdır. Böyük məmnuniyyətlə, demək istəyirəm ki, sizin qaz sənayesi sahəsindəki mütəxəssisləriniz bizim ölkəyə səfər etmişlər və çox faydalı fikir mübadiləsi aparılmışdır. Bilirəm ki, enerji daşıyıcıları hasilatı Azərbaycan üçün, Avropa Birliyi üçün çox vacib bir sahədir. Deyə bilərəm ki, biz bu sahədə əlaqələrin yaradılmasında yeni bir mərhələ açırıq. Bakıda «Avropa evi» adlı bir qurum fəaliyyət göstərir. Deyə bilərəm ki, gələcəkdə bu, praktiki olaraq Avropanın buradakı nümayəndəliyinə çevriləcəkdir.

Cənab Prezident, bu ilin payızında Sizin istəyinizlə bizim ölkənin prezidenti Konstantinos Stefanopulos Azərbaycana səfər edəcəkdir. Həmin səfər zamanı çoxlu saydı ikitərəfli anlaşma sənədlərinin imzalanması gözlənilir. Xüsusilə də iqtisadi sahədə imzalanan sənədlərin sayı çox olacaqdır. Həmin səfərdə prezidenti Yunanıstan biznesmenlərinin bir qrupu müşayiət edəcəkdir.

Cənab Prezident, sonda demək istəyirəm ki, 2001-ci ilin noyabr ayında Sizinlə görüşərkən bu istəyi ifadə etmişdiniz ki, biz münasibətlərimizi siyasi səviyyədə də yüksəyə qaldıraq. Gördüyünüz kimi, artıq biz Sizinlə bütün sahələrdə əməkdaşlığa başlamışıq. Ümid edirəm ki, bu əməkdaşlıq daha da artacaqdır. Ölkələrimiz arasında ümumi cəhətlər çoxdur. Çox sahədə əməkdaşlıq etmək üçün geniş imkanlar var. Ümid edirik ki, bizim prezidentin Sizin ölkəyə səfərindən sonra bu imkanlar daha da genişlənəcək və əməkdaşlığın mümkün olan bütün sahələrini əhatə edə biləcəyik.

Merkurios Karafotias (Yunanıstanın Bakıdakı səfiri): Cənab Prezident, buraya heç də yalnız Azərbaycan və Yunanıstan arasında münasibətlər aid deyildir. Həm də Azərbaycan və Avropa Birliyi arasında münasibətlər aiddir. Avropa Birliyinin tərkibində Yunanıstan Azərbaycanı daim dəstəkləyəcəkdir.

Heydər Əliyev: Avropa Birliyinə sədrlik dövründə gördüyünüz işlər haqqında verdiyiniz məlumat məni məmnun edir. Bunlar sizinlə bizim birgə gördüyümüz işlərin nəticəsidir. Amma qeyd etmək istəyirəm ki, Yunanıstanın Avropa Birliyinə sədrlik etdiyi dövrdə Qafqaz ölkələri, o cümlədən Azərbaycan çox səmərəli əlaqələr yaradıbdır. Təbiidir ki, burada sizin, Yunanıstanın böyük rolu var. Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda geniş fəaliyyət göstərməyinizi alqışlayıram. Biz sizin dediyiniz bütün sahələrdə bundan sonra da əməkdaşlıq etməyə hazırıq.

Təbiidir, Avropa Birliyi ilə biz daim sıx əlaqədə olmalıyıq. Bəzən bir az qəribə fikir doğur: Azərbaycan Avropa ölkəsidir, eyni zamanda, biz Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrdən danışırıq. Biz Avropa ölkəsiyik. Əgər indi Avropa Birliyinin üzvü ola bilmiriksə, bu o demək deyil ki, biz Avropa deyilik. Güman edirəm, burada elə bir şey yoxdur. Təbiidir, biz Avropa Birliyi ilə əməkdaşlığa gec qoşulmuşuq. Ancaq biz çalışırıq və çalışacağıq ki, Avropa Birliyinə daxil olmaq üçün lazımi imkanlar əldə edək.

Neft və qaz sahəsində əməkdaşlığın çox böyük perspektivləri var. Biz bu sahədə fəal iş görmək üçün çalışırıq. Lazımdır ki, Avropa Birliyi, xüsusən Yunanıstan bu məsələdə sona qədər eyni mövqedə olsun.

Mən sizin prezidentin Azərbaycana səfərini gözləyirəm. Mənim səbəbimdən bu görüş indi mümkün olmadı, buna təəssüf edirəm. Ancaq siz dediyiniz vaxt biz bu görüşü keçirəcəyik. Yunanıstan prezidentini Azərbaycanda qəbul edəcəyik və sizin dediyiniz iqtisadi məsələləri müzakirə edəcəyik. Bizim də çox təkliflərimiz var və birlikdə sənədlər imzalayacağıq. Güman edirəm ki, Yunanıstan Avropa Birliyinin üzvü olaraq, sədrlik dövrü bitəndən sonra da Azərbaycanla əvvəlki kimi əməkdaşlıq edəcəkdir.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsinin məhz sizin sədrliyiniz dövründə təyin olunması Yunanıstanın Qafqaza nə qədər böyük maraq göstərdiyini sübut edir. Biz sizin nümayəndə ilə əməkdaşlıq edəcəyik və təbiidir, gözləyəcəyik, Azərbaycanda Avropa Birliyinin xüsusi nümayəndəsi olsun.

Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin yaxşı perspektivi var. Biz bu istiqamətdə lazımi iş aparırıq, bundan sonra da aparacağıq.


"Azərbaycan" qəzeti, 19 iyun 2003-cü il.